Şahin Diniyev: "Mən şərtlərə toxunmaq istəmirəm" - MÜSAHİBƏ

22.12.2015 | 3276 dəfə oxunub


Artıq Azərbaycan Premyer Liqası tam olaraq ekvatora yaxınlaşdı. 4 dövrədən ibarət çümpionatımızda 2 dövrə başa çatdı. Təbii ki, çempionatın yaxşı mənada iki sürpriz komandasından biri də Şahin Diniyevin baş məşqçisi olduğu "Kəpəz”dir. 4 ildən sonra ağır şərtlər altında çempionata dönən "Kəpəz” yarışa rəng qata bildi. Bununla yanaşı, Gəncə klubu hazırda ikinci pillədən cəmi 4 xal geri qalaraq 5-ci sırada yer alıb. Komanda ilin son oyununda isə doğma meydanda "Neftçi”ylə 1:1 hesablı heç-heçə etdi. Matçdan sonra komandanın baş məşqçisi Şahin Diniyev arxada qalan zamanda komandasının şıxışını Goal.Azsaytı üçün dəyərləndirib:

- İkinci dövrə başa çatdı, tən yarıdayıq. Komandanızın çıxışını necə qiymətləndirirsiz?
- Artıq iki dövrədə 18 oyunu arxada qoymuşuq. 6-7 oyuna görə komandaya qiymət vermək düz çıxmazdı. Ancaq 18 çempionat oyunundan sonra bunu etmək olar. Bu oyunlardan heç biri bizim üçün asan olmayıb. Ümumi götürdükdə,komandamın durumunu normal sayıram. Nə pis deyil, nə də super. Biz normal şəraitdə yığışdıq, amma vaxt və bəzi problemlər vardı. Biz heyətə gətirdiyimiz futbolçuların komandalarında oynamırdı. Buna baxmayaraq ilk gündən əsas istəyimiz qələbə ruhu olan kollektiv yaratmaq idi. Və harddasa buna nail olduq. İndi "Kəpəz” liderlərdən çox da geri qalmır. Bu məsafəni də sona kimi saxlamaq və önə getmək üçün mübarizə aparmalıyıq. İndi turnir cədvəlində 5-ci sırada olsaq da, ikinci yerdən cəmi 4 xal geridə qalırıq. Yeni yığılan komandada səhvlər çox oldu. Yersiz xallar itirdik. Futbolçular və xətlər arasında anlaşmazlıq yüksək səviyyədə olmadığından, hardasa 10-12 lazımsız, itirilməyəcək xalları əldən verdik. Əks halda indi lider də ola bilərdik. Futbol da qazanılan və itirilənlərlə gözəldir. "Kəpəz”ə 5 ballıq qiymət cədvəliylə 4 verərdim. Əsas məsələ odur ki, arxada qalan 18 çempionat və 1 kubok oyununda "Kəpəz” heç bir komandaya oyun planında uduzmayıb. Bütün rəqiblərlə başa-baş, ya da daha yaxşı mübarizə aparıb. İndi komandanın vəziyyəti məni qane edir. Qış fasiləsindən sonra komandamızın daha yaxşı duruma gələcəyini düşünürəm. Fasilədə çatışmazlıqlar üzərində daha çox işləyəcəyik və heyəti gücləndirəcəyik. 3 xallıq sistemdə 4 xalı aradan qaldırmaq asan məsələdir.

- Çox kasad şərtlər arasında komandanı yığdız. İstədiyinizi komandadan aldız, almadız, yoxsa, heç bu nəticə yaxşıdır və gözləmirdiz bunu?
- Həqiqətən çox peşəkar sualdı. Ancaq mən şərtlərə toxunmaq istəmirəm. Çünki bu, şikayətlənmək olar. "Kəpəz” 4 ildir Premyer Liqada yoxdur. Arxada qalan zamandan sonra tam əminliklə deyə bilərəm ki, komanda mən gözlədiyimdən də yaxşı nəticə göstərib. Ancaq hələ potensialımızı tam ortaya qoymamışıq.

- Komanda Bakıda və Yevlaxda məşq edir, Gəncədə bərbad ot örtüyü olan stadionda oynayır. Bu, sizə problem yratmır?
- Biz hər həftə ölkənin bu başından o başına avtobusla yol qət edirik. Yevlaxda qalırıq, çünki Gəncədə baza yoxdu. Gəncədə bazanın olmaması bizə böyük problem yaradır. Bazanın olması daha çox çalışmaq, məşq etmək və yaxşı hazırlaşmaq deməkdir. Biz isə bunu edə bilmirik. Baxmayaraq ki, hələ heç bir futbolçumuz bundan gileylənməyib. Rəhbərliyimizdə bu planda əlindən gələn köməkliyi bizə edir. Amma onlar üçün də bir qədər çətindir. Çünki ortada hazırlıq üçün heç bir infrastruktur yoxdur. Bunu yaratmaq da zaman alan işdir.

- Fasilədə nə yaxşı hazırlıq keçmək üçün xaricə, məsələn, klublarımızın çoxunun getdiyi Türkiyəyə yollanmırsız?
- Tam səmimi deyirəm, rəhbərlik bizə təklif etdi ki, Antalyada hazırlıq keçək. Ancaq bunu mən istəmədim. Çünki futbolçular çox yorğundular. 19 futbolçuyla 19 oyun keçirmək və liderlər qrupunda yer almaq asan məsələ, hər komandanın işi deyil. Komanda yanvarın 10-da bir araya gələcək və bundan 20 gün sonra da çempiionat başlayacaqsa, xaricə gedib gəlmək özü bizə yol yorğunluğu yaradacaq. Və Türkiyədən döndükdən sonra yenidən adaptasiyaya da zaman lazımdır. Çünki orada havalar isti, burda isə soyuqdur. Bunun üçün də ölkədə qalmaq, burada hazırlıq keçməyi daha məqsədəuyğun hesab etdim. İlk mərhələdə fiziki hazırlıqla məşğul olacağıq. Vax azlığı üçün mən komandanın Türkiyəyə getməsini istəmədim.

- Bildirmisiz ki, artıq "qara siyahı” hazırdı. Kimlərin yola salınacağını açıqlamaq olar?
- Yox, hələ tezdi. Bayramqabağı bu xəbərlə həmin futbolçuların kefinə soğan doğramaq istəmirəm. Buna qara siyahı da deməzdim. Çünki bu, futbolun qanunudur. Gedən də olacaq, gələn də. Hər bir zaman futbolçu və məşqçi komandada çomadanını hazır saxlamalıdır. Məşqçi də analiz edir və bəzi qərarlar qəbul edir. İnanın ki, mənim üçün çox çətindir. Mən gedəcək hər futbolçuya şans vermişəm, amma bunu lazımınca qiymətləndirməyiblər. Həmin futbolçularla təkbətək görüşəcəm, sözümü onlara çatdıracam. Nə telefonla, nə də kiminsə vasitəsiylə onlara sözümü çatdırmayacam. Hətta çalışacam ki, futbolsuz qalmasınlar, hansısa komandaya düzəlsinlər. Yanvarın 1-dən sonra kimlərin gedəcəyini açıqlayacam.

- Bəs bayramdan sonra onlara "qara xəbər”i çatdırmaqla xoş keçirdikləri bayram əhval-ruhiyələrinin içinə "soğan doğramış” olmayacaqsız?
- Bayramqabağı bu xəbəri almaq daha pisdir. Həyatında nəsə qurtarırsa buna sevinmək lazmdır ki, yenisi başlayacaq. Çünki bundan yaxşısı da ola bilər. Bu, ölüm deyil.

- Beş futbolçu yollayıb, ikisini alacaqsız. Bu iki futbolçu yerlidir, yoxsa legioner?
- Ola bilsin ki, biri yerli, biri legioner olsun. Amma böyük ehtimalla, hər ikisi legioner olsun. Çünki indi boşda olan və komandasından ayrılacaq elə bir futbolçu yoxdur.

- 19 oyunu 19 futbolçuyla keçirdiyinizi bildirdiz. Indi onlardan beşi gedir, ikisi gəlir. Bu isə heyətin daha da kasadlaşmasıdır. Belə daha da ağır olmayacaq?
- Heyətdə meydana buraxdığımız futbolçulara nəzər yetirsəz görərsiz ki, biz 19 oyunu 13 futbolçuyla keçirmişik. Çünki daha çox bu futbolçularla meydana çıxmışıq. 13 futbolçuyla 19 oyunu yola vermək çox çətindi. İndi kənarda qalan 4-5 futbolçunu göndərərək yerinə oynada biləcəyimiz, bizə xeyir verəcək 2 futbolçu alacağıq ki, bununla heyət 13-dən 15-ə yüksələcək. Bu da bizim xeyrimizədir.

- Yoxlama oyunları hamı komandalarla keçiriləcək?
- Oyunlar müəyyənləşməyib. Çünki komandaların adları bəlli deyil. Fiziki hazırlıq mərhələsini baş vurduqdan sonra bir oyun Yevlaxda keçirəcəyik. Bundan sonra Bakıya gələrək daha iki oyunda burda oynamaq fikrindəyik.

- Bu qədər sıxıntı və şəraitsizlik içində "Kəpəz” iddialılar arasında yer alıb və medal qazanmağa, Avroliqaya getməyə namizəddir. Bütün bunların fonunda ortaya söz atıldı ki, klub rəhbərliyi sizdən narazıdır? Nə üçün və ya bu sözlər nəyə xidmət edir?
- "Kəpəz” azarkeşləri çox savadlı və ağıllı insanlardır. Onlar burada futbolun olmadığını görsələr, stadiona gəlməz, komandanı dəstəkləməzdilər. Futbolçular arasında da elə bir ünsiyət qurulub ki, bunu hər bir komanda arzulayar. İlk gündən bu günə qədər də rəhbərlik mənim arxamda durub, bütün qərarlarımı dəstəkləyiblər. Komandanın oyunu da, nəticə də göz qabağındadır. Bilmirəm bu sözhbətlər hardan qaynaqlanır. Amma bunu ortaya çıxardanlar bilinlər ki, mənim arxamca danışırlar və demək, mən ondan, onlardan öndəyəm. Mən komanda rəhbərliyinə və azarkeşlərinə minnətdaram. Çünki biz bir ailəyik və bir yerdəyik. Bizim aramızı vurmaq onlar üçün çox çətin olacaq. Onlara da bildirirəm ki, özlərinə başqa iş tapsınlar. İnşAllah may ayında da biz gördüyümüz işin bəhrəsini əldə edəcəyik.

- Komanda yaradılanda rəhbərlik sizə nə tapşırmışdı?
- Mənə tapşırılmışdı ki, komandanı qurum və Premyer Liqada qalaq. Ancaq bnunla razılaşmadım və bildirdim ki, ilk altılıqda olacaq komanda quracam. Çünki qarşımızda məqsəd və iddia olmalıdı.

- Onda belə deyək də, artıq özünüz öz qarşınızda məqsəd qoymusuz ki, "Kəpəz”lə Avroliqaya gedəcəksiz?
- Bu komanda Avrokuboklarda oynamağa layiqdir. Arzumuz böyükdür, iştah da diş altındadır. Göstərdiyimiz oyunla daha yaxşı yerlərdə olmalıyıq. Hər komandayla artıq iki dəfə üz-üzə gəlmişik. Və görmüşük ki, hər komandayla oynaya biləcək gücdəyik. Oyun baxımından da heç bir rəqibdən geri qalmırıq. Sadəcə hələ komanda bir birinə tam, mən istədiyim kimi uyğunlaşmayıb.

- İndi "Kəpəz”in əsas futbolçularından bir çoxu komandada icarə əsasında çıxış edir. Bu məqam sizi narahat etmir?
- Əlbəttə, narahat edir, özüdə lap çox. Azərbaycanda belə bir yazılmamış qanun mövcuddur ki, futbolçularla bir illik müqavilə imzalanır. Bir neçə futbolçumuz çox artırıb və artıq milli komndaya dəvət alıblar. Bu məqam məni çox sevindirir. İndi 4 futbolçumuz milli komandada çıxış edir. Onlardan heç biri də ötən mövsüm Premyr Liqada oynamayıblar. İndi isə onlar komandanın aparıcı üzvlərinə çevriliblər. Bu məqam isə məni çox sevindirir. Mən "Qarabağ”a, "Sumqayıt”a, "Bakı”ya təşəkkürü bildirirəm ki, onlar öz futbolçularını bizdə oynamağa buraxdılar. İndi mən də istəyirəm ki, həmin oyunçular bizdə qalsınlar və burda oynasınlar. Amma alınmasa da əlimizdən gələcək başqa bir şey yoxdur. Ən pis halda onlara uğurlar arzulayacam.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail