Adil Nadirov: “Bu gün Ağdamın təkcə “Qarabağ”ı qalıb”
1993-cü il iyulun 23-də Ağdam ermənilər tərəfindən işğal olundu. Ümumi sahəsi 1154 kv. km. olan Ağdam rayonunun hazırda cəmi 10 kəndi nəzarətimiz altındadı. 6 mindən artıq ağdamlının şəhid olduğu müharibədə Ağdamı xatırladan çox az şeyimiz qalıb. Onlardan biri də “Qarabağ”dı. İşğalın ildönümü ərəfəsində Ağdam, “Qarabağ” haqqında kiminlə söhbətləşəcəyimi xeyli əvvəl müəyyən etmişdim. Bu şəxs, Azərbaycan futbolunda tanınmış mütəxəssis, “Qarabağ”ın yaradıcısı, şəhid qardaşı Adil Nadirov idi. Adil müəllim haqqında qısa xatırlatma – 1947-ci il aprelin 28-də Ağdamda anadan olub. Futbol oynamağa “Qarabağ”da başlayıb. 1968-ci ildə SSRİ birinciliyinin aşağı dəstəsində çıxış edən Mingəçevirin “Toxucu”, daha sonra hərbi xidmətlə əlaqədar Tiflisin “OİK” komandasında çıxış edib. Əsgərlikdən qayıtdıqdan sonra yenidən Ağdam komandasının şərəfini qoruyub. Ağır zədə aldıqdan sonra futbolla vidalaşıb. 1987-ci ildə indiki “Qarabağ”ı təsis edib və ilk baş məşqçisi olub. Komanda 3 dəfə SSRİ dövründə Aəzrbaycan çempionu, 1 dəfə isə yeni yaradılmış milli çempionatın qalibi adını qazanıb. 30-dan çox futbolçunun yetişməsində əməyi olub. Məhz bu səbəbdən, “əməkdar məşqçi” adına layiq görülüb. 2 oğlu, 2 nəvəsi var. Özünün dediyinə görə kiçik nəvəsini daha çox istəyir, çünki futbolçu olacaq.
-
Axırıncı dəfə “İmarət”də “Turan”a qarşı oynamışıq. 1991-ci ilin axırları idi.
Çox maraqlı görüş alınmışdı. Oyundan əvvəl ermənilər stadiona “qrad” atmışdılar.
“Turan”ın o vaxtkı prezidenti Vidadi Əhmədov yaxın dostum idi. Təhlükəyə
rəğmən, oynayacaqları bildirdi. Halal olsun “Turan”ın futbolçularına, qeyrətli
uşaqlar idi, heç nədən qorxmayaraq meydançaya çıxdılar. Oyun 1:1 hesabı ilə
başa çatmışdı. Tribunalar da həmişə olduğu kimi tamaşaçılarla dolu idi. Həmin
vaxtlar elə gün olmurdu ki, ermənilər Ağdam stadionuna “qrad” atmasınlar.
1992-ci ildə stadionun vəziyyəti ilə əlaqədar ev oyunlarını Mingəçevirdə
keçirməyə başladıq. “İmarət”ə o qədər mərmi atmışdılar ki, darmadağın olmuşdu.
Orada futbol oynamaq mümkün deyildi. Ağdamda Uzundərə deyilən yer var, qonaq
komanda ora çatanda hesab elə ki, artıq 1:0 uduzurdu. “İmarət”ə girəndə isə
hesab 2:0 olurdu. Yəni, elə bir atmosfer var idi ki, Ağdamda gələn komanda “mandraj”a
düşürdü. “İmarət” haqqında bir hadisə söyləyim. Suxumi “Dinamo”su ilə oyundan
əvvəl onların rəhbərliyi ilə çörək yeyirdik. Birdən bərk yağış yağdı. Onların
rəisi meydançanın palçıq olacağından qorxdurdu. İnandırım ki, yarım saat sonra
stadiona gələndə meydança qup-quru idi. Əvvəl elə bildi ki, drenaj sistemimiz
var. Nə qədər yağış yağırdısa-yağsın torpaq canına çəkirdi. ü ü ü Ağdam işğal
olunanda hərə öz ailəsini, əşyalarını götürüb oradan çıxdı. Mənsə “Qarabağ”ı,
futbolçuları. İyulun 22-də qardaşım Ərşadşəhid olmuşdu. Onda demişdim ki,
qardaşım vətən üçün döyüşdü, şəhid oldu, mən də “Qarabağ” üçün döyüşəcəm.
Komandanı Ağdamdan aparıram, amma Ağdama da qaytaracam. Üstündən illər
keçdikdən sonra “Qarabağ” Ağdam torpağında – Quzanlıda oynadı. Mənim də
qeyrətim buna çatdı. Vuruşmasam da, “Qarabağ”ı yaşada bildim. 4 il əvvəl 60
illik yubileyim keçirilirdi. Sözü mənə verəndə danışa bilmədim. Qəhər məni
boğurdu. Nə qədər çalışdımsa, ağzımdan bir kəlmə də çıxmadı. Ağdamda 2 şey
yerdən qaynayıb – bir oxumaq, bir də futbol. Ağdamsız yaşamaq çox ağırdı. Ağdam
Qarabağın Məkkəsi idi. ü ü ü “Qarabağ”ı
1987-ci ildə yaratmışam. Komandanın ilk məşqçisi də özüm olmuşam. Yaxşı uşaqlar
var idi, hamısı öz tələbələrim idi. Həmin uşaqlarla 4 dəfə çempion olduq – 3
dəfə SSRİ vaxtı, 1 dəfə isə Azərbaycan çempionatında. “Qarabağ” ilk çempionluğu
yarandığı il yaşadı, SSRİ birinciliyinə vəsiqə qazandı. Sonradan mən komandanın
başına keçdim və Rəşid Özbəyovu baş məşqçi gətirdim. Sonuncu çempionluğumuz
Ağdamın işğal olunduğu ilə təsadür edir. Təəssüf ki, ardı gəlmədi. Gümüş,
bürünc medalları qazandıq, kuboku götürdük. Amma 20 ildi ki çempion ola bilmir.
Buna baxmayaraq, xeyli uğura imza ata bilmişik. “Qarabağ” Avrokuboklarda ilk
dəfə səfərdə qalib gələn Azərbaycan komandasıdı. Finlandiyanın “MüPA”sını
udmuşduq. Son illərki çıxışı ilə “Qarabağ” sübut elədi ki, Avropada oynamaq
mümkündü. İnanıram ki, bu il də Avropada nəsə eləyəcək. Amma Azərbaycan
birinciliyini deyə bilmərəm. ü ü ü
“Qarabağ” çemponluğa layiq komandadı. Çempion ola bilməməyinin bir çox
səbəbləri var. Birincisi, bura Azərbaycandı. “Qarabağ”ın çempion olması üçün
gərək hamı razı ola. Məsələn, sonuncu çempionatda “Neftçi”yə 2:1 hesablı
məğlubiyyət yəqin ki, yadınızdadı. Şərhə ehtiyac yoxdu. Özü də həmin oyunun
hakimi qarabağlı idi. Meydançadan kənarda baş verən qayda pozuntusuna görə
penalti təyin etməyə nə ad vermək olar? “Qarabağ”ın çempion olmasını
istəməyənlər var. Ad çəkməyəcəm, özləri bu yazını oxuyandan sonra başa
düşəcəklər. Əgər bu komandanı 4 dəfə çempion edə bilmişəmsə, deməli çempion
olmağın yollarını yaxşı bilirəm. Fuad Musayevin dövründə birinci olmaq daha
asan idi, nəinki indi. O vaxt komandalar öz güclərinə çempion olurdular. İndi
isə kömək var, amma açıq-aydın yox. Bunu da elə yerdə edirlər ki, bəs olur.
Fuad Musayev dedim, yadıma düşdü, xahiş edirəm ki, bunu qeyd edəsən. Mətbuata
verdiyi müsahibəsində məni və Aydın İbrahimovu (“Neftçi”nin keçmiş prezidenti –
red.) “moşennik” adlandırıb. Güya Adil “Qarabağ”ın, Aydın isə “Neftçi”nin
pulunu “yeyib”. Aydınla özü bilər. Ondan soruşan lazımdı, “Qarabağ”ın hansı
pulunu “yemişəm”. Pul var idi ki? Komandanı saxlamaq üçün ona-buna ağız
açırdım. Belə də haqsızlıq olar, Allahsızlıq olar. Amma bir şeyi də deyim, indi
futbolumuz 80 faiz düzəlib. Əvvəlki komissarlar, hakimlər yoxdu. Əvvəl
əməlli-başlı bazar idi. Fuad müəllimin mənfi cəhətini dedim, qoy yaxşısını da
söyləyim. “İmarət”də olarkən, Fuad müəllim ağladı. Dedi ki, belə bir yeri
ermənilərə necə verə bilərik? Elə bil əvvəlcədən hiss eləmişdi ki, Ağdam
gedəcək. ü ü ü SSRİ vaxtı “Qarabağ”da
ermənilər də oynayırdı. Bir dəfə mənə dedilər ki, Volqoqraddan bir nəfər hakim
gəlib, səni axtarır. Həmin hakimlə görüşdüm. Soruşdu ki, “sənin erməni
futbolçun olub”? Dedim ki, yox. Dedi ki, sənə Benodan salam var. Beno Qarabağ
ermənisi idi, Xankəndinin “Qarabağ” komandasının kapitanı olmuşdu. Bir il də
bizdə çıxış eləmişdi. Xülasə, həmin rusdan xahiş eləmişdi ki, Adil müəllimi
taparsan və ona deyərsən ki, “Ermənilərin ağılı olmadı, mühəribəyə kimi Qarabağ
ermənilərin idi də. Amma indən sonra ermənilərin olmayacaq”. Ermənilər var idi
ki, 7-8 il bir yerdə futbol oynamışıq. meydançada çox qarşı-qarşıya gəlmişik.
Həmişə oyunlarımız gərgin keçirdi. Amma son illər onlardan xeyli güclü
idik. Bütün erməni futbolçuları yaxşı
tanıyırdıq. Bir dəfə də mənə dedilər ki, bir erməni əsiri var, səni soruşur.
Xalq Cəbhəsinin vaxtı idi. Əclafın adı yadımdan çıxıb, deyəsən Razmik idi. Məni
görən kimi, qucaqlayıb öpmək istədi. Dedim ki, bir dayan görək, camaat elə
bilər ki, xalamoğlusan, dayımoğlusan. Yalvardı ki, məni buradan qurtar. Dedim
narahat olma, səni özününkülərə qaytaracağıq, bizə lazım deyilsən. Həmin əsiri
rəhmətlik Allahverdi Bağırovun sayəsində 5 azərbaycanlı girov ilə dəyişdik.
Razmik Xankəndinin “Qarabağ”ında oynamışdı. Yazıq bir adam idi, içkili halda
maşınla yolu səhv salaraq, bizimkilərin əlinə keçmişdi. Nə qədər də
bir-birimizi tanısaq, ermənilərə ömür boyu nifrət edəcəm. Ermənilər mənim
qardaşımı öldürüblər, Vüqarın atasını. Erməni futbolçuların çoxu müharibənin
olmasını istəmirdilər. Lyonik Oqanesyan var idi. Deyirdik ki, müharibə nəyimizə
lazımdı. Düzü, onlara inanmıram, etibarım yoxdu. Onlara elə bil anadan olanda
beyinlərinə “torpaq, torpaq” sözlərini doldururlar. Neynirsiniz torpağı?
Əhalisinin yarıdan çoxu ölkəni tərk
edib, Ermənistan bom-boşdu. Nə isə, xəstə xalqdı. ü ü ü Bayaq Milli qəhrəmanımız Allahverdi
Bağırovun adını çəkdim. 10 il bir yerdə futbol oynamışıq. Həm də Ağdamda qonşu
idik. Şəhid olan futbolçularımızdan biri idi. Şuşadan da bir futbolçumuz vardı.
Məşqə vertolyotla gəlib-gedirdi. Ermənilər Şuşaya qayıdanda vertolyotu
vurmuşdular. Həlak olmuşdu. Hərdən mənə sual verirdilər ki, nəyə görə
“Qarabağ”ın futbolçuları müharibədə vuruşmayıblar. Bir söz deyim, müharibə
başlayanda Fred Asifin batalyonu stadionda yerləşirdi. Ona dedim ki, istəyirəm
bütün futbolçular sənin batalyonuna yazılsınlar, döyüşsünlər. Çox ağıllı adam
idi. Qayıtdı ki, “əgər camaatı bura yığa bilirsinizsə, futbol oynayırsınızsa,
deməli döyüşürsünüz”. Bir rayonun, bir
şəhərin nə qədər qeyrətli, vuruşan oğlu ola bilər? 300, 500, lap min olsun.
Ağdam 6 min şəhid verdi. Ağdamı ermənilər almadılar, bizimkilər verdilər.
Ağdamlıları günahlandıranlar var. Güya Ağdamı ağdamlılar veriblər. Kim öz
dədə-baba yurdunu itirməyə razı olar? Elə idisə, bu boyda şəhid verməzdik.
Ağdam gedib, geri qaytarmaq isə çox çətinləşib. Mənim gücüm isə komandanı
saxlamağa çatdı. Sevinirəm ki, bunu bacardım. Bu gün Ağdamın təkcə “Qarabağ”ı
qalıb. Başqa heç nəyi yoxdu. ü ü ü
Qardaşım Ərşad iyulun 22-də şəhid olub. Ağdamın işğalından bir gün əvvəl. O
vaxt Ərşadın bir müsahibəsi vardı, demişdi ki, ermənilər Ağdama mənim meyidimin
üzərindən keçib gedə bilərlər. Nətəri demişdisə, elə də oldu. O vaxt mənə
dedilər ki, səni xalanoğlu axtarır. Birtəhər tapdım. Dedi ki, bəs, Ərşad yenə
yaralanıb, ayağından, gedək bir baş çəkək. Düzü, buna kimi bir neçə dəfə
yaralanmışdı deyə, ciddiyə almadım. Çəmənliyə dönəndə, şübhələndim, axı onların
hərbi hissələri başqa tərəfdə idi. Cənazəsini Çəmənlidə bir qohumumgilə
gətirmişdilər. Ora çatanda gördüm ki, qardaşım nə gəzir? Ayın 23-də Uzundərə
deyilən yer var, orada Ərşadı dəfn edirdik. Təklif elədilər ki, Bakıda –
Şəhidlər Xiyabanında dəfn edək. Rəhmətlik anam qoymadı ki, Vətən yolunda ölüb,
Ağdamda da dəfn olunmalıdı. Ölümündən sonra “Qırmızı bayraq ordeni” ilə təltif
olundu. Üstünə düşsəydim, “Milli qəhrəman” adı da almaq olardı. Anam da
dünyasını dəyişəndə onu da Ağdamda – Çəmənlidə torpağa tapşırdıq, müvəqqəti.
Ağdam alınandan sonra məzarını Qaraca qəbirstanlığına aparacağıq. Dörd qardaş
olmuşuq, böyüyü mən idim. Qismətə bax ki, məndən kiçiklərin hamısı dünyasını
dəyişib, bir mən yaşayıram. Allahın möcüzəsidi. ü ü ü Ərşad öləndə, Vüqarın heç
4 yaşı yox idi. Deyir ki, atam yadıma tor gəlir. Yaxşı ki, qardaşımın
videoçəkilişləri durur. Vüqara atalıq eləmək mənim qismətimə yazılıbmış. Hazırda bildiyim qədər “Qarabağ”da 2 ağdamlı
futbolçu var – Vüqar və Namiq Yusifov. Çox istərdim ki, komandada ağdamlı
olmasalar da, əsasən azərbaycanlı futbolçular çıxış eləsinlər. Amma müasir
futbola ayaqlaşmaq istəyiriksə, legionerlərdən istifadə etməliyik. Belə
baxanda, digər komandalarımızla müqayisədə, “Qarabağ”da daha çox yerli
futbolçular oynayır. Burada Qurban Qurbanovun da əməyini qeyd etmək lazımdı.
Elə futbolçular var idi ki, onlara özlərini göstərməyə şans vermək gərəkirdi.
Qurban müəllim onlara inandı, nəticəsi də göz önündədi. Vüqarın keçən mövsümkü oyunu xoşuma gəldi.
Yəqin ki, belə də davam edər. 4-5 klub onu heyətində görmək istəyirdi. Amma
razı olmadıq. Atası Ağdam uğrunda şəhid olub, “Qarabağ”ı qoyub başqa kluba necə
keçə bilər? Komandaya götürəndə Vüqarın 15 yaşı vardı. Onda klubun prezidenti
idim. Çoxları düşünə bilər ki, prezident olduğuma görə qardaşım oğlunu
komandaya götürmüşdüm. Oğlum da futbol oynayırdı. Amma Vüqarın istedadı hələ
uşaq olarkən hiss etmişdim. Həmişə də onun oğlumdan daha yaxşı futbolçu
olacağını deyirdim. Pis futbolçu olsaydı, Karlos Alberto Torres onu yığmaya
çağırmazdı. İndi də oyunu ilə sübut edir ki, “Qarabağ”a lazımlı futbolçudu.
Vüqara xarici klublardan da çox təklif olub. Rusiyadan, Türkiyədən. Yenə də
imtina etmişik. Həm bayaq dediyim səbəb görə, həm də evin 1 oğludu, 2 bacısı,
anası var. ü ü ü “Qarabağ”ın indiyə kimi
yaşamasına, bu səviyyəyə gəlib çatmasına tək mən səbəbkar deyiləm. Komandanın
çox ağır günləri olub. Elə vaxtlar var idi ki, “Qarabağ” dağılmaq astanasında
idi. Pul yox idi. Ağdamdan gətirdiyim pulu, qızılı komandaya xərcləyib
qurtarmışdım. Belə bir vaxtda Yusif İldırımzadənin yanına getdim. Bunu çoxları
bilmir. Məhz onun sayəsində komanda yaşadı. Onun tapşırığı ilə əvvəl Nazim
Abdullayevin “NNbank”ı, daha sonra isə qardaşı Yunis İldırımzadənin rəhbəri
olduğu “Əmrahbank” komandaya sponsorluq etdi. Sonradan müəyyən səbəblərə görə
maliyyə vəziyyətimiz yenidən çətinləşdi. 2001-ci ildə Abdurbari Gözəlin
qəbuluna yazıldım. Vəziyyəti ona izah etdim. Tapşırıq verdi ki, məsələ ilə
maraqlansınlar. Mənə əlaqə saxlayacağını söylədi. Bir müddət sonra zəng
elədilər ki, Abdurbari bəy səni görmək istəyir. Mənə dediyi sözlər heç yadımdan
çıxmaz: “Komandanı dağılmağa qoymayacam. Qoy ermənilər bilsin ki, “Qarabağ”
bizimdi!” Bu günə kimi də sözünün üstündə durur. Aqil Abbasın adını çəkməmək
insafsızlıq olardı. Bütün çətin vaxtlarımızda mənə mənəvi dayaq durub. Elə
şeylər var ki, onu pulla ölçmək olmaz. Bir dəfə komandanı qaldığı “Abşeron”
mehmanxanasından çıxarmaq istəyirdilər. Aqil müəllimin sayəsində bütün
borclamızı sildilər. Hərdən elə olub ki, bezmişəm, komandanı buraxmaq
istəmişəm. Aqil müəllim qoymayıb. “Qarabağ”ın bu günə kimi yaşamasına görə çox
sevinirəm. Bu gün ağdamlılar bu komandanın ətrafında toplaşırlar. Buna görə
adını çəkdiyim insanlara çox minnətdaram.
İndi klubda ən çox razı olduğum insan klubun direktoru Əmrah Çəlikəldi.
Bu gün komandanın yaşaması üçün əlindən gələni edir. Həm də çox yaxşı inandı,
gözəl xasiyyəti var. Bir nəfərin xətrinə dəymir, desən ki, ağdamlıyam, nəyəsə
ehtiyacım var, deyir “baş üstə”. Komandada da hamı onun xətrini çox istəyir. Hazırda
komandanın təsisçisi olaraq qalıram. Maaş verirlər, dolandırırlar. Gedib baş
məşqçi, ya da başqa bir vəzifədə işləyəsi vaxtım deyil. Klubun prezidenti var,
mən də ağsaqqalıyam. Komanda ilə bağlı hər nə deyirəmsə, sağ olsunlar,
eşidirlər. Mən də elə-belə söz demərəm ki, hörmətsiz olum".
Söhbətləşdi: İlqar
TAĞIYEV, “Het-trik news”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |