"Bəzən aqressiv də olmaq lazımdır" - MÜSAHİBƏ

20.09.2011 | 4982 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun müsahibəsi:  

- “Qarabağ”ın son 3 turda qələbə qazanmamasının səbəblərini araşdırmısınız?

- Bütün oyunlara düzgün və ciddi şəkildə hazırlaşırıq. Məğlub olduğumuz zaman, əlbəttə ki, bunun səbəblərini axtarıb tapmağa çalışırıq. Bundan sonra isə o səhvlərin üzərində işləyirik ki, bir də təkrar olunmasın. Futbol elə bir oyundur ki, bəzən bizim düşündüyümüz, istədiyimiz kimi alınmır. Yenə də plandan kənara çıxmamağa və düzgün formada hazırlaşmağa çalışırıq ki, yaxşı nəticə əldə edə bilək.
 
- “Qarabağ” Premyer Liqada ən çox təhlükəli vəziyyət yaradan komandalardandır. “Xəzər Lənkəran”la oyunda da bir çox qol şansı olsa da, boşa verildi. Komandanın qol vurmaqda çətinlik çəkməsi nədən irəli gəlir?
- Bu, futboldur, bəzən belə hallara rast gəlinir. Təbii ki, bu, bütün komandaların başına gələ bilər. Bir çox qol epizodu yaxalayırsan, ancaq istənilən sonluqla bitirə bilmirsən. Belə olan halda, nəticə də istənilən kimi olmur. Buna baxmayaraq, futbolçularıma inanıram. Onlar da hər şeyi dərk edirlər. Ona görə də proqramdan kənara çıxmırıq və tam ciddi formada növbəti oyunlara hazırlaşırıq.
 
- Sanki komandanın bəxtini bağlayıblar...
- Belə şeylər olur. Ümumiyyətcə, tək futbolda yox, həyatda da bəxt amili mühüm rol oynayır. İnşallah, səhvlərimizi düzgün analiz etməklə müəyyən qərarlar çıxaracağıq. Hədəfdən yayınmasaq, ruhdan düşməsək, qol epizodları ilə yanaşı qolların sayı da artacaq.
 
- Rəşad Sadıqov açıqlamasında bildirib ki, komandada yorğunluq var...
- Tamamilə razıyam. Neçə ildir ki, futbolçularım həm Avrokuboklar, həm də milli komandanın oyunlarında ardıcıl olaraq çıxış edirlər. Üst-üstə həddən artıq yüklənmə nəticəsində futbolçularda yorğunluq yaranır. Həm fiziki, həm də psixoloji tərəfdən çətinliklər yaşanır. Bunu da başa düşmək lazımdır. Çünki hərtərəfli yüklənmə olub. Yenə də, çalışırıq ki, bu çətin dövrdən çıxaq.
 
- Rauf Əliyevin uzun müddətdən sıradan çıxması ilə bağlı nə deyə bilərsiniz?
- Buradakı diaqnoza görə, Rauf ən azı 1 ay və ya ay yarım meydanlardan uzaq qalacaq. Diz nahiyəsində qismən yırtıq var. AFFA da onunla maraqlanıb. Milli komandanın həkimləri rentgen şəkillərə baxdıqdan sonra onları Almaniyaya göndəriblər. Yəqin ki, sabah daha dəqiq diaqnoz qoyulacaq.
 
- Elnur Allahverdiyev “Qarabağ”la oyunda çox aqressiv oynadı. Rauf Əliyev açıqlamasında bildirdi ki, o qəsdən rəqibə zərbə endirib...
- Elnuru hamımız tanıyırıq. O, həmişə aqressiv olub. “Qarabağ”da çıxış etdiyi vaxtda da aqressiv oynayıb, Eləcə də, milli komandanın heyətində. Amma futbolçuya xəsarət yetirmək istəyirsənsə, bunu başqa formada da etmək olar. Bilirik ki, Elnur topa da müdaxilə edəndə sərt oynayır. Matçın əvvəlində Elnur Əfranla mübarizədə də kobud oynadı. Hamımız bilirik ki, Əfran zədədən yeni çıxıb və yeni-yeni özünə gəlir. Diz nahiyəsi futbolçu üçün təhlükəli yerlərdən biridir. Yaxşı ki, həmin epizodda Əfran zərbədən qaça bildi, Elnurun ayağı onun ayağını tutmadı, ancaq Rauf zərbədən qaça bilmədi. Rauf yox, başqası olsaydı, bəlkə də Elnur yenə o cür oynayardı. Amma fikirləşmək lazımdır ki, qarşındakı da futbolçudur. Ona o cür açıq ayaqla müdaxilə etmək olmaz. Bir gün Elnurun da başına gələ bilər. Unutmaq olmaz ki, meydanda hamı öz işini görməyə çalışır. Belə epizodlarda ehtiyatlı olmaq məsləhətdir.
 
- “Xəzər Lənkəran”la oyunda bir qrup azarkeşin “istefa” səsləri sizə nə dərəcədə təsir etdi?
- Təsir etdi deyəndə ki, azarkeşlərlə məsafə yaxındır. Yaxşı bilirik ki, əsl azarkeşlərimiz harada əyləşirlər və komandamızı dəstəkləyirlər. Bir də, tribunalarda qrup-qrup yığışanlar var. Oyundan sonra ona görə dedim ki, “istefa” qışqıranlar mənimlə görüşsünlər. Bunu niyə və kimə dediyimi bilirəm. Əsl azarkeşlərimiz “istefa” qışqırsaydılar, mən belə reaksiya verməzdim. “Qarabağ”ın əsl azarkeşləri sona kimi komandanı dəstəklədilər, inandılar, güvəndilər və alqışladılar. Əslində, belə də olmalıdır. Digər tərəfdə isə 5-10 nəfər “istefa” qışqırırdılar. Hətta, onları üzbəüz görsəm, tanıyaram. Təxminən bilirəm ki, bu adamlar kimlərdir, harada yığışırlar. Mən ona görə mətbuat konfransında bu sözləri işlətdim ki, iradları gəlib mənim üzümə desinlər. Kiməsə qorxu gəlmək niyyətim yoxdur, sadəcə mən istərdim ki, o insanlar mənlə üz-üzə gələndə bu fikirləri bildirsinlər. Ancaq əskinə olacağını düşünürəm. Mənə təriflər söyləyəcəklər. Yenə deyirəm, bu insanları təxminən tanıyıram. Bunlar kimdir, niyə belə edirlər, bu barədə də məlumatım var. 
 
- Sizcə, bu adamları kim istiqamətləndirir?
- Bildiyimiz, tanıdığımız birisidir. Azarkeşin haqqını yemək olmaz. Biz onlara görə oynayırıq, onlar üçün mübarizə aparırıq. Yağışda, soyuqda, istidə istər səfərdə, istər Ağdamda bizi dəstəkləyirlər. Biz azarkeşlərimizin dəyərini bilirik. Bilsək ki, o adamlar bunu komandanı istədikləri üçün, “Qarabağ”ın xeyiri üçün edirlər, heç bir söz deyən olmaz. Sadəcə, mən o adamları tanıdığıma görə dedim ki, gəlsinlər mənimlə üz-üzə danışsınlar. 
 
- Bəs bu insanların belə etməkdə məqsədləri nədir?
- Ola bilər ki, maraqları var, nəsə güdürlər. Yaraşmayan hərəkətlər edirlər. Əgər onlar komanda üçün çalışsaydılar, gəlib azarkeşlərimizlə bir yerdə oturub bizi dəstəkləyərdilər, lazım gələndə bir yerdə “istefa” da qışqırardılar. Onda heç kim onlara güldən ağır söz deməzdi. Ümumiyyətcə, biz görmüşük ki, “istefa” qışqıran insanlar cavan, aqressiv olurlar, ama o insanları görsəydiniz, özünüz də şahidi olardınız ki, necə alicənab, sakit, normal şəkildə davranırdılar. Sadəcə, 3-4 dəfə “istefa” sözünü ortaya atdılar ki, azarkeşlərimiz də istefa qışqırsınlar. Amma fanatlarımız bizi yaxşı tanıyırlar, bizim işimizə düzgün qiymət və dəyər verirlər. O adamlar “istefa” qışqıranda azarkeşlərimiz “Qarabağ” sədalarını səsləndirdilər.
 
- Rəşad Sadıqov açıqlamasında deyib ki, o adamları istiqamətləndirən “Qarabağ”a gəlmək istəyir...
- Hər halda, Rəşad nəsə bilir. Bəlkə də, dəqiq bilinər və ya kimsə tərəfindən mətbuata məlumat verilər. Deyirlər ki, Qurban hirslənir. Bəli, hirslənirəm. Bəzən aqressiv də olmaq lazımdır. Sözünü gərək yerində deyəsən. Alicənab insan gəlib iradını mənə bildirsə, yaxşı olar. Əgər o adamlar mənimlə görüşməyibsə belə, görüşəndə guya ürəklə görüşəcəklər. Sadəcə olaraq, belə şeylər uşaq işləridir.

premyerliqa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail