Nura Suri hansı Azərbaycan klubuna azarkeşlik edir?

25.11.2015 | 3005 dəfə oxunub

Stadium.az müğənni Nura Surinin müsahibəsini sizə təqdim edir:

 

Hansı idman növü ilə məşğul olmusuz?
- Uşaqlıqda həmişə futbol oynamışam. Adətən qapıda dayanırdım. Uzun illər pilates (Pilates fiziki fitnes məşqidir-red.) idman növü ilə məşğul olmuşam, hətta bəzi jurnallar mənim məşqlərimdən yazırdılar. Ümumiyyətlə, idmanla məşğul olmaq çox xeyirlidir. Hazırda boksla məşğul oluram.

 

Qadınlar ya fitnesə, ya da ağır idman növlərinə (boks, cüdo, güləş) üstünlük verirlər. Bəziləri isə, ümumiyyətlə, məşğul olmurlar. İdmanı sevən bir xanım kimi sizin də fikirləriniz maraqlıdır.
- Son zamanlar xanımların fitnesə meyli artıb. Bunu getdiyim idman zalında da çox müşahidə edirəm. İdman ilk növbədə sağlamlıqdır və onunla məşğul olmaq mütləqdir. Gənc yaşlarda o qədər də ehtiyac olmur. Ancaq 30-u keçən xanımlara fiziki hərəkət vacibdir. Mən qadınların ağır idman növləri ilə məşğul olmalarına çox yaxşı baxıram. Qadınlar güclüdürlər, heç vaxt razı olmamışam ki, qadınların zəif olduğunu düşünsünlər. Xanımlar zəif yox, zərifdirlər. Ümumiyyətlə, hər sahədə xanımları görmək mənə xoşdur.

 

Sənətçi üçün idman nə qədər vacibdir?
- İdman hər kəsə vacibdir, ancaq bu, efir adamları (istər aparıcı olsun, istərsə də musiqiçi-müğənni) üçün mütləqdir. Çünki biz efirə çıxırıq, müxtəlif tədbirlərdə iştirak edirik və hər zaman göz önündəyik. Buna görə də formada olmağımız, həmçinin, geyimimizə, makiyajımıza, saç düzümümüzə diqqət yetirməyimiz vacibdir. Efir insanı real çəkisindən 7-8 kq artıq göstərir. Bu da bir qədər artıq çəkili insanların daha kök görünməsinə səbəb olur. Əgər fitnesə vaxt və ya imkan yoxdursa, heç olmasa, gündəlik bir saat dəniz kənarında gəzmək də kifayət edər. İstənilən halda idmana vaxt ayırmalıyıq.

 

Neçə illər ərzində eyni formada qalmağa necə nail olmusuz?
- Kökəlməyə meylli deyiləm. Şou-biznesə gələndə 48 kq idim. Ümumiyyətlə, on səkkiz yaşımdan otuz yaşıma kimi çəkim 48 kq olub. Hazırda isə 58 kq-dır. Ancaq mənim üçün ideal olan 55 kiloqrama çatmağa çalışıram. Qidalarıma diqqət edirəm, az-az və tez-tez yeyirəm. Hər gün təzə hazırlanmış kərəvüz, limon və xiyar şirəsi qəbul edirəm. İdmana getdiyim gün bir litrə yaxın detoks (bədənin zehni və ruhi təmizlənməsidir-red.) su içirəm. 

 

Dostluq etdiyiniz idmançılar var?
- Dəqiq bir nəfərin adını deyə bilmərəm. Çünki dostlarım çoxdur. Bir də ki, fərqi yoxdur, ölkəmizə uğur qazandıran hər bir idmançı ilə fəxr edirəm. Özüm hərbçi ailəsində doğulmuşam. Azərbaycan bayrağını yüksəldən insan mənim başımın tacıdır. Hansı idman növündə olur-olsun.

 

Yayda Rio-de-Janeyroda Olimpiada, ardınca isə Bakıda İslam Oyunları keçiriləcək. İdmançılarımızdan hansı nəticələri gözləyirsiz?
- Artıq bizim idmançılar özlərini yetərincə sübut ediblər. İnanıram ki, bundan sonra da hansı ölkəyə yarışa getsələr, başıuca qayıdacaqlar. Ölkəmizdə idmana xüsusi diqqət və qayğı var, Azərbaycan gündən-günə inkişaf edir. Hər iki yarışda Azərbaycanın adını təmsil edəcək idmançılarımızdan yüksək nəticələr gözləyirəm. Hamısına da uğurlar arzulayıram. 

 

Konkretləşdirək, futbolla aranız necədir?
- Futbolu çox sevirəm. Azərbaycan komandalarından “Qarabağ”, dünya futbolunda isə Madrid “Real”ına azarkeşlik edirəm. Sevdiyim futbolçu isə İker Kasilyasdır. Milli komandalardan, əlbəttə, Azərbaycan və İspaniyanın oyunlarına baxıram. Hətta mənim özümüm də “6” nömrəli formam var (gülür).

 

Yarışlara televiziyadan baxırsız, yəqin. Nə vaxtsa canlı izləmisiz?
- Azarkeşlik etdiyim “Qarabağ”ın oyunlarından birini stadiondan canlı izləmişəm. Ancaq məndə insanların çox olduğu yerlərə qarşı fobiya var. Ona görə konsertlərə, stadionlara gedə bilmirəm. Vaxtım olduqca televiziyadan baxıram. Avropa Oyunları ərəfəsində ailə üzvlərimin hamısı hər gün oyunları canlı izləmək üçün arenalara gedirdilər. Mən isə televiziyadan baxırdım və idmançılarımızla fəxr edirdim.

 

Bilirik ki, 3 oğlunuz var və onlar da idmanla məşğul olurlar. Bu haqda məlumat versəz, yaxşı olar.
- Bəli, övladlarımın üçü də idmana gedir. Böyük oğlum Xosrov uşaq yaşlarından aykido, tennis və üzgüçülüklə məşğul olur. O, əvvəllər futbolçu olmaq istəyirdi, mən qoymadım. Çünki təhsil almasını daha üstün sayırdım. Hazırda Londonda oxuyur, buna baxmayaraq, yenə də futbol oynayır. Bu onun arzusu idi. Digər iki övladım isə cuicitsu idman növündə birincilik əldə ediblər. 

 

Avropada bəzi idman klublarına sponsorluq edən məşhur müğənnilər, aktrisalar var. Siz də idmanla yaxından maraqlanırsız, belə bir ideya haqda düşünmüsüz?
- Dünya məşhurları qədər bizim də imkanımız olsaydı, belə böyük layihələrə imza atardıq. Biz heç özümüz konsert verməyə sponsor tapa bilmirik (gülür). Əfsuslar olsun ki, hazırda belə imkanım yoxdur. Əgər olsa, uşaq idmanının inkişafı üçün layihələr reallaşdıraram.

 

Sizcə, incəsənət sahəsi çətindir, yoxsa idman?
- İnsan əgər sevdiyi sənətlə məşğul olursa, nə qədər çətinliklərlə qarşılaşsa belə, bunu əziyyət hesab etmir. Xüsusilə də idmançıların üzərində əlavə məsuliyyət var. Çünki onların uğuru dövlətin, millətin uğurudur. Bu, müğənnilərdə də belədir. Ən əsası isə, gərək, insan sevdiyi peşəni seçsin.

derbi.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail