"Qəbələ" Premyer Liqadan və Ölkə Kubokundan imtina edir?

29.04.2016 | 3955 dəfə oxunub

“Qəbələ” idman ictimaiyyətinə müraciət ünvanlayıb. Stadium.Az klubun rəsmi saytına istinadən müraciətin mətnini təqdim edir:

“Ölkədə idmanın inkişafı sahəsində əldə edilən nailiyyətlərə, beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi və onların yüksək səviyyədə təşkilinə görə Azərbaycan dünyada idman ölkəsi kimi tanınmışdır. “Qəbələ” İdman Klubu (İK) da hər zaman Azərbaycanın idman uğurlarının genişlənməsinə və möhkəmləndirlməsinə öz töhfələrini verməyə çalışmışdır. “Qəbələ” İK-da, heç şübhəsiz ki, eyniadlı futbol klubu şərəfli yer tutur. “Qəbələ” Futbol Klubu (FK) 2015-2016-cı illər futbol mövsümündə adlı-sanlı rəqibləri ilə mübarizədə müvəffəqiyyət əldə edərək, Azərbaycan futbol tarixində Avropa Liqasının qrup mərhələsinə yüksələn üçüncü komanda olmuşdur. Bununla da Azərbaycan idmansevərlərinə, xüsusilə də futbol azarkeşlərinə böyük sevinc bəxş edilmişdir.

“Qəbələ” FK beynəlxalq aləmdə əldə etdiyi bu uğurlardan sonra öz oyunu ilə daxili çempionatda da iddialarını davam etdirmiş, yüksək yer tutmaq məqsədi ilə əzmlə çalışmışdır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, həm çempionatda, həm də kubok uğrunda futbol yarışılarında “Qəbələ”yə qarşı hakim haqsızlığı bir-birini əvəz edərək, kluba ciddi problem yaratmışdır. Bu hal nəinki, klub üzvləri, eləcə də azarkeşlər arasında Azərbaycanın peşəkar futbol hərəkatına hörmət gətirmir.

Belə bir vəziyyət qismən əvvəlki illərdə də müşayiət olunsa da, klub rəhbərliyi onun üzərində xüsusi dayanmağa ehtiyac görməmişdir. Çox maraqlıdır ki, “Qəbələ”nin beynəlxalq aləmdə uğurlarından sonra, bu hal mütəşəkkil xarakter almışdır. Belə bir vəziyyətin yalnız “Qəbələ” üçün deyil, bütövlükdə Azərbaycan futbolu üçün xoşagəlməz mənzərə yaratmasını nəzərə alaraq, klubun nəticələrinə açıq-aşkar təsir göstərmək məqsədi daşıyan hakim qərarlarına münasibət bildirmək zərurəti yaranmışdır. “Qəbələ”nin bu futbol mövsümündə keçirdiyi oyunlardan ən azı beşində hakim qərarları oyunun taleyini həll etmiş, onun xal itirməsinə, turnir cədvəlindəki yerinə və kubok yarışlarındakı mövqeyinə mənfi təsir etmişdir.

Qeyd edilən oyunlardan dördünə FİFA referisi statusu daşıyan Əliyar Ağayev, birinə isə Ömər Paşayev hakimlik etmişdir. Ağayevin bir-birinin ardınca səhvə yol verdiyi halda onun inadla yenidən “Qəbələ”nin oyunlarına hakim təyin edilməsi də təsadüfi hesab oluna bilməz. Beləliklə, “Qəbələ”nin rəqib komandalarla futbol matçı faktiki olaraq hakim Ağayevin “Qəbələ” ilə rəqabətinə çevrilmişdir. Ağayev 10 avqust 2015-ci il tarixində “Qəbələ”nin “Qarabağ”la keçirilən mövsümün açılış oyununda “Qəbələ”nin qapısına əsası olmayan penalti zərbəsi təyin etmiş, bununla da kifayətlənməyərək, Rəşad Sadıqova yenə də əsassız olaraq qırmızı vərəqə göstərib, meydandan qovmuşdur. Nəticədə Qəbələdə baş tutan oyun 2:2 hesabı ilə başa çatmışdır. 1 noyabrda yenə də Qəbələdə “Kəpəz”lə keçirilən oyunda Ağayevin hakim qərarındakı məqsədli səhvi üzündən “Qəbələ” 2:1 hesabı ilə uduzmuşdur. 19 dekabrda Bakıda “Qarabağ”la oyunda rəqib qolu qaydalardan kənar vursa da, hakim Ağayev onu hesaba almış və oyun 1:1 hesabı ilə başa çatmışdır. “Qəbələ”nin 9 aprel 2016-cı ildə “Sumqayıt” klubu ilə keçirilən oyununda Ağayevin qərəzkarlıq estafetini hakim Ömər Paşayev davam etdirmiş, bu üzdən “Qəbələ”nin üstünlüyünə baxmayaraq, oyun 1:1 hesabı ilə yekunlaşmışdır. 

“Qəbələ”yə qarşı açıq-aşkar hakim haqsızlığına 27 apreldə “Neftçi” ilə Bakıda keçirilən oyunda da yol verilmişdir. Bu oyunda da hakim “Qəbələ”yə qarşı qərəzi ilə fərqlənən Ağayev olmuşdur. O, “Qəbələ”nin oyunçusuna qarşı açıq kobudluğa baxmayaraq penalti verməmiş, əksinə onu sarı vərəqə ilə cəzalandırmışdır. Bu az imiş kimi oyunun sonuna yaxın “Qəbələ” futbolçularından birinə qırmızı vərəqə göstərərək meydandan çıxarmış, beləliklə, matçın 1:1 hesabı ilə başa çatmasına şərait yaratmışdır. Ağayevin “Qəbələ” - “Neftçi” oyununda nəticəyə təsir göstərən qərəzi yalnız “Qəbələ” tərəfindən deyil, respublikanın futbol mütəxəssisləri tərəfindən də ciddi etirazla qarşılanmış, bunun məqsədyönlü şəkildə həyata keçirilməsi barədə fikirlər irəli sürülmüşdür.

“Qəbələ” Futbol Klubu bu faktları futbol ictimaiyyətinin diqqətinə çatdırarkən adıçəkilən klublardan olan həmkarlarına hörmətini bildirir, əsas məsələnin hakimlikdəki səhvlər və onların mahiyyətindən ibarət olduğunu qeyd edir. “Qəbələ” klubu, eləcə də Azərbaycanın futbol ictimaiyyəti futbola rəhbərlik edənlərin futbolumuza ləkə gətirən belə hallara dərhal reaksiya verməsi və bu sahədə ciddi tədbirlər görməsini gözləyir. Belə bir vəziyyət Azərbaycan futbolunun nüfuzuna və idman siyasətinə həm yerli, həm də beynəlxalaq səviyyədə zərbə vurur. Ona görə də Azərbaycan futbolunda, həmçinin onun inkişafında özünəməxsus yeri olan hakimlikdə köklü islahatlar aparmadan mövcud nöqsanları aradan qaldırmaq qeyri-mümkündür.

“Qəbələ” klubu bəyan edir ki, vəziyyətin bu şəkildə davam edəcəyi təqdirdə futbol üzrə respublika çempionatında və Azərbaycan kuboku uğrunda mübarizədə iştirakının davam etdirilməsini müzakirəyə çıxaracaqdır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail