2013-cü ildə keçiriləcək Avropa çempionatının bu il start götürəcək seçmə oyunları ərəfəsində Azərbaycanın gənclərdən ibarət yığması daha bir sınaq matçı keçirəcək. Stadium.az xəbər verir ki, dünən Lənkəranda Moldova yığmasıyla qarşılaşan və 1:0 hesablı qələbəyə sevinən komandamızın növbəti rəqibi Estoniya olacaq.
Bernard Lippertin yetirmələrinin bu rəqiblə görüşünün səfərdə keçirilməsi planlaşdırılır. Qarşılaşma avqustun 9-da baş tutacaq.
Maraq üçün xatırladaq ki, gənclərimiz məhz həmin ayın 21-də Almaniyaya təlim-məşq toplanışına yollanacaq. Berti Foqtsun vətənindəki hazırlıq prosesi məhz seçmə mərhələdəki ilk oyunumuz olacaq İngiltərə U-21-i ilə görüşə hazırlıq xarakteri daşıyacaq. İngiltərə - Azərbaycan matçının sentyabrın 1-də keçiriləcəyini də xatırladaq.