Şahin Diniyev: "Bilirsiniz, burda vəziyyət bir qədər qarışıqdı"

27.10.2017 | 6356 dəfə oxunub

“Kəpəz”in baş məşqçisi Şahin Diniyevin müsahibəsini təqdime dirik: 

- Premyer Liqada bu tur Bakıda “İnter”in qonağı olacaqsınız. Oyunla bağlı fikirlərinizi bilmək maraqlı olardı...

- Hamı başa düşür ki, çətin vəziyyətdəyik. Xal qazanmaq lazımdır. Komanda tamamilə bu oyuna köklənib. Bir az psixoloji gərginlik var. Bu da xalın az olması, komandanın axırıncı yerdə getməsi ilə bağlıdır. Futbolçular üzərində təzyiq çoxdur. Bu təzyiqdən çıxmağın bir yolu var ki, qələbə qazanıb, özünəinamı geri qaytarmalıyıq. “Neftçi” ilə oyunda uduzmağa layiq deyildik. Ancaq hər dəfə bu cür məğlubiyyətlərdən sonra inam bir qədər də itir. “İnter”lə oyun güvəni qaytarmaq baxımından yaxşı imkandır. Çox danışmağa ehtiyac yoxdur. Fakt göz qabağındadır. Bu oyuna çox ciddi, məsuliyyətlə hazırlaşırıq. Uğurlu nəticə ilə qayıtmağa çalışacağıq.

- Bu gün “İnter”in vəziyyəti də acınacaqlıdır. Komanda 13-14 futbolçu ilə məşq edir. Bunu “Kəpəz” üçün üstünlük hesab etmək olarmı?

- Mən buna üstünlük deməzdim. Ona görə ki, 13-14 futbolçu olsa da, hamısı sabit oynayan oyunçulardı. 1-2 nəfərin oynamaması elə də ciddi problem deyil. Əsas heyət baxımından korluq çəkmirlər. Sadəcə, ehtiyat qüvvələrinin az olması problemdi. O da aydındır ki, futbolda maksimum 13-14 nəfər oynaya, uzağı 3 dəyişiklik ola bilər. Məncə, bu qədər futbolçu bəs edər. “İnter”də səviyyəli həm legioner, həm də yerli futbolçu çoxdu. Oyunun taleyini həll edə bilən futbolçular var. Bizim vəziyyətimiz heç də onlardan yaxşı deyil. Bu, özünü turnir cədvəlində də göstərir.

- Aydın məsələdir ki, qış fasiləsinə kimi vəziyyət bu cür olacaq. Bəs fasilədən sonrası üçün rəhbərlik nə deyir? Müsbət dəyişikliklərin olacağını gözləmək olarmı?

- Bilirsiniz ki, Məhəmməd Qurbanovu komandaya götürmüşük. Neçə vaxtdı, məşq etmir. Fiziki cəhətdən hazır deyil. Bu yaxınlarda Seneqaldan Aladji Mansur Ba adlı bir futbolçu dəvət eləmişik. Onun da potensialı var, amma 2 aydı futbol oynamır. Sual oluna bilər ki, nəyə görə peşəkar komanda hazır olmayan futbolçular alır?  Həmin futbolçular dekabra kimi pulsuz oynayacaq. Kiçik bir büdcə ilə yalnız bu qədərini edə bilirik. Hazır futbolçu almağa imkan yoxdu. Məncə, daxili ehtiyatımızı artırsaq, bu komanda ilə uçurumdan çıxmaq olar. Desək ki, yanvardan sonra ciddi dəyişiklər olacaq, yalan olar. Hazırkı heyətlə nəyəsə nail olmağa çalışacağıq. Bu futbolçuların üstündən xətt çəkmək olmaz. Hər bir oyunda görünür ki, onlarda nəsə var. Sadəcə, komandanın 10 oyundan 9-nu səfərdə oynaması futbolçular üçün böyük təzyiqdi. Xalın az olması, özünəinamın itməsi bunları sıxır. Hazırkı psixoloji durumdan çıxmaq lazımdı.

- Seneqallı yarımmüdafiəçi ilə artıq müqavilə bağlamısınız?

- Bəli, onunla may ayına qədər müqavilə imzalanıb. Dediyim kimi, hazır futbolçu deyil. Dekabra kimi baxacağıq, bizi qane eləsə, onunla davam edəcəyik.

- Belə çıxır ki, sizi qane eləməsə, geri qaytarıla da bilər...

- Bu iki ay onun üçün sınaq dövrüdür. Buna görə pul xərcləyən deyilik. Özünü doğrultsa, digər məsələlər həll olunacaq.

- “İnter”lə oyunda da Məhəmməd Qurbanovu meydanda görə biləcəyik?

- Bəli, oynayacaq. “Neftçi” ilə görüşdə fiziki forması imkan vermədi, cəmi 60 dəqiqə oynaya bildi. Düşünürəm ki, bu dəfə 70-75 dəqiqə mübarizə apa biləcək.

- AFFA Robert Prosineçki ilə əməkdaşlığa son qoydu. Siz bu addımı necə dəyərləndirirsiniz?

- Hər məşqçinin işlədiyi dövrdə səhvi də, düzü də olur. Ən böyük komandalarda işləyən mütəxəssislərdə də belədi. Prosineçkinin də bu mənada səhv qərarları da oldu, düzgün qərarları da. Məsələn, 10 xal yığması yaxşı nəticədi. Millidə oyun baxımından irəliləyiş gördük. Amma AFFA hədəfləri dəyişməli idi. Belə qalmaq olmaz. Federasiya düzgün qərar verdi. Məşqçinin adının hər dəfə bir klubla hallanması pisdir. Bu amil futbolçulara da təsir edə bilər. Prosineçkinin menecerləri böyük yanlışlığa yol verdilər. Bu da federasiyanın xoşuna gəlmədi. Düzdü, UEFA-da belə bir şey var ki, müqavilə müddətinin bitməsinə 6 ay qalmış danışıq apara bilərsən. Ancaq belə açıq şəkildə gündə bir klubla danışıq aparmaq futbolçuların əhvalına da da sirayət edir. İşlədiyin yerə hörmətsiz yanaşmaq kimi bir şeydir. Bu, onun menecerlərinin kobud səhvi idi və heç kimin xoşuna gəlmədi. Bir yerdə işləyən birinin ürəyi, ruhu başqa yerdə olmamalıdı. Mənə elə gəlir ki, federasiya bu məsələdə özünü ləyaqətlə apardı və düzgün qərar verdi.

- Artıq hər kəsi bu sual düşündürür: AFFA-nın növbəti seçimi yerli, yoxsa əcnəbi olacaq? Siz necə düşünürsünüz?

- Bilirsiniz, burda vəziyyət bir qədər qarışıqdı. Əsas məsələ millinin strategiyasıdır. Buna uyğun məşqçi seçilməlidir. Əvvəlcə hədəf müəyyənləşdirilməli, sonra baş məşqçi təyin olunmalıdır. Strategiyaya uyğun gələn məşqçiylə işləmək lazımdır. Futbol adamı yox, bir azarkeş kimi deyə bilərəm ki, xaricilərin özlərindən sonra qoyduqlarını görəndə yerli mütəxəssislərin işləməsini istəyirəm. Həm Berti Foqtsun yaxınlarda verdiyi müsahibədə Azərbaycana qarşı hörmətsizliyi, həm də Prosineçkinin bundan sonra söyləyəcəkləri fikirlər bunu deməyə əsas verir. Sözün varsa, burda olanda demək lazımdı. Gedəndən sonra danışmaq düzgün deyil. Bir vətəndaş kimi yerlilərin tərəfindəyəm. Amma hər birimiz federasiyanın verdiyi qərara hörmətlə yanaşırıq.

- Milli komandaya yerli mütəxəssis düşünüləndə, ən birinci Qurban Qurbanovun adı ön plana çıxır. Təcrübəli futbol adamı kimi, sizcə, bu seçim milli komandaya nə verə bilər?

- Bu, danılmaz faktdır. Bu gün yerli mütəxəssisdən söhbət gedəndə, Qurban Qurbanovun adı təbii olaraq, birinci yerdə olmalıdır. Məşqçini qazandığı uğurlara görə birinci və ya axırıncı yerlərə qoymaq olur. Qurban da gənc məşqçi deyil. Hər il üstünə qoya-qoya artıq 50 yaşı olacaq. Yetərincə təcrübəsi var. Ən əsası da “Qarabağ”la beynəlxalq təcrübəsi kifayət qədərdi. Nəzərə alsaq ki, millini təşkil dən futbolçuların 50-60 faizi “Qarabağ”dan gəlirsə, niyə də olmasın?! Yerlilərin içində ən real namizəd kimi Qurbanı görürəm. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail