Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 2011/12 mövsümünün püşkü atılır. Stadium.Az xəbər verir ki, AFFA-nın inzibati binasında keçiriləcək mərasim saat 17:00-da başlayacaq. 2011/12 mövsümündə də ötən illərdə olduğu kimi yarışa 12 komanda qoşulacaq və yenə "altılıq" sistemi tətbiq olunacaq. Yeni mövsümdə yeniliklərin tətbiq olunub-olunmayacağı məlum deyil. Premyer Liqanın formatı ilə bağlı bütün suallara bu günkü mərasimdə aydınlıq gələcək. Ötən il olduğu kimi yenə paytaxt Bakı çempionatda 5 komanda ilə təmsil olunacaq. Ötən mövsümdən qalan AZAL, "Bakı", "İnter", "Neftçi" ilə yanaşı, "Rəvan" da güclülər dəstəsində çıxış edəcək. Sonuncular MOİK-in boşalan yerini dolduracaq. Bölgə təmsilçilərinin sayı isə yenə 7 olacaq. Ötən mövsüm də çempionatda iştirak etmiş "Qəbələ", "Simurq", "Kəpəz" (ötən mövsüm "Gəncə" adlanırdı), "Turan", "Qarabağ" və "Xəzər Lənkəran"la yanaşı, "Sumqayıt Şəhər" də elita yarışlarına qatılacaq. Sonuncular "Muğan"ın boşalmış yerini dolduracaqlar. Yeni mövsümdə Premyer Liqada iki debütant çıxış edəcək. "Rəvan" bu hüququ birinci divizionda 2-ci yeri tutaraq qazanıb. "Sumqayıt Şəhər" isə "Abşeron"un dağılmasından sonra belə bir hüquqa yiyələnib. "Simurq" 2010-2011 mövsümünün nəticələrinə əsasən (11-ci yer) Premyer Liqanı tərk etsə də, yenidən güclülər dəstəsində çıxış edəcək. Buna səbəb "Muğan"ın çempionatdan imtinasıdı.
2011/12 mövsümünün bütün iştirakçıları:
1. AZAL (Bakı) 2. Bakı (Bakı) 3. İnter (Bakı) 4. Kəpəz (Gəncə) 5. Neftçi (Bakı) 6. Qarabağ (Ağdam) 7. Qəbələ (Qəbələ) 8. Rəvan (Bakı) 9. Simurq (Zaqatala) 10. Sumqayıt Şəhər (Sumqayıt) 11. Turan (Tovuz) 12. Xəzər Lənkəran (Lənkəran) rnrn