AFFA-da böyük qarşıdurma!

07.05.2012 | 4530 dəfə oxunub

UEFA Azərbaycan çempionatında oyun alğı-satqısı ilə bağlı araşdırmalara başlayandan sonra futbolumuzda daha bir qalmaqalın əsası qoyulub. Amma bu dəfə AFFA daxilindəki qruplaşmaların çəkişməsi ön plandadır. Söhbət AFFA prezidenti Rövnəq Abdullayevə yaradılan ciddi problemdən gedir. Bu məlumat “Yeni Müsavat”a AFFA-ya yaxın qaynaqlardan daxil olub.

Xəbərə görə, AFFA-nın Lisenziyalaşdırma Komitəsi I divizionun qalibi, premyer-liqaya vəsiqə əldə etmiş “Qaradağ Lökbatan”a lisenziya verməkdən imtina edib. Qurum I dəstədə 2-ci və 3-cü pillələrdə qərarlaşmış “Karvan” və “Neftçala” klublarını da oyundankənar vəziyyətə salıb. Bu isə o deməkdir ki, bu il premyer-liqanı heç bir komanda tərk etməyə bilər. Elitanı tərk etməyə əsas namizəd isə “Sumqayıt” klubu idi. Hazırda AFFA-da yaşanan qarşıdurmaya da məhz bu aspektdən yanaşmaq lazımdır. Xatırladaq ki, ötən il I dəstənin qalibi olmuş “Abşeron”a da lisenziya verilməmiş, onun yerinə isə elitaya həmin liqada 7-ci pilləni tutmuş “Sumqayıt”ı buraxmışdılar. Bu olay böyük söz-söhbətə səbəb olmuşdu. Məsələ burasındadır ki, “Sumqayıt” futbol ictimaiyyəti arasında AFFA-nın “doğma övladı” hesab olunur. AFFA bu komandanı elitaya pərçim edərkən bunu orda aşağı yaş qrupunda çıxış edən futbolçuların oynayacağı, onların təcrübə toplayacağı ilə əsaslandırmışdı. Amma sonradan “Sumqayıt”ın heyətində 38-40 yaşlı futbolçular peyda oldu. Klub isə premyer-liqada aşkar autsayderə çevrildi.
AFFA-da mühüm postda çalışan şəxsin qəzetimizə verdiyi məlumata görə, “Sumqayıt” klubu qurumun vitse-prezidenti Elşad Nəsirovun və baş katib Elxan Məmmədovun kurasiyasındadır. Komandanın ötənilki büdcəsi isə 7 milyon manat olub. Amma mənbə bildirir ki, bu vəsaitin cəmisi 2 milyon manatı kluba xərclənib. Qalan pullar isə nəsə “qeybə çəkilib”.
Hazırda ölkə futbolunda əsası qoyulan qalmaqalın da əsas səbəbi pul üstündədir. Belə ki, “Sumqayıt”ın elitanı tərk edəcəyinə əmin olan E.Nəsirov eyni əməliyyatı “Qaradağ Lökbatan”la da həyata keçirmək istəyib. Komanda rəhbərliyinə təklif olunub ki, klubu elitaya çıxaran futbolçularla müqavilə uzadılmasın və “Sumqayıt”ın heyəti “Qaradağ Lökbatan”a transfer olunsun. Ancaq bu təklif komanda rəhbərliyi tərəfindən geri çevrilib.

İndi isə gələk “Qaradağ Lökbatan” rəhbərliyinin kimliyi məsələsinə. Bu komandanın əvvəlki adı “Neftçi” İSM-dir. Onun da sahibi Rövnəq Abdullayevin yaxın qohumu, hazırda “Neftçi”nin prezidenti Sadıq Sadıqovdur. Elitada bir şəxsin rəhbərlik etdiyi iki komandanın çıxış etməsinə icazə verilmədiyindən klubun adı və rəhbər şəxsləri formal olaraq dəyişdirilib. “Qaradağ Lökbatan” birbaşa ARDNŞ-dən maliyyələşir. Mənbə bildirir ki, S.Sadıqov E.Nəsirovla E.Məmmədovun niyyətinin pul mənimsəmək olduğunu bildiyindən bu işə razılaşmayıb. Ardınca isə qalmaqalın əsası qoyulub.
Qaynağımız deyir ki, məhz E.Nəsirovun birbaşa göstərişi ilə I dəstə komandalarına lisenziya verilməyib. Bununla da “Sumqayıt”ın Unibank premyer-liqasında qalması təmin edilib: “Elşad Nəsirovun bu addımı birbaşa Rövnəq Abdullayevə qarşı yönəlmiş təxribatdır. Birincisi, o, bununla göstərmək istəyir ki, Azərbaycan futbolunda əslində əsas söz sahibi özüdür və hər şey onun göstərişləri ilə həyata keçirilir, hətta ARDNŞ-nin maliyyələşdirdiyi komandaya da lisenziya verilməsinə mane olar. İkinci məqam isə Rövnəq Abdullayevin AFFA prezidenti kimi fəaliyyətinin gözdən salınmasına hesablanıb. Buna diqqət etmək kifayətdir ki, 2 ildir I dəstədən premyer-liqada oynamağa layiq komanda çıxmır. Külli miqdarda vəsaitin ayrıldığı futbol təsərrüfatında I dəstədən elitaya gəlməyə layiq komanda yoxdursa, bu, AFFA-nın yarıtmaz işinin göstəricisi sayılmalıdır. Artıq mətbuatda bu məsələ ciddi şəkildə müzakirə olunur və AFFA kəskin tənqid edilir. Bu da Rövnəq Abdullayevin AFFA prezidenti kimi işinin öhdəsindən gələ bilməməsi görüntüsü yaradır”.
Qaynağımız onu da bildirir ki, R.Abdullayev E.Nəsirovla açıq konfliktə girməkdən çəkinir. Ona görə də öz adamlarına göstəriş verib ki, məsələni maksimum sakit şəkildə həll etsinlər. Amma deyəsən, Abdullayevə yaxın adamlar E.Nəsirovun planlarını pozmaq niyyətindədir. Belə ki, PFL-in prezidenti Ramin Musayev mətbuata verdiyi açıqlamada bildirib ki, hazırda 11 komandanın iştirakı ilə 3 dövrəli və 10 komandanın iştirakı ilə 4 dövrəli çempionatın keçirilməsini müzakirə edirlər. Bu isə o deməkdir ki, Abdullayevin yaxınları Nəsirova zərbə vurmaq üçün “Sumqayıt”ı premyer-liqadan çıxarmaqda israrlıdır. Ancaq fakt odur ki, bu qarşıdurma rəzil durumda olan Azərbaycan futbolunu bataqlığa sürükləyir. O da aydın görünür ki, R.Abdullayev bu təsərrüfata rəhbərlik etmək qabiliyyətində deyil. Belə olmasaydı, kasıb büdcəli Ermənistan seçmə mərhələdə 17 xal topladığı halda AFFA millimizin 7 xal qazanmasını bayram etməzdi. Onu da deyək ki, Ermənistanda nəinki I, hətta II və III dəstələr də var. Neft pullarının içində üzən AFFA isə Azərbaycan çempionatında oynamağa 12 komanda tapa bilmir. Hər halda bu xəmirin çox su aparacağı gözlənilir. Müavini artıq Rövnəq Abdullayevə “əlcək atıb”. Görək AFFA prezidenti hansı addımı atacaq: əlcəyi qaldıracaq, yoxsa...

“Yeni Müsavat”


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail