"Heç bir futbolçu pulsuz oynamaz"

29.09.2011 | 4774 dəfə oxunub

“Turan” klubunun futbolçusu Ayxan Abbasovun müsahibəsi

- Komandada maddi problemlərin olması xəbəri son günlər mətbuatın gündəmini zəbt edib. Əsl həqiqəti komandanın daxilində olan futbolçu kimi siz deyə bilərsiniz. Nə baş verir? 
- Sözün açığı, son vaxtlar gündəmə düşmüşük. Ancaq bu cür istəməzdik. Maliyyə problemi var və bunu həll etmək istəyirlər. Rəhbərlik borcun ödənilməsi üçün bizdən 3 gün vaxt istəyib. Biz də gözləyirik. Problem ancaq bundadır. Yəqin ki, həll olunar. 

- “Turan” növbəti tur çərçivəsində keçmiş komandanız “Qarabağ”la qarşılaşacaq. Bakıdakı həmin görüşünüz necə olacaq? 
- Ötən tur “Rəvan”la oyunun ilk hissəsində əvəzlənməli oldum. Topuğumdan xəsarət almışam. Ayağım yüngül burxulub. 4 gündür məşq etmirəm. Hazırda Bakıdayam və növbəti turda oynamaq ehtimalım da yoxdur. Düzü, məndən başqa, bir neçə futbolçu da var ki, məşq etmir. Komanda “Qarabağ”la görüşə çıxacaq. Ancaq kimlərlə oynayacağını bilmirəm. 

- Ən dəqiq məlumatı baş məşqçi Əsgər Abdullayevdən ala bilərsiniz. O, son günlərdə sizə nə deyib? Abdullayev istefa versə də, sonradan postunda qaldı... 
- Əsgər müəllim maliyyə probleminə görə istefa vermişdi. Məncə, bu, oyuna görə deyildi. Biz demək olar ki, son 2 ayı bu məsələnin kökündən həll olunması üçün oynayırdıq. 2-3 gün də səbr etmək lazımdır. Klubdan rəsmi açıqlama verilməlidir. 

- Sizə neçə ayın borcu qalıb? 
- Mənə veriləsi maaş artıq 3-cü aya keçir. 

- Məbləği nə qədərdir? 
- İndi demək istəməzdim. Pulumu verməsələr, hər şeyi açıb danışacağam.

- Mükafat da verilməyib? 
- Mükafat almışıq. 2 qələbəmiz olub, nə mükafat demişdilər, onu da verdilər. 

- Mövsümün əvvəlində komandaya getdiyiniz zaman maliyyə problemi görünürdü? Sonradan nə baş verdi? 
- Demirəm ki, Tovuza külli miqdarda, güclü pula oynamağa getmişdik. Düzdür, normal müqavilə şərtlərinə, məbləğə yollanmışdıq. Birincisi, yaxşı tanıdığımız, uzun illər rəhbərliyi altında oynadığımız Əsgər müəllim bizi dəvət etmişdi. Bir də vaxtilə “Turan”da oynadığımdan, Tovuz mənim üçün yad yer deyil. Niyə belə problemlərin yarandığını bilmirəm. Ancaq mövsümün əvvəlində kimə desəydilər ki, belə problem olacaq, məncə, heç kim “Turan”a getməzdi.

- Bundan sonra necə olacaq? 
- 3 gün səbr edək, sonra geniş söhbətləşərik. Bizdən “Qarabağ”la oyuna kimi gözləməyi istəyiblər. Yəqin onda rəsmi açıqlama verəcəklər. Sonra da futbolçular öz sözlərini deyəcəklər. Hələ geniş danışmaq tezdir. Bunu vaxtı gələndə edərik. Problem həll olunsun, gedib, canla-başla oynayacağıq. 

- Bəs həll olunmasa? 
- Pulsuz heç bir futbolçu oynamaz. Biz öz şərtimizi dəyişmirik. Sadəcə, deyilən məbləği istəyirik. Bəlkə sabah çıxıb deyəcəklər ki, Ayxanı, yaxud filankəsi istəmirəm, gənclərlə oynayıram. Hər şey ola bilər.

- Yeri gəlmişkən, əvvəllər Abdullayevin rəhbərliyi altında oynayan futbolçuların, o cümlədən sizin komandadan çıxarıldığınız deyilir... 
- Mən belə bir şey eşitməmişəm. Bunu kim deyib?

- Mətbuatda bu haqda məlumatlar var... 
- Bu, klubdan rəsmən deyilsə, fikrimi bildirərəm. “Turan”dan çıxarılsaydıq, bizə məlumat verərdilər. 

- “Turan”dan getsəniz, qaydaya görə, qışa kimi başqa klubda oynaya bilməzsiniz. Artıq “transfer pəncərəsi” bağlanıb və ilin sonunda açıqlanacaq... 
- Doğrudur. Bu, karyeramıza zərbə olacaq. Başa düşməlidirlər ki, futbolçunun karyerası ilə oynamaq olmaz. Rəsmi açıqlamanı gözləyirik.

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail