Vəli Qasımov: "Bizim xalq futbol xalqı deyil" - MÜSAHİBƏ

05.10.2016 | 4288 dəfə oxunub

"Neftçi"nin sabiq baş məşqçisi Vəli Qasımovun müsahibəsini təqdim edirik: 

- "Neftçi"ni tərk etdikdən sonra nə işlə məşğulsunuz?

- Hələ heç nə ilə. Daha çox evdə otururam, ev işləri ilə məşğul oluram. Amma məşqçilik karyeramı davam etdirməyə hazırlaşıram. Neçə ildir futboldayam. Bir uğursuzluğa görə futboldan uzaqlaşmaq fikrim yoxdur.

- Variantlar var?
- Detalları açıqlamayacağam, amma var. Özü də Azərbaycan klublarından deyil. Avropa ölkələrindən birinə yollana bilərəm. Böyük ehtimalla bu məsələyə qışda aydınlıq gələcək.

- "Neftçi"nin çıxışını izləyirsiniz?
- Bəli. Klubun bu vəziyyətə gəlib çıxması üzücüdür. Amma bunun da öz səbəbləri var.

- Hansılardır?
- Heç kimi tənqid etmək istəmirəm. Baxmayaraq ki, özüm həmin tənqidlərlə üz-üzəyəm. Həmkarlarımı dəqiq tənqid etməyəcəyəm. Əslində, komanda normal vəziyyətdə idi. Sadəcə, psixoloji cəhətdən vəziyyət çox pis idi. Belə vəziyyətdə komandanı toparlamaq çətin idi. Komandanın fiziki baxımdan pis durumda olmasına dair fikirlərlə razı deyiləm. Çünki elə matçlar var idi ki, biz məhz ikinci hissədə daha yaxşı çıxış etmişdik.

- Elxan Abdullayev komandada səviyyəli futbolçu çatışmazlığından şikayətlənir...
- Sabah mən hansısa komandaya keçsəm və orada yaxşı futbolçu olmadığını söyləsəm, bu, düzgün çıxmaz. Düzdür, "Neftçi"də çatışmazlıqlar var. Amma istədiyin futbolçuları komandaya gətirə bilmirsənsə, nə etmək olar? Mənə onların baha olduğunu dedilər. Maliyyə imkanlarımıza uyğun alınan futbolçular da pis deyildilər. Sadəcə, hətta ən yaxşı futbolçular üçün də uyğunlaşma asan başa gəlmir, bunun üçün vaxt tələb olunur.

- Yeri gəlmişkən, legionerlərin səviyyəsinə görə ən çox siz tənqid olunursunuz...
- Legionerlər pis deyildilər. Məsələn, "Zirə"nin legionerlərindən pis deyillər. Sadəcə, "Neftçi" üzdə olan komandadır. Heç kim "Zirə"ni "Neftçi" qədər tənqid etməz.

- Bəs futbolçulardakı psixoloji problem nədən qaynaqlanırdı? Maaşları gec ödənilirdi?
- Bu, əsas səbəblərdən biri idi. İstənilən işdə belədir. Məsələn, sizi götürək. Maaşınızı vaxtında almasaz, çətin ki, işinizə həvəslə yanaşasız, yüz faiz can qoyasız. Futbolçuların da hər birinin ailəsi var. Mənim dövrümdə ciddi maliyyə problemləri var idi.

- Zamanı geri qaytarsaydınız, hansı səhvinizi təkrarlamaq istəməzdiniz?
- Haradasa səhvə yol verdiyimi düşünmürəm. Qoy məndən heç kim inciməsin, amma bizim xalq futbol xalqı deyil. Komanda yaxşı oynayır, amma uduzur, hamı deyir ki, "Neftçi" pis gündədir. Halbuki, aparıcı futbol ölkələrində komanda uduzsa da belə, yaxşı oyuna qiymət verirlər. Bizdə isə ancaq tabloya baxırlar. Stadionlar boşdur. Futbol həvəskarları nəinki oyuna gəlmirlər, bəlkə heç televizordan da oyuna baxmırlar, amma sosial şəbəkələrdə oyunları müzakirə edirlər. Onlar üçün bircə hesab bəs edir. Fiziki hazırlıq üzrə ispaniyalı məşqçimiz bir dəfə şikayətləndi ki, jurnalistlər bu qədər tənqid edirlər, amma bir nəfər də olsun komandanın məşqinə gəlib, əslində düşərgədə nələrin baş verdiyini araşdırmır, bununla maraqlanmır. Amma oyundan sonra elə yazırlar ki, sanki hər şeydən xəbərdardırlar. Legioner futbolçu gəlir, bir həftə sonra oyuna çıxır, öz potensialını göstərə bilmir və hər kəs onun üstündən xətt çəkir. Halbuki, onun hansı vəziyyətdə olduğunu bilmirlər.

- "Neftçi"dəki bütün uğursuzluqların günahı icraçı direktoru Elnur Məmmədovda idi?
- Heç kim haqda danışa bilmərəm. Mən özümə cavabdehəm. Kiminsə şübhəsi ola bilər ki, mənim kiminləsə əlaqəm var. Amma mən təmiz insanam. Mən öz işimi sevirəm. Hətta deyərdim ki, ailəmdən də çox. Lakin təəssüf ki, "Neftçi"də alınmadı. Ən son günə qədər yaxşı olacağına inanırdım. Bu heyətlə ilk üçlüyə düşə bilərdik. "Qarabağ"la "Qəbələ"ni bu gün üçün qabaqlamaq inandırıcı görünmürdü.

- Sizi əvəzləyən Abdullayevin işi barədə nə deyə bilərsiniz?
- Ona uğurlar arzulayıram. Qışda heyəti gücləndirə bilsə, uğur qazana bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail