Aleksey Qay: "Birinci olmaq, kuboku qazanmaq istəyirik"

27.10.2015 | 2260 dəfə oxunub

Bu il 10 illik tarixinin ən böyük uğuruna imza atan "Qəbələ" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı.

 

Stadium.az xəbər verir ki, rumıniyalı çalışdırıcı Dorinel Muntyanunun uğursuz günlərindən sonra onu postunda əvəz edən ukraynalı Roman Qriqorçuk "qırmızı-qaralar"ın tarixinə ən uğurlu məşqçi kimi düşdü.

 

Məhz onun qurduğu heyət Avroliqanın ilk turundan başlayaraq bütün rəqiblərini sıradan çıxarıb qrupa vəsiqə əldə etdi. Qriqorçukun Azərbaycana gətirdiyi futbolçulardan ən çox diqqət çəkən isə Aleksey Qaydır. Donetsk “Şaxtyor”un ilə 2009-cu ildə UEFA kubokunun qalibi olan bu futbolçu “Qəbələ”nin uğurlarında da böyük pay sahibidir. Sakit təbiəti ilə diqqət çəkən Qayla söhbətləşmək maraqlı idi. Avropada güclü komandalardan sayılan “Şaxtyor”da 7 il top qovan futbolçunun Azərbaycan və çempionatımız haqqında fikirləri is belədir.

 

- Premyer Liqanın 9-cu turunda "Zirə" ilə heç-heçə gözlənilməz oldu...

- Düzdür, hamı bizdən qələbə gözləyirdi. Amma niyə qalib gələ bilmədiyimizin səbəbini demək çətindir. Çünki hücum futbolu oynadıq. Sadəcə əlimizə düşən imkanları dəyərləndirmədik. Soyuqqanlı olmaq lazım idi. Fikrimcə, elə bizdə də soyuqqanlılıq çatmadı ki, bu da 3 xal qazanmağımıza mane oldu.

 

- Deyəsən, "Borussiya" "Qəbələ"ni çox yormuşdu?

- Yox, bizdə yorğunluq olduğunu deməzdim. Çünki əgər bir komandada yorğunluq varsa, o komanda hücuma çıxmaqda çətinlik çəkir. Bizdə isə əksinə, hücumların sayı daha çox idi. Fikrimcə, bayaq dediyim kimi soyuqqanlı olsaydıq, indi 3 xaldan danışırdıq. Hər oyunun özünə görə çətinliyi var. Alınmadı.

 

- "Borussiya" ilə oyuna əla başlasanız da, 4 real qol şansı yaratsanız da, bundan istifadə edə bilmədiniz. Ümumiyyətlə belə məqamlara "Qəbələ"də rast gəlmişik. Bu nə ilə bağlıdır?

- “Borussiya” haqqında danışmaq istəmirəm. Çünki o matçı unutdum. Etdiyimiz səhvlərdən nəticə çıxarıb Almaniyadakı oyunu düşünməliyik. Bizim üçün fərq etməz ki, rəqib kimdir. Meydana komandamızın uğurları üçün çıxırıq. Çalışacağıq ki, qarşıdakı matçlarda fərqli nəticə olsun.

 

- Son matçdakı nəticəni nəzərə alsaq, qrupdakı şanslarınızın azaldığını demək olar?

- Yox,fikrimcə, bizim şansımız azalmayıb. Heç vaxt belə düşünməmişəm. Qarşıda hələ 3 oyun var. Biz meydanda var gücümüzlə çıxış edirik. Sadəcə elə olur ki, istədiklərimizi tam edə bilmirik. Meydana çıxarkən qalibiyyət ab-havası olur başımızda. Həm azarkeşlərimizə, həm də rəhbərliyə sevinc yaşatmaq istəyirik. Sadəcə futbol budur. Hər zaman qələbə olmur. Məğlubiyyətlər və heç-heçələr də məcburi olmalıdır.

 

- Bu il komandanın çempionluq iddiaları nə qədər güclüdür?

- Ötən il də birincilik üçün sona qədər “döyüşdük”. Bizim üçün yenə də dəyişən bir şey yoxdur. Birinci olmaq, kuboku qazanmaq istəyirik. Yəni hədəflərimiz həmişə olduğu kimi yüksəkdir. Davam edəcəyik və bu yolda əlimizdən gəldiyi qədər yaxşı oynamağa çalışacağıq.

 

- "Qəbələ"də uzunmüdətli qalmaq istəyirsiz? Yəni başladığınız bu uğurların ardını gətirmək üçün?

- Bu qədər uzunmüddətli proqnoz verə bilmərəm (gülür). Hələ bu mövsüm başa çatsın. Hələ ki, bu komandadayıq və formasını geyirik. “Qəbələ”də oduğum müddətdə komanda üçün nə lazımdırsa, edəcəm.

 

- Son oyunlardan sonra "Krasnodar"ın əvvəlcədən də gözlənildiyi kimi 1/16 final mərhələsinə PAOK və "Qəbələ"dən daha yaxın olduğu ilə razısız?

- İndiki mənzərə onu göstərir ki, mən sizinlə razılşmaya bilmərəm. Çünki “Krasnodar” daha çox xal toplayıb. Ümumiyyətlə əvvəlcədən də bilirdik ki, kimlər daha güclüdür. “Krasnodar”ın ötən il Avropa Liqasındakı oyunlarına da baxmışdıq. Bəlli idi ki, bu komanda ilə ikincilik mübarizəsi çətin olacaq. Amma ümidimizi üzməmişik. Qarşıda hələ 3 tur var.

 

- Oyunlarınıza baxsaq, Rafael Santosun yoxluğu əməlli-başlı hiss olunur...

- Rafael Santos yaxşı futbolçudur. Həqiqətən də o bizə çox kömək edirdi. Amma şəxsən mən istəmirəm ki, elə fikir yaransın ki, “Qəbələ”ə 1 futbolçudan asıldır. İnanıram ki, Rafael tezliklə heyətə qayıdacaq. Biz də istəyirik ki, tam heyətlə mübarizə apara bilək.

 

- "Qəbələ"də keçirdiyiniz ən yaxşı oyun hansıdır?

- Fikrimcə, mənim, eləcə də komandamın ən yaxşı oyunu hələ irəlidədir. Buna kimi keçirdiyimiz matçlardan heç birinin adını çəkə bilmərəm. Ümumiyyətlə keçmişə qayıtmağı sevmirəm. Ümid edirəm ki, gələcəkdə bizim yaxşı oyunlarımızı siz görəcəksiz.

 

- Siz peşəkar futbolçunuz. Futbol qanunlarına görə istənilən futbolçu adaptasiya olmalıdır. Real qiymətləndirsək, Ukraynadan gəlmiş futbolçu üçün “Qəbələ”də yaşamaq çətin deyil ki?

- Fikrimcə, burda yaşamaq çətin deyil, asandır. Bilirsiz, insanın ailəsi yanında olanda hər şey asan gəlir. Düzdür, biz Ukraynadan gəlmişik və Azərbaycanla bu ölkə arasında yaşayış fərqi var. Amma ailəm yanımda olduğu üçün heç bir çətinliyi yoxdur. İstədiyim hər şeyi burada edə bilirəm. Özüm düşündüyüm qədər rahatam.

 

- Sizi UEFA kubokunun qalibisiz, avrokuboklarda kifayət qədər çıxış etmisiz və təcrübəyə maliksiz. Sizin kimi futbolçu üçün yarıboş tribunalar önündə oynamaq nə deməkdir?

- Mən boş stadionlar üçün nə edə bilərəm ki? Yavaş-yavaş boş tribunalara da öyrəşirik. Razıyam ki, biz daha yaxşı çıxış etməliyik ki, azarkeşlər də stadiona gəlməlidir. Amma indiki halda götürsək, tərəfdarlar stadiona gəlməlidirlər. Çünki “Qəbələ” onlara uğurun nə olduğunu göstərib. Onlar komandalarını qələbəyə kökləməlidirlər. Ən azından yerli fanatlar yaxın ölkələrə Türkiyəyə, Rusiyaya, Ukraynaya baxa bilərlər. Nümunə götürsələr, yaxşı olar. Dəxli yoxdur ki, komanda iddialıdır, iddasızdır, dar gündədir azarkeş kömək olmalıdır. İnkişaf etmək heç zaman gec deyil. Sadəcə cəhd göstərmək lazımdır. Klub irəli getməyə cəhd edirsə, azarkeş də cəhd etməlidir.

 

- Azərbaycanda yaxşı vəziyyətdə olan stadionların azdır. Bu komandaların oyununa, çempionatın səviyyəsinə nə dərəcədə təsir edir?

- Futbol meydanda oynanıldığı üçün stadionların yaxşı olması şərtdir. Deməzdim ki, Azərbaycanda bu yöndə vəziyyət lap bərbaddır. Amma müəyyən stadionlar var ki, orda oynamaq olmur. Süni örtüklü meydançalar yaxşı futbola mane olur. Lakin orda belə qələbə qazananda hər şeyi unudursan.

 

- Hər şeyi kənara qoysaq, çempionatın vəziyyəti o qədər də ürəkaçan deyil. Maliyyə problemləri baş alıb gedir. Sizi qane edirmi rəqibləriniz?

- Məni qane etməyən heç nə yoxdur. Digər komandalara qiymət verə bilmərəm. Oynadığım komandadan götürsəm, narazı qalacağım heç nə yoxdur.

 

- Fikrimcə, "Qarabağ" və "Qəbələ" 3 cəbhədə mübarizə aparsa belə, bu çempionat onlar üçün rahat keçəcək. Ən azından onlara mane ola biləcək bir rəqib görünmür...

- Belə düşünmək yanlışdır. Çünki elə son oyunu “Zirə” ilə matça baxaq – biz xal itirdik. “Qarabağ” “Sumqayıt”a uduzdu. Çempionat hələ təzə başlayıb və birinci dövrə yeni başa çatdı. “Qarşıda” hələ 7 aylıq marafon var. Kim tez finişə çatacaq bunu sonuncu turda bilərik. Amma heç də rahat deyilik və digər rəqiblərə də hörmət edirik. (Qafqazinfo)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail