Vaqif Cavadov: "Buradan Elxan Məmmədov və Berti Foqtsa səslənirəm"

"Bəzi adamlar Vaqif Cavadov və Cavadovların Azərbaycan futbolunda olmasını istəmirlər"

20.10.2011 | 7529 dəfə oxunub

Azərbaycan milli komandası və “Volqa” klubunun hücumçusu Vaqif Cavadovun müsahibəsi

- İlk öncə Azərbaycan – Avsriya oyunundan sonra baş verənlərə aydınlıq gətirək. Həmin görüşdən sonra soyunub-geyinmə otağında nələr baş vermişdi. Sənin milli komandadan imtina etməyin doğrudurmu?
 
- Avstriya ilə oyundan sonra mən Azərbaycan millisindən imtina etməmişəm. Belə bir söz söylədiyimi heç kəs də deyə bilməz. Əgər kimsə bu barədə eşidibsə, kiməsə belə bir şey demişəmsə, o zaman futboldan gedərəm. Mən sadəcə həmin oyundan sonra demişəm ki, əgər Berti Foqtsa və milli komandaya lazım deyiləmsə, mənim biletimi alın və pasportumu verin, mən gedim. Mən yalnız belə demişəm və bu sözlərimin də üstündə dururam. Sonda belə də oldu. Mənim pasportumu gətirdilər otağıma və biletimi aldılar, mən də Moskvaya getdim. Buradan Elxan Məmmədov və Berti Foqtsa səslənirəm ki, indi mən milli komandadan imtina etmişəm, yoxsa siz məni yığmada görmək istəmirsiniz?   

- Bəs sənin həmin oyundan sonra Moskvaya getmək istəməyinin səbəbi nə idi?

- Milli komandada mənə qarşı qərəzli mövqe formalaşmışdı. Avstriya ilə ilk oyundan sonra Foqts mənim güldüyümü iddia etmişdi. Onun sözlərinə görə, guya milli komanda uduzub, ancaq Vaqif gülür. Lakin sonradan bəlli oldu ki, mən gülməmişəm və Foqts da məndən üzr istədi. Foqts həmin vaxt ona düzgün məlumat verilmədiyini və bir yanlış anlaşılmazlıq olduğunu bildirmişdi. Avstriya ilə son oyundan sonra da gəlib məni tənqid elədi. Bütün günahı mənim üzərimə atmaq istədi. Təbii ki, bütün bunlar mənə pis təsir edirdi. Bir qədər susdum, ancaq sonradan dözə bilmədim və bu qərarı verdim.

- Yeri gəlmişkən AFFA İntizam Komitəsi artıq səni 1 illiyinə milli komandadan kənarlaşdırıb. Bu qərara münasibətin necə oldu?

- Bu qərarı normal qarşıladım. Gözlənilən idi. Eyni zamanda çox gülməli qərardır. Dünyanın heç bir ölkəsində milli futbolçu haqda belə qərar qəbul etmirlər. Ancaq mən yenə də buna əhəmiyyət vermirəm. Azərbaycan futbolunun əfsanələri olan İsgəndər Cavadov (baxmayaraq ki, mənim əmimdir) və Kazbek Tuayevin fikirləri mənim üçün daha önəmlidir. Əgər mən burada səhv olsaydım, onlar mənə irad tutardılar. Çox maraqlıdır ki, Aleksandr Səmədov və Emin Mahmudov Azərbaycan millisindən imtina etsələr də AFFA onlara qarşı heç bir cəza tətbiq etmədi. Amma Azərbaycan millisini seçdiyim üçün mənə qarşı bir illik cəza kəsdilər. Bəzi adamlar Vaqif Cavadov və Cavadovların Azərbaycan futbolunda olmasını istəmirlər. Lakin mən onlara demək istəyirəm ki, Cavadovların adı yüksəkdir və biz hər dönəmdə Azərbaycan futbolunda olacağıq. Ona görə də özlərini yormasınlar. 

- Milli komandanın kapitanı Rəşad Sadıqov sənin cəzanın yüngülləşdirilməsinin baş məşqçi ilə bağlı olduğu haqda açıqlama verib. Buna münasibətin necədir?
 
- Yenə deyirəm ki, mən Azərbaycan millisindən imtina etməmişəm. Rəşad Sadıqovun açıqlamasına gəldikdə isə onun fikirlərinə hər zaman hörmətlə yanaşmışam. Çünki o milli komandanın kapitanıdır və Azərbaycan futbolunda sözünü demiş bir oyunçudur. Yəqin ki, o da bəzi şeylərdən xəbərsizdir. Lakin inanıram ki, Rəşad da kimin doğru, kimin yanlış olduğunu görəcək. Düşünürəm ki, mənim yerimdə digər bir futbolçu olsaydı, o da həmin addımı atardı. 
    
- Bir qədər də Azərbaycan millisinin AÇ-2012-nin seçmə mərhələsindəki çıxışları haqda danışaq. Ümumilikdə, millimizin çıxışını necə dəyərləndirirsən?

- Seçmə mərhələdə həm yaxşı, həm də pis oyunlarımız oldu. Nəticədə seçmə mərhələni 7 xalla başa vurduq. Belə çətin bir qrupda 7 xal qazanmaq pis nəticə deyil. İlk dəfə idi ki, seçmə mərhələdə bu qədər xal topladıq. Ancaq daha çox xal toplaya bilərdik. Təəssüf ki, Qazaxıstana səfərdə uduzduq. Əgər orada qələbə qazansaydıq, daha çox xalımız olardı. Buna baxmayaraq, ümumilikdə pis çıxış etmədik. Gələcəkdə daha yaxşı çıxış edəcəyimizə ümid edirəm.

- Gələn il DÇ-2014-ün seçmə mərhələsinə start veriləcək.  Bu seçmə mərhələdə milli komandadan nə gözləmək olar?  

- Bu oyunlara kifayət qədər vaxtımız olacaq. Bu müddət ərzində səhvlərimizi düzgün analiz edib, öz üzərimizdə işləsək, daha yaxşı oyuna ümid etmək olar. Əlbəttə, biz də istərdik ki, DÇ-2014-də daha uğurlu çıxış edək.

- Səncə, DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasını yenə Berti Foqts çalışdırmalıdır, yoxsa?

- Ümumilikdə götürsək , Foqts qalmalıdır. Əgər ona ehtiyac varsa, qoy qalsın. Başqa bir əcnəbi məşqçi gətirməkdənsə, elə Foqtsun qalmağı daha yaxşı olar. Ancaq bu barədə yekun qərarı AFFA verəcək. Bir futbolçu kimi onun qalmağını istəyirəm, lakin birdaha deyirəm, o millidə olduğu dönəmdə, mən yığmada çıxış etməyəcəyəm.

- Necə düşünürsən Azərbaycan millisində yerli, yoxsa əcnəbi məşqçi işləməlidir?

- Əgər milliyə digər bir məşqçi gətiriləcəksə, bu, yerli mütəxəssis olmalıdır. Ancaq biz futbolçuyuq. İstər yerli, istərsə də əcnəbi məşqçi olsun, biz milli komandanın şərəfini qorumalıyıq və ölkəmizi layiqincə təmsil etməliyik. İnşallah, bu postda kim işləyəcəksə, hamısına uğurlar arzulayıram.

- Berti Foqts Türkiyə ilə oyundan öncə belə bir açıqlama vermişdi:  “Nə qədər ki, mən buradayam, Vaqif Azərbaycan millisində oynamayacaq”.  Sən bu haqda nə deyə bilərsən?

- Mən də deyirəm ki, əgər Foqts millidə qalarsa, onun rəhbərliyi altında Azərbaycan yığmasında çıxış etməyəcəyəm.

- Millinin düşərgəsindən qayıtdıqdan sonra səni “Volqa”nın heyətində görmədik. Premyer Liqanın son turunda “Krılya Sovetov”la keçirilən oyunda heç ilk 18-liyə də salınmamışdın. Bunun səbəbi nə idi?

- Millinin düşərgəsindən qayıtdığım üçün baş məşqçi mənə istirahət verdi. Məşqçi psixoloji baxımdan gərgin olduğumu nəzərə alaraq məni həmin oyunda oynatmadı. Bir qədər sakitləşməyimi və növbəti görüşlərə hazırlaşmağım üçün mənə vaxt verdi. İnşallah, növbəti oyunlarda yenidən “Volqa”ya kömək edə biləcəyəm.

- Ötən gün "Miss Nijni-Novqorod-2011" 16-cı regional gözəllik müsabiqəsinin iştirakçıları ilə yoldaşlıq oyunu keçirdiniz. Rusiyalı gözəllərə qarşı oyun barədə təəssüratlarını bilmək istərdik...

Onlar bir aksiya keçirirdilər. Bizdən öncə Nijni Novqorodun basketbolçuları ilə yoldaşlıq oyunu keçirmişdilər. Daha sonra isə bizə müraciət etdilər və klub rəhbərliyi də buna razılıq verdi. Əlbəttə, hər gün qızlara qarşı oyun keçirmirik. Maraqlı oyun keçdi. Bu görüş psixoloji baxımdan mənim üçün də yaxşı oldu. Bir qədər sakitləşməyimə kömək etdi. Onların gələcəkdə daha yaxşı aksiyalar keçirəcəyinə inanıram.

- Qış tarnsfer pəncərəsi dönəmində komandanı dəyişmək fikrin varmı?

- Yox. Hələ ki, bu barədə düşünmürəm. Çünki “Volqa” ilə 3 illik müqaviləm var. Komandada hər şey qaydasındadır.

- Yaxın gələcəkdə səni yenidən Azərbaycan Premyer Liqasında görə bilərik?

- Mən Azərbaycanı hər zaman üstün tutmuşam. Azərbaycan çempionatına qayıtdığəm üçün heç vaxt utanmamışam. Mən 16 yaşımda Azərbaycana gələrək “Qarabağ”a transfer olanda, məni vətənimə qaytıdığım üçün tənqid edirdilər. Ancaq mən belə şeylərə əhəmiyyət verməmişəm və indi də peşman deyiləm. Nə vaxtsa qismət olarsa, yenidən Azərbaycan Premyer Liqasında çıxış edəcəyəm. Ancaq hələlik, bu inandırıcı görünmür.

- Bunu nəyə görə soruşdum? AFFA-nın səninlə bağlı qərarında belə bir maddə var ki, sən Azərbaycan Premyer Liqasında çıxış edəcəyin təqdirdə 5 oyunu buraxmalı olacaq və klubun da 5 min manat cərimə ediləcək. Səncə, bu nə dərəcədə düzgün qərardır?

- Bilirəm. Bu haqda məlumatım var. Ancaq yenə deyirəm ki, bu çox gülməli qərardır. Dünyanın heç bir ölkəsində milli futbolçu haqda belə qərar qəbul olunmur. Çox maraqlıdır ki, bu qərarı nəyə əsasən verirlər? Əgər mən millidən imtina etsəydim, o zaman bu qərar doğru hesab sayılardı. Deməli, mən həqiqətən də onlara lazım deyiləm. Bu, bir daha göstərir ki, AFFA-nın fəaliyyəti digər ölkələrin Futbol Federasiyalarından 15-20 il geri qalır.

- Azərbaycan Premyer Liqasının oyunlarını izləyirsən?

Əlbəttə, hər zaman milli çempionatın oyunlarını izləyirəm. “Xəzər Lənkəran”ın oyununu xüsusi qeyd etmək istərdim. Onlar bu mövsüm yaxşı çıxış edirlər. Sabiq komandam da bu il çempionluğa oynayır. Ancaq son turlarda yersiz xallar itirdilər. Oyun ərzində yaxşı qol imkanları olsa da, bundan yararlana bilmirlər. Lakin bu futboldur. Belə nəticələr ola bilər. Bununla belə, öz keçmiş komandama uğurlar arzulayıram.

- Hansı komanda “Qarabağ”, yoxsa “Bakı”?

(Gülür). Yox “Qarabağ”ı nəzərdə tuturam. Həm “Qarabağ”ı, həm də “Bakı”nı. “Bakı” da artıq son turlarda inamlı təsir bağışlayır. Minimal hesabla da olsa, qələbə qazanmağı bacarır. Hər iki komandanın gələcək oyunlarda da uğur qazanacağına inanıram. 

Qol.Az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail