Elxan Məmmədov:"Foqtsla müqavilənin müddətini və şərtlərini müzakirə etmək düzgün olmaz"

28.09.2011 | 6191 dəfə oxunub

AFFA-nın baş katibi Elxan Məmmədovun müsahibəsi:

- Kiprdə Sizin də iştirak etdiyiniz UEFA-nın toplantısında qurumun prezidenti Mişel Platini 2016-cı il Avropa çempionatının final mərhələsinə vəsiqə üçün iki mərhələdən ibarət seçmə mərhələnin keçirilməsini təklif edib. Sizcə, bu, Azərbaycan yığmasının şanslarını azaltmır? 

- 2016-cı il Avropa çempionatının final mərhələsində artıq 16 deyil, 24 komanda mübarizə aparacaq. Bu isə istər-istəməz yığmamızın şanslarının artması deməkdir. Amma Avropa çempionatında rəqabət də güclü olmalıdır. 53 ölkədən 24-ü final mərhələsinə yüksələcəksə, elə etmək lazımdır ki, oyunlara maraq azalmasın. Bu baxımdan, əvvəlcə 13, sonra isə daha 10 seçmə qrupun qaliblərinin final mərhələsinə yüksəlməsi təklifini anlayışla qarşılamaq olar. Amma Platini bir ideya irəli sürüb. Hansı variantın reallaşacağını isə zaman göstərəcək. Hər halda, 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində Almaniya, Türkiyə, Belçika kimi güclü ölkələrlə eyni qrupda yer alması, Bakıda keçirilmiş görüşlərdə yalnız Almaniyaya uduzması, Türkiyə və Qazaxıstana qalib gələrək Belçika ilə heç-heçə etməsi və tarixində ilk dəfə 7 xal qazanması gənc komandamıza təcrübə və psixoloji baxımdan böyük üstünlük qazandırdı. Bu isə 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində daha münasib rəqiblərlə görüşlərdə bundan yaxşı nəticələr göstərəcəyimizi deməyə əsas verir. 

- Yəni yığmamız daha zəif komandalarla - məsələn, Ermənistan millisinin rəqibləri kimi - qarşılaşsaydı, daha çox xal toplamaq olardımı? 

- Mülahizə yürütmək istəməzdim. Təbii ki, Ermənistan yığması yaxşı nəticələr göstərir. Amma Slovakiya, Makedoniya, Andorra kimi rəqiblərlə oyunlarda millimiz də yaxşı nəticələr göstərə və daha çox xal toplaya bilərdi. 

- Daha bir təklif kiçik ölkələrin komandalarının daha böyük ölkənin çempionatında iştirak etməsi ilə bağlıdır. Bu məsələyə AFFA necə yanaşır? 

- Bu, bir ideya idi. Yəni ölkənin ən güclü bir neçə komandası qonşuluqdakı ölkələrin komandası ilə qarşılaşır. Amma fikrimizcə, komandalar belə oyunlarda yox, çox güclü rəqiblərlə oynaya-oynaya artırırlar və bununla da maraq çoxalır. Məsələn, 2009-cu il iyunun 9-da biz İspaniya yığması ilə Bakıda yoldaşlıq görüşü keçirdik. Məhz həmin yoldaşlıq görüşü şirkətlərimizdən birinin millimizə sponsorluq etməsi ilə nəticələndi. 

- FİFA-nın son reytinq siyahısında Azərbaycan milli komandası 97-ci pillədə idi. İlin sonunadək ilk 100-lükdəki mövqeni qorumaq üçün qarşıdakı oyunlardan çox şey asılıdır... 

- Son 3 il ərzində biz rekord göstəriciyə imza atdıq. Ötən ilin noyabrında FİFA reytinqində yığmamız 90-cı oldu. Reytinq elə məsələdir ki, heç oynamasan da, irəli gedə bilərsən. Əlbəttə, reytinq azarkeş üçün böyük bir şeydir. Amma dərindən diqqət yetirsək, reytinq komandanın səviyyəsini ölçmək üçündür. 

- Amma məhz FİFA reytinqi əsasında 2014-cü il dünya çempionatının püşkü atıldı... 

- Təbii. Biz artıq 6-cı səbətdə yer almamışdıq. Bu da sevindirici haldır. 

- Yığmamızın baş məşqçisi Berti Foqts Almaniya mətbuatına müsahibəsində AFFA-nın onunla müqaviləni uzatmayacağına işarə vurub. Foqtsla əməkdaşlığı davam etdirəcəksiniz? 

- AFFA prezidenti Rövnəq Abdullayev və Berti Foqtsun özü indiyədək bu barədə dəfələrlə bəyanat verərək, hələ müqavilənin başa çatmadığını və mövcud anlaşmaya hörmətlə yanaşdıqlarını bildirib. Ona görə də indi müqavilənin müddətini və şərtlərini müzakirə etmək düzgün olmaz. “Müqaviləni uzatmayacağıq” söyləmək də doğru alınmaz. Gəlin, ədalətli baxaq: Bu gün Azərbaycan futbolunda, milli komandalarımızda stabillik yaranıb. Foqtsun AFFA ilə ilin sonunadək müqaviləsi var. Hesabatını verər və qalmaq istəsə, öz planlarını açıqlayar. Rövnəq müəllim və AFFA İcraiyyə Komitəsinin üzvləri Foqtsun planlarının AFFA-nın planlarına nə dərəcədə uyğun olub-olmadığına dair qərar verər, hesabatın nə qədər qənaətbəxş olduğunu qiymətləndirər. Əsas məsələ budur. Bilirsiniz, ilk gündən məqsədimiz Avropa çempionatına vəsiqə qazanmaqdan ibarət olmayıb. Reallığı nəzərə almalıyıq. Amma növbəti illərdə məqsəd və hədəfimiz tam ayrı olacaq. 

- Amma adətən, müqavilənin başa çatmasına bir neçə ay qalmış baş məşqçi ilə danışıqlar stoluna əyləşirlər... 

- Ona görə də 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində oktyabrın 11-də Türkiyə ilə keçirəcəyimiz son oyunun ardından noyabrın 11-də Albaniya ilə oynayacağımız yoldaşlıq görüşünədək olan müddətdə müvafiq qərar qəbul edəcəyik. Foqtsun müqaviləsi ilin sonuna qədərdirsə, bu, o demək deyil ki, biz qərarımızı məhz dekabrın 31-də verəcəyik. Təsnifat mərhələsi başa çatsın, qərar qəbul edək. 

- Foqtsla müqaviləni uzatmasanız, noyabrda keçirəcəyiniz yoldaşlıq görüşlərinə yığmamızı başqa mütəxəssis çıxaracaq? 

- Xeyr. Razılığa gələ bilməsək belə, Foqts yoldaşlıq görüşlərində yığmamızın başında olacaq. Çünki onunla müqaviləmiz ilin sonunadəkdir. 

- 21 yaşlılardan ibarət yığmamız Avropa çempionatının seçmə mərhələsində uğursuz nəticələrini sıralayır. Bununla bağlı hər hansı tədbir görmək niyyətiniz varmı? 

- Bildiyiniz kimi, U-21 yığmamız uzun müddət qənaətbəxş nəticələr göstərə bilməyib. Cari seçmə tsikldə isə çox çətin qrupa düşmüşük. Son oyunlarda yığmamız İngiltərəyə 0:6, Belçikaya 1:4 hesabı ilə uduzub. Amma hazırda U-21 yığması əsas millimiz üçün körpü rolunu oynayır. Almaniya “Frayburq”undan dəvət etdiyimiz Ufuk Budak məhz bu yığmanın heyətində yoldaşlıq görüşünə qatıldıqdan sonra komandanın baş məşqçisi Bernhard Lippert tövsiyə etdi, Berti Foqts isə onu əsas milliyə çağırdı. Hazırda əsas millimizin üzvləri kimlərdən ibarətdir? Ötən iki ildə U-21-də oynayanlardan. Elvin Məmmədov, Əfran İsmayılov, Rauf Əliyev və digərlərini misal çəkə bilərəm. 

- Amma gərək körpünün də möhkəm təməli olsun... 

- Məncə, bizim əsas diqqətimiz U-17 ilə əsas yığmamızın uğurlu çıxışını yönəlməlidir. U-19 və U-21-dən isə dünyanın bir çox ölkəsində körpü kimi istifadə edirlər. Biz də bu strategiyanı 3 il öncə müəyyənləşdirmişik. Görürsünüz, AFFA rəhbərliyi U-21-in çıxışlarını çox da tənqid etmir. Çünki başa düşürük ki, oradakı futbolçular əsas yığmamıza vəsiqə qazanacaqlar. Bayaq qeyd etdiyim kimi, Ufuk Budak kimi futbolçunun U-21-in heyətində 2 oyunda çıxış etdikdən sonra əsas millimizə çağırılması və özünü yaxşı tərəfdən göstərərək, adaptasiya dövrünü erkən keçməsinin özü bir uğurdur. Eynilə U-19 əsas millimizə körpü rolunu oynayır. Onlar da Avropa çempionatının seçmə mərhələsində İtaliya, İsveç və Rumıniya kimi güclü yığmalarla üz-üzə gələcəklər. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail