“Neftçi”nin unikal əməliyyatı

29.08.2015 | 3414 dəfə oxunub

Bütün Azərbaycan “Qarabağ” və “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasından danışır. Neynəsinlər, görmədikləri günə düşüblər də. Belə uğuru nə vaxt görmüşük ki? Hələ “bir də nə vaxt görəcəyik” sualını da vermirəm ha.


Azərbaycan xalqı bu iki komandanın uğuruna sevinərkən, daha bir klubumuzun unikal uğuru kölgədə qaldı. “Neftçi”ni deyirəm ey... Yox, “Neftçi”nin elə rəhbərliyi var ki, (yazıçı, artist, futbolçu və maklerdən ibarət enerjili qrup) bu komandanın uğurunu papaq altında gizlətmək olmaz. Sadəcə, klub rəhbərliyi özü bu uğurun açıb-ağardılmasını istəməyib. 


Hadisələr də lap Cingiz Abdullayevin detektiv əsərlərindəki süjet xəttini xatırladır. Əsərin qısa məzmununu izah edim. Deməli, “Neftçi” heyəti gücləndirmək üçün bir neçə legioner transfer etməliydi. Ancaq Avropanın adlı-sanlı klubları “Neftçi”nin transfer siyasətini qarabaqara izlədiklərindən, yazıq klub rəhbərliyi menecerləri bəyəndikləri futbolçularla danışıqlar aparmağa göndərə bilmirdilər. Nöşün ki, adlı-sanlı Avropa klubları dərhal “Neftçi”nin bəyəndiyi futbolçunu şirnikləndirib, yoldan çıxarır (burda türkün məsələ deyin), onları heyətə qatıb, Çempionlar Liqasında pul qazanırlar. 


“Neftçi” bu təqibdən qurtulmaq üçün unikal plan cızıb. Təbii ki, planın müəllifi Çingiz Abdullayevdi.  Əvvəlcə komandanın rəsmi saytında məlumat yayıldı: “Neftçi”nin icraçı direktoru Elnur Məmmədov və  idman direktoru Vəli Qasımov Cənubi Amerikaya səfər ediblər.
Cənubi Amerikaya nəyə gedərlər? Təbii ki, futbolçu gətirməyə. Avropanın bütün klubları bu xəbərdən sonra qulaqlarını şəkləyib, okeanın o tayına boylanmağa başlayıblar. Qoçaqlar da öz işində - Elnur Məmmədovla Vəli Qasımov Braziliya stadionlarında selfinin selfi ardınca çəkdirir, mətbuat xidmətinin əməkdaşları da bu şəkilləri dərhal “Neftçi”nin saytında yerləşdirirlər. Bütün Avropa azdırılıb. Və qəfildən bomba partlayır. “Neftçi” gənc və perspektivli, gələcək vəd edən 33 yaşlı slovakiyalı qapıçını transfer edir. Vay dədə, vay. Düz Avropanın göbəyindən bir addım o tərəfdə ey. “Real”da neçə vaxtdı qapıçı axtarır. Düşüb De Xeanın ardınca. “Mançester Yunayted” də vermir. “Neftçi”nin kəşf etdiyi qapıçıdan xəbər tutsaydılar, nə “Real” yalvarardı, nə də “Mançester Yunayted” naz edərdi. 


Hələ bu harasıdı? Üstündən iki gün keçir, “atom bombası” partladılır. Bu dəfə düz Avropanın göbəyində - İspaniyada.  “Neftçi” hücumçu transfer edir. Avropa şokdadı ey. “Bəs bunlar Cənubi Amerikaya getmişdilər axı” deyib, başlarına qapaz vururlar. 


Bax, budu dronqosayağı əməliyyat. Bax, budu, Çingiz Abdullayev təcrübəsi. Di, gedin, aşığınızı atın. “Neftçi” bütün Avropanı aldatdı. İndi bu uğuru ictimailəşdirmək olar. Daha transferlər rəsmiləşib. Antonio Quinta və Mixal Peskoviç “Neftçi”nin futbolçularıdı. Narahat olmayın, əməliyyatı uğurla yerinə yetirən Elnur Məmmədovla Vəli Qasımov da Azərbaycana qayıdıblar. Sağ və salamatdılar. Bir neçə gün dincəlsinlər, “Qarabağ”la “Qəbələ”ni təbrik edərlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail