"İnter"in prezidenti: "Heç bir təzminat məsələsi yoxdur"

21.01.2016 | 2787 dəfə oxunub

Bakının "İnter" klubunun prezidenti Rəşad Qasımovun müsahibəsi:

- UEFA "İnter"dən 30 sentyabr 2015-ci ilə qədər olan bütün borclarını yanvarın 31-dək ödəməsini tələb edib. Üstəlik, klub 50 min avro cərimələnib. Borcun ödənilməsi haqda sənədlər futbol qurumuna təqdim olunmasa, komanda 3 il müddətinə Avrokuboklardan məhrum edilə bilər. Məsələ ilə bağlı hansı işlər görülür?

- İş gedir. İnanmıram ki, bu, tez həll ediləsi məsələ olsun. Məsələ açıq olaraq qalır. Yekun nəticənin nə vaxt məlum olacağını deyə bilmərəm. Çünki bu, UEFA-dan asılıdır. Orada söhbət cərimədən yox, borcların ödənilməsindən gedir. Çünki cərimələrin hamısını ödəyib bağlamışıq.

- AFFA-nın İntizam Komitəsi Peşəkar Futbol Liqasına olan borcları ödəməyən klublara transfer qadağası qoyub...

- Onun da bir hissəsini ödəmişik. Qalan hissəsi barədə danışıqlar gedir. Yəqin ki, transferə icazə veriləcək. Hələ maneə yaradacaq nəsə yoxdur. Hazırda komanda Türkiyə toplanışındadır. Yanvarın 24-ü Bakıya qayıdacaqlar. İstəmirəm ki, sualımız və cavabımız yarımçıq qalsın. Komanda qayıdandan sonra kimi saxlayıb, kimi yola salacağımızı, kimlə müqavilə müddətini artıracağımızı, kimi əsas, ya əvəzedici komandada qeydiyyata alacağımızı biləcəyik. Komanda ilə bağlı məsələlər ayın sonlarına yaxın dəqiqləşəcək. Ona görə də hansısa bəyanat, ola bilsin, doğru çıxmasın. İstəmirəm ki, sözlərim yalan çıxsın. Kimlərinsə dediyimlə elədiyimin üst-üstə düşmədiyini fikirləşmələrini istəmirəm. Bu, bir az siyasi məsələdir. İstərdim ki, verdiyim söz hərəkətimə uyğun olsun.

- Amma artıq "İnter" Kamran Ağayev və Vüqar Nadirovu heyətinə qatıb...

- Hesab edirəm ki, yerli futbolçularla bağlı heç bir problem olmaz. Bunu bir azərbaycanlı kimi deyirəm. Çünki Azərbaycan futbolunun inkişafı üçün gərək yerli futbolçular oynasın. Bunu Ramin Musayev də, Elxan Məmmədov da başa düşür. Hamımızın borcumuzdur ki, Azərbaycan futbolu inkişaf etsin. Subyektiv fikrimdir ki, yerli futbolçuların qeydiyyatı yəqin ki, problem olmaz. Yüz faiz deyə bilmərəm, buna ümidim var.

- Sezar Meza Kolli necə? Futbolçu komandanın düşərgəsindədir...

- Hələ o transfer baş tutmayıb. Düzdür, toplanışda iştirak edir. Ancaq müqavilə bağlanılacağını əminliklə demək olmaz. Sadəcə, yoxlanılır.

- Futbolçu komanda ilə birgə Bakıya qayıdacaq?

- Bəli, onun transferinə Bakıda qərar veriləcək.

- Sələfiniz Georgi Nikolov vətəni Bolqarıstana qayıdıb?

- Xeyr, hələ burdadır. Çünki onunla bəzi işlərimiz var. Təhvil-təslimlə bağlı məsələlər olmalıdır. Çox şeylər var ki, mənə ötürməlidir. Yəqin ki, yaxın zamanlarda getmə ehtimalı var.

- Deyəsən, işi dolaşığa düşüb. Artıq neçə vaxtdır ki, Bakıdadır...

- Mən onun gedə bilib-bilməməyi ilə bağlı nəsə deyə bilmərəm. Hazırda mənə kömək edir.

- Komandanın Türkiyə toplanışında futbol da oynadınız. Ümumiyyətlə, bu sahəni seçməkdə atanız Müzəffər Qasımovun (Azərbaycanın məşhur futbolçularından biri, hazırda "Kəpəz"in Müşahidə Şurasının üzvü - red.) nə dərəcədə rolu olub?

- 40 il bundan əvvəl olan qərarı mən necə deyim (gülür)? 8 yaşımdan futbol məktəbinə getmişəm. Uşaq idman məktəbində futbolla məşğul olmuşam. 17 yaşımadək o vaxtkı "Kəpəz"in əvəzedici heyətində məşq etmişəm. Sadəcə, məktəbi bitirəndən sonra futbolun arxasınca getmədim. Oxumağa getdim, amma futboldan ayrılmadım. Kənd Təsərrüfatı Akademiyasının komandasında oynayırdım. 1993-cü ildə Azərbaycan çempionatının yüksək liqasında çıxış edən Samuxun "Bozqurd" komandasına qoşuldum. Amma komanda maliyyə problemləri və digər səbəblər üzündən mövsümün sonuna qədər çıxış edə bilmədi. Həmin ildə təbii ki, çox şey baş verirdi. Ondan sonra həmişə - futzal da, böyük futbol da oynamışam. Bankda işləyəndə turnirlərdə qalib də, çempion da olmuşuq. Təbii ki, futbolla yaşamışıq.

- Hətta "Sumqayıt"ın prezidenti Kamran Quliyevlə eyni komandada da çıxış etmisiniz...

- Bəli, bankda işləyəndə həmin komandada bir yerdə idik. 2014-cü ildə banklararası turnirdə çempion olmuşuq. Futbol həyatımdan heç vaxt uzaqlaşmayıb. Atamın da məşhur futbolçu olması, futbolçu həyatı həmişə gözümün qabağında olub. 5-6-cı sinifdə oxuyanda, səhv etmirəmsə, atam "Kəpəz"in idman direktoru idi və həmişə komanda ilə SSR-i çempionatında 9-cu zonanın oyunlarına getmişəm. Uşaqlıqdan futbol həyatını görmüşəm. Bank sahəsində 20 illik stajımın olmasına baxmayaraq, futbol həyatımın ayrılmaz hissəsi olub.

- Aşağı yaş qruplarında məşqçi kimi çalışan Valentin Xodukin klubdan göndərilib. Səbəb nə idi?

- Yaşla bağlı oldu. Onun 77 yaşı var. Bu yaş o qədər də rahat olmur və çətinlik vardı. Ona görə də qərara gəldik ki, yollarımızı ayıraq. O da vətəni Ukraynaya qayıtdı. Artıq heç bir problem yoxdur.

- Ancaq Xodukinlə müqavilə müddəti yayda başa çatmalı idi. Hər hansı bir təzminatdan söhbət gedə bilər?

- Heç bir təzminat məsələsi yoxdur. Bu, təbii prosesdir. Dövlət və qeyri-dövlət strukturlarında pensiyaçılara müavinətin verilməsi ilə müqaviləsinə xitam verilir. Xodukinin bizim kluba verdiyi çox şey var. Onun sxemləri, təlimləri olub. İndiki məktəb də onun qoyduğu qaydalarla inkişaf edir. Xodukinin getməsində də böyük problem görmürəm. Qarşılıqlı razılaşma olub. Onunla görüşdük, söhbət etdik. Mən öz təkliflərimi dedim. O da ölkəsinə qayıtmaq qərarını verdi.

- Yaxın günlərdə Klublar Komitəsinin iclası keçirilməlidir. Hansı məsələlərin müzakirəsi aparılacaq?

- Əvvəlcədən nəsə deyə bilmərəm. İdeya çoxdur, amma iclasdan sonra dəqiq nəsə demək olar. (Report)




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail