"Kəpəz"in futbolçusu: "Onlara baxanda qürur hissi keçirirəm"

09.05.2017 | 4084 dəfə oxunub

"Kəpəz"in futbolçusu Serjinyo klubun saytının "Tam sərbəst" rubrikasının qonağı olub. Stadium.Az xəbər verir ki, portuqliyalı futbolçu futboldankənar fikirlərini oxucularla bölüşüb:

Yaşamaq gözəldir

Dünyamız gözəldir. Həyatdan, Tanrının bizə bəxş etdiyi nemətlərdan ilham alan birisiyəm. Yaşamaq gözəldir, həyatımıza xoşbəxtlik qatan çox şey var. Həyatı düzgün dəyərləndirməli, əməlimiz ilə öyünməliyik. Yüksək mənəvi dəyərlərə qiymət verirəm, həmişə onlara sadiq qalmağa çalışıram. Düzdür, hərdən hər şey bizim istədiyimiz kimi getmir. Buna baxmayaraq, həyatımızı daha da gözəl etmək üçün hər günümüzü mükəmməl keçirməyə çalışmalıyıq. Mənim ilham mənbəyim həmişə valideynlərim olub. Onlar mənim yaxşı həyata malik olmağım üçün çox çalışıblar. Yaşayıb-yaratmaq üçün düzgün istiqamətə yönəldiblər. Mənə və bacıma həm maddi, həm də mənəvi tərəfdən dəstək olmaq üçün çox şeyləri qurban veriblər. Ona görə də, onlara baxanda qürur hissi keçirirəm və yaxşı həyat üçün mübarizə aparmaq gücünə sahib oluram”. 

Ah qadınlar, qadınlar

“Hər bir güclü kişinin arxasında güclü qadın dayanır. Bu, doğru məsəldir. Həyatımda 3 qadın var və onlar mənim üçün çox önəmli yer tuturlar. Söhbət anam, bacım və həyat yoldaşımdan gedir. Onların hər biri ayrı-ayrılıqda mənə görə çox dəyərli, qiymətlidirlər. Həyatımda necə vacib insan olduqlarını yaxşı bilirlər, bunu nəinki dəfələrlə onlara söyləmişəm, hərəkətlərimdə belə hiss etdirmişəm. Bu xanımlar mənim gücüm, dəstəyim və hər şeydə sağ əlimdirlər. Bir dəfə demişdim, yenə deyirəm - kişiləri qadınlarsız təsəvvür etmək belə, çətindi (gülür). Bu, tək mənim sözüm deyil. Yəqin ki, hamı belə fikirləşir. İndi anam və bacımdan ayrı yaşasam da, həyat yoldaşım daim yanımdadı. Odu ki, o, yaxşı və pis anlarımda həmişə dayağım olub. Bu gün bu səviyyəyə də çatmağımda onun əməyi böyükdü. Bunu dana bilmərəm”.

Musiqi ruhun qidasıdı 

“Musiqini çox sevirəm, bəlkə də musiqisiz insan həyatını təsəvvür etmək olmaz. Portuqaliya “fadu” deyilən musiqi janrının vətənidi. Bu, lirik və qəmgin notlar üzərində qurulan musiqilərdi. Dünyada çox tanınıb, ancaq bizim digər janrda musiqilərimiz də var. Sözün düzü, belə mahnıları dinləmirəm, xoşum gəlmir (gülür). Həmişə musiqi alətlərindən pianino və gitaranı sevmişəm, ifa etməyə səy göstərmişəm. Ancaq heç vaxt onları öyrənməyə vaxtım olmayıb. Daha çox gitarada ifa etməyə cəhd etmişəm. Lakin nəticə yaxşı olmadığı üçün bir daha gitaranı əlimə almadım (gülümsəyir)”.

Çox gəzən, çox bilər 

“İstirahət, əyləncə üçün çox səyahət etməmişəm, yalnız həyat yoldaşımla Dominikan Respublikasına istirahət üçün yollanmışam. Digər səyahətlər isə əsasən futbolla bağlı olub. Kolumbiya, Panama, Fransa və İspaniyada olmuşam. Ancaq ümid edirəm ki, gələcəkdə daha çox səyahət edəcəm və digər ölkələrlə də tanış olmaq imkanı qazanacam. Mənim tətilim əsasən dostlarımın yaşadığı şəhərlərdə keçir. Bir qrup əla dostlarım var. Biz həmişə birlikdəyik və onlarla birgə bir çox maraqlı ekskursiyalar edirik. İstirahətdə futbol və kart oynayırıq, bir süfrə arxasında nahar edirik, bir qədəh şərab içirik, çimərliyə gedirik və üzürük. Hobbim yoxdu, həyatı necə istəyirəm elə də yaşayıram. Əlbəttə ki, hər ziyarət etdiyim ölkədən suvenir alıram ki, gələcəkdə övladlarıma nəsə göstərə bilim”.

Azərbaycan - Odlar yurdu 

“Azərbaycandakı bu macəranı sevdim. Bu ölkə məni valeh etdi, əsasən də Bakı. Çoxlu tıxacların olmasına baxmayaraq, bu şəhər çox gözəldi. Bakının çoxlu görməli yerləri var. Ən sevdiyim yerlər isə bağlar və dənizkənarı parkdı. Orda gəzməyi çox xoşlayıram. Təəssüflər olsun ki, Gəncəyə yalnız oyundan oyuna gəldiyimiz üçün şəhər haqqında təsəvvürüm azdı. Gəncənin tarixi şəhər olduğu haqda az-çox eşitmişəm. Yeməklərə gəldikdə, düzünü desəm, çox da Azərbaycanın milli təamlarından dadmamışam. Yalnız qonaqlıqlarda və ya bəzi matçlardan sonra yemişəm. Digər günlər isə evdə əsasən öz yeməklərimizdən bişirib yemişəm. Portuqaliya mədəniyyəti Azərbaycan mədəniyyətindən tamamilə fərqlidi. Bizim də Novruza müəyyən mənada bənzər adətimiz var, ancaq biz bunu başqa tərzdə keçiririk. Açığını deyim, Gəncədə gördüyüm Novruz bayramı çox maraqlı idi və həmişə bunu xatırlayacam”.

Sirli dünya - Portuqaliya

“Portuqaliya planetimizdə çox fərqli bir ölkə statusunu daşıyır və məncə, hamı üçün də maraqlı bir ölkədi. Portuqaliya çox sakit bir yerdi, burda yaşayan insanlar əməksevərlərdi, zəhmətə alışqandırlar. Ölkəmizin çoxlu gözəl kurort şəhərləri və möhtəşəm çimərlikləri var. Şübhəsiz ki, Portuqaliya dünya futbolunda Eysebio və Fiqu kimi məhşur oyunçuları ilə tanınır, hazırda vətənimiz Kriştiano Ronaldoya görə daha çox məşhurdur. Ancaq əmin olun ki, tək bununla tanınmırıq. Digər ölkələr bizi həm də dadlı təamlarımıza görə də tanıyır. Portuqaliya zəngin mətbəx mədəniyyəti ilə çox məhşurdur. Bizim dinlə bağlı bayramlarımız da var”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail