Nizam-intizamsız komitə

28.04.2016 | 3515 dəfə oxunub

AFFA-da belə bir komitə fəaliyyət göstərir - İntizam Komitəsi. Adından da göründüyü kimi, komitənin əsas işi haqq-ədaləti, nizam-intizamı qorumaq, bunu pozanları cəzalandırmaqdı. Amma təəssüf ki, hərdən komitənin işi adı ilə tərs mütənasib olur. Bu qurumun qəbul etdiyi “qeyri-adi" qərarlar bir çox hallarda narazılıqlara yol açır. Bəzən haqsız olana ağır cəza verilir, bəzən isə cəzanı haqq edənlərin əməllərinə göz yumulur. Məlum məsələdir ki, bununla bağlı komitədən nə isə soruşsan nizam-intizam kodeksini ortaya qoyacaq və oradakı bəndləri əsas gətirəcəklər. Əslində, nizam-intizam kodeksində bir çox bəndlər komitənin müəyyən qərarları verərkən istədiyi kimi manevr etməyə imkan yaradır. Məsələn, hansısa futbolçu hakimə yaxınlaşıb “adam kişi olar" ifadəsini işlədir. Sabah həmin futbolçuya “kişi söhbəti” elədiyi üçün ən ağır cəza da verilə bilər və ya əksinə, ona “gözün üstə qaşın var” deyən tapılmaz. Necə ki, Hakimlər Komitəsi hakimlərin səhv qərarlarına haqq qazandıranda onu özünə sərf edən formada ictimaiyyətə təqdim edir. Lap “top əli tapdı" və ya “əl topu tapdı" kimi.

Hakimə olar,

hakimi olmaz?

İntizam Komitəsinin qərarlarında tez-tez bu ifadələrə rast gəlirik: hakimi təhqir etdiyinə görə. Əslində, həmin qərarların şamil edildiyi hadisələrin çoxuna dair sübut olmur. Komitə sadəcə, hakimin oyunun protokoluna yazdığını sübut kimi qəbul edib sərt cəzalar tətbiq edir. Məsələn, mən klub nümayəndəsi kimi oyundan sonra hakimə yaxınlaşıb “ayıb olsun sənə, vicdanın olsun, orada penalti var idi?" deyib, “rədd ol buradan, vicdansız özünsən..." cavabını ala bilərəm. Ancaq hakim oyundan sonra matçın protokoluna “klub rəsmisi hakimləri təhqir etdi" ifadəsini yazarsa, İntizam Komitəsi məni 10 oyun cəza, 10 min də cəriməyə “qonaq edəcək". İndi gəl, sübut elə ki, mən hakimi deyil, hakim məni təhqir edib. Bax, ən böyuk boşluq elə buradan başlayır.  Adi misal çəkək. Ötən ay Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçından sonra “Xəzər Lənkəran"ın futbolçusu Orxan Səfiyaroğlu Rəhim Həsənova yaxınlaşaraq “Əziyyətimizi yerə vurdunuz, haqqımızı halal etmirik" dediyini, cavabında isə “qoduq, get o tərəfə, səni bir sözümlə futboldan silərəm" eşitdiyini açıqladı. Məlum məsələdir ki, futbolçu hakimə “qoduq" desəydi, dərhal qarşısında qırmızı vərəqə görəcəkdi. Sonra protokolda “hakimi təhqir etdi" “statya"sına görə İntizam Komitəsindən ən ağır cəzanı alacaqdı. Lakin bu ifadəni hakim işlətdiyi üçün ona kəlmə də deyən olmadı. Xeyir ola? Nəyə görə hakim dediyi fakt kimi qəbul olunur, amma futbolçu deyən nəzərə alınmır? Demək, hakim nə desə qanundur, amma hakim özü kimi istəsə söyə bilər? Bu cür faktlar bir deyil, iki deyil.

 

Qanunu pozub

cəzasız qalanlar

Qaydalara görə, oyundan əvvəl, oyun vaxtı və sonra hakimlər otağına futbolçuların, klub rəsmilərinin girişi qadağandır. Ora yalnız hakim-inspektor daxil ola bilər. Əks hal baş verərsə, həmin qanunu pozanlar cəzalandırılmalıdır. Lakin 1 ay ərzində baş verən iki fakt sübut etdi ki, İntizam Komitəsi bu qərarları heç də hamıya şamil etmir. Məsələn, “Neftçi"nin icraçı direktoru Elnur Məmmədov “Xəzər Lənkəran”la kubok oyunundan sonra hakimlər otağına daxil olur və sonra da mətbuata açıqlama verir ki, o, sadəcə, oraya hakimlərin bir şeyə ehtiyacı olub-olmadığını öyrənmək üçün getmişdi. Birincisi, yuxarıda qeyd etdiyimiz kimi, heç bir klub rəsmisinin hakimlər otağına girməyə ixtiyarı yoxdur. Elnur Məmmədov bu qanunu pozubsa, deməli, cəzalanmalı idi. Lakin görünür, AFFA-nın baş katibi Elxan Məmmədovun kadrı olması onu toxunulmaz şəxs elan edib. İkincisi, hakimlərin nəyəsə ehtiyacının olub-olmamsının Elnur Məmmədova nə dəxli? Hakim oyun idarə etməyə gəlib. İstirahətə gəlməyib ki, nəyəsə ehtiyacı olub-olmadığını soruşasan.

Bundan başqa, bir neçə tur əvvəl “İnter"in və yığmamızın qapıçısı Kamran Ağayev də “Neftçi" ilə matçdan sonra hakimlər otağına daxil olub baş hakim Əliyar Ağayevə penalti ilə bağlı etirazını bildirmişdi. Məmmədov kimi, Ağayev də qanunu pozmuşdu. Amma o da cəzasız qaldı. Belə çıxır ki, sabah istənilən futbolçu Kamran kimi, hakimlərin otağına girib ürəyindən keçəni hakimə deyə bilər? O zaman İntizam Komitəsi hansı əsasla həmin futbolçunu cəzalandıracaq?

Qusarda baş verənlərə anormal qiymət

Bir qədər əvvələ gedək. I Divizionun 18-ci turu çərçivəsində Qusarda oynanılan “Şahdağ" - “Ağsu" matçında baş verənlərlə bağlı açıqlanan qərarlar da insanda ikrah hissi yaradır. Bildiyiniz kimi, hakim həmin oyunda “Ağsu"nun qapısına penalti təyin edib futbolçusuna da qırmızı vərəqə göstərmişdi. Daha sonra isə həmin futbolçu meydanı tərk etməmiş penaltinin yerinə yetirilməsinə icazə vermişdi. “Şahdağ" qol vurandan sonra dördüncü hakim olaya müdaxilə edərək, baş hakimə qolu ləğv edib penaltini yenidən təkrarlamasının lazım olduğunu bildirmişdi. Qusar klubu isə təkrar zərbəni qola çevirə bilməyincə, “Ağsu"nun futbolçusu Bəhram Bəhramzadə azarkeşlərə qarşı qeyri-etik jest etmişdi (sonradan İntizam Komitəsinin qərarında bu jestin qeyri-etik yox, sevinc jesti olduğu qeyd olundu) və buna dözməyən “Şahdağ"ın futbolçusu  Şıxqayıb Şıxqayıbov onun üzərinə gedərək etirazını bildirmişdi. Ardınca baş verənlərdən əsəbiləşən azarkeşlər meydana daxil olmuşdular.

İntizam Komitəsinin bu olayla bağlı çıxardığı qərarların isə heç bir məntiqi izahı olmadı. İlk növbədə ondan başlayaq ki, baş verənlrə görə Qusar stadionu mütləq diskvalivikasiya olunmalıydı. Çünki qaydalarda da yazılıb ki, əgər azarkeş meydana daxil olub qalmaqal yaradırsa və buna görə oyun dayanarsa, stadion mütləq diskvalivikasiya olunmalıdır. Lakin İntizam Komitəsinin cəzalıları sırasında Qusar stadionunun adı olmadı.

İkinci məsələ “Ağsu"nun inzibatçısı Ənvər Hacıyevin meydana daxil olduğu üçün 1 illik futboldan uzaqlaşdırılması ilə bağlıdır. Əgər azarkeş meydana girdiyi üçün stadion cəzalandırılmırsa, inzibatçıya eyni səbəbdən 1 illik cəza hansı məntiqlə verilir? Həm inzibatçı meydana çıxsa da kimi vurub, kimə xəsarət yetirmişdi? Sadəcə, hakimə onun səhvini izah edərək demişdi ki, qırmızı vərəqə alan futbolçu meydandan çıxmamış penaltini yerinə yetirmək olmaz. Bununla bir növü pozulmuş qaydanı bərpa etmişdi. Həmin inzibatçı meydana girməsəydi, “Şahdağ" layiq olmadığı 3 xalı qazanacaqdı. Pozulmuş qaydanı bərpa etdiyi üçün inzibatçıya 1 illik cəza verilir?

“Şahdağ"ın futbolçusu Şixqayıb Şıxqayıbova verilən 1 illik diskvalifikasiya da məntiqsizdir. Səbəb göstrilir ki, guya o, azarkeşlərə jest göstərən rəqib futbolçunun üstünə hücum çəkib və bununla da azarkeşlərin meydana axışmasına səbəbkar olub. Hamı gözəl bilir ki, bu cür hallar futbolda adidir. Yəni, dəfələrlə olub ki, gərgin keçən oyunlarda futbolçular bir-birlərinin üzərinə hücum çəkiblər. Hər bu cür hərəkətə görə futbolçulara 1 illik cəza verilsə o, zaman gərək dünyada cəza almayan futbolçu qalmaya. Bir sözlə, Komitənin bu qərarı da gülüncdür.

Ən gülməlisi odur ki, bu boyda qalmaqala şərait yaradan əsas insan hakim Xəlil Xəlilov olsa da, ona güldən ağır söz deyən tapılmadı.

Söyüşün biri qəpik

Bir məsələyə də mütləq toxunmaq istəyirik. Yəqin ki, PFL-in I Divizion matçlarından çəkdiyi videoçəkilişləri izlmisiniz. Həmin videolardan da eşidilir ki, bu oyunlarda söyüşün biri bir qərikdən ucuz olur. Klub rəhbəri futbolçunu, futbolçu hakimi, hakim azarkeşi söyür. Məsələn, 20-ci turda keçirilən “Bakı" - “Ağsu" və “Bakılı" - MOİK matçının videoyazısına baxmaq kifayət edər ki, bu biabırçılıqdan xəbərin olsun. Bəs, İntizam Komitəsi bununla bağlı niyə tədbir görmür?

“Het-trik news” qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail