Berti Foqts Vaqif Cavadovu siyahıdan birdəfəlik "silib" - MÜSAHİBƏ

09.12.2011 | 7252 dəfə oxunub

Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun müsahibəsi:

- Milli komandanın seleksiya xarakterli təlim-məşq toplanışı başa çatdı. Yekun sizi nə dərəcədə qane etdi? 
- Seleksiya xarakterli hazırlıq əsasən gənc futbolçulara lazımdır ki, bu onlara stimul versin. Ölkə çempionatında və xaricdə oynayan azərbaycanlılar özlərinə inanmalıdırlar ki, gələcəkdə milli komandaya düşə bilərlər. Mən isə 2-3 futbolçu tapacağımı gözləyirdim. Deyərdim ki, buna nail oldum. Həm də U-19-un üzvlərini iş başında gördüm, hansı ki, Avropa çempionatının seçmə mərhələsinin İsveçdəki oyunlarında yaxşı təsir bağışlamışdılar. Onlardan da razı qaldım. Lakin həmin futbolçular əvəzedici heyətdə qalmaqla, əsas komandada ehtiyatda oturmaqla irəli gedə bilməzlər. Gərək klublarında da oynasınlar. Sürət və ustalıq səviyyəsinə görə yaxşı futbolçular var. Amma hamımız bilirik ki, beynəlxalq miqyasda başqa futbol oynayırlar.

- 2-3 futbolçu tapdığınızı dediniz. Onların adlarını açıqlaya bilərsiniz? 
- Adlarını desəm, siz yazacaqsınız, onlar da oxuyacaqlar. Bundan sonra düşünəcəklər ki, artıq məşqçinin xoşuna gəlmişik və öz üzərlərində çalışmayacaqlar. Gələn ilin fevralında yığmanın təlim-məşq toplanışı və yoldaşlıq oyunu olacaq. Həmin vaxt onları da düşərgəyə çağıracağam.

- DÇ-2014-ün püşkatmasından sonra yığmamızın yer aldığı qrupla bağlı fikirlərinizi açıqlamısınız. Bəs bu mərhələ əvvəlkilərdən nə ilə fərqlənəcək? 
- Püşkdə bəxtimiz gətirməyib. Çox güclü komandalarla düşmüşük. Buna baxmayaraq, seçmə mərhələdə yaxşı oynamalıyıq. Əsas hədəfimiz isə Avro-2016-dır. Bildiyiniz kimi, ilk dəfə qitə birinciliyində 24 komanda mübarizə aparacaq. İndiki kimi güclü rəqiblərlə düşməsək, Fransada keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazana bilərik. Seleksiya xarakterli toplanışlar da bu məqsədə xidmət edir. Biz həmin vaxt 23-24 yaşı olacaq futbolçularla işləyirik. Mən Peşəkar Futbol Liqasının rəhbərliyinə müzakirə aparmağı təklif etdim. Dedim ki, yerli gənc futbolçuların daha çox oynaması üçün bir yol tapaq. Futbolçular oynamalıdır. Əsas budur. Həm də klublarda onlara az məşq keçirlər.

- Aşağı yaş qruplarından olan yığmaların baş məşqçiləri ilə görüşünüz olub... 
- Hərdən mənə elə gəlir ki, Azərbaycanda ev tikəndə damdan başlayırlar. Hərçənd, hər şey özüldən başlamalıdır. Futbolda da belə olmalıdır. Bütün yığmalarda iş eyni üslubda qurulmalıdır. Ona görə də yığma məşqçiləri ilə görüşlər vacibdir. Onlar necə, hansı yöndə işləməyi bilməlidirlər. Azərbaycanda ən böyük problem odur ki, futbolçu özündən tez razı olur. 17-18 yaşlı futbolçu özündən niyə razı olmalıdır? Hansı xüsusiyyəti, hansı uğuruna öyünməlidir? Başa düşməlidir ki, Azərbaycan futbolda digər ölkələrdən geri qalır. Onlara çatmaq üçünsə 2 qat artıq çalışmalıyıq ki, həmin ölkələrə çataq. Məktəblərə baxın: geri qalan şagirddən tələb olunur ki, üzərində daha çox çalışıb, o birilərinə çatsın. Futbolda isə elə bilirlər ki, az məşq etməklə fərqi aradan qaldırmaq mümkündür. Bu yaxınlarda oxudum ki, Azərbaycanda çıxış edən hansısa futbolçu qırmızı vərəqə alıb və 4-5 günlük evə göndərilib. Belə çıxır ki, meydandan qovulduğu üçün ona 4-5 günlük istirahət veriblər. Əslində, onu 2-3 qat artıq məşq elətdirmək lazımdır ki, bir də belə hərəkət etməsin. Düşünsün ki, belə hərəkət edəndə onu nə gözləyəcək. Avropada belə şey ola bilməz. Elə təsəvvür yaranır ki, meydandan qovulan futbolçu yaxşı oynadığı üçün onu 4-5 günlük istirahətlə mükafatlandırıblar. İndi isə mən sizə sual verəcəyəm.

- Buyurun... 
- “Neftçi” – “Simurq” matçını izləmisiniz. 2 qol vuran Araz Abdullayevin oyununu necə dəyərləndirirsiniz? 

- Görünür, onun oyunu sizi qane etməyib... 
- Həmin qarşılaşmada 2 qol vursa da, Arazın topsuz oyunu sıfır idi. Abdullayev Azərbaycanda olan ən istedadlı futbolçulardan biridir. Lakin başını işlətməlidir. Ya da ki, baş məşqçi onun başının üstündə dayanıb, daim göstəriş verməli, tələbkar olmalıdır.

- Araz təxminən 2 ildir gündəmdədir: “Everton”, PAOK, indi də “Renn”... 
- Bilirsiniz ki, o, artıq “Everton”la müqavilə bağlayıb və “Neftçi”yə icarəyə verilib. “Neftçi”nin prezidenti və ya baş məşqçisi olsaydım, müqaviləyə şərt daxil edərdim ki, Araz 2 ili “Everton”da qalmalıdır. İngiltərə klubu ilə anlaşmazdan əvvəl Bundesliqa təmsilçisi onu transfer etmək istəyirdi. O vaxt dedim ki, Araz Almaniyaya getməlidir. Getsəydi, akademiya kimi yerdə qalacaqdı, səhər məktəb, axşam məşq, məktəb olmayanda səhər də məşq. Azərbaycandan nə qədər tez getsə, bir o qədər yaxşıdır. İnsana daxili sakitlik lazımdır. O, bir klubda qalıb oynamalıdır. Ora-bura getmək ona da pis təsir edir. 2-3 il də belə olsa, Araz kimi istedad məhv olacaq. Bütün bunlar da onun menecerinin işləridir. Daha çox qazanmaq üçün onu tez-tez müxtəlif klublara aparır. Bundan uduzan isə Araz və Azərbaycan futboludur.

- Futbolçularımızın xaricdə oynamasına nə mane olur: peşəkarlıq, yoxsa burda pulun çox olması? 
- Birincisi odur ki, Azərbaycan UEFA-nın bayrağı altında oynasa da, Avropa Birliyinin üzvü deyil. Bu, o deməkdir ki, futbolçularımız Avropa klubları üçün legioner sayılır. Həmin klublar da Avropa Birliyindən kənarda olan legionerləri seçəndə, Azərbaycana yox, Braziliya, Argentina və digər ölkələrə üz tuturlar. İkinci vacib məsələ puldur. Azərbaycanda futbolçular çox pul qazanırlar. Onlar Avropaya gedəndə ilk vaxtlar bu qədər qazanmayacaqlar. Hər il tibbi test keçirəm. Nəyə görə? Əvvəlki illə və beynəlxalq səviyyə ilə müqayisə üçün. Bu göstəricilərə görə biz axırıncı yerlərdəyik. Uzun müddətli toplanış çağıranda elə bilməyin ki, bunu özüm üçün edirəm. Daha qısa da edə bilərəm. Lakin məqsəd yığmadır.

- Belə çıxır ki, klub məşqçiləri ilə danışmağın mənası yoxdur... 
- Bu uzun müddətli prosesdir. Bu 2-3 ayın yox, bir neçə ilin işidir. Mən məşqçilərlə danışanda deyirlər, oldu, yığma üçün hər şey edərik. Amma sonra oxuyuram ki, mətbuatda başqa şey danışırlar.

- Çempionatın startından 5 ay keçib. Artıq 5 istefa gerçəkləşib. Buna münasibətiniz necədir? 
- Bu çox mənfi haldır. Bu günlərdə “Xəzər Lənkəran” da Mirça Redniklə yollarını ayırdı. Klub rəhbərlərini heç cür baş düşə bilmirəm. Onlar məşqçiləri yalnız çempion olmaq üçün gətirirlər ki? Axı çempionluq 1-dir və yalnız 1 komanda qazanır. Məgər məşqçilərin müqaviləsində şərt qoyulur ki, komandanı çempion etməlisən? Şəxsən mən belə müqaviləyə heç vaxt qol çəkmərəm. O şərtlə razılaşaram ki, mənim istədiyim, seçdiyim oyunçuları alsınlar. “Neftçi” niyə Arif Əsədovu çıxardı? Çempion olan məşqçini istefaya niyə göndərirlər ki? “Bakı”nın oyununda hansısa irəliləyiş hiss etmisiniz? Vinfred Şafer gənclərə daha çox şans verirdi. İndi isə gənclərin də əsas heyətə yolu bağlanıb. Oyun da elə ən yaxşı halda əvvəlki səviyyədə qalıb. Məşqçidən 4-5 aya nəticə tələb olunur. O da məcbur olub legionerlərlə nəyəsə nail olmaq istəyir. Yerli futbolçular isə kənarda qalır. Qazanan isə oyunçu gətirən menecerlər olur. Hər məşqçi dəyişikliyindən onlar yeni futbolçular gətirmək imkanı qazanır.

- AFFA-nın İcraiyyə Komitəsinin son yığıncağında sizinlə müqavilənin daha 2 illikuzadılmasına qərar verildi... 
- Mənə ən vacib olan odur ki, prezident və AFFA rəhbərliyi futbolun inkişafından razıdır. İnsanlar bilmirlər ki, biz futbolun inkişafı üçün nə işlər görürük. Çoxları elə bilirlər ki, ildə 6-7 oyun keçiririk və mən Almaniyada kef edirəm. Mən yerli məşqçilərdən daha çox gənc istedad tanıyıram. Əvəzedicilərin oyunlarını izləyib istedad axtaranda, orda çox az məşqçi görürəm. Ya da heç görmürəm. 

- Müqavilənizin yeni 2 illik müddətində məşqçilər korpusunda dəyişiklik edəcəksiniz? 
- Bəli, müəyyən dəyişikliklər olacaq. Bəzi məşqçilər var ki, onlara beynəlxalq arenanı hiss etmək imkanı vermək lazımdır. Yığma təcrübəsi qazanmaq üçün onları milliyə cəlb edəcəyik.

- Dəyişikliklər yerli, yoxsa almaniyalı köməkçilərinizlə bağlı olacaq? 
- Almaniyalıları niyə dəyişməliyəm ki? Onların işindən razıyam. Onlar da komandaya, mentalitetə uyğunlaşıblar. Dəyişiklik yerli məşqçilərlə bağlı olacaq.

- Yerli köməkçiləriniz dedikdə göz önünə ilk növbədə Vəli Qasımov gəlir. Belə çıxır ki, onu başqası ilə əvəzləyəcəksiniz? 
- Məni təxribata çəkməyin. Ada çəkəsi deyiləm. Özünüz görəcəksiniz. Ad çəkib yeni il qabağı heç kimin əhvalını korlayası deyiləm. Amma dəyişikliklər olacaq.

- Vaqif Cavadov... 
- Bu futbolçunun adını çəkməyin. Mənim üçün bu mövzu qapanıb. General döyüşdən qaçan əsgər haqda nə düşünməlidir ki?

- Son vaxtlar ölkə çempionatı və kubokunda hakimlik əsas müzakirə mövzusuna çevrilib. Siz belə hakimlik haqda nə fikirləşirsiniz? 
- Təbii ki, hakim səhvləri olur. Amma bunu qəbul etməliyik ki, meydanda ən az səhv edən elə hakimlərdir. Futbolçular başa düşməlidir ki, onlar hakimlərlə müqayisədə oyun zamanı daha çox səhvə yol verirlər. “Sumqayıt Şəhər”lə yoldaşlıq oyununda da belə səhvlər oldu. Top yan xətti yarım metr keçib, amma hakim isə topun çıxmadığını göstərir.

- Lakin hakimlik yəqin ki, sizi də qane etmir... 
- Əlbəttə hər toxunuşda fit verilib oyunun tempinin aşağı salınması yaxşı hal deyil. Bunun üçün çıxış yolları da var. Mən bura yeni gələndə əcnəbi hakimlər dəvət olunurdu. İndi də belə etmək olar. Amma oyun idarə etmək üçün yox. Seminarlar keçmək üçün. Hər 3-4 aydan bir əcnəbi çağırmaq olar ki, o da gəlib yerli hakimlərə seminarlar keçib, hər şeyi başa salsın. Lakin onun gəlib seminar keçməsi belə fayda verməz. Gərək ki, o gələn şəxs əvvəl burada 3-4 oyunu izləsin, hakimlərin əsasən nədə səhv etdiklərini görsün. Sonra seminar keçsin. Belə olanda o, nədən izah verməli olduğunu biləcək. Məsələn, “Qəbələ” – “Neftçi” oyununu izləyən əcnəbi mütəxəssis yerli məşqçilərə çox şey başa sala bilər.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail