Tahir Gözəl: "Bunu hələ öz aramızda məsləhətləşməmişik"

13.08.2021 | 3750 dəfə oxunub

"Qarabağ"ın prezidenti Tahir Gözəl evdə Kipr AEL-inə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra brifinq keçirib.

- Həyəcan keçirdiyiniz dəqiqələr çoxmu oldu?

- Çox oldu. Çünki bu, Qarabağın azad edilməsindən və sahibinə qaytarılmasından sonra Avropada ilk mövsümümüz idi. "Qarabağ"ın əvvəlki və indiki missiyaları bir-birindən fərqlənib. Bu, oyun mənim çox böyük diqqətimdə idi. Klub olaraq, büdcəmizlə yanaşı, mənəvi dəyərlərimiz də onlardan üstün idi. Nəyi nəzərdə tutduğumu bildiniz. Çox sevindim. Axıra doğru oyun canlandı. "Qarabağ" və futbolçularının təcrübəsi öz sözünü dedi. Nəticədə qələbə qazandıq. Çox sevindirici haldır ki, yolumuza davam edir, artıq Qarabağın sahibləri olaraq, Avropada mübarizəmizi sürdürürük. Bu, çox dəyərli və qiymətlidir. Həm də COVID-19-dan, oyunlara təkbaşına tamaşa etməkdən yorulmuşduq. Bu gün insanlar, təşkilatçılıq, azarkeşlər, "İmarət" fan-klubunun fəaliyyətini yüksək qiymətləndirirəm. Fikrimcə, stadionda 15 minədək tamaşaçı var idi. 1,5 ildir ki, biz onlara həsrət qalmışdıq. Bu gün dadına doyduğumuz futbol hadisəsi yaşadıq. Düzdür, hücumçuya ehtiyacımızın olduğunu oyuna baxanda açıq-aşkar görürəm. Amma hadisə olaraq, yanaşdıqda biz bir futbol günü və qalib gəldiyimiz üçün futbol təntənəsi yaşadıq. Mən buna çox sevinirəm.

- "Qarabağ" hamını qrup mərhələsinə öyrəşdirib. Yenə bu xoş ənənəni davam etdirmək mümkün olacaqmı?

- İnşallah. Görürsünüz ki, dünyada futbol hər il çətinləşir, klubların büdcələri "şişir". Bir neçə gün öncə baş məşqçimiz Qurban Qurbanovla birgə iclas keçirdik. Doğrudan da futbol məsləyi, yaxşı futbolçu cəlb etmək hər gün ağırlaşır. Neçə vaxtdır gözəl bir hücumçu almaq istəyirik. Çox böyük çətinliklər çəkirik. Bütün bunlara baxmayaraq, inanıram ki, "Qarabağ"ın öz sabitliyi, oyunçularının keyfiyyəti və Riçard Almeyda kimi bizi tanıyan, oyunumuzu bilən futbolçunun qayıdışı, yeni gələnlərin tez müddətdə hazır olmaları ilə yaxşı oyunlar ortaya qoyacaq.

- "Qarabağ"ın oyununa Tofiq Bəhramov adına Respublika stadionunun vəziyyəti də təsir göstərir. Ot örtüyünün durumunu qaydasına salmaq mümkün deyil?

- Həqiqət budur ki, stadionun vəziyyəti heç də yaxşı deyil. Çox çətin oldu. Burada əsas drenajlar çatışmır. Layihə qurularkən, səhvə yol verilib. Əslində "Qarabağ"ın öz stadionu ("Azersun Arena" - red.) Azərbaycanda ən gözəl, ən yaxşı arenadır. Lakin təəssüf ki, parkinq və digər lazımi imkanlar olmadığından, avrokuboklardakı rəqiblərimizi öz meydanımızda qəbul edə bilmirik. Çünki həmin vaxt nəzərimizdə bunlar yox idi. Amma Respublika stadionunun mütləq nəzarət altına alınaraq, dövlət investisiyası ilə düzəldilməsi lazımdır.

- Növbəti ev oyunlarınızı başqa stadionda keçirməyiniz mümkündür?

- Bunu hələ öz aramızda məsləhətləşməmişik. Amma bugünkü vəziyyət çətindir.

- "Qarabağ" bu heyətlə çempionluq üçün mübarizə aparacaqmı?

- Mütləq! Biz iddialıyıq. Yeni gələn futbolçularımızla birlikdə yaxşı heyətimiz var. Bircə hücumçu çatışmazlığımız mövcuddur. Qurban Qurbanov məsləhət gördüyü hücumçu ilə heyətimizi tamamlasaq, inanıram ki, çempionluğa çox iddialı olacağıq.

- "Qarabağ"ın Kiprdəki oyunlarında dəfələrlə təxribatlar baş verib. Bununla bağlı UEFA-ya müraciət etmək fikriniz var?

- Bu, çox üzücü, utandırıcı, insana yaraşmayan hadisədir. Onları bilmirəm, bizim anlayış və mədəniyyətimizdə qonaq müqəddəsdir. İki mövsüm öncə Kipr APOEL-inin prezidentini ən gözəl formada qarşılamışdıq. Bu gün də əxlaqımızı, səviyyəmizi göstərdik. Hər bir millət və ölkə öz səviyyəsinə cavabdehdir. Biz Kiprdə baş verənlərə çox da diqqət yetirmədik, onların cavabını futbol meydanında verdik. Məncə, ən gözəl cavab budur. Biz yolumuza davam edirik. Artıq insanlara ehtiram, hörmət, insan haqları, insan hüquqlarına hörmətlə yanaşmaq zamanıdır. Qarşı tərəf də dərin mədəniyyəti, yunan fəlsəfəsini təmsil etdiyini deyir. Baxırıq ki, bunlardan heç bir əsər-əlamət yoxdur. Acınacaqlı vəziyyətdir, amma bizim o hərəkətlərlə işimiz yoxdur.

- Səfər oyununuzda baş verənlərlə əlaqədar Kipr klubunun rəhbərliyi sizdən üzr istədimi?

- Xeyr, onlarla heç bir təmasım olmayıb. Lakin Kiprdən nə zaman qonağımız gəlsə, Azərbaycan mədəniyyətinə, Nəsiminin fəlsəfəsinə və insanlığa yaraşan formada qarşılayarıq. Biz onların cavabını verdik və bu gün ürəyim rahatdır. Buradan alnıaçıq gedirik. Qoy, onlar düşünsünlər. Allah köməkləri olsun. İnşallah, yeni fürsətlər qazanarlar, öz səhvlərini anlayarlar. Çünki onlar kiçilirlər, bizi yox, özlərini kiçildirlər. Bu, acınacaqlı vəziyyətdir.

- Ev oyunlarınızı Ağdamda nə zaman keçirmək istəyirsiniz?

- Hələlik belə bir planımız yoxdur. Ağdamda nələrin ediləcəyi dövlət siyasətinə bağlıdır. Qarabağ azad olunub. İndi oranın bərpası, enerji və yol infrastrukturu, təhlükəsizlik məsələləri var. Məncə, hələ çox tezdir. Bu məsələdə dövlətimizin göstəriş və hədəfləri önəmlidir. Hesab edirəm ki, Ağdamda stadiondan əvvəl daha çox şeyə ehtiyac var. Resursların qiymətləndirilməsi, insanların qayıdışı, ərazilərin istifadəyə yararlı hala gətirilməsi, iqtisadi infrastrukturun yaradılması lazımdır. Səbirli olsaq, stadion da olacaq. Əlbəttə, bu, bizim arzumuzdur.

- "Qarabağ" klubu ilə ən yuxarı nöqtə olaraq, nəyi hədəfləyirsiniz?

- Hədəfimiz öz gənclərimizi yetişdirməkdir. Hazırda 160 yerli futbolçumuz var. "Qarabağ" deyəndə əsas heyətdəki 20 nəfəri gözə almayın. Oyunlarımızda öz yetirmələrimizi görmək istəyirik. Bu, klub prezidenti kimi arzumdur. Bu barədə Qurban Qurbanovla da danışırıq. Lakin çətin hadisədir və hər zaman alınası deyil. Bir nəsil gəlir, qaralar, maksimlər yetişir, amma sonradan 5-6 il heç kim gəlmir. Arzum budur ki, öz içimizdən futbolçu yetişdirək və ciddi klub olaq. "Qarabağ"ın sabitliyi bizim üçün çox önəmlidir. "Qarabağ" dünyada Azərbaycanı təmsil edən, Azərbaycan xalqını bugünkü kimi sevindirən, bayrağını daşıyan ciddi klubdur. Amma resurslarımız öz içimizdə olmalı, özümüzdən asılı olmalıdır. Çünki xaricdən oyunçu gətirmək hər il çətinləşir, mümkünsüzləşir. Hər yerdə klubların büdcələri 5-6 dəfə çoxalıb. Çox bəsit futbolçular artıq bu tərəflərə gəlmək istəmirlər. Çünki Avropa ölkələrinin ikinci və üçüncü liqalarından onlara xeyli tələbat yaranıb. Ona görə də biz özümüzdən asılı olmalıyıq. Mənim arzum budur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail