Cavid Hüseynov: "Penalti vurmaq bacarığı canımda var" - MÜSAHİBƏ

16.05.2015 | 3446 dəfə oxunub

"Qəbələ"nin bombardiri Cavid Hüseynov klubun qəzetinə müsaibə verib. Stadium.Az həmin müsahibəni təqdim edir:

“Qriqorçuk kompakt oynamağımızı istəyir"

- Boğazımdakı ağrıları hələ “Xəzər Lənkəran”la oyundan öncə hiss etsəm də, ciddi əhəmiyyət vermədim. Düşündüm ki, keçib gedər. Lənkəranda meydana iynə-dərmanın köməyi ilə çıxdım. Ancaq ağrılarım, öskürəyim davam edirdi. “Qarabağ”la oyundan sonra artan ağrılara dözə bilmədim və həkimə getdim. Hələ 4-5 il öncə boğazımda möhkəm soyuqdəymə olmuşdu. Mənə 1 həftə yataq şəraitində müalicə olunmağı tapşırdılar. Bu səbəbdən “Sumqayıt” la oyunu buraxmalı oldum. İnşallah, “İnter”lə matçda sıraya qayıdacağam.

- Səhhətində problem olsa da, bunu hiss etdirmirdin. Yenə də meydanda ən çox qaçan, mübarizə aparan və qol vuran futbolçulardan biriydin.
- Buna 8 oyunluq qələbə seriyamızın böyük təsiri oldu. Özümüzə inanır, oynadığımız futboldan zövq alırıq. Buna görə də səhhətimdəki problemlərə əhəmiyyət vermirdim. Ancaq “Qarabağ”la matçı diqqətlə izləyənlər oyunumun istənilən səviyyədə olmadığını görürdülər. Yəni halsızlığım hiss olunurdu, meydanda sanki gəzirdim.

- Roman Qriqorçukun ilk vaxtlarında komanda bir müddət uğursuz çıxış etdi. Səncə, komanda sonradan uğurlu seriyaya nəyin hesabına nail oldu?
- Qriqorçukla ilk vaxtlar nəticə qazana bilməməyimiz, məncə, başadüşülən idi. Uğurlu çıxışımızda Antalya hazırlığının böyük rolu oldu. Qriqorçukun çox təcrübəli mütəxəssis olduğunu hələ onda hiss etmiş və onunla uğur qazanacağımıza inanmışdıq. O, taktikanı və psixologiyanı yaxşı bilir. Rəqibləri təhlil etmək bacarığı çox güclüdür. “Bakı”yla oyundan sonra ardıcıl 3 məğlubiyyəti komandanın yeni sistemə uyğunlaşa bilməməsi ilə izah edərdim. Amma çatışmazlıqları aradan qaldırdıq. Baş məşqçinin tapşırıqlarını oyundan-oyuna daha çox yerinə yetirməyimizin bəhrəsini gördük.

- Qriqorçuklu “Qəbələ” çempionatda ilk növbədə hansı keyfiyyəti ilə seçilir?
- O, bizdən kompakt şəkildə oynamağı, 1 dəqiqə belə dayanmamağı, meydanda hərəkətli olmağımızı istəyir. Özü də bu, komandanın bütün üzvlərinə aiddir. Top itiriləndə isə əsas vəzifəmiz 4-5 nəfərlə pressinq edib, topu geri almaq olur. Bunu etmək üçün isə fi ziki güc lazımdır. Bir sözlə, Qriqorçuk çox tələbkardır, meydanda hər yerə çatdırmağımızı istəyir. Bunun nəticəsidir ki, hazırda əzmkar və mübariz komandamız var.

“Karyeramın ən yaxşı dövrünü "Qəbələ"də yaşayıram”

- “Qəbələ” avrokuboklara vəsiqəni təmin etdikdən sonra diqqətini çempionatı bürünc medalçı kimi başa vurmağa yönəldib. “Neftçi” ylə mübarizədə şansımızı necə dəyərləndirirsən?
- Qarşıdakı 2 oyun həlledici olacaq. Xal itkiləri qaçılmazdır. Kim daha çox xal qazansa, o da mükafatçı olacaq. İnşallah, 3-cü yeri biz tutacağıq. Bu inam ondan irəli gəlir ki, “Neftçi”nin ötən tur qarşılaşdığı və böyük hesabla uduzduğu “İnter”lə evdə oynayacağıq.

- Karyeranın ən yaxşı dövrünü məhz “Qəbələ”də keçirirsən. Bu üzdən futbol həyatında ən yaxşı klubun “qırmızı-qaralar” olması fikriylə razılaşırsan?
- Oynadığım başqa klubları gözdən salmaq istəmirəm. Futbola “Turan”da başlamışam. Karyeramda ən pis dövrümü bundan sonra “Olimpik”də, Əsgər Abdullayevin vaxtında keçirmişəm. Vur-tut 1 oyunda meydana çıxmışdım. Bu, “İnter”ə qarşı oyunda olub. Bundan sonra məhz “İnter”ə keçdim. Daha sonra “Neftçi”də oynadım. Çıxışım o qədər də yaxşı olmadı. “Qəbələ”yə gələnədək isə “Bakı”da gözəl günlərim olub. Ancaq karyeramın ən yaxşı dövrünü, əlbəttə ki, “Qəbələ”də yaşayıram.

- Bəs niyə “Turan”, “İnter”, “Neftçi” də yox, “Qəbələ”də?
- Görünür, illər keçdikcə təcrübəm də artır. Mən hələ “Bakı”da öz oyunumu tapmışdım və 7 qol vurmuşdum. Paytaxt komandasında da əsas heyət oyunçusu idim. Sadəcə, “Bakı”da problemlər yarandığından “Qəbələ”ni seçdim. Buna indi də peşman deyiləm və burada hər şey ürəyimcədir. Bunun nəticəsidir ki, başa çatmaqda olan müqaviləmi 2 illiyə uzatdım.

“Penalti zamanı topa yox, qapıçıya baxıram"

- “Qəbələ”də həm bombardirlik, həm də penaltiləri dəqiq yerinə yetirmək keyfi yyətlərin üzə çıxdı. Buna necə izah verərdin?
- Açığı, bombardir olmaq barədə heç vaxt düşünməmişəm. Yarımmüdafi ədə oynadığımdan, əsasən, asissentlik etmək, məhsuldar ötürmələrlə seçilmək istəyirəm. Təbii ki, qol vurmaq şansım olanda, fürsəti əldən vermirəm. Penaltilərə gəlincə, “Bakı”da cərimə zərbələrini Əfran İsmayılovla mən yerinə yetirirdim. Penalti vurmaq bacarığı canımda var. Epizodu gözəl hiss edirəm, qapıçının yerdəyişməsini diqqətlə izləyirəm. Ona görə də, güclü zərbəyə yox, texnikaya üstünlük verirəm.

- Vurduğun penaltilərdə qapıçılar nəinki zərbəni dəf edə bilir, heç istiqamətini də tuta bilmirlər.
- Elədir. “Qəbələ”də 6 penalti yerinə yetirmişəm və hamısında da belə olub. Çünki zərbə zamanı topa yox, qapıçıya baxır və onun hansı istiqamətə tullanmağa meyilləndiyini təyin edirəm.

- Çempionatın ən yaxşı qapıçılarından sayılan, “Qarabağ”lı İbrahim Şehiç də sənin zərbən qarşısında aciz qaldı. Ümumiyyətlə, Azərbaycanda çəkindiyin qapıçı varmı?
- Yox. Təvazökarlıqdan uzaq olsa da, özümə çox güvənirəm. Komandada ştatlı penalti vuran mənəm. Baş məşqçimiz futbolçulara tapşırıb ki, penalti nöqtəsinə Caviddən başqa heç kim yaxınlaşmasın. Şehiç bəlkə də hazırda Premyer Liqamızda “1 nömrə”dir.

- Hər halda, 90-cı dəqiqədə, üstəlik hesabda geridə olanda həyəcan birə-beş artır... və Ekiqo Ehiosun topu götürüb sənə verir.
- Topu əlimə alanda futbolçularımızın üzünə baxdım. Gördüm məndən çox onlar həyəcanlanırlar. Hətta texniki zonada olan futbolçularımız da çox həyəcanlandıqlarını oyundan sonra etiraf etdilər. Mənsə soyuqqanlı idim. Diqqətlə Şehiçin üzünə baxdım. O hərəkətləri ilə məni çaşdırmaq istəsə də, bacarmadı.

“Prosineçki mənə çox inanır"

- “Qəbələ”də bir mövsümə ən çox qol vuran – 12 dəfə fərqlənən sabiq hücumçumuz Daniel Subotiçə yaxınlaşmısan. Bu nəticəni yaxşılaşdırmaq, çempionatın hazırkı bombardiri, “Bakı”da birgə oynadığın Nurlan Novruzovla mübarizədə qalib olmaq perspektivinə necə baxırsan?
- Futbolçu üçün şəxsi göstəricilər də vacibdir. Karyeramda iz buraxmaqistəyirəm. Nurlana gəlincə, oyunu ilə bombardirliyə layiq olduğunu göstərir. O, məni hazırda 4 top qabaqlayır. Novruzova çatmağa xüsusi önəm vermirəm.

- Ancaq son turadək I diviziona düşəcəyi dəqiqləşən həmin “Bakı” yla oyunda çox qol vura bilərsən.
- Bu, mümkün olsa da, qarşıma məqsəd qoymamışam. Əsas məqsəd 3-cü yeri tutmaqdır. İnşallah, bürünc medalçı olaq, heç bombardir olmaq istəmirəm.

- Bu çempionatın 9 iştirakçısından 7-nin qapısına yol tapmısan. “İnter”ə də qol vurmaq şansın var. Ancaq “Simurq”la bu mövsümdə 6 dəfə üz-üzə gəlsək də, bu komandaya qol vura bilmədin.
- Doğrudan da, maraqlı məqamdır. Açığı, buna heç fikir verməmişdim. “İnter”ə də qol vurmaq istəyirəm. Buna çalışacağam.

- Maraqlıdır, vurduğun qollardan hansı daha yaddaqalan olub?
- (gülür) O qədər də baxımlı qollar vurmamışam. Məncə, bu mövsümdə ən baxımlı qolumu Lənkəranda vurmuşam.

- AZAL-a Şüvəlanda, 4:0 hesabı ilə qalib gəldiyimiz oyunda vurduğun qol da baxımlı oldu. Hər halda, çətin vəziyyətdə topu qapıdan keçirməyi bacardın.
- Razıyam. Sadəcə, qapıçı qabağa çıxmışdı, müdafi əçinin da boyu çatmadı ki, topu çıxarsın. Ancaq mənim üçün ən çətin qol “Xəzər Lənkəran”a vurduğumdur. Məhz bu qol qələbəmizdə həlledici olduğundan həm də dəyərlidir.

- Sonda milli ilə bağlı karyerana toxunmaq istərdik. Artıq yığmada da lider olmağının vaxtı çatıb.
- Şükürlər olsun ki, həm “Qəbələ”də, həm də millidə baş məşqçilər mənə çox inanırlar. Hər iki baş məşqçi ilə gözəl münasibətim var. Bu, məndə özünəinamı artırır. Mənə inanırlarsa, bunun qarşılığını meydanda verməliyəm. Malta ilə oyunda bunu hiss etdim.

- Həmin matçdakı qələbədə vurduğun qolla öz sözünü dedin. Qarşıdan isə Norveçlə səfərdə çətin, həlledici oyun gəlir.
- İyunda Avstriyaya Serbiya yığması ilə yoldaşlıq görüşü keçirməyə, oradan isə Norveçlə rəsmi oyuna gedəcəyik. İnşallah, qələbə ilə qayıdarıq. Oslodakı oyun çox ciddi sınaq, nəticə baxımdan həlledici olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail