Qara Qarayev: "Ən çox kəmər taxmadığıma görə cərimələnmişəm" - MÜSAHİBƏ

22.02.2017 | 4505 dəfə oxunub

Qara Qarayev Azərbaycan futbolunun son illərdə yetişdirdiyi ən istedadlı futbolçularından, bəlkə də elə ən istedadlı futbolçusudur. Yeniyetmə yaşlarında 1 ay "Real" düşərgəsində məşq edən yarımmüdafiəçi 2014-cü ildə Azərbaycanda "ilin futbolçusu" seçilmişdi. Millimizin üzvü Goal.az-ın suallarını cavablandırıb:  

- Məşhur ad və soyadı daşıyırsan. Qara adını sənə kim verib?

- Əslində adımın dahi bəstəkarımızla əlaqəsi yoxdur. Bu adı atam qoyub. Qara onun əmisinin adıdır. Mən də daşıdığım addan məmnunam.

- Adın dahi bəstəkarla bağlı olmasa da, ailədə səni musiqiyə yönəltməyə çalışıblar...

- Bəli, uşaqlıqda musiqi ilə məşğul olmuşam. Nə qədər çalışsam da, daxilimdə bu sənəti qavraya bilmədim. Pianoda ifa etmişəm.

- Dediyinə görə, həmin pianonu atanla birlikdə mərtəbədən aşağı atmısınız. Niyə?

- Bir neçə dəfə danışmışam bu barədə. Köhnə piano idi. Aşağı düşürtmək çətinlik törədəcəkdi. Ona görə atdıq getdi (gülür).

- Hansı musiqi parçasını ifa edə bilirdin?

- Bəzi şeyləri öyrənmişdim. Musiqi elə sənətdir ki, vərdişin yaranması üçün davamlı məşğul olmaq lazımdır. İndi heç nə ifa edə bilmirəm. Peşmanam, kaş, öyrənərdim. Piano qarşısında oturan hər kəs sadə notlardan ibarət olduğundan "Çalıquşu"nu ifa etməyə çalışır. Mənsə o vaxtlar müəllimin dərs kimi verdikləri parçaları ifa edirdim. Düzü, adları yadımda qalmayıb.

- Hazırda hansı musiqiləri dinləyirsən?

- Ən çox muğama, xalq mahnılarına qulaq asıram.

- Qəzəl, şeir janrına marağın var?

- Biraz var. Bəzən çalışıram ki, bu sahədə məlumatımı artırım. Çox vaxt alınmır. İndi vaxtım olanda Ömər Xəyyamın qəzəllərini oxuyuram.

- Sən öz övladını hansı istiqamətə yönəldərdin?

- İnşallah, övladıma ciddi təhsil verib elm tutumlu sahələrə yönəltmək istərdim. Təhsil müasir dövrdə vacib məsələdir. Övladımın, həm də idmanla məşğul olmasına çalışacam.

- İncəsənətdən danışdıq. Yeri gəlmişkən, hansı janrda filmləri xoşlayırsan?

- Əsasən komediya janrında filmləri izləyirəm. Televizorda qarşıma Azərbaycan filmləri çıxırsa, əksəriyyətinə baxıram.

- Hansı film qəhrəmanı səni təsirləndirib?

- Qeyd edə biləcəyim obraz yoxdur. Komediya aktyorları Yaşar Nuri, Səyavuş Aslanı çox bəyənmişəm. Amma xüsusi olaraq müəyyən film qəhrəmanını fərqləndirməmişəm. Bəlkə, bu sualdan sonra daha həmin aspektə fikir verərəm.

- "Qarabağ" klubu haqqında film çəkilsəydi, adının nə olmasını istərdin?

- "Qarabağ" adı gələndə biraz düşünmək lazımdır. Təkbaşına ad seçsəm, "Qarabağ"ın haqqına girmiş olaram. Film çəkilsəydi, ad üzərində diqqətlə götür-qoy etmək lazımdır. Elə ad seçmək lazımdır ki, gələcəkdə insanların bu filmə marağını artırsın. İndi bu suala cavab verə bilmərəm.

- Kanallardan birində polis formasında poza vermişdin. Elə olurmu yol polislərimiz qaydaları pozanda sənə güzəşt etsin?

- Yox. Heç özüm də buna razı olmaram. Qayda pozduğum hallarda həmişə protokol tərtib olunub və cəriməni ödəmişəm. İstəmirəm ki, idmançı olduğuma görə əlavə üstünlüyüm olsun.

- Ən çox hansı səbəbdən cərimə olunmusan?

- Bəzən bilmədiyim işarələrə görə qaydanı pozmuşam. Ən çox da kəmər taxmadığıma görə cərimələnmişəm (gülür).

- Çoxdandır avtomobil idarə edirsən?

- Sürücülük vəsiqəm olmayan vaxtlardan həvəskar kimi idarə edə bilirdim. Vəsiqə alandan sonra həmişə maşınım olub.

- Hansı markalı avtomobillərə xüsusi maraq göstərirsən?

- Çoxdur. Göz önündə olan insanlara şəxsi nəqliyyat vasitəsi böyük fayda verir. Elə dövrdə yaşayırıq ki, pulu az olan insan belə keyfiyyətli və komfortlu məhsul almağa çalışır. BMW, Range Rover və Mercedes markalı avtomobilləri xoşlayıram. Amma bu şeylər barədə indi çox düşünmürəm.

- Bəzi ulduz futbolçuların şəxsi avtomobil kolleksiyası var. Sən öz kolleksiyanı yaratmaq istəmirsən ki?

- Biz həyatımız onlardan fərqlənir. Sözsüz ki, milyonlar qazanandan sonra kolleksiya yığmaq barədə düşünmək olar. Mənim bundan sonra belə fikrim yoxdur. İmkanıma görə bir və ya iki maşın alıb istifadə edərəm.

- Karyeranı başa vurandan sonra planların nədir?

- Düzü, bu barədə heç düşünməmişəm. Karyeramı yaxın vaxtlarda başa vurmaq fikrim yoxdur. Gələcəkdə hansı işlə məşğul olacağımı zaman göstərər.

- Özünü məşqçi kimi görürsən?

- Ola bilər. Futbol artıq mənim həyat tərzimə çevrilib. İndidən durum deyim ki, nə iş görəcəm, özüm də bilmirəm. Amma çalışmaq istədiyim sahələr arasında birinci futbol gəlir.

- Özünü hansı xarakterli insan kimi təqdim edərdin?

- Əslində, bu mövzuda suallardan qaçıram. Qorxuram ki, hissə qapılıb özüm haqqında yanlış bir şey deyərəm. Haqqımda dostlarım, həmkarlarım danışsa, daha məqsədəuyğun olar. Emosional və mülayimlik məndə "50-50"dir.

- Zarafat etməyi xoşlayırsan?

- Bəli, dostlarla tez-tez zarafat edirəm.

- Deyirlər ki, Azərbaycanın ən zarafatcıl futbolçuları Kamran Ağayev və Ruslan Əmircanovdur...

- Təbii ki. Onlar Azərbaycan futbolunun gülüş simalarıdır.

- Ruslan və Kamran sənlə çox zarafat edir?

- Kamranın Vaqif Cavadovla xüsusi zarafatı var. Vaqifin başına oyun açır (gülür). Hərdən onlardan ötrü darıxıram. Deyirəm, kaş, milli yenidən qurulardı. Bəlkə də, daha yaxşı nəticələr qazanardıq. Amma vaxt keçdikcə bu düşüncəmin qeyri-mümkün olduğunu anlayıram. Həqiqətən, Ruslanla Kamran bir yerə düşəndə hamı həmin stolun başına yığışır.

- Kamran və Ruslan futbola aid meyxana da demişdi. Millinin düşərgəsində tez-tez deyişmə olurdu?

- Toplanışda oturub meyxana dediklərini görməmişəm. Arada bir-iki bənd deyirdilər, amma davamlı olmurdu. Söz sənətinə daha yüksək qiymət verən dostları vardı. Onlarla oturanda çox deyirdilər. Düzü, o məclislərin iştirakçısı olmamışam.

- Kamranın "Boavista"dakı oyunlarını izləyirsən?

- İzləyirəm. Kamranın orda oynaması bütün azərbaycanlılar üçün fəxrdir. Portuqaliya Liqasında həmyerlilərimizin olmasına ancaq bizimlə eyni qandan olmayanlar sevinməz. Təəssüf ki, Kamran son vaxtlar meydana çıxmır. Ümid edirəm ki, yaxın vaxtlarda yenidən "Boavista"nın əsas heyətinə qayıdar.

- Kamran Ağayevin Portuqaliyada darıxdığı, Azərbaycana qayıtmaq istədiyi deyilir...

- Mənimlə də telefon danışığında belə fikrinin olduğunu demişdi. Bir futbolçu, bir yaxını kimi Kamranın orda qalmalı olduğunu düşünürəm. Portuqaliyada olsa, könlümüz daha çox açılar. Bura qayıtsa da, yenə də fəxrimizdir. Sözsüz ki, seçim özünündür. İnşallah ki, özü və karyerası üçün ən doğru qərar verər.

- Son illərə qədər azərbaycanlı futbolçular üçün legionerlik əsasən Türkiyənin aşağı dəstəsində oynamaqdan ibarət idi. Sənə PTT 1-ci liqadan təklif gəlsə, qəbul edərsən?

- Mən neçə ildir, Azərbaycanın ən güclü klubunda oynayıram. Ardıcıl 3 il Avroliqanın qrup mərhələsində meydana çıxmışam. Bu illər ərzində Avropadan bir təklif də almamışam. Tutaq ki, səbəbi istənilən səviyyədə oynamamağımdır. Lakin həqiqətən mi bizim komandada heç kimin çıxışı avropalı skautların diqqətini cəlb etməyib? Bu onu göstərir ki, futbol ölkəsi olaraq hələ çox tanınmalıyıq. Elə vəziyyət yaranıb ki, mənimlə xaricə getməməyimlə bağlı mübahisə ediblər. Demişəm, ay qardaş, klub göstər, gedim. Artıq 25 yaşım var. Keçəcəyim klubda oyun vaxtı və məvacibim məni qane etməlidir. 18-19 yaşım olsaydı, karyera qurmaq barədə düşünərdim. Bugün nə maddi baxımdan, nə də idman baxımından məni qane edəcək təklif yoxdur. Sözarası deyirlər, səni filan klub istəyir. Amma ortada rəsmi təklif olmayıb. Avropada legioner həyatı yaşamaq milli komandanın təsnifat mərhələlərində necə çıxış etməsindən keçir. Yaxşı nəticələr əldə olunsa, layiqli futbolçularımızın xaricdə oynamaq imkanı yaranacaq.

- Türkiyə futbolunu izləyirsən?

- "Fənərbaxça"nın oyunlarına baxıram. Axır vaxtlar onların da oyununda eniş müşahidə olunur. Vəziyyət elə gətirib ki, digər komandalar İstanbul təmsilçilərindən xal qopara bilirlər. Vaxtaşırı "Galatasaray", "Beşiktaş", "Trabzonspor" da xal itkiləri ilə üzləşir.

- Orda hakimlərdən daha çox narazıdırlar, nəinki bizdə...

- Həmişə demişəm, hakimlərin qərəzli olmayan qərarına hörmətlə yanaşıram. İnsan varsa, səhv də var. Təsəvvür edin, bizdə hakim səhvləri olmasaydı, nədən danışacaqdıq? Çox şeyi hakimin səhv qərarına bağlamaq lazım deyil. Vallah, hər hansı referinin kimisə qəsdən uduzdurması, haqqına girməsinə inana bilmirəm. Tanıdığımız hakimlər adi həyatda özünə, ailəsinə, mənliyinə hörmət edən adamlardır. Məncə, bu məsələlərdən çox danışmaq hakimliyin səviyyəsinə təsirini göstərəcək. Bir şeyi uzun zaman müzakirə edəndə çatışmazlıqlar azalır. Gündəlik həyatda da belədir. Adamlar bir xoşagəlməz işimizdən danışanda onu gizlətməyə, özümüzü düzəltməyə çalışırıq.

- "Qarabağ"ın kapitanı Rəşad Sadıqov vacib oyunları əcnəbi hakimlərin idarə etməsi təklifini irəli sürüb. Bununla razısan?

- Ola bilər, normal baxıram. Azərbaycan futbolunda bu təcrübədən əvvəllər istifadə olunub. Söz-söhbətə səbəb olacaq oyunları əcnəbi hakimlərə həvalə etməyə dəyər.

- Futbolda videotəkrarlardan artıq istifadə olunmağa başlayıb. Bildiyimizə görə, sən də bu yeniliyə müsbət yanaşırsan...

- Bu yenilikdən istifadə artıq heç bir səhv, qərəzə yer qoymayacaq. Sözsüz, xırda məsələlərə görə epizodun təkrarına baxmayacaqlar. Oyunun taleyinə təsir edən məqamlarda baş hakim şəxsən özü videotəkrara baxıb qərar verəcək. Hollandiya çempionatında gördüm. Hakim əvvəl penalti təyin etdi, epizodun təkrarına baxandan sonra qərarını dəyişdi. Bu, daha ədalətli olar. Videotəkrarlar əvvəldən qüvvədə olsaydı, "Qarabağ" da Avroliqada qrupdan çıxıb tarix yaza bilərdi. "İnter"lə oyunda sayılmayan təmiz qolumuz yadınızdadır.

- Videotəkrarların əleyhinə olanlar iddia edir ki, bu, oyunun tez-tez dayanmasına səbəb olacaq və temp aşağı düşəcək..

- Onsuz da mübahisəli epizodlarda hakimin çıxardığı qərara bu və ya digər komandanın futbolçuları etiraz edir. Nəticədə oyunda fasilə yaranır. Yeni sistem tətbiq olunsa, həmin mübahisəyə sərf olunan zamanın əvəzinə videotəkrara baxıb düzgün qərar veriləcək. Bu texnologiya daha qlobal miqyasda yayılmalıdır.

- Oyun tərzinə görə səni hansı əcnəbi futbolçuya bənzədirlər?

- Açığı, hansı futbolçuya bənzədiyim barədə düşünməmişəm. "Barcelona" fəlsəfəsi, tərzində oynamaq istərdim. Çalışırıram ki, orda dayaq yarımmüdafiəçisinin etdiklərini edim.

- "Qarabağ" oyun tərzinə görə mini "Barselona"nı xatırladır. Komandada kimin funksiyalarını yerinə yetirirsən?

- Serxio Busketsin. Andres İniesta isə hücuma daha meyilli oynayır.

- Ronaldinyo özü, Messi və Etodan ibarət hücum xəttini hazırki MSN-dən daha güclü hesab etmişdi...

- Mən MSN-ə üstünlük verərdim. Hücum triolarını müqayisə edəndə görürük ki, Neymar texnikalı və sürətli olduğu halda Ronaldinyo yerindən driblinqlərlə məsələni həll edə bilirdi. Messi həminki Messidir. Luis Suarez Samuel Eto`odan daha istəkli oynayır. Düzdür, kamerunlu hücumçu heç nədən qol yaradırdı.

- Son vaxtlar Luis Enrikeni "Barselona"ya layiq olmayan məşqçi kimi görənlərin sayı artıb. Sənin bu barədə fikrin nədir?

- Klub rəhbərliyi həmin posta Luis Enrikeni təyin edibsə, deməli, o yerə layiqdir. Nəticələr zəif olanda tənqidlər həmişə çoxalır. "Barcelona" elə klubdur ki, məşqçinin kimliyindən asılı olmayaraq, futbolçular bütün titulları qazanmaq gücündədir.

- "Qarabağ"ın heyətində ən unudulmaz oyunun.

- Avroliqanın qrup mərhələsində Milan "İnter"inə qarşı görüş.

- Bəs, milli komanda ilə?

- 2013-cü ildə İsraillə səfərdəki oyunumuz. Sanki döyüş meydanına çıxmışdıq.

- Milli komandamızın da nəticələrində irəliləyiş hiss olunur. Bu barədə nə deyə bilərsən?

- Qazanılan nəticələr müəyyən mənada komandamıza inamı da artırıb. Noveçlə oyundan əvvəl gördünüz ki, milliyə mahnılar da yazıldı, bəzi reklamlar çəkildi. Zatən hər kəs ölkəsini təmsil edən komandanı sevir. Bizi sevən insanları ətrafımızda toplamaq üçün nəticə lazımdır. Prosineçki ilə millidə "güvən erası" başlayıb. Azarkeşlər bizə, futbolçular da özlərinə inanmağa başlayıb.

- Millinin uğurlu nəticələri futbolçularımızın Avropaya yolunu aça bilərmi?

- Məncə, elə ən əsası budur. Təsəvvür edin, 2020-ci il Avropa çempionatına vəsiqə qazanırıq. Bütün dünya Azərbaycan futbolçularından danışacaq. Belə olanda diqqət cəlb etməmək mümkün deyil. Yerli futbolçularımıza Avropada maraq yaranacaq.

- "Qarabağ"ın "Qəbələ"yə məğlubiyyəti liderliyi şərti olaraq itirməsi ilə nəticələndi. Qarşıdakı çempionluq mübarizəsi barədə fikirlərini bilmək istərdik.

- İtirdiyimiz heç nə yoxdur. Hər şey normaldır. "Qəbələ"nin bizə qarşı var gücü ilə oynayacağını öncədən bilirdik. Fikrimcə, bu məğlubiyyət bizə çox şey verdi. İrəlidə 8 tur var. Hədəfimiz 24 xaldır. Səhv etməyə haqqımız yoxdur. "Qarabağ" həmişə lider olmalıdır deyə bir qanun yoxdur. Çempionatın son turuna kimi intriqanı saxlasaq, əla olacaq.

- Reynaldonun komandada yeri görünür?

- Reynaldo bizə çox fayda verən futbolçu idi. Onun yoxluğu istənilən halda hiss olunur. Bununla bağlı deyiləcək söz yoxdur. Baş məşqçi, klub rəhbərliyi nə qərar veribsə, onunla razılaşırıq. "Qarabağ"ın öz strategiyası var, buna da hörmətlə yanaşıram. Reynaldo, Çumbinyo, Leroy Corc yaxşı futbolçulardır.

- Reynaldonun "Adanaspor"da uğur qazanacağına inanırsan?

- Çox istərdim ki, istədiyinə nail olsun. Yaxşı futbolçu olduğu kimi, yaxşı da insandır. Azərbaycan xalqına hörməti var. Özünüz də görümüsüz. Bayramlarda, faciə günlərimizdə bizimlə bir olduğunu göstərib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail