Jurnalistlər final oyunu barədə nə düşünür?

28.05.2013 | 7643 dəfə oxunub

İndi bütün futbol ictimaiyyətinin diqqəti bu gün keçiriləcək Azərbaycan Kubolkunun final oyununa yönəlib. İlk dəfə olaraq finalda qarşılaşacaq "Neftçi" - "Xəzər Lənkəran" cütlüyünun duelinə maraq hədsiz böyükdür. Premyer Liqanı qalib kimi başa vuran "Neftçi" indi qızıl dubl arzusundadır. "Xəzər Lənkəran" isə çempionatda yaşadığı fiaskonu ölkə kubokunu qazanmaqla unutdurmaq niyyətindədir. İstənilən halda, bizi maraqlı və gərgin qarşılaşmanın gözlədiyini əvvəlcədən təxmin edə bilərik. Bəs futbol kurnalistləri bu barədə nə düşünür?

 "1news.az" saytının idman şöbəsinin müdiri Elmir Əliyevin fikrincə "Neftçi" kubokda əsas favoritdir: "Neftçi" matçın şərtsiz favoritidir. Amma bu kubok oyunudur və hər şey ola bilər. Əlbəttə, bu, prinsipial rəgiblərin oyunu olacaq. Və bu məqam "Xəzər Lənkəran"a əlavə stimul verəcək. Lənkəranlılar bu oyunu udsalar, mövsümü qəhraman kimi bitirəcəklər. Bununla da çempionatdakı uğursuzluq yaddan çıxacaq. Amma "Neftçi"də mövsümü major notda bitirmək istəyir. Bu oyunu böyük maraqla gözləyirəm".

"Komanda" qəzetinin redaktoru, tanınmış köşə yazarı Natiq Muxtarlının final oyununa yanaşması isə bir qədər fərqlidir: "Əslində komandaların çempionatdakı çıxışını nəzərə alıb, çoxları "Neftçi"ni final oyununun favoriti qismində görür. Məncə elə "Neftçi"nin futbolçuları da artıq qələbəyə əmindirlər. Məhz bu amil fianl görüşündə "ağ-qaralar"ın əleyhinə işləyər. Düşünmürəm ki, ikinci "altılıq"da keçirilən qarşılaşmalar "Xəzər Lənkəran"ın əsl gücünün göstəricisidi. Bu, Con Toşakın bicliyi də ola bilər. Unutmayaq ki, yarımfinalda "Bakı"da favorit sayılırdı. Amma cənublular parlaq oyunla qalib gəldilər. Ondan sonra "Xəzər Lənkəran" bütün qarşılaşmalara sanki məşqə çıxırmışlar kimi çıxıblar. Növbəti partlayış final qarşılaşmasında ola bilər. "Neftçi"nin futbolçuları çempionluq eyforiyasından çıxa bilməsələr ötənilki aqibəti yaşayacaqlar".

Daha bir köşə yazarı, həm "Gündəlik Teleqraf" qəzetinin idman yazarı, həm də qəzetimizlə əməkdaşlıq edən Ceyhun Əliyev isə "Neftçi"nin kuboku əldən verməyəcəyinə əmindir: "Ötən mövsümdən fərqli olaraq, inanmıram ki, "Neftçi" bu dəfə "qızıl dubl" etmək imkanını qaçırsın. Doğrudu, "ağ-qaralar"ın futbolçuları müstəqillik dönəmində Azərbaycan adına ən ağır klub mövsümü keçiriblər və təbii ki, mövsümün son oyununu keçirib, istirahətə yollanmaq barədə düşünürlər. Bu da faktdı ki, həmin arzular Böyükağa Hacıyevin drujinasına olduqca baha başa gələ bilər. Ancaq rəqib amilini də unutmayaq. Toşak nə qədər istedadlı məşqçi olsa da, bu heyəti o formalaşdırmayıb. Elə çempionatdakı oyunlar da göstərdi ki, hazırki “Xəzər Lənkəran” "ilk altılıq"da oynamağa layiq deyildi. “Neftçi” isə mənim qənaətimə görə müstəqillik dönəmində ən güclü heyətə malikdi. Bütün bu faktorları nəzərə alaraq, cənubluların finalda sevinən tərəf olacağına inanmıram".

"Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmlinin də fikirlərini öyrəndik. Mahir müəllim də düşünür ki, bakılılar əyalət təmsilçisindən üstündür: "Söhbət futbol adlı oyunun reallıqlarından, oyun komponentlərindən gedirsə, heç şübhəsiz, bu gün "Neftçi" "Xəzər Lənkəran"dan açıq-aşkar üstündü. Deməli, həm də bakılıların kuboku qazanmaq şansı daha yüksəkdi. Amma kubok finalları üçün xarakterik olan bir özəllik də var: burda favorit anlayışı nisbi xarakter daşıyır. Yəni mayın 28-də "Neftçi" önünə birinci dəstənin sonuncusu "Şəmkir" də çıxsa, titul naminə sonacan döyüşəcək. Nəhayət, oyunun axarına ciddi təsir göstərəcək daha bir məqam haqda fikirlərimi bölüşmək istəyirəm. Məlumdu ki, "Xəzər Lənkəran" Avroliqaya məhz "Neftçi"nin hesabına yollanır. Fikir vermisizsə, bakılıların düşərgəsində bu məqamdan rəqibi aşağılamaq şansı kimi yararlanırlar. Odu ki, "Xəzər Lənkəran" kuboku qazanmaqla klub şərəfini də qorumağa çalışacaq. İstənilən halda, "Neftçi" bir addım öndədi. Amma bu addımın ölçüsü çoxlarının qələmə verməyə çalışdığı qədər böyük deyil. Şəxsən mən şansları 51-in 49-a nisbətində "Neftçi"nin xeyrənə qiymətləndirirəm".

"Sport Ekspress" qəzetinin redaktoru Şamo Quliyev də düşünür ki, final qarşılaşması olduqca rəngarəng keçəcək: "Finalda prinsipal rəqiblərin qarşılaşması oyuna əlavə rəng qatır. Ancaq nəzərə almaq lazımdı ki, "Xəzər Lənkəran" əvvəlki "Xəzər Lənkəran" deyil. Hazırda "Neftçi" rəqibindən çox güclüdü və görüşün aşkar favoritidi. Səhv etmirəmsə, flaqman sonuncu dəfə 9 il əvvəl ölkə kubokunu qazanıb. "Neftçi"nin ardıcıl ikinci mövsüm "Qızıl dubl" etmək şansını qaçıracağına inanmıram. Hacıyevin komandası "Xəzər Lənkəran"ı yenməkdə çətinlik çəkməməlidi".

"İnterAz" televiziyasının idman aparıcısı Rüfət Nadirlinin final qarşılaşması barədə dedikləri isə belə oldu: "Neçə vaxt idi ki, "Neftçi" ilə "Xəzər-Lənkəran"ın timsalında maraqlı oyunun şahidi olmurduq. "Xəzər-Lənkəran" "ikinci altılığ"a düşəndən sonra Azərbaycan futbolunda azarkeşlər "Böyük oyun"u yaddan çıxarmışdılar. Amma şükürlər olsun ki, mayın 28 də böyük futbol bayramını yenidən yaşayacağıq. İlk öncə hər iki kluba uğurlar arzu edirəm. "Neftçi"ni çempionluq münasibətilə də təbrik edirəm. Qaldı ki, klubların oyundakı şanslarına, mən deyim ki, bu görüşdə bol qol qeydə alınacaq. "Xəzər-lənkəran" "ikinci altılığ"a düşəndən bəri çempionata yox, kubok oyunlarına böyük önəm verdi və elə ona görə idi ki, nəticədə Cənub təmsilçisi finala qədər gəlib çıxa bildi. Bəziləri "Xəzər-Lənkəran"ın bu görüşdə şansının o qədər də çox olmamasını desələr də, mən bununla razı deyiləm. Çünki çempionat oyunları başqa, kubok oyunları başqa olur. Bunu yəqin ki, mütəxəssislər də təsdiq edərlər. Amma "Neftçi"də rəqibə meydanda asan oynamağa qoymayacaq. Çünki bu komanda həqiqətən yaxşı oyun sərgiıəyir, baxımlı oyun oynayır. "Neftçi" üzərində asan qələbə qazanmaq mümkün deyil. Elə Neftçi özü də Xəzər-lənkəranı asanlıqla məyus etməyəcək. Bir sözlə, mübarizəli oyun görəcəyik".

"Stadium.az" saytının baş redaktoru Vüsal Gözəlovun da bu oyunla bağlı düşüncələrini öyrəndik. Gözəlov finalda konkret olaraq üstün komandanın olmadığını söyləsə də, bakılıları bir addım öndə göstərdi: "Çoxları bu qarşılaşmanı "böyük oyun" kimi qiymətləndiri, ama heç vaxt bununla razılaşmamışam. Azərbaycan futbol tarixində belə oyun heç vaxt olmayıb, yəqin ki, yaxın 5-10 ildə də olmayacaq. Bu "böyük oyun" yox, kubokda iki prinsipial rəqibin qarşıdırması olacaq. "Xəzər Lənkəran" əzəli rəqibini üstələyərək mövsümü titulla başa vura bilsə, çempionatdakı uğursuzluq onlar və azarkeşləri üçün bir andaca yoxa çıxacaq. Əks təqdirdə onların itirəcəyi bir şey yoxdur, onsuz da Avrokuboklara getməyi onlara məhz "Neftçi" nəsib edib. Məğlubiyyət bu komanda üçün sadəcə təəssüf hissi ola bilər. Amma 9 ildi kuboka həsrət qalıb və klub rəhbərliyi də futbolçular qarşısında şərt qoyub ki, mövsüm "qızıl dubl"la bitməlidir. Bu isə komandada əlavə psixoloji gərginlik yarada bilər ki, rəqib oyunun gedişində bundan yararlana bilər. Əgər "Neftçi" oyuna tam köklənə bilsə, o zaman "Xəzər Lənkəran"ın koboku növbəti dəfə Lənkərana aparması müşkil bir iş olacaq. Finalda heç vaxt favorit olmur, sadəcə oyun və heyət baxımından "Neftçi"ni bir addım öndə göstərmək olar. Bu da ancaq nisbi xarakter daşıyır".

"Futbolxeber.az" saytının redaktoru Sahib Zeynalov da digər həmkarları kimi "Neftçi"ni kubokun finalında favorit görür: "Cari mövsümün nəticələrini nəzərə alsaq, o zaman finalın favoriti kimi "Neftçi"nin adını çəkmək olar. Amma final oyunlarında heç vaxt favorit olmur. Həmin gün hansı komanda daha yaxşı formada olsa, həmin komanda da qələbə qazanacaq. Cari mövsümdə uğursuz çıxış etməsinə baxmayaraq, "Xəzər Lənkəran" lazımı anda sözünü deməyi bacarıb. Çempionatda elə "Neftçi" ilə, kubokda isə "Bakı" ilə cavab matçında "Xəzər Lənkəran" əsl komanda ruhu göstərdi. Cənublular hər iki matçda dişi ilə, dırnağı ilə qələbəni rəqdibdən aldı. Əgər, finalda da "Xəzər Lənkəran" vahid komanda kimi döyüşsə, futbolçular ürəklərini meydanda qoysalar, kuboku qazana bilərlər".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail