Ramin Musayev: "Başqa bir insanın yerinə həbs olundum"

23.09.2015 | 4325 dəfə oxunub

PFL-in rəhbəri Ramin Musayevlə mətbuatda dəfələrlə müsahibələr gedib. Amma biz bu dəfə Ramin müəllimlə daha fərqli tərzdə söhbətləşdik.

Stadiumaz xəbər verir ki, PFL prezidenti dostundan, həyatında baş verənlərdən və insanları nə vaxtdan daha yaxşı tanımasından danışıb.

Öncə işdən...

Ramin Musayevlə söhbətimizə ənənəyə uyğun olaraq, futboldan başladıq. Buna görə də "Qarabağ" və "Qəbələ" klublarının Avroliqadakı çıxışlarını dəyərləndirməsini istədik.

- "Qarabağ"ın və "Qəbələ"nin Avroliqanın qrup mərhələsindəki ilk oyunlarını izlədiz?
- Bəli, hər iki görüş çox xoşuma gəldi. Əfsuslar olsun ki, oyunun ertəsi mətbuatı izlədim və "Qarabağ"ın oyunundakı hakimlik haqqında yalnız Rusiya mətbuatından oxudum. Təəssüf ki, bizim mətbuatda bu barədə məlumat yox idi. Bizim hakimlərimiz orada olsaydı, yəqin futboldan "başı çıxan" bəzi jurnalistlər indi yazıb doldurmuşdular – "Hakim belə etdi, hakim elə etdi..."
Bu yaxınlarda televiziyada elə sözlər danışdılar ki, həqiqi mənada futbolda işlədiyimə görə peşmançılıq çəkdim. Düşündüm ki, gör kimlərin arasında klublarla çalışırıq. İnsan gördüyü "ağ"a necə "qara" deyə bilir, bu mənə çatmır.

- Nə baş verdi ki, "Qarabağ"ın oyununda?
- İkinci qol ofsayddan vuruldu... Bundan əlavə, rəqib oyunçular çox kobudluq edirdilər. Onlar üçün hər şey olardı, amma "Qarabağ"ın oyunçusunun yüngül bir toxunuşu olan kimi saxlayırdılar. Yəni bu, bir işarə oldu. Mən deyərdim ki, 7-ci dəqiqədən - 11 metrlik cərimə zərbəsindən sonra hakim tamam dəyişdi. Bəlkə də hakim fikirləşdi ki, bu 11 metrlik cəriməni verməməliydi. Bu şəxsi fikrimdi, fikrimdə də axıra qədər qalacam: "Qarabağ" o oyunda rəqibə dərs keçdi.

- Komandalarımızın qrupdan çıxma şanslarını necə dəyərləndirirsiz?
- Şans 20-nin 80-ə nisbətindədi. Elə hər iki klubun... Bu reallıqla razılaşmalıyıq. Biz qrup mərhələsinə vəsiqə qazanmışıqsa, bunun özü bir qələbədi.

"Məni bu posta Rövnəq müəllim gətirib"

Ənənəvi suallardan sonra Ramin Musayevlə bir az gənclik illərinə qayıtdıq... Həmçinin onun bu vəzifəyə gəlməsini, səbəbini öz dilindən eşitdik.

- Futbolla aranız necə olub? Heç futbol oynamısız?
- Bəli, oynamışam. Yəni peşəkar şəkildə yox, həvəskar şəkildə... Orta məktəbdə oxuyarkən 6 sinif arasında yarış keçirirdik. Qonşu kənddən gələn uşaqlar da vardı. Biz finala çıxdıq, oradakı topu da mənə hədiyyə edilər.

- Komandanın seçilən üzvü olmusuz?
- Komandanın kapitanı idim, amma qapıçı dururdum. Qapıda dura-dura da qol vurmuşdum (gülür).

- PFL-ə sizi kim gətirib? Bu sahəyə gəlmənizdə Rövnəq Abdullayevin əli var?
- "Neftçi"də çalışırdım. Həmin vaxt da Rövnəq Abdullayev bu klubun prezidenti idi, mən də vitse-prezidenti. Daha sonra Rövnəq müəllim AFFA-ya prezident gəldi. "Neftçi"yə yeni gələn prezident mənimlə işləmək istəmədi. Baxdım ki, mənə çox soyuq davranır. Mən də məni futbola gətirən adama - Rövnəq Abdullayevə dedim ki, yeni klub prezidenti mənimlə soyuq davranır, mənimlə işləmək istəmir. Çıxmaq istəyirəm. Bu zaman Rövnəq müəllim dedi ki, Allah köməyi olsun onun, elə PFL-ə rəhbər axtarırdım. Düzdü, məni bu posta Rövnəq müəllim gətirib. Ancaq mən "Neftçi"dən çıxsaydım, bura gəlməyəcəkdim.

"Bizi bağlayan sırf bir-birimizə olan inam idi"

- Rövnəq müəllimlə dostluğunuz lap əvvələ dayanır deyəsən.
- Rövnəq müəllimi tanıyanda o, məktəbdə oxuyurdu. Məndən 2 yaş kiçikdi. Onun qardaşı ilə dost olmuşam. Dostumla bir qrupda oxumuşuq. Ailəvi gediş-gəlişimiz olub. Bu gün də əlaqəmiz var. Dostum 5 ildi dünyasını dəyişsə də, o, mənim üçün yaşayır, yaşayacaq da... Bu, Rövnəq müəllimə görə deyil, nə də tutduğum vəzifəyə görə deyil. Biz dost olanda nə onun, nə də mənim qohumlarım vəzifədə idi. Bizi bağlayan sırf bir-birimizə olan inam idi...

- Dost sizin üçün nə deməkdi?
- Əsl dosta anam qədər, vətənim qədər hörmətim, inamım var. Dosta "gəl dost olaq" deyilmir, dostluq özü yaranır. Bilmədən yaranır... Bir də baxırsan ki, sən o adamla hər gün bir yerdəsən. Biz də dostumla hər gün bir yerdə olmuşuq. Bu gün də həyatda nə isə bir problemim olanda o mənim yuxularımdadı.

- Ondan sonra heç kim o dostun yerini tutmadı?
- Yox, hələ tutan olmayıb.

Bu zaman Ramin Musayevi təsəvvür edə bilməyəcəyim kimi gördüm. Dostundan danışarkən göz yaşlarına hakim ola bilmirdi... Otağındakı qızıldan düzəldilən tablo da gözümüzdən yayınmadı. O, dostunun portretini qızıl işləmələrlə yaradıb. Ramin Musayev bu şəklə belə rəy verdi: "Mən bu vəzifədən bir gün gedəcəm, o zaman birinci növbədə bu şəkili burdan alıb çıxacam, mənimlə olacaq həmişə...".

"Həbsxanaya düşməyimə peşman deyiləm"

- Neçə il polis işləmisiz?
- Hərbi xidməti Moskvanın daxili qoşunlarında keçmişəm. Qayıtdıqdan sonra isə 6 nömrəli islah-əmək müəssisəsinə düzəldim və zabit kimi çalışdım. 1993-cü ildə burdan Nərimanov rayonu 23-cü polis bölməsində növbətci vəzifəsinə təyin olundum. Bir müddət sonra isə Daxili İşlər Nazirliyi Təchizat İdarəsinin Avtomobil Təsərrüfatına rəis müavini keçdim. 2 il işlədikdən sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəldim. 1995-ci ildə bizi başqa-başqa rayon və bölgələrə payladılar. Məni o vaxtkı Əzizbəyov rayonuna əməliyyat müvəkkili təyin etdilər. O zaman işə çıxmadım, bilirdim ki, burda bəzi oyunlar gedir. Artıq mənə hər şey aydın idi. 8 il polis kimi fəaliyyət göstərdim. Bundan sonra həbs olundum, çıxdım, bizneslə məşğul oldum, 2004-cü ildən futbolun içindəyəm.

- Həbsə düşmənizə səbəb nə idi?
- Həbsə düşməyimin səbəbkarına bu yaxınlarda 14 il iş kəsildi. Kim olduğunu deməyəcəm. Başqa bir insanın yerinə tutuldum. Belə izah edim. Əgər bir hadisə baş verirsə, o hadisə zamanı birinci cavabdeh vəzifəcə böyük olan şəxs olur. Və vəzifəcə böyük olan insanın yanında ondan kiçik vəzifəli adamın verdiyi əmr - əgər veribsə belə o qeyri-qanuni sayılır... Onu heç bir işçi yerinə yetirməməlidir. Çünki vəzifədə ondan böyük adam var. Bu zaman da o nə istintaqa çağırıldı, nə getdi. Oturdu bir kənarda... Dediyim adamın vasitəsi ilə mənim üzərimə atıldı...

- Neçə il cəzaçəkmə müəssəsində olduz?
- 1 il 6 ay... Səmimi şəkildə deyim ki, sevindim həbsə düşməyimə. Çünki mənim aləmimdə qohum, insan – hər şey əvəzolunmaz idi. Amma ora düşəndən sonra bildim ki, boş şeydir. Əmioğlum var idi ki, adım gələndə "Ramin mənim Allahımdır" deyirdi. O, əsgərliyə gedəndə oturub günlərlə-aylarla ağlamışdım. Ancaq mən həbsdən çıxandan sonra əmioğluma salam vermədim. Onu çox yaxşı tanıdım. Yoldaşlar var idi ki, qanun keşikçisi ola-ola onlar üçün qanunu pozmuşam. Düşünürdüm ki, yoldaşdır, üstümə gəlib kömək üçün... Ora düşəndə gördüm ki, insana qalan dost və ailədir. Qalanı boş şeydi...

- Siz həbsdə olarkən ailənizlə kim maraqlanırdı?
- Anam, qardaşım və bacım...

- Birlikdə polis işlədiyiniz yoldaşlarla əlaqələriniz necədi?
- Bu gün də əlaqə saxladıqlarım var. Münasibətimiz olanlarla hərdən görüşürük. 6 nömrəli İslah əmək müəssisində çalışanda Göyçaydan Ağaməhəmməd müəllim var idi. Tale elə gətirdi ki, mən Bayıl həbsxanasına düşəndə o da orada rəis müavini işləyirdi. Məni görəndə başını iki əli ilə tutub dedi ki, "Hər şeyə inanardım, sənin kimi adamın bura düşəcəyini düşünməzdim". And olsun Allaha, nə həbsxanaya düşəndə pis oldum, nə də bu gün peşmanam. Bu, bir dərs, imtahan idi. Olmalı imiş deməli. Hər şey Allahın əlindədir.

- Bu imtahandan necə çıxdız?
- Çox əla. Yaxşı çıxmasaydım, deyərdim ki, peşmanam.

"Sazlı-sözlü" Ramin Musayev...

- Bir az da sizin saz tutqunuzdan danışaq...
- Hə, bilsəydim öncədən saz gətirərdim (gülür)... Oğlum yeni dünyaya gəlmişdi. O zaman imkanım o qədər də yaxşı deyildi. Bir sazbənddən saz almışdım. Düzdür, evə gələndə yoldaşım demişdi ki, neynirdin bu sazı.
Amma mən sazı əlimə alıb çalmağa başlayanda ağlayan oğlum sazın səsini eşidən kimi sakitləşdi. Ondan sonra nə vaxt oğlum ağlayırdısa, saz çalırdım, səsini kəsirdi. Yoldaşım da bundan sonra deyirdi ki, yaxşı ki almısan sazı (gülür).

- Sazı əlinizə alarkən hansı havaları ifa etməyi sevirsiz?
- Ən çox sevdiyim saz havaları "Ruhani", "Başsarıtel", "Dilqəm"dir.

- Saza nə vaxtdan marağınız olub?
- Uşaqlıqdan. Evimizdə olmayıb, amma eşitmişdim ki, rəhmətlik atam da saz çalıbmış cavanlığında... Ancaq qardaşı cavan yaşında rəhmətə getdikdən sonra dayandırıb. Elə bil ki, taleyin özü idi gəldi mənim qarşıma çıxdı. Məndə də belə olub. Mən də rəhmətlik qardaşımdan sonra bir xeyli müddət əlimə saz götürmədim.

- Bu günə qədər neçə nəfərə saz hədiyyə etmisiz?
- İki nəfərə saz hədiyyə etmişəm. Biri Aşıq Əsgər Qazaxlıdır. Amma əfsuslar olsun ki, o sazı maşınından oğurladılar. Gəncənin polis rəisinə də zəng edib xahiş etdim tapılması üçün, amma təəssüf ki, hələ tapılmayıb. Sazın səsinin gözəl çıxması bəxt işidir. Bir dəfə Aşıq Ədalət Nəsibova sual verdilər ki, "sazı uzaqdan görsən tanıya bilərsənmi?" O da demişdi ki, "görsəm yox, eləcə "cınqıllatsalar" onun "cınqıltısından" bilərəm mənim sazımdır".
Oğlumun körpəlik vaxtı ilk aldığım sazı düzəldən sazbəndin oğlu da həmin sənətlə məşğuldur. Mən də həmin sazı apardım ki, al bu sazı düzəlt. Çoxdandır istifadə edilmirdi, sazın qolunda da bir az əyrilik var idi. Ondan xahiş etmişdim ki, sazın "sinəsi"nə dəyməsin. Amma o əl gəzdirdi, sazın səsi dəyişdi. Həmin səs qalmadı.

- Deyirlər ki, "yanıq Kərəm" çalınanda oynamazlar...
- Bu fikirlə tam razıyam. Ona görə ki, niyə "Laçınım" çalınanda oynamırlar. İkisi də faciədir də... Laçınlıları çox istəyirəm. Bir dəfə onların toyunda idim. Laçınım mahnısını "zakaz" verdirdim. 1 dəqiqə sonra onlar dayandılar ki, "yox axı biz bu mahnıya oynamırıq". O zaman dedim bizim "yanıq Kərəm"ə niyə oynayırsız...?

- Qərb zonasının aşıqlarını çox bəyənirsiz, ya Şirvan aşıqlarını?
- Azərbaycanı regionlara bölmək istəmirəm, amma saz Qazax, Borçalı, Göyçə - bu zonalara aiddir.

- Eşitdiyimizə görə, Ramin Musayevin şeirlə də arası "sazdı".
- Bəli. Hazırda məndə Bəhmən Vətənoğlunun, Sücaətin kitabları var.

- Dilinizdə əzbər olan və sizə ləzzət edən şeir hansıdı?
- Var elə şeirlər. Amma indi şeir deyən deyiləm (gülür).

- Bəs özünüz yazırsız?
- Düzünü deyim ki, düşəndə yazıram.

- Qiymətləndirən olub?
- Eşidən olubdur, bəyəniblər. Düzdür, adam bəzən utanır, demək istəmir.

"Vurğunuyam o aşığın ki..."

- Vurğunuyam Aşıq Əsgər Qazaxlının. Bəlkə ona görədir ki, deyirlər bizim də kökümüzdə Qazaxla bağlılığı var. Mən vurğunuyam o aşığın ki, sənətini sevir. O aşığı sevirəm ki, sadə olur. Bir dəfə toy yerində idim, bir aşıq gəldi. Azərbaycanda da "bərkgedən" aşıqlardandır. Amma toyxanaya girəndə onun sazını yanında bir uşaq gətirirdi. Bu sazı əlində götürməyi sığışdırmır demək. Mən ona söyüb o toydan çıxdım. Aşığın özü də eşitdi... Saz bizim kökümüzdür, onu daşımaqdan utanırsansa, niyə ifa edirsən?!"

- Aşıqlardan biri demişdi ki, "xanım aşıq olmaz". Siz bu ifadəylə razısız?
- Xeyr. Aşıq Zülfiyyə xanım sazda ifa edə, mən də can verəm. Həyatdan sevə-sevə gedərəm. Heç gözümün yaşı axmaz...

- Qazaxlı Aşıq Ədalətlə münasibətiniz varmı?
- Onun qadasını alaram. Keçən ilin söhbətidir. Sazbəndin birinin qızının toyunda idim. Halbuki həmin gün öz əmim nəvələrinin toyuna pul yazdırıb çıxmışdım. Sazbənd də mənə dedi ki, övladımın toyuna dəvət etsəm gələrsənmi? Dedim niyə gəlmirəm, mən kiməm ki. Getdim də... Yaxşı ki getdim... İnanın mənə deyırdim ki, o gün mənim həyatıma qızıl hərflərlə yazıldı. Ad çəkməyəcəm, ürəyim istəyən aşıqlardan çoxu burada idi. Ən vacibi Ədalət Nəsibov orda idi. Fotoqrafı çağırtdım, pul verdim ki, özünün xəbəri olmadan onun şəkillərini çək mənə gətir. Bu gün də mən o şəkillərə baxıb ləzzət alıram. Dəfələrlə olub Ədalət Nəsibovla görüşmüşəm, söhbət etmişəm. Mənə söyüb də (gülür). Bir dəfə də saat 8-9 radələrində Ağstafa və Qazaxın arasında bir yer var, orada düşmüşdük. Ədalət müəllim ora gəldi. Onda ilk dəfə idi Ədalət Nəsibovu görürdüm. Elə sevindim ki, elə bil ən doğma adamımı görürdüm. Orada tanış olduq. Dedim bəlkə bir hava dınqıldadasan (gülür). Bu zaman mənə söyüşlə qəşəng bir cavab verdi. Öz-özümə dedim, bu əla cavab idi (gülür).

"Səməd Vurğunun maşınını almaq istəyirdim"

- Klassik maşınlara həvəs haradan yaranıb?
- O tipdə maşınların uşaqlıqdan həvəskarıyam. Mən məktəbdə oxuyanda, arılarımız var idi. Bizim arılarımıza "Dyadya Nikalay" dediyimiz biri baxırdı. O həyat yoldaşı ilə gəlirdi. Onların da mənim maşınımın "Moskviç"indən var idi. Məndə hazırda "Opel Kapitan"dır, alman maşınıdır, 1949-cu ilindir. Onlarda Rusiya istehsalı idi. O vaxtdan həmin maşının formasına vurulmuşdum.
Elə oldu ki, mən də internetdə gördüm, bir işçimizə dedim bu maşından tapsan sənə "premya" verəcəm, tapdı da... Hər dəfə də istifadə edirəm, o maşınla hər gün yox, arada-sırada gedib-gəlirəm.
Səməd Vurğunun maşınını almaq istəyirdim bu yaxınlarda. Onu alıb, düzəltdirib Səməd Vurğunun ev muzeyinə hədiyyə edəcəkdim. Ancaq onun xalası oğlu elə bir qiymət oxudu ki...
Halbuki, həmin maşının içərisində toyuqlar yumurtlayır, istifadə də olunmur. Maşının "texpasport"inun kopyası da məndədir, Səməd Vurğunun adınadır. And olsun Allaha ki, mən onu şairə, şeirlərinə hörmət olaraq etmək istəyirdim".


Oğluna məsləhəti...

- Elə bir xasiyyətiniz varmı, ya elə bir hərəkətiniz olubmu ki, oğlunuza deyəsiz bunu sən etmə?
- Olub... Oğluma demişəm ki, hər insana görə yanma, hər insana görə özünü qabağa vermə... Yaxşılığı bilənə 10 qat artıq elə. Yaxşılığı et qocalara, əlilliyi olan insanlara, kimsəsizlərə, xəstələrə, uşaqlara... Kimin uşağı olur-olsun. Çünki uşaq "məleykə"dir... Amma hər insana yaxşılıq etməyə dəymir. İnsanlara yaxşılıq edəndə də, fikirləşir ki, ya bunun başı xarabdır, ya yaltaqlanır, ya da qorxur. Vallah, desəm də, dərs olmur, qalmıram yaxşılığımdan. Deyirlər ki, "Yaxşılıq et at dəryaya, balıq bilməsə də, Xaliq bilər".

- Nəyi bağışlamazsız?
- Yalanı bağışlamıram. Hər nə olur olsun haqqına olsun... Yalan, şər, böhtan mənlik deyil. publika.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail