"O, mənə məsləhət gördü ki, Azərbaycana get, orda futbol inkişaf edib" Müsahibə

30.01.2013 | 3547 dəfə oxunub

Qış "transfer pəncərəsi”ndə "Rəvan” futbol klubunun heyətinə qatdığı ilk legioner olan Miloş Adamoviç artıq komandaya demək olar uyğunlaşıb. Stadium.az xəbər verir ki, "Rəvan”la 1,5 illiyə anlaşan dayaq yarımmüdafiəçisi keçid rəsmiləşdikdən sonra ilk müsahibəsini klubun rəsmi saytına verib.

- İlk öncə rəsmi müqavilə ilə əlaqədar səni təbrik edirik. Hansı hisslər keçirirsən?

- Özümü xoşbəxt sayıram. Karyeramda yeni səhifə açılır. Mənə etimad göstərdiyinə görə rəhbərliyə və şəxsən baş maşqçi Ramil Əliyevə minnətdaram. Onların etimadını artıqlamasıyla doğrultmağa çalışacam.

- Eyni zamanda yeni komandanda artıq qol hesabını açdığına görə də təbrik düşür...

- Təbriklərə görə sağ olun. Deyim ki, mənə doğma mövqe dayaq yarımmüdafiəçisidir. Bu üzdən karyeramda elə də çox qol vurmamışam. Sadəcə, bu mənim vəzifəm deyildi. Ancaq "Qaradağ Lökbatan”la oyunun ikinci hissəsində bir qədər irəlidə, hücumçunun arxasında çıxış etdim. Belədə hücumlara daha çox qoşula bilirdim. Qol epizodunda mənə əla ötürmə verən Sumaya da minnətdaram.

- "Rəvan”dakı gələcəyini necə görürsən?

- İnşallah hər şey yaxşı olacaq. Müqavilə müddəti 1,5 illik olsa da, burda daha çox qala biləcəyimi hiss edirəm. Gərək məşqlərdə üzərimdə səylə çalışıb komandaya yardım etmə qabiliyyətimi daha da artırım. Əlbəttə, futbolda uzunmüddətli plan qurmaq olmur. Ancaq "Rəvan”da hər şeyin mənim üçün uğurlu olacağını hiss edirəm. Artıq cari mövsüm komandaya tam uyğunlaşmaq istəyirəm.

- Cari mövsüm ilk "altılığ”a düşə biləcəyik?

- Bir qədər çətin sualdır. Son matçlardakı uğursuzluqlar komandanı xeyli geri salıb. İlk "altılığ”a düşmək mümkün, amma çox çətindi. Ən azından ikinci "altılığ”ı yüksək yerlərdə bitirmək lazımdır. Məncə, indidən gələcəyin komandasını qurmaq vacibdir. Cari mövsüm avrokuboklara vəsiqə qazanmasaq belə, ruhdan düşmək lazım deyil. Növbəti mövsümdən isə əvvəlcə ilk "altılıq”, ardınca da avrokuboklar uğrunda mübarizə aparmaq olar.

- Təxminən 2 il əvvəl Moldova "Şerif”inin heyətində Avropa Liqasının qrup mərhələsində iştirak etmisən. "Rəvan”ı o turnirdə nə vaxt görə bilərik?

- Bildiyim qədəriylə komandamız təzədir. 3-4 ildi yaradılıb. Uğur birdən-birə olmur. Bunun üçün səylə çalışmaq lazımdır. Klub rəhbərliyinin yürütdüyü siyasətə baxanda perspektiv görürəm. Yəni bir az səbr etmək lazımdır. Məncə, yaxın 1-2 ildə Azərbaycanda heç bir klubdan zəif olmayacağıq.

- Fiziki hazırlıq üzrə yeni məşqçimiz barədə nə düşünürsən?

- Hazırda "Benfika”da çıxış edən Nemanya Matiçlə Serbiyanın U-21 millisindən tanışam. Matiç "Koşitse”də olarkən Svitskinin məşqlərini görüb. Ondan bu haqda soruşanda məşqçini yalnız təriflədi. Elə mən də onun təxminən bir həftədir keçdiyi məşqlərə əsasən yalnız tərif söyləyə bilərəm.

- Maraqlıdır, bura gələnə qədər kimdənsə məsləhət almısan?

- Hə. Klubdan zəng vurub maraqlanandan sonra mən də dostlarım, tanışlarımla əlaqə saxladım. Nemanya Vidakoviçi çoxdan tanıyırdım. Ona zəng elədim. "Rəvan”a gəlməyimi məsləhət gördü. Veseliko Trifunoviç isə yaxın dostumdur. O, mənə birbaşa məsləhət gördü ki, Azərbaycana get, orda futbol inkişaf edib, Qazaxıstandan çox yaxşıdır.

- Bakıda olduğun müddət ərzində paytaxtımız haqqında hansı fikirdəsən?

- Əslində "Eurovision” mahnı müsabiqəsi zamanı Bakını televizordan görmüşdüm. Ancaq bu dərəcədə gözəl olduğunu anlamamışdım. İndi sanki Dubaydayam. Mən bir neçə il əvvəl Birləşmiş Ərəb Əmirliklərində olmuşam. Ona görə də elə-belə müqayisə eləmirəm. Bir-iki kəlməylə belə deyərdim: kiçik Dubayda yaşayacam.

- Ümumiyyətlə, bura gələnə qədər Azərbaycan futbolu barədə məlumatın var idi?

- Bəli, xəbərim var idi. Avroliqanın qrup mərhələsində "Partizan”ın "Neftçi” ilə oyunlarına baxmışam. Özü də Belqraddakı matçı stadiondan canlı izləmişəm. Saşa Stamenkoviçi də azdan-çoxdan tanıyıram. O da bir neçə dəfə bu barədə Serbiya mətbuatına danışıb. Müsahibələrində, açıqlamalarında deyib ki, Bakıda normal yaşamaq olar. Azərbaycanda futbol inkişaf edib. Bir sözlə, burda gözəl şərait var, oynamağa dəyər. Azərbaycan futbolu, çempionatı barədə az-çox məlumatım var idi.

- Dedin ki, "Partizan” – "Neftçi” oyununu canlı izləmisən. Bu necə oldu?

- "Partizan”da Vladimir Volkov adlı futbolçu var. O yaxın dostumdu. Onunla həm OFK-da, həm də "Şerif”də bir yerdə çıxış etmişik. Volkova zəng edib oyuna gəlməyimə yardım etməsini istədim. O da sağ olsun, sözümü yerə salmadı.

- Deyəsən, serb futbolçuların əksəriyyəti ilə bu və ya digər dərəcədə əlaqən, münasibətin var?

- Təbii ki, hə. Ümumiyyətlə, həmkarlarımla söhbətə həmişə açığam. İmkan tapanda bütün tanışlarla zəngləşir, görüşürük.

- Bəs vaxtilə səninlə bir komandada oynamış, ində isə bütün dünyada tanınan hansı futbolçular var?

- Branislav İvanoviç, Aleksandr Kolarov, Slobodan Raykoviçi göstərə bilərəm. Hamısıyla OFK-da çiyin-çiyinə çıxış etmişəm. Düzdür, İvanoviç mən əsas komandaya təzə-təzə dəvət alarkən Moskvaya getdi. Ancaq təlim-məşq toplanışlarında bir yerdə olurduq. Kolarov və Raykoviçlə isə eyni komandada meydana çıxmışam.

- Səncə, Serbiya milli komandası DÇ-2014-ün final mərhələsinə vəsiqə qazana biləcək?

- Çətin sualdır. Qrupdakı vəziyyət heç də ürəkaçan deyil. Sinişa Mihayloviç baş məşqçi olan kimi heyəti dəyişməyə başlayıb. Bu üzdən futbolçular arasında anlaşma səviyyəsi aşağıdır. Onların bir-birinə alışması isə vaxt aparacaq. Bu üzdən mundialla bağlı xəyallar qurmağa dəyməz.

- Bəs DÇ-nin əsas favoriti kim olacaq?

- Yəqin ki, yenə İspaniya dominantlıq edəcək. Braziliyanı da xüsusi qeyd edərdim. Ev sahibi kimi ikinci faciə yaşamaq istəmirlər.

- Öz mövqeyində çıxış edən futbolçular arasında kimi ən güclü sayırsan?

- Xavini. O, sadəcə, möhtəşəm futbolçudur.

- Hansı klubun vurğunusan?

- "Milan”ın.

- "Barselona”, yoxsa "Real Madrid”?

- Mən "Real”ı seçərəm. "Barsa”nın oyun üslubu nədənsə xoşuma gəlmir.

- Messi, yoxsa Kriştiano Ronaldo?

- "Real”ı seçdiyimə görə Ronaldo deməliyəm də (gülür)... 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail