Miçoviç hələ də "Neftçi"yə azarkeşlik edir - MÜSAHİBƏ

05.11.2011 | 6145 dəfə oxunub

Vladimir Miçoviç üç il əvvəl Azərbaycan futbolunda nə qədər məşhur personaj idisə, bu gün bir o qədər kölgədə qalıb. Bunun əsas səbəbi birvaxtlar ölkənin ən yaxşı qapıçılarından sayılan Vladimirin “Abşeron”un dağılmasından sonra klubsuz qalmasıdı. Sən demə, Vladimirin öz sözlərinə görə, bunun səbəbi marağın azlığı yox, qapıçının öz ambisiyalarının yüksək olmasıdı. Bu gün Azərbaycanda çıxış edən bütün Balkan yarımadasından olan futbolçuların tez-tez görüşdüyü istirahət məkanına sahiblik edən Miçoviçin həyatında futbol çevirilmiş səhifə deyil. Bunu özü də inamla söyləyir.

- “Abşeron”la birgə sən də Azərbaycan futbolunun üfüqlərindən itdin.
– Gözlənilməz oldu və komandasız qaldım. “Abşeron”la üç illik müqavilə bağlamışdım. Çünki klub rəhbərliyi ilə danışıqlar aparanda bu klubun gələcəyinə inanırdım. Müqaviləm də yaxşı idi və razılaşdım. Amma nəticədə “Abşeron” heç kimi gözləmədiyi halda dağıldı və mən də komandasız qaldım. Sonra yüksək liqadan iki-üç təklif gəldi. Şərtlər də pis deyildi, amma razılaşmadım. Ona görə ki, onlar Premyer Liqanın orta səviyyəli komandaları idi. Mənim səviyyəmə uyğun deyildi. Daha güclü klublara düşmək istəyirdim. Sonradan anladım ki, o komandaların hazır qapıçıları var və düşmək çətin olacaq. Belə alındı ki, yarım il gözləməli oldum. Gedin hansısa komanda müxtəlif səbəblərdən əziyyət çəkməkdənsə, belə daha yaxşıdı.
– Hansı klublar idi sənə təklif göndərən?
– Gəl, adlara keçməyək. Yəni bu o qədər də vacib deyil. Amma 2-3 klubdan təklif var idi və dediyim səbəblərdən qəbul eləmədim.
 Maraqlı danışırsan, amma I diviziondan sonra Premyer Liqanın orta səviyyəli klublarında oynamaq niyə pis olsun? Həm də ki, “Abşeron”da da müxtəlif və bizə qaranlıq qalan səbəblərdən meydançaya çox çıxmırdın.
– Müqavilə bağlayanda rəhbərliklə belə razılığa gəlmişdik ki, cəmi bir neçə oyunda, ən vacib qarşılaşmalarda meydançaya çıxacam. Digər oyunlarda heç mənim durmağıma ehtiyac yox idi. Düzdür, qışda da zədəm var idi, amma qorxulu deyildi və əməliyyatdan sonra oynaya bilərdim. Dediyim kimi, cəmi 5-6 oyun barədə razılaşmışdıq. I divizionun səviyyəsinə özün də bələdsən. Orda istənilən qapıçı dayana bilər. Mən Premyer Liqaya hazırlaşırdım, formanı da saxlayırdım.
 İndi qışa variantın varmı?
– Nəsə tərpəniş var. Zəng vurmağa başlayıblar. Baxarıq. Normal təklif olsa, dəyərləndirəcəm. Olmasa, deyə bilərəm ki, özümə daha zülm eləməyəcəm. Çünki zəif komandaların qapısında dayanmaq istəmirəm. Öz səviyyəmi qorumaq fikrindəyəm. Güclülərdə oynaya bilirəmsə, oynayacam, əks halda futbolu bitirib qapıçı məşqçisi kimi çalışacam.
– Yəni aşağı sıralar səni maraqlandırmır.
– Əlbəttə, yox. Həmişə qarşısında yüksək məqsədlər qoymuş komandalarda dayanmışam. Buna da öyrəşmişəm. Yüksək liqada qalmaq uğrunda mübarizə mənə maraqlı deyil.
– O da az qəribə deyil ki, serbiyalı ola-ola klubsuz vaxtlarında belə variantları Azərbaycanda axtarırsan. Serbiyadan sənə heç maraq yoxdu?
– Serbiyadan çox sayda təklif gəlib. Amma orda “Partizan”dan başqa heç kimdə pul yoxdu. Hətta sabiq komandam “Banat” mənə direktor vəzifəsi təklif etmişdi. Razılaşmadım, çünki özümdə daha 3-4 il oynamaq gücünün olduğunu hiss edirəm. Bu iş həmişə var; 5 ildən sonra da idman direktoru ola bilərəm. İndi futbol oynamaq istəyirəm.
– 36 yaşın var artıq… Güclü komandalardakı daha gənc qapıçılarla rəqabətdən qalib çıxmaq nə dərəcədə realdı?
– Mənim onlara nisbətən bir üstülüyüm var: təcrübə. Son 15 ildə müntəzəm olaraq qapıda dururam, 1000-ə yaxın oyun keçirmişəm. Öz səviyyəmə bələdəm və rəqabətə də hazıram. Səhhətimlə də bağlı heç vaxt problemim olmayıb.
– Azərbaycanda məşhurluğu “Neftçi”də qazanmısan. İndi orda sənin həmyerlin Saşa Stamenkoviç dayanır. Şəxsi tanışlığınız var?
– Var. Yaxşı qapıçıdı. Məncə, o nəyə qadir olduğunu göstərəcək. Uğurlar arzulayıram və “Neftçi”də mənim kimi 5 il oynamağın diləyirəm (gülür). Çünki bir komandada bu qədər müddətdə sabit oynamaq asan deyil.
 İlyarım bundan əvvəl “Neftçi”dən gedəndə nə baş vermişdi?
– Heç nə. Həmin mövsüm çempion ola bilmədik. Rəhbərlik heyəti dəyişmək qərarına gəldi. Müqaviləm qalsa da, mən də getməli oldum. Heç bir münaqişəyə girmədən razılaşdım.
 Stamenkoviçlə yanaşı “Qarabağ”da Boyan Pavloviç də var. Yüksək liqanın güclü klublarında təcrübəli qolkiperlər az deyil.
– Bəli. Həmin Lomaya da pis durmur, “Bakı”dan Şarliya da. İlk “altılıq”dakı hər bir komanda təcrübəli qapıçıya malikdi.
– Belə şəraitdə sabah hansısa iddialı klubdan zəng gəlsə, amma sənə yalnız ehtiyat qolkiper olmaq təklif edilsə, razılaşarsanmı?
– Mən heç kimə oynamaq şərti qoymaram. Amma özümü tanıyıram və rəqabətdən qorxmuram. Karyeram boyunca heç vaxt ehtiyatda qalmamışam. Heç kim məni qorxutmur (gülür). Səhv başa düşmə, demirəm ki, dünyada 1 nömrəyəm. Sadəcə, Azərbaycanda oynayıb özümü göstərmişəm və hansısa qolkiperdən bu mənada qorxmağa dəyməz.
– Qapıçı və peşəkar kimi Kamran Ağayevin məsələsinə fikir bildirərdin. Kapitanlıqdan məhrum edilməsi onun psixoloji durumunu yaxşılaşdıracaq, ya pisləşdirəcək? Hər halda, tez-tez deyirlər ki, qapıçılar bu dünyanın adamları deyillər.
– Bu onunla bağlıdı ki, qapıçının çiyninə həmişə böyük məsuliyyət düşür. Kamrana qolkiper kimi böyük hörmətim var, yığmada da, “Xəzər”də də əla oyunlar keçirib. Onun haqqında yalnız yaxşı sözlər deyə bilərəm. Amma sənin sualınla bağlı şərh vermək istəmərəm, çünki daxildəki proseslərdən xəbərim yoxdu. Bəlkə orada biz bilmədiyimiz nəsə var.
 Bu mövsüm barədə danışaq. Hamı bir-birini məğlub edir, “Xəzər Lənkəran” isə yenə də liderdi.
– AZAL-ın bu pillədə olması gözlənilməzdi. Mövsümə yaxşı başlayan, amma sonradan sürəti azaldan “Qəbələ”dən də çox şey gözləyirdim. “Xəzər” isə indi inamla 1-ci pillədədi. Məncə, “Neftçi” qşda gücləndikdən sonra ciddi olaraq mübarizəyə qoşulacaq. Buna da ümid edirəm. Çünki “Neftçi” mənim komandamdı və hələ də onlara azarkeşlik edirəm.
– Arzular sonsuzdu. “Neftçi”yə qayıtmaq arzusu hələ ölməyib ki?
– Prinsipcə, indi belə bir arzum yoxdu. Orada uzun müddət dayanmışam. İndi Saşa gəlib. Məndən cavandı, qoy, dursun. Əlbəttə, belə şans olsa, məmnuniyyətlə razılaşaram. Amma mənə elə gəlir ki, “Neftçi”nin qapısında artıq hamını bezdirmişdim (gülür). Bu artıq tarixdi. İndi başqalarının növbəsidi. “Neftçi”yə başqa funksiyada qayıtmağa hər zaman hazıram. Fərqi yoxdu hansı vəzifəyə.
– “Böyük oyun” ərəfəsindəyik. Bu matçın önəmi çox şişirdilir, yoxsa futbolçular üçün də bu, fərqli oyundu?
– Fərqli hisslər olur. Hər halda, azarkeşlərin daha çox diqqət mərkəzində olursan. Əsas rəqiblərindən biri ilə qarşılaşırsan. Adətən bu görüşlər turnir vəziyyəti baxımından maraqlı olur. Buna görə də bir qədər fərqlidi. Budəfəki matça gəlincə, şanslar həmişəki kimi 50-50-yədi. Amma “Neftçi”nin qalib gəlməsini istəyirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail