Millinin baş məşqçisi: "Bu, bizim futbolda böyük bir problemdir" - MÜSAHİBƏ

09.02.2017 | 3891 dəfə oxunub

Fevralın 4-də AFFA-nın Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Təlim-Məşq Bazasında 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı başlayıb. Toplanışa 50 futbolçu cəlb olunub. 25 futbolçunun qatıldığı 1-ci qrup dünən toplanışı başa vurub. Digər qrup isə fevralın 10-a kimi yoxlanışda olacaq. Təlim-məşq toplanışından bir gün əvvəl U-15 və U-16 yığmamızın baş məşqçisi Vüqar Məmməd ilə görüşüb yeni formalaşdırılan U-15 yığması ilə bağlı müsahibə götürdük. Vüqar müəllim söhbətə təlim-məşq toplanışı barədə məlumat verməklə başladı:

- Ötən ilin dekabr ayından etibarən U-15 yığmasının formalaşdırılmasına başlamışıq. Həmin vaxt U-16 yığmasının təlim-məşq toplanışına 2003-cü il təvəllüdlü 5 futbolçu cəlb etmişdik. “Neftçi"dən Nihat Fərəcli, Mirəli Əhmədov və “Əlincə"dən Gülağa Əsədov U-14 Liqasında oynayırlar. Toplanış vaxtı Barselonada oynayan Vüsal Qəmbərov və  Eldar Tağızadə Bakıda olduqlarına görə onları da yoxlamaq qərarına gəldik. Hamısı istedadlı uşaqlardır. Sırf 2003-cü il təvəllüdlü futbolçuların toplanışına gəlincə, ideya AFFA-nın baş katibi Elxan Məmmədova məxsusdur. Bu uşaqların 14 yaşlarının tamam olmamasına baxmayaraq, indidən onları nəzarətdə saxlamaq lazımdır. Məlum olduğu kimi, toplanışa 50 futbolçu cəlb etmişik. Onlar hər birində 25 uşaq olmaqla 2 qrupa bölünüb. İlk qrupla iş baş fevralın 7-ə, 2-ci qrupdakı futbolçularla isə fevralın 10-a kimi tanış olacağıq.

- Futbolçuları özünüz seçdiniz, ya klub məşqçiləri məsləhət gördülər?

- U-14 və U-15 liqalarında çıxış edən bütün komandaların baş məşqçiləri ilə sıx əlaqədə olmağa, hər bir futbolçu haqqında lazımi məlumat toplamağa çalışırıq. Bu toplanış əvvəlcədən planlaşdırılmışdı. Həmçinin, plana əsasən yanvar ayında kubok oyunları keçirilməli idi və həmin yarışda bütün komandalar iştirak etməli idilər. Düşünürdük ki, kubok oyunlarını izləməklə özünü yaxşı tərəfdən göstərən futbolçuları toplanışa cəlb edək. Lakin müəyyən səbəblərdən kubok yarışı keçirilmədi. Biz bu vəzifəyə 2-3 ay əvvəl təyin olunduğumuzdan, U-14 Liqasının oyunlarını az izləmiş, bəzi futbolçuları gözaltı etmişdik. Kubok oyunları keçirilməyincə, məcbur olub daha çox klub məşqçilərinin məsləhətlərinə qulaq asmalı olduq. Klub məşqçiləri məsləhət bildikləri 4-5 futbolçunu namizəd kimi təqdim etdilər, onlar haqqında məlumat verdilər. Təbii ki, heç də bütün namizədlər toplanışa çağırılmadı. Məsələn, dayaq yarımmüdafiəçisi mövqeyində 15 futbolçunun namizədliyi var idi və onların yarıdan çoxunu ixtisara salmağa məcbur olduq. Yəni, hər mövqeyə bərabər sayda futbolçu götürdük. 

- Amma siyahıya nəzər saldıqda görürük ki, bir klubdan digərinə nisbətən daha çox futbolçu toplanışa cəlb olunub.

- Ən çox futbolçu “Qəbələ"dəndir. Onlar bizə 10 namizəd vermişdilər. Mövqelərə uyğün seçimdən sonra 8-i qaldı. Burada söhbət hansısa klubun tərəfini tutmaqdan getmir. İlk növbədə əyalət komandalarına üstünlük verdik. Səbəb budur ki, həmin komandalar rayonlarda oynayırlar. Şəhər komandaları isə gözümüzün önündədir. Başqa bir misal çəkim - ötən il çempion olan Gəncə komandasından təqdim olunan 6 futbolçudan 3-ü toplanışda iştirak edəcək. Bəzi futbolçuların bacarıqlarından xəbərdarıq. Qalanlarını məşqçilərin öhdəsinə buraxdıq.

- Düşünmürsünüz ki, bu halda toplanışa dəvət alan hansısa futbolçudan qat-qat güclüsü kənarda qala bilər?

- Belə hal mümkündür. Bir neçə futbolçu var ki, həqiqətən istedadlı olmalarına rəğmən toplanışdan kənarda qalıb. Təbii ki, onlar nəzərimizdədir. Həm də bu toplanışda daha çox tanımadığımız futbolçuların iştirakında maraqlıyıq ki, onların bacarıqlarına da bələd olaq. U-14 Liqasında respublika üzrə 67 komanda 12 zonada çıxış edir. Futbolçu sayı isə 900-dən çoxdur. Onların hamısını bir toplanışa cəlb etmək mümkün deyil. Toplanışa çağırılmayanlar da izlənəcək. Bu yığmanın baş məşqçisi kimi söz verirəm ki, bir futbolçu belə diqqətdən  kənarda qalmayacaq, hamı yoxlanıldıqdan sonra yekun qərar verililəcək. 

- Təlim-məşq toplanışında yoxlama prosesi nədən ibarət olacaq?

- Uşaqlar gündə 2 dəfə məşq keçəcəklər, yoxlama oyunları olacaq. Təlim-məşq toplanışı sırf seleksiya xarakteri daşıyır. Futbolçunun təzyiq altında necə düşündüyü bizim üçün çox önəmlidir. Bundan başqa futbolçuların texnikası, sürəti və digər kriteriyalar da nəzərə alınacaq. Bu toplanışda çatdırmayacağıq, amma növbəti toplanışlarda futbolçularla nəzəri məşğələlər də nəzərdə tutulub.

- Növbəti toplanış dediniz, nə vaxta nəzərdə tutulub?

- Aprel ayında daha bir toplanış keçirməyi planlaşdırırıq. Həmin toplanışda başqa uşaqları da yoxlamaq imkanı olacaq. Böyük ehtimalla bu dəfə futbolçuları özümüz dəvət edəcəyik. Fevralın 11-dən U-14 Liqasında bütün oyunları izləməyə çalışacağıq. Bakıdakı oyunların hamısında olacağıq. Belə də artıq, hansı futbolçunun nəyə qadir olduğunu özümüz görəcəyik. 

- Vüqar müəllim, siyahı elan olunandan sonra hansısa futbolçunun kənarda qalması  ilə bağlı müraciətlər çox oldu?


- Bəli. Əksəriyyət hansısa potensiallı futbolçunun kənarda qalmasını irad tuturdu. Əlbəttə, müəyyən mənada onlarla razılaşıram. Amma bayaq dediyim kimi, təlim-məşq toplanışına çağırılmayan bütün futbolçular izlənəcək. Hansısa istedadlı uşaq kənarda qalmayacaq. 

- Toplanışın əsas mənfi cəhəti dərs vaxtına təsadüf etməsidir. Olmazdı ki, toplanış yanvarın sonlarındakı tətilə salınardı?

- Bu, bizim futbolda böyük bir problemdir. Sualı cavablandırmamışdan 2 faktı misal çəkmək istəyirəm. Ötən il Bakıda U-17 yığma komandaların Avropa çempionatında ölkəmizə gələn əksər komandaların nümayəndə heyətlərinin tərkibində müəllimlər var idi və futbolçuların dərslərdən geri qalmamaları üçün onlarla məşğul olurdular. Digər fakt - İtaliyada “Milan"ın Futbol Akademiyasında təcrübə keçəndə bir halın şahidi oldum, orada belə bir qayda var. Akademiyada hər ayın sonunda 17 element üzrə test aparılır. Onlardan biri təhsil, ikincisi əxlaq, digər 15-i isə futbolla bağlı idi. İlk 2 testdən keçə bilməyən uşaq akademiyadan kənarlaşdırılır. Təhsildə axsayan uşağa 1 ay vaxt verilir ki, qiymətlərini düzltsin. Əgər bu hal 2-ci ayda düzəlməsə, həmin uşaq akademiyadan xaric olunur. Demək istəyirəm ki, təhsillə bağlı problem təkcə yığma komandalarda deyil, klublarda da mövcuddur. Burada valideynlərin üzərinə də böyük məsuliyyət düşür. Elə valideynlər var ki, təhsili arxa plana atıb övladlarının sırf futbola köklənmələrinə imkan verirlər. Sualınıza cavab olaraq isə onu deyə bilərəm ki, əvvəlcədən kubok yarışları nəzərdə tutulduğu üçün məcbur olub təlim-məşq toplanışını dərs günlərinə saldıq. Amma fikir verin, 1-ci qrup cəmi 1 gün dərs buraxacaq. 2-ci qrup isə təəssüf ki, 3 gün. Aprel toplanışında çalışacağıq ki, uşaqlar təhsildən minimum uzaq düşsünlər. 

- Azərbaycandan kənarda çıxış edən 14 yaşlı futbolçular az deyil. Onlarla hansı səviyyədə iş qurmağı planlaşdırırsınız?

- Hazırda 14 və 15 yaşlı 19 futbolçu haqqında məlumatımız var. Daha bir futbolçu - Pənah Rüstəmov barədə isə sizin qəzetdə gedən yazıdan sonra xəbər tutduq. 20 futbolçudan 11-i 2002-ci, 9-u isə 2003-cü il təvllüdlüdür. Futbolçuların əksəriyyəti Rusiya klublarında çxış edirlər. Moldovada, İspaniyada, Fransada və digər ölkələrdə oynayan futbolçular da var. Bəzilərinin valideynləri ilə əlaqə yarada bilmişik. Gələcəkdə onlarla yaxından tanış olmaq üçün təlim-məşq toplanışlarına, yoldaşlıq oyunlarına dəvət edəcəyik. Yeri gəlmişkən, artıq, bir neçə ölkənin U-15 və U-16 komandaları bizimlə yoxlama oyunu keçirmək üçün müraciət edib. Onların arasında Avstriya, Monteneqro, Türkiyə və başqa ölkələr var. Əlbəttə, gələcəkdə yoxlama oyunlarının keçirilməsi nəzərdə tutulub. Bu zaman futbolçuların hazırlıq səviyyəsini yoxlamaq daha asan olacaq.
Biz - mən, Mübariz Orucov, Namiq Adilov və qapıçılarla işləyən məşqçi Üzeyir İbrahimov U-15 və U-16 yığmalarını götürəndə ilk olaraq liqalarda çıxış edən bütün komandaların baş məşqçiləri ilə görüş keçirdik. Məqsəd onlarla daim əlaqədə olmaq, gələcəkdə futbolçularla bağlı daha çox məlumat toplamaq, gördüyümüz çatışmazlıqları onların məşqçilərinin diqqətinə çatdırmaq, bu çatışmazlıqları birgə aradan qaldırmaq və s.-dir. Birgə işləyəcəyimiz təqdirdə daha keyfiyyətli iş ortaya qoya biləcəyik. 

Azər TAĞIYEV

"Het-trik news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail