"Çünki komandanın tərkibində bir neçə zədəli futbolçu var" - MÜSAHİBƏ

03.10.2011 | 7585 dəfə oxunub

Azərbaycan millisinin və “Qəbələ” klubunun futbolçusu Mahir Şükürovun müsahibəsi:

- Milli komandamız seçmə mərhələnin növbəti oyunları ərəfəsindədir. Düşərgədə əhval-ruhiyyə necədir? 
- Komanda Premyer Liqanın 8-ci turundan dərhal sonra yığılıb. Hələlik 1-2 məşqdə olmuşuq. Düzü, indiki vəziyyətdə tam heyətə bələd deyiləm. Çünki komandanın tərkibində bir neçə zədəli futbolçu var. Fikrimcə, komandada əhval-ruhiyyənin necə olduğu oktyabrın 4-dən sonra bilinər. 

- Maraqlıdır, futbolçular yenə Belçika və Qazaxıstanla oyunlarda əldə olunan uğurlu nəticələrlə öyünür, yoxsa bunlar artıq geridə qalıb? 
- Fakt odur ki, həmin oyunlar xal ehtiyatımızı artırıb. Bu gün qazanılan nəticə sabah mütləq unudulmalıdır. Qarşıdakı oyunlara köklənmək üçün təmiz beyin lazımdır. Bizi oktyabrın 7-də Bakıda Avstriya, bundan 4 gün sonra isə səfərdə Türkiyə ilə çətin oyunlar gözləyir. Bu sınaqlara hazır olmalıyıq. Avstriya ilə görüş Azərbaycan yığmasının bu seçmə mərhələdəki son ev oyunudur. İstəyirik ki, xal qazanıb, sevincimizi azarkeşlərlə paylaşaq.

- Cəzalı durumda olduğunuz üçün Avstriya ilə matçda meydançaya çıxmayacaqsınız. Yoxluğunuzu hansı futbolçu hiss etdirməyə bilər? 
- Cəzalı olduğuma görə çox təəssüflənirəm. İstərdim ki, Bakıdakı oyunda milli üçün əlimdən gələni edim. Amma bu vəziyyətdə meydançaya çıxmaq olmayacaq. İnanıram ki, mənim mövqeyimdə mübarizə aparacaq futbolçu milliyə xeyir verəcək. İndi kimin daha xeyirli olacağını deyə bilmərəm. Buna baş məşqçi qərar verəcək. İnanıram ki, Foqts mənim mövqeyimə layiqli oyunçu tapacaq.

- Seçmə mərhələni ən azından 11 xalla başa vurmaq üçün yığmamızın yaxşı şansı var. Bunu reallığa çevirmək olarmı? 
- Məncə, biz bir az ehtiyatsızlıq etdik. Bu seçmə mərhələdə daha çox xal yığa bilərdik. Əgər Qazaxıstana səfərdə qalib gəlsəydik, hazırda aktivimizdə 10 xal vardı. Lakin xal ehtiyatını artırmaq üçün hələ imkanımız var. Türkiyə bizimlə oynamazdan öncə Almaniya ilə qarşılaşacaq. Əgər həmin görüşdə xal itirsə, bu, komandaya psixi cəhətdən mənfi təsir göstərə bilər və bizim səfərdən xal gətirmək ehtimalımız daha da artar. Əlbəttə ki, indiki vəziyyətdə biz ancaq Avstriyanı məğlub etməyi düşünməliyik. Oynamasam da, komandaya öz dəstəyimi verəcəyəm. Bu görüşdən sonra Türkiyə ilə matçı düşünərik.

- “Qəbələ” medallara iddialı olsa da, son 3 qarşılaşmada 1 xal belə qazana bilməyib... 
- Futbol həqiqətən də sürprizlərlə doludur. Avropa təcrübəsindən götürək. “Real” da, “Barselona” da xal itirir. Bəzən komandanın oyunu bir neçə tur alınmır. Son 3 turda məğlub olmağımıza baxmayaraq, hələ heç nə itirməmişik. Qarşıda uzun marafon var. Komandamız tez bir zamanda yığışıb, əvvəlki futbolunu sərgiləyəcək.

- Əgər komanda 3 oyun dalbadal uduzursa, deməli, hardasa problemlər var. Bu barədə fikriniz necədir? 
- Ciddi problem yoxdur. Sonuncu, “Rəvan”la oyunu götürək. Həmin görüşdə qeydə alınan 5 qolun 4-ünü biz vurduq. Bunlardan ikisini öz qapımızdan, digər ikisini isə rəqib qapısından keçirdik. Avtoqoldan sonra yenə öz səhvimizdən qol buraxdıq. Bundan sonra isə komanda sanki şoka düşdü. Odur ki, biz öz oyunumuzu sərgiləyə bilmədik.

- Bəs vəziyyətdən çıxmaq üçün hansı tədbirlər görülməlidir? 
- Məncə, bu barədə artıq rəhbərlik və baş məşqçi Toni Adams fikirləşiblər. Komandaya “Antalyaspor”dan hücumçu cəlb olunub. Serje Cehua artıq komanda ilə müqavilə bağlayıb. Fikrimcə, bizim üçün xeyirli olacaq. Çünki son oyunlar da göstərdi ki, bizim belə bir hücumçuya ehtiyacımız var. Viktor Mendi zədələndikdən sonra komandanın hücum xəttində problemlər meydana gəldi. Hücumçu nə qədər çox olsa, komanda bir o qədər yaxşı futbol sərgiləyir. 

- Uğursuz çıxışı Adams bir kapitan kimi sizinlə müzakirə edibmi? 
- Təkcə mənimlə deyil, baş məşqçi bütün komanda ilə söhbət aparıb. Adams özü də bu çətinlikləri keçib. Odur ki, baş məşqçi bizə səbirli olmağı tapşırıb. O, bizə dedi ki, əsəbiləşməyin. Bizi daha da rahatlaşdırır ki, komanda psixoloji çətinliyə düşməsin. Adamsın komandanı sakitləşdirməsi, “dux” verməsi böyük bir işdir. Odur ki, ona minnətdaram.

- Keçmiş komandanız “Anji” də “qara zolaqda”dır. Vaxtilə rəhbərliyi altında oynadığınız Hacı Hacıyevin istefaya göndərilməsinə münasibətiniz necədir? 
- Bu barədə danışmaq istəmirəm. Mən ordan gələndə Hacıyevə və onun köməkçilərinə 6 ay vaxt vermişdilər. Yəni, 6 aydan sonra həmin məşqçilər “Anji”də işləməyəcək. Həqiqətən də, belə oldu. 

- Yenə ölkə xaricində oynamaq perspektiviniz varmı? 
- Düzü, legioner həyatı yaşamağı hər zaman istəmişəm və buna 2 dəfə nail olmuşam. İndiki vəziyyətdə ancaq “Qəbələ”nin uğur qazanmasını düşünürəm.
 

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail