Kazbek Tuayev: "Vaqifi cəzalandırmaq yox, oynatmaq lazımdır" - MÜSAHİBƏ

18.10.2011 | 5906 dəfə oxunub

Azərbaycan yığmasının sabiq baş məşqçisi, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevin müsahibəsi:

- İcraiyyə Komitəsinin növbəti iclasının nə vaxt keçiriləcəyi barədə sizə nəsə deyilibmi? 
- Dəqiq tarixi bilsəydim, bunu dərhal sizə dərhal deyərdim. Ancaq bildiyimə görə, bu ayın sonunda olmalıdır. Ola bilər ki, sonraya təxirə salınsın. Hələ dəqiq tarixdən xəbərdar deyiləm. 

- Bəs gündəlikdə hansı məsələlərin olmağından? 
- Çox məsələlər ola bilər. Gündəlikdə haqda məlumatlı deyiləm.

- Əsas müzakirə mövzusu millimizin baş məşqçisi məsələsi olacaq. Bu haqda nə düşünürsünüz? Ümumiyyətlə, yığmamızın Avro-2012-də seçmə mərhələsi çıxışından nə dərəcədə razı qaldınız? Qazandığımız 7 xalı qanunauyğun nəticə sayırsınız? 
- Futbolda qanunauyğun heç nə olmur. Arxada qalan seçmə mərhələ ilə bağlı düzgün mühakimə yürütmək lazımdır. Milli komandamız tarixində ilk dəfə 7 xal topladı. Məgər bu, pis nəticədir? Qazaxıstana evdə qalib gəldik, özü də yaxşı oyunla. Yaxud Türkiyə üzərində əla oyunla qələbə qazandıq. Bu yığma səfər matçında da yaxşı təsir bağışladıq. Görün, necə mübarizə aparırdılar? Türk futbolçular qorxuya düşmüşdülər, hara qaçdıqlarını bilmirdilər. Ancaq 1 qol buraxaraq, uduzduq. Görün, yığmada nə qədər futbolçular üzə çıxdı? “Qarabağ”ın mərkəz hücumçusu Rauf Əliyev öz sözünü dedi. Millinin təcrübəli futbolçuları Rəşad Sadıqov, Mahir Şükürov daha inamlı təsir bağışlayaraq, yaxşı çıxış etdilər. Məgər bunlar pisdir? Yəni olanları yazmaq, millimizin çıxışına obyektiv qiymət vermək lazımdır. Avstriya ilə oyunda baş hakim futbolçumuza göstərdiyi qırmızı vərəqə ilə bizi “sındırdı”. Həmin hakimin başını kəsmək lazımdır. Tarixə nəzər salaraq, millimiz 0:6, 0:8, 0:10 hesablı məğlubiyyətlərini yada salaq. Yenə belə nəticələr istəyirik? Mən demirəm ki, Berti Foqts dahidir. Ancaq yığmamızın onun rəhbərliyi altında qazandığı nəticəni qeyd etmək lazımdır.

- Belə demək olarmı ki, Foqtsun postunda qalmasını istəyirsiniz? 
- Bilirdim ki, Foqtsun gələcək taleyi ilə bağlı sualı verəcəksiniz. Bu, başqa məsələdir və vaxtı gələndə qərar veriləcək. Ancaq bunu mən həll etmirəm. Son qərarı AFFA rəhbərliyi verəcək. Bu məsələ elədir ki, biz ilk növbədə növbəti seçmə mərhələdə vəzifəni müəyyənləşdirib, buna uyğun baş məşqçini seçməliyik. Bu zaman biləcəyik ki, bizə Foqtsla yolumuzu davam etmək, yoxsa başqa məşqçini dəvət etmək lazımdır. Bizə yalnız təkcə yaxşı müdafiə olunan yox, həm də yaxşı hücum edən, yarımmüdafiəsi olan komandamızın olmağını istəyə bilərik.

- Hər halda, AFFA-nın İcraiyyə Komitəsinin üzvü və milli komandamızın sabiq baş məşqçisi kimi fikirləriniz maraqlıdır... 
- Əlbəttə, mən İcraiyyə Komitəsinin üzvü kimi müzakirələrdə iştirak edəcəyəm. Biz ilk növbədə gələcək strategiyamızı müəyyənləşdirməliyik. Ötən seçmə mərhələ çətin qrupa düşdüyümüzü də nəzərə almalıyıq. Belə qrupda 7 xal yığdıq. Ancaq növbəti seçmə mərhələdə qrupumuzdakı rəqiblər münasibdir və 7 xaldan çox yığacağımıza şübhə etmirəm. 
- Fikirlərinizdən belə çıxır ki, Foqtsun vaxtında daha yaxşı müdafiə olunsaq da, hücum futbolumuzda problem var... 
- Burada təzad var. Biz çox qol buraxırıq və eyni zamanda çox xal toplayırıq. Yəni balans yaratmaq lazımdır. Yaxşı qapıçımız, hücumçularımızı, gənc, perspektivli futbolçularımız – bir sözlə, millimizdə tərəqqi var. Göründüyü kimi, Foqtsu əbəs yerə çağırmamışıq və o, işlədiyi müddətdə nəticə verib. Onunla müqavilənin uzadılıb-uzadılmayacağına isə artıq müzakirələrin nəticəsində qərar veriləcək. Foqtsun müqaviləsinin konkret vaxt bitəcəyini deyə bilərəm. Ancaq postunda qalacaqsa, nəticəni də özü həll edəcək.

- Avstriya ilə oyundan sonra Vaqif Cavadovla Berti Foqts arasındakı məlum olayla bağlı nə düşünürsünüz? 
- Mən bu mövzuya toxunacaqdım. Onun “nə qədər ki, mən Azərbaycan yığmasındayam, Vaqif Cavadovu çağırmayacağam” fikri düzgün deyil. Eləcə də, Elnur Allahverdiyevdən imtina etmək olmaz. Baş məşqçi belə sözlər deməməlidir. O, futbolçudan üz çevirməməli, əksinə, ümumi dil tapmalıdır. Gəncdir, səhv edib, onu başa salıb, öyrətməlidir. Məşqçi ilk növbədə tərbiyəçidir. 

- Bəs Vaqifin hərəkətini necə qiymətləndirirsiniz? 
- Baş məşqçi ilə onun arasında hansı söhbətin olduğu, Cavadovun nə dediyi, Foqtsun ona cavab verdiyi dəqiq məlum deyil. Eşitdiyimə görə, Vaqif deyib ki, mən milliyə lazım deyiləmsə, biletimi alın, gedib, klubumda hazırlaşa bilərəm. Məsələni tam aydınlaşdırmamış, futbolçuya tezbazar bilet alıb, onu yola salmaq düzgün deyil. Biz yaxşı futbolçularımızı itirməməliyik. Mən bilmirəm, türkiyəli futbolçunu millimizə haradan gətiriblər?

- Almaniyanın “Frayburq” klubundan gələn Ufuk Budak? 
- Onun oynadığı müdafiənin sol cinahında Elnur Allahverdiyev çıxış edirdi. O, çox etibarlı, inamlı müdafiəçidir. Deyirlər ki, həmin türk son matçımızda yaxşı çıxış etdi. Ancaq Türkiyə yığmasının bütün hücumları onun cinahından idi. Orada bəstəboy bir türk futbolçusu oynayır (fikirləşir)

- Səbri Saroğlu. 
- Ay sağ ol. O, sağ cinahdan təhlükəli hücumlarda fəal iştirak edirdi. Millimizin türkiyəli futbolçusunun sonda başını “yardılar”. Məgər o, yaxşı oynayırdı?

- Siz Vaqiflə son günlərdə danışıb, görüşmüsünüz? 
- Mən Vaqifi son dəfə uşaq vaxtı görmüşəm. Futbolçu olduğu zamanı onunla rastlaşmamışam. Atası Füzulu Cavadova hörmətim var. Ancaq onu da görməmişəm. 

- Hər halda, AFFA-nın İntizam Komitəsi Vaqifin məsələsi aydınlaşdıracaq və ona cəza veriləcəyi gözlənilir... 
- Onu cəzalandırmaq yox, oynatmaq lazımdır. Gəncdir, səhv edib, onu başa salmaq, öyrətmək lazımdır. Bu məsələ cəza düzgün qərar deyil.

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail