Tuyqun Nadirov: "Bu məsələnin bizə heç bir təsiri olmayıb"

16.04.2015 | 3455 dəfə oxunub

Ötən gün Klublar Komitəsinin iclası keçirildi. Təxminən 4 saatdan çox çəkən iclasdan sonra komitənin rəhbəri Tiyqun Nadirov jurnalistlərin sualların cavablandırdı. Stadium.az xəbər verir ki, əməkdaşımızın da iştirak etdiyi müsahibəni təqdim edirik: 

- İclasda hansı məsələlər müzakirə edildi?

- Klubları düşündürən aktual mövzular var ki, onları müzakirə etdik. Məsələn, oyunların yayım məsələsini. AFFA prezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsinin iclasında bu məsələdə klubları dəstəklədiyini bildirmişdi və qərara gəlinmişdi ki, vəsait ödəməyə hazır olan və tenderdə qalib gələn telekanal oyunları yayımlayacaq. Digər məsələ legioner futbolçulara görə federasiyaya rüsum, üzvlük haqqı ödənilməsi idi. Bilirsiz ki, hər bir klub milli komandanın üzvü olmayan legioner futbolçunu sifariş edəndə ona görə 20 min pul ödəyir. Bu, o vaxt qəbul olunmuşdu ki, onda nə legioner limiti var idi, nə miqrasiya xidməti fəaliyyət göstərirdi. Hazırda məhdudlaşdıran mexanizm, yəni legioner limiti və miqrasiya xidməti var. Bu faktor da klublarımızın durumuna təsir edir. Hesab edirik ki, 3 legioner futbolçu pulsuz sifariş olunmalıdı. Bu, dünya praktikasında da var. Bura millinin futbolçuları aid deyil. Eyni zamanda, 30 yaşlı əcnəbi oyunçu ilə müqayisədə 21-23 yaşlı legioner futbolçular arasında fərq qoyulmasını istəyirik. Bu mexanizm hazırlanıb, ortaya qoyulacaq. Bir incə məsələ də var. Biz legionerlə 6 aylıq müqavilə imzalayanda ona görə üzvlük haqqı ödəyirik. Sonra onun sözləşməsini yeniləyəndə bir daha pul ödəməli oluruq. Belə çıxır ki, 1 yerə görə 2 dəfə pul ödəyirsən. Bu da klubların durumu ilə düz gəlmir. Çalışmaq lazımdı ki, klubların xərclərini azaldıb, gəlirlərini artıraq. Digər məsələ “İnStat” şirkəti ilə bağlı oldu. Bu şirkət klublara müəyyən məlumatlar ötürür. Bundan qabaq hər bir klub müəyyən məbləğ qarşılığında müqavilə imzalayırdı. Halbuki bir iş görüb, öz məhsulunu başqa-başqa klublara satırdı. Bunun qarşısını almaq üçün həmin şirkəti dəvət elədik. Bundan sonra əvvəlki qiymətdən qat-qat aşağı qiymətə, endirimlə həmin məlumatları hər bir kluba verəcək. Bu da klubların maddi xərcini azaldacaq. Əməkdaşlığın müddəti ən azı 2 il olacaq. Onlar da, biz də öz şərtlərimizi irəli sürdük. Cari mövsümün son 7 turu ərzində həmin məlumatlar klublara pulsuz veriləcək.

Daha bir məsələ isə klubların Topaz şirkəti ilə əməkdaşlığı məsələsidi. Topaz rəhbərliyi klublarla əməkdaşlığa hazırdı. Sadəcə, klublar da öz aralarında bilməlidilər ki, hansı şərtləri onlardan tələb edirlər. Bu gün onun da müzakirəsi getdi. Öz aramızda şərtləri müəyyənləşdirdik. Qərara gəldik ki, Topaz və ya hər hansı titul sponsor olan şirkət klubların qarşısında müəyyən öhdəlikləri yerinə yetirməlidi. Əgər yerinə yetirməsə, o, titul sponsorluq edə bilməz.

Bir məsələyə də toxunum. Gündəlikdə olan məsələlərdən biri də gənc futbolçuların təzminat haqqıdı. FİFA-nın 20-ci maddəsində əks olunub. 23 yaşına qədər futbolçu başq kluba keçirsə, ona görə təzminat haqqı ödənilməlidi. Demək olar ki, bütün klublar tərəfindən yekun versiyaya baxıldı. Bu gün bir klubun akademiyası var və uşaq futbolçuları çempionatlarda iştirak edirlər. Əgər onlara görə təzminatlar ödənilsə və bu, mexanizm kimi işləsə, biznesmenlər, şirkətlər də maraq göstərib, əyləncə klubu açıb, futbolçu yetişdirib, pul qazanmağa çalışacaqlar. Premyer Liqa klubları da əmin olarlar ki, yetişdirdiyi futbolçu xeyir gətirəcək. Əgər təzminat ödənilsə, bu, xeyir deməkdi. Klublar gözləməməlidi ki, sponsor nə vaxt pul verəcək? Əgər normal şəkildə futbolçu yetişdirib, onun transferindən pul qazansalar, sponsor iflasa uğrasa belə, problemlə üzləşməzlər. Yəni özü özünü maliyyələşdirəcək və xarici klublar kimi illərlə yaşayacaq. Mexanizm belə olmalıdı ki, klublar kateqoriyaya bölünəcək. Rusiyada birinci kateqoriyada təzminat qiyməti 40 min, sonuncunda isə 2 mindi.

- İntizam Komitəsinin “Neftçi”nin futbolçusu Karlos Kardoso ilə bağlı qərarı da bu iclasda müzakirə olunmalı idi...

- Bəli. İntizam Komitəsinin nümayəndəsi Məlik Həsənov da bu iclasda iştirak etdi. Əslində söhbət “Neftçi”dən və ya onun futbolçusundan getmir. Bu cür vəziyyət hər bir klubun başına gələ bilər. “Neftçi” rəhbərliyi də futbolçunun hərəkətinə haqq qazandırmır. Onlar da etiraf etdilər ki, biz güzəşt olunması ilə bağlı məsələ qaldırmamışıq. AZAL klubu haqlı irad tutmuşdu. İclasda bu məsələ haqda fikir bildirməyən klub olmadı. Hakim futbolçuya qırmızı vərəqə göstəribsə və buna görə haqlı olaraq, 3 oyunluq cəza verilibsə, qüvvədə qalmalı idi. Biz bununla bağlı Nizam-İntizam komitəsinə məktub ünvanlamağa qərar verdik. Belə olmamalıdı. Futbol qaydalarına hər bir klub riayət etməlidi. Əgər hakim həqiqətən yanlış vərəqə göstəribsə, bu, ləğv oluna bilər. Ancaq haqlı göstərirsə, cəza ləğv olunmamalıdı.

- Artıq neçə ildi ki, futbol sferasında çalışırsız. İntizam Komitəsinin sədri Tofiq Fətullayev artıq yaşlaşıb, heç bir məsələyə vaxtında reaksiya verə bilmir. Olmazmı ki, onun yerinə enerjili adam seçəsiz, tövsiyə məktubu ünvanlayasız?

- Bizim ora kiminsə namizədliyini irəli sürməyimiz düzgün çıxmaz. Tofiq müəllimi də tanıyıram. Yaşı çox olsa da, enerjili adamdı. Belə əsaslandırdılar ki, oyunun komissarının raportu var və matçın təkrarına da baxıb belə qərar çıxardıq. Biz məsələyə yenidən baxılmasını istəyirik. Bir məqamı da qeyd edim ki, biz bundan sonrakı iclasları hər dəfə bir klubun bazasında keçirəcəyik. Bu, siz jurnalistlərin daha yaxşı çalışması üçündü.

- Klubların növbəti mövsümdən büdcələrini, gəlirlərini açıqlaması ilə bağlı qərar qəbul oluna bilərmi?

- Biz bu məsələyə neçə dəfə toxunmuşuq. AFFA və PFL ictimai təşkilatdı. İctimai təşkilat və ictimai birliyin ildə 1 dəfə ictimaiyyətə hesabat vermək borcudu. Klublar isə MMC, yəni Məhdud Məsuliyyətli Cəmiyyətdi. Heç kim klubların qarşısında öhdəlik qoya bilməz ki, büdcəni, gəlirləri açıqlayın. Futbolçu ilə müqavilə imzalayanda biz də, o da öhdəlik götürürük ki, məvacibi açıqlamayacağıq. Ancaq bütün xərclər audit şirkəti tərəfindən federasiyaya təqdim olunur. Və məlum olur ki, “Xəzər Lənkəran” uşaq futboluna və digər məsələlərə nə qədər pul xərcləyir...

- “Xəzər Lənkəran”da ictimai birliyin yaradılması məsələsi planda varmı?

- Xeyr. “Xəzər Lənkəran”ın təsisçisi “Palmali” şirkətidi. Klub dövlət müəssisəsinin vəsaiti ilə maliyyələşmir. Bir neçə sponsorumuz olsa da, təsisçimiz “Palmali”di. 2013-cü ildə İcraiyyə Komitəsi idarə heyəti ilə bağlı qərar qəbul etdi. O qərardan dərhal sonra biz də özümüzdə idarə heyəti yaratdıq və ora “Xəzər Lənkəran”da oynamış veteran futbolçuları dəvət etdik. Onlar klubun bugünkü fəaliyyətində iştirak edirlər, səs verirlər. Yəni “Xəzər Lənkəran”da çoxdan Müşahidə Şurası yaradılıb. Klubun gəncləşdirmə siyasətinə keçməsi məsələsi Müşahidə Şurasında da müzakirə olunmuşdu. İnşallah, növbəti transfer dövründə komanda gücləndiriləcək.

- Yeni mövsümdən “Xəzər Lənkəran”ın çempionluq yarışına qoşulacağını gözləmək olarmı?

- Bəli, qoşulacaq. Onu da deyim ki, “Xəzər Lənkəran”ın dekabrda atdığı addımı bəzi klublar yayda atmağı planlaşdırırlar. Yəni biz hamıdan bir addım irəlidə olacağıq, çünki gəncləşdirmə siyasətinə vaxtında keçdik.

- Manatın məzənnəsi devalvasiyaya uğrayıb. Legionerlərin maaşlarını isə xarici məzənnə ilə ödəyirsiz. Bu sarıdan klubların problemi varmı?

- Heç biz bilmirdik ki, devalvasiya olacaq, ya yox. Odu ki, bu məsələnin heç bir təsiri olmayıb. Manatın məzənnəsinə gəldikdə, gündəlik tələbat malları var ki, onların qiyməti qalxmayıb. Odu ki, bu amil klublara qlobal təsir edə bilməz. Bəli, klub legioner futbolçu transfer edəndə bu, hiss oluna bilər.


- Klublar Komitəsinin iclasında danışılmış oyunlarla bağlı müzakirə aparıldımı?

- Xeyr. Bugünkü iclasda 5, maksimum 6 məsələyə toxunmaq istəyirdik. Çünki bir iclasda gündəliyə 10 məsələ salmaq olmur.

- “İnter”in prezidenti Georgi Nikoov klubun gələcək aqibəti ilə bağlı açıqlama vermədi...

- İclasda həm “İnter”, həm də “Simurq” klublarının prezidentləri də iştirak etdilər və çox gözəl əhvalları vardı. Gələcəyə ümidlə baxırlar. Elə bilirəm ki, gələn il də onların nümayəndələri gəlib, Klublar Komitəsində təmsil olunacaqlar.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail