"Azərbaycandan yaxşı təəssüratla, xoş xatirələrlə ayrılıram"

22.12.2015 | 3289 dəfə oxunub

“Qəbələ” ilə müqaviləsinə ötən həftə qarşılıqlı razılaşma əsasında xitam verilən “Qəbələ” Futbol Akademiyasının sabiq direktoru Stenli Brard 2016-cı ilin əvvəlindən etibarən Yaponiyanın “Nogoya Qrampus Eight “ klubunda idman direktoru kimi fəaliyyətini davam etdirəcək.

Hollandiyalı mütəxəssis Qəbələyə ilk dəfə 2012-ci ilin iyun ayında, “Qəbələ Kuboku” turniri zamanı, təmsil etdiyi ölkənin məşhur “Feyenoord” Futbol Akademiyasının direktoru kimi gəlib. O, ölkəmizə ikinci dəfə 2013-cü ilin aprel ayında səfər edib. Bununla da, akademiyanın ilk direktoru, türkiyəli mütəxəssis Əli Yavaşın öz postundan gedişindən sonra yeni təyinat gerçəkləşib. Stenli Brard akademiyanın direktoru təyin olunub və iyunun 1-dən yeni vəzifəsində işə başlayıb. Yeni direktorun təcrübəsi və uğur “baqajı” kifayət qədər böyük idi. Futbolçu kimi, əsasən, “Feyenoord”da çıxış edən (8 mövsüm) Brard karyerasıni bitirdikdən sonra vətənində “Kapelle” (1994-cü il), “Vitesse” (1996-2000-ci illər) və “Den Haq” (2001-ci il) klublarında məşqçi kimi çalışmış, 4 il (2002-2005-ci illər) Yaponiyanın “Nagoya Grampus Eight”, 7 il isə “Feyenoord” Futbol Akademiyasına başçılıq edib. Onun rəhbərlik etdiyi “Feyenoord” akademiyası 2010, 2011 və 2012-ci illərdə Hollandiyanın ən yaxşı akademiyası seçilmiş və “Rinus Mixels” mükafatına layiq görülüb.

“Qəbələ”dəki fəaliyyəti 2 il 5 ay davam edən hollandiyalı mütəxəssis ayrılıq ərəfəsində “Qəbələ İK” qəzetinin suallarını cavablandırıb.


-“Nagoya Grampus” da işiniz nədən ibarət olacaq?

- Mən vaxtilə bu klubun akademiyasının direktoru olmuşam. Bu dəfə isə işim və səlahiyyətlərim çox olacaq. Klubun idman direktoru vəzifəsini icra edəcək, eyni zamanda əsas komandada baş məşqçinin köməkçisi kimi çalışacağam. Əsas komanda ilə akademiya arasında, belə deyək, “körpü” rolunu oynayacağam. Gənc istedadların aşkar edilməsi və onların əsas komandaya cəlb olunmasına vasitəçilik edəcəyəm. Mən eyni zamanda klubun baş məsləhətçisi kim fəaliyyət göstərəcəyəm.

– Yaponiyadan gələn təklif və bununla əlaqədar “Qəbələ”dən ayrılmağınız bir qədər gözlənilməz oldu...

– Çox tez qərar verməli oldum. Təklifin gəlməsi və bununla bağlı qərarın verilməsi cəmi 4 gün çəkdi.

– Qəbələdən hansı təəssüratla, hisslərlə ayrılırsınız? Bu qərarı vermək çətin olmadı?

– Əlbəttə ki Azərbaycandan yaxşı təəssüratla, xoş xatirələrlə ayrılıram. Bu, təkcə mənim şəxsi fikrim deyil. Ailə üzvlərim də dediklərimi təsdiqləyə bilərlər. “Qəbələ”də çox nəcib, işgüzar və bacarıqlı insanlarla birgə çalışdım. Burada özümüzü həmişə evimizdəki kimi hiss etmişik. Belə deyərdim, hər zaman öz evini tərk etmək çətin olur. Amma neyləmək olar, futbol həyatı belədir. Qərar vermək çətin oldu. Çünki uzun müddət idi “Qəbələ”də çalışırdım. Bu müddətdə yaxşı insanlarla təmasda olub, xeyli dost qazanmışam. Amma nə vaxtsa belə bir qərar verməli idim.

                                          

– “Qəbələ” Futbol Akademiyasında işlədiyiniz 3 ilə yaxın dövrdə hansı yenilikləri edə bildiniz?

– Qəbələyə gələrkən qarşımda bir sıra məqsədlər dayanırdı. Əsas vəzifələrdən biri akademiya məşqçiləri və futbolçularının peşəkarlığını artırmaq, onların bilik və bacarıqlarını daha da inkişaf etdirmək idi. Bunun üçün məşq proqramlarında bir sıra dəyişikliklər etdik. Məşqlərin təşkili və məzmununa da “əl gəzdirdik”. Məşqçilərin nəzəri və praktik biliklərinin artırılması üçün bir sıra işlər gördük. Müntəzəm təşkil etdiyimiz seminarlarda nəzəri biliklərimi gənc məşqçilərə ötürə bildim. Bu yeniliklər oyun tərzimizə də müsbət təsir göstərdi. Çox şadam ki, məşqçilərimiz bu yenilikləri müsbət qarşıladılar və ideyalarımızı reallardırmaq üçün əllərindən gələni etdilər. Ümid edirəm, bu prinsiplər akademiyada məndən sonra da qorunacaq.

– Sizi bu vəzifədə kim əvəz edəcək?

– Akademiyanın direktor vəzifəsini mövsümün sonunadək Halim Fıçıcı icra edəcək. Bundan sonra həmin vəzifədə kimin çalışacağını deyə bilmərəm.

– Bu vəzifəyə kimisə təklif etdinizmi?

– Klub bu məqsədlə mənə müraciət etməyi lazım bilərsə, məmnuniyyətlə kömək edərəm.

– Akademiyamızın daha da inkişaf etdirilməsi üçün sizcə, daha hansı işlər görülməlidir?

– Gələcəkdə hansı işlər görüləcəksə, bu, artıq klubun qərarı olacaq. Ümid edirəm ki, “Qəbələ” Futbol Akademiyasında başlanılan iş uğurla davam etdiriləcək. Mən məşqçilərimizin işindən, yeniyetmələrimizin peşəkar futbolçu kimi yetişməsi üçün göstərdikləri səylərdən razıyam. Mənə elə gəlir ki, həm məşqçilər, həm də futbolçularımız qarşıya qoyulan məqsədlərə çatacaqlar.

– Mütəxəssis kimi özünüz “Qəbələ”dəki işinizə necə qiymət verərdiniz?

– Burada gözəl, yaxşı insanlarla tanış oldum. Gözəl şəraitdə, öz işini sevərək görən insanlarla çiyin-çiyinə işlədim. Ona görə də, “Qəbələ”də çalışmaq mənə asan oldu. Mən buraya gələndə, klub və akademiyamız inkişaf baxımından müəyyən bir nöqtəyə çatmışdı. Burada çalışdığım qısa müddətdə klub xeyli irəli getdi. Əsas komanda Avropa Liqasına vəsiqə qazandı və hətta turnirin qrup mərhələsinə çıxdı. Belə davam edərsə, klubun parlaq gələcəyinə ümid etmək olar.

– Yeri gəlmişkən, əsas komandanın Avropa Liqasında uğurlu çıxışı akademiyanın həyatına, futbolçulara necə təsir etdi?

– Hər kəs “Qəbələ” haqqında danışmağa başladı. Bunun da bizim üçün xeyri bu oldu ki, komandamız Avropa Liqasında irəlilədikcə, akademiyaya gəlmək istəyənlərin sayı çoxaldı. “Qəbələ” akademiyasına axın gücləndi və nəticədə onların arasında seçim etmək imkanlarımız artdı. Kimliyindən asılı olmayaraq, hər kəs istəyirdi ki, “Qəbələ” nin bir parçası olsun. Bu da klubun inkişafı üçün çox yaxşı hal, əlamətdar hadisədir.

– Gələn ilin yayında növbəti dəfə “Qəbələ kuboku” turnirinin keçirilməsi planlaşdırılır. Budəfəki yarışda, ilk dəfə olaraq, Yaponiyadan klub görə bilərikmi?

– Növbəti “Qəbələ Kuboku” turnirinin keçirilməsi üçün müəyyən işlər aparılır. Klub da istəyir ki, iştirakçılar baxımından turnir daha da rəngarəng olsun. Yarışda Asiyadan, Amerikadan klublar iştirak etsin. Mən özüm isə çalışacağam ki, Yaponiyadan hansısa bir komandanı Qəbələyə gətirilməsinə yardım edim.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail