Arif Əsədov: “Sadıq Sadıqov mənə inanır” - MÜSAHİBƏ

08.02.2015 | 4422 dəfə oxunub

19-cu turda AZAL-a son dəqiqədə buraxdığı qolla məğlub olan “Neftçi” srağagün “Simurq”la qarşılaşmada da vacib xallar itirdi. Komanda rəqibinə nisbətən üstün oyun sərgilsə də, meydanı qələbəsiz başa vurdu. Qış hazırlığını Antalyada keçən “Neftçi”də yoxlama matçlarından sonra işlər qaydasında getdiyini güman etmək olardı. Lakin 2 oyunda 1 xal, üstəlik, penlatidən vurulan 1 qol komandada görüləsi işlərin hələ çox olduğundan xəbər verir. Mətbuatda artıq tez-tez komandandanın baş məşqçisi Arif Əsədovun istefayə göndəriləcəyi ilə bağlı xəbərlər yer alır. Bundan başqa “Neftçi” ilə bağlı digər xoşagəlməyən məlumatlarla da rastlaşırıq. Dünən Arif Əsədovla əlaqə saxlayıb komandada baş verənlər, uğursuz nəticələr, problemlər barədə danışdıq. Arif müəllim söhbətə “Simurq”la oyundan başladı:

– “Simurq” ancaq müdafiə haqqında düşünürdü. Özünüz də şahidi oldunuz ki, bir neçə dəfə real qol epizodunu boşa verdik. İlk hissədə bir qol vursaydıq, oyun başqa axarda davam edəcəkdi. Ümumi baxanda futbolçular onlara tapşırılanları yerinə yetirdilər. Yeganə çatışmayan qol idi ki, burada da bəxt amili öz sözünü dedi.

– Rauf Əliyevi 2-ci hissədə oyuna buraxdınız. İlk dəqiqələrdən 2 hücumçu ilə oynamaq mümkün deyildi?

– Bu gün əksər komandalar 1 hücumçu ilə oynayırlar. Fikir versək, 4-3-3, 4-2-3-1 sistemindən daha çox istifadə olunur. AZAL-la oyunda hər 3 hücumçumuz – Kanales, Nfor və Əliyev meydanda idi. Söhbət ondan getmir ki, 2 və ya 3 hücumçu ilə oynasaq, daha çox qol vuracağıq. Müasir futbolda müdafiəçilər həmişə hücumçuları bağlamağa can atırlar. Bu zaman orta xətt oyunçularının fərqlənməsinə daha çox şərait yaranır.

– Raufun hazırki vəziyyətindən razısınız?

– Rauf komandaya qış fasiləsində qatıldı. Hələ komandaya uyğunlaşma dövrunu keçir. Əvvəlki, biz istədiyimiz Rauf deyil. Özü də bu fikirlə razıdır. AZAL-la oyunda ona əsas heyətdə yer vermişdim. “Simurq”la matçda isə oyuna sonradan qoşuldu. Rəqib yorğun olanda Rauf kimi futbolçuların komandaya daha çox xeyri dəyə bilərdi.

– Onun “Neftçi”yə gəlişi sizin istəyiniz idi, ya qərarı rəhbərlik qəbul etdi?

– Rauf azad agent olduğuna görə komandaya götürüldü. Əks təqdirdə onun “Neftçi”yə gəlişi gündəmdə deyildi. Rauf kimi futbolçunu hər bir komanda heyətində görmək istəyir. Üstəlik, yerli futbolçu olması da qərarımıza təsirsiz ötüşmədi. “Neftçi”yə götürdük, peşiman da deyilik.

– Müdafiənin sol cinahında problem yenə də qalır?

– Klubun strategiyasında komandaya yeni legioner cəlb etmək olmadığından yerli futbolçuların hesabına bu problemi yoluna qoymaq istəyirdik. Qış hazırlığı dönəmində elə bir yerli futbolçu yox idi. Amma hazırlıqdan qayıtdıqdan sonra Əziz Quliyev variantı ortaya çıxdı. Əzizin “Neftçi”yə gəlişindən sonra yəqin ki, müdafiədəki boşluqları aradan qaldıra biləcəyik. Bu gün problemlər müdafiənin cinahları ilə bağlıdır. Bruno Bertuççinin, Mahir Şükürovun müdafiənin cinahlarında sərgilədiyi oyunu indi göstərə bilmirik. Əlimizdə olan imkanlardan maksimum istifadə etməklə çatışmazlıqları aradan qaldırmağa çalışırıq.

– Arif müəllim, “Simurq”la oyuna qayıdaq. Matçın sonlarına yaxın yəqin ki, azarkeşlərin “istefa” qışqırmasını eşitdiniz.


– Eşitdim...

– Azarkeşlər sizi istefaya səsləyirdilər, ya klub rəhbərliyini?

– Gah mənim adımı çəkirdilər, gah rəhbərliyin, gah da futbolçuların. Hətta nalayiq sözlər işlətməkdən belə çəkinmirdilər. Ona görə də azarkeşlərin nə qışqırmasına fikir verməməyə çalışırdım. Əsl azarkeş təhqirə yol verməməlidir. Stadionda “Neftçi”nin bir neçə azarkeş qrupu var idi. Təhqirlər “Forza Neftçi”dən gəlirdi. Digər qruplar isə normal azarkeşlik edərək bizə dəstək olurdular. Fikrimcə, azarkeşlərin təhqiramiz ifadələr işlətməsi onların kimlərsə tərəfindən öyrədilməsinin nəticəsidir. “Neftçi”ni təzyiq altında saxlamaq istəyirlər. Mətbuatda da bir neçə sayt bizə qarşı qərəzli xəbərlər yayır. Gah komandaya yeni baş məşqçi gətirirlər, gah başqa doğru olmayan xəbərlər verirlər. Bununla komandadakı atmosferi pozmağa çalışırlar.

– Ernest Nforla məşq zamanı əlbəyaxa olmağınız da uydurmadır?


– Əlbəttə. Mətbuatda Nforla əlbəyaxa olmağım haqqında yer alan xəbərlər həqiqətdən çox uzaqdır. Nforun son zamanlar şəxsi problemlərlə üzləşdiyindən xəbərdaram. Antalyada onunla söhbətim olmuşdu. Nfora bildirdim ki, əgər hər hansı problemin varsa, mənə desin. Birlikdə bir çıxış yolu taparıq. Mən də futbolçu olmuşam. Şəxsi problemlərin məşq prosesinə, oyuna təsir etdiyini bilirəm. Bu mənada Nfora kömək etmək istədim. Hər şeyin qaydasında olduğunu və problemlərini özünün həll edəcəyini dedi. Amma görünür həll eləyə bilməyib. Bu da onun psixikasına təsir göstərib. Konkret nəyə görə cəzalandırıldığına aydınlıq gətirim. Tam gücü ilə məşq etmirdi. Yoldaşlarına qarşı kobud rəftar göstərirdi. Bu, bir neçə dəfə təkrarlandı. Son məşqdə tam gücü ilə çalışmadı. Məşqdən sonra da komanda yoldaşına qarşı kobudluq etdi. Mən də cəzalandırdım.

– Əgər Rauf Əliyev “Neftçi”yə gəlməsəydi, Nfor cəzanacaqdımı?

– Nfor komandada tək hücumçu olsaydı belə, cəzalanacaqdı. Mənim üçün futbolçunun nizam-intizamı hər şeydən üstündür.

– Nizam-intizam demişkən, son vaxtlar hərəkətərinə görə əvəzedici komandaya göndərilən tək Nfor deyil. Daha əvvəl Elvin Yuniszadə, Araz Abdullayev də analoji cəza alıblar. Ümumiyyətlə, Arif Əsədovun “Neftçi”yə gəlişindən sonra futbolçuların nizam-intizamında irəliləyiş var?


– Futbolda belə halları normal qarşılamaq lazımdır. Zaman-zaman futbolçuların davranışlarında problemlər yarana bilər. Sadəcə, rəhbərlik buna vaxtında reaksiya verməlidir ki, müntəzəm xarakter almasın, ümumi atmosferə təsir etməsin. Ola bilər ki, məndən əvvəl komandada bu cür hallar tez-tez təkrarlanıb. Amma mənim gəlişimdən sonra hər bir futbolçuyla bu barədə söhbətim olub. Xasiyyətimə bələddirlər. Bilirlər ki, xırda bir lazımsız hərəkətə görə cəzalanacaqlar. Futbolçuların hazırki nizam-intizamı bir baş məşqçi kimi məni qane edir.

– Oyundan sonra yəqin ki, Sadıq Sadıqovla görüşdünüz.

– Paltardəyişmə otağına gəldi. Oyuna görə futbolçulara təşəkkür etdi. Komanda “Simurq”a qarşı yaxşı oynadı. Sadəcə, qol çatışmadı. Hər bir komandada müəyyən zaman kəsiyində istənilən nəticəni qazana bilmir. Hazırda “qara zolağ”a düşmüşük. Fikrimcə, tezliklə qələbələri sıralayacağıq. Buna gücümüz çatır. Azından bu mövsüm qarşıya qoyulan məqsədə çatacağıq.

– Yüksək səviyyədə təlim-məşq toplanışı keçən komanda 2 oyunda cəmi 1 qol vurur. O da penaltidən.

– Buna bir ad vermək olar – bəxtsizlik. Top elə bil qəsdən “Simurq”un qapıçısının üstünə gedirdi. Adam özü də təəcüblənirdi.

– Növbəti turda “Neftçi” “Xəzər Lənkəran”la görüşəcək...

– “Xəzər Lənkəran”ın heyətində dəyişikliklər olub. Komandanın legionerləri yola salıb onların yerinə gənc futbolçuları cəlb etməsi o demək deyil ki, “Xəzər Lənkəran” əvvəlki əzəmətini itirib. Onların “Simurq”la oyununun videoyazısına baxdım. Əvvəlkindən daha istəkli görünürlər. “Simurq”dan zəif təsir bağışlamadılar. Yalnız təcrübə çatmadı. Komandadakı islahatlar oyunun prinsipiallığını azaltmır. “Neftçi”nin “Xəzər Lənkəran”la oyunları həmişə böyük marağa səbəb olub. Amma onlarla oyuna hər bir çempionat matçına olduğu kimi adi qaydada hazırlaşacağıq.

– Maraqlı bir məqamla rastlaşırıq. “Neftçi” sizin vaxtınızda hər 3 məğlubiyyətini süni ortüklü meydanda alıb. Bu təsadüfdür, yoxsa zərurət?

– Komanda oyunlara təbii örtklü meydanda hazırlaşır. Əgər matç süni örtüklü meydanda olursa, oyundan bir gün əvvəl belə meydanda məşq edirik. Antalyadakı toplanış da təbii örtüklü meydanlarda oldu. AZAL-la oyunda futbolçular öyrəşdikləri “təbii”dən “süni”yə çıxanda, bu, istər-istəməz onların oyununa təsir edir. Düşünürəm ki, təsadüfi deyil.

– “Neftçi” çempionluq iddiasından geri çəkilməyib ki?

– Qətiyyən. Sona kimi çempion olmaq uğrunda mübarizə aparacağıq. Çətin olacağını bilirik. Amma məqsədimiz çempion olmaqdır.

– Sonuncu sualım – istefaya göndəriləcəyiniz barədə mətbuatda yer alan xəbərlərə münasibətiniz necədir? Atalar demiş, “od olmayan yerdən tüstü çıxmaz”.

– Məni “Neftçi”yə klubun prezidenti dəvət eləyib. Sadıq Sadıqov mənə inanır, iş prinsiplərimlə tanışdır. Aramızda istefa verməklə bağlı hər hansı söhbət olmayıb. Hər məğlubiyyətə, hər “istefa” şüarına görə getmək nə dərəcədə doğrudur? Düzdür, bunlar işimizə təsirsiz ötüşmür, üzərimizdə təzyiq yaradır. Amma təzyiq altında qazanılan zəfərin ləzzəti başqadır. “Neftçi” azarkeşlərinə səbrli olmalarını xahiş edirəm. Birinci dəfə “Neftçi”yə gələndə komanda 5-ci 
pillədə idi. Növbəti mövsüm çempion oldu. Bu dəfə komandanı götürəndə 4-cü yerdə idi. Gələn il “Neftçi” 100 faiz çempion olacaq.

Söhbətləşdi: İlqar TAĞIYEV



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail