Ruslan Abışov: "Gündəmdən qaçmaq istəyirəm"

27.08.2011 | 6454 dəfə oxunub

Azərbaycan yığmasının və “Neftçi” klubunun müdafiəçisi Ruslan Abışov müsahibə verib. Stadium.az bu müsahibəni təqdim edir

- Çempionatın IV turunda komandanızı çətin oyun gözləyir. AZAL-la səfər matçının hazırlığı barədə nə deyə bilərsiniz? 
- Bildiyiniz kimi, bu həftə milli komandanın qısamüddətli toplanışı oldu. Odur ki, AZAL-la oyunun hazırlığının bir qisminə qatıla bilmədim. Amma yığmanın düşərgəsinə istirahət etməyə getməmişdim. Keçirilən məşqlərdən sonra özümü hazır sayıram. 

- AZAL-la görüşün sizin üçün bir xatirəsi var. “Neftçi” məhz ötən mövsüm bu komanda ilə görüşdən sonra çempionluğu bayram edib. Kifayət qədər yenilənmiş komandaya yenə qalib gələ biləcəksinizmi? 
- Artıq çempionluqdan bir az vaxt keçib. Biz yerli çempionatdan sonra Çempionlar Liqasında mübarizə apardıq. Bəxtsizlikdən oyunumuz alınmadı. İlk görüşdə layiq olmadığımız məğlubiyyətə uğradıq. Uduzduğumuz Zaqreb “Dinamo”su indi Çempionlar Liqasının qrupundadır. Bütün bunlara baxmayaraq, biz AZAL-la görüşə yenə çempion kimi çıxacağıq. Qələbə qazanmaq üçün çalışacağıq.

- Razılaşaq ki, yeni “Neftçi”nin nəyə qadir olduğu məhz bu oyun zamanı bilinəcək. Çünki ilk iki turda elə də güclü olmayan iki komanda ilə qarşılaşmısınız... 
- “Neftçi” rəhbərliyi, məşqçilər korpusu rəqiblər arasında fərq qoymur. Yəni, biz dərk edirik ki, istənilən komanda ilə görüşdə qazanılan qələbəyə görə üç xal verilir. Odur ki, hər oyuna qələbə qazanmaq məqsədi ilə çıxırıq. Razıyam ki, ilk iki turda debütant komandaları məğlubiyyətə uğratmışıq. Bəli, bizim ilk ciddi sınağımız AZAL-a qarşı olacaq. Bu komandaya hörmət etsək də, onlardan çəkinmirik. Klubda baş məşqçi dəyişikliyi olsa da, iddialarımız, məqsədlərimiz eyni qalır. Azərbaycan çempionatında və kubokunda ən yüksək pilləyə qalxmağı hədəfləyirik.

- Sizcə, “Neftçi” hazırkı vəziyyətdə yenə çempionluğu bayram etmək gücündədir? 
- Biz çox yaxşı hazırlıq keçmişik. Əlbəttə ki, rəqiblərimiz də boş oturmayıblar. Bəlkə də bəzi əsas rəqiblərimizin çempionatı düşünmək üçün daha çox vaxtı olub. Çempionluq titulunu qorumaq bizim üçün həqiqətən də çətin olacaq. Amma nəticələr futbolçuların oyunundan asılı olaraq dəyişir. Bizdə əvəzedilməz futbolçu anlayışı yoxdur. Yəni hər bir futbolçu komandanın oyun fəlsəfəsinə uyğun gəlməlidir. Fikrimcə, komandada əhval-ruhiyyə çox yüksək səviyyədədir. İnşallah, ciddi problem çıxmazsa, biz yenə çempion ola bilərik.

- Artıq bu vəzifənin öhdəsindən Arif Əsədov deyil, yeni baş məşqçi Böyükağa Hacıyev gəlməlidir. “Neftçi”nin heyətində çox sayda baş məşqçinin rəhbərliyi altında oynamış futbolçu kimi hazırkı çalışdırıcınız Hacıyevi necə xarakterizə edərdiniz? 
- Mən “Neftçi”də bir çox məşqçinin rəhbərliyi altında çıxış etmişəm. Heç bir məşqçi ilə problemim olmayıb. Eyni zamanda, Böyükağa Hacıyevin də hörmətini saxlayıram. O, işini bilən və çox peşəkar mütəxəssisdir. Komandamızın onun rəhbərliyi altında uğur qazanacağına inamım böyükdür. Çünki Hacıyev yaxşı taktika müəyyənləşdirib. O, komandanı sovet dönəmində oynadığı futbola qaytarır.

- Əvvəllər, çox tez-tez gündəmə gəlsəniz də, indi nadir hallarda görünürsünüz. Bu nədən irəli gəlir? 
- Bəli əvvəllər daha çox gündəmə gəlirdim. Özüm gündəmdən qaçmaq istəyirəm. Əsas fikrimi futbola yönəltmişəm və bu sahədə daha çox uğur qazanacağımı düşünürəm. 

- Kino və ya klipə çəkilmək barədə yeni təklif almısınızmı? 
- Bu və digər səpkili dəvətlər hər zaman var. Amma indi şou-biznesə vaxt ayırmaq planlarıma daxil deyil. Daha çox futbol oynamaq və komandama yeni nailiyyətlər qazandırmaq barədə fikirləşirəm. Bütün diqqətimi futbol oynamağa yönəltmişəm.

- Bilirik ki, legioner həyatı yaşamaq uşaqlıq arzunuzdur. Bu istəyinizə nə vaxt çata biləcəksiniz? 
- Düzü, vaxtilə mənə dəvətlər gəlib. Amma həmin ərəfədə doğma komandamla yeni sözləşmə imzalamışdım. Bu arzum hələ də qüvvədədir. Hər gün Allaha dua edirəm ki, yolumu açsın. Artıq bizdə ciddi bir stimul qalmayıb. Çempionluq sevincini yaşadığım komandanı indi ölkə xaricində təmsil etməyi düşünürəm. Ölkə xaricində oynamaqla daha yaxşı karyera qura bilərəm. Azərbaycanda futbolçunun etdikləri tez bir zamanda unudulur. Vaxtilə milli komandanın bir nömrəli futbolçusu sayılanlar indi məcburiyyət qarşısında qalıb karyeralarını başa çatdırırlar. Bütün bunları nəzərə alıb, ölkə xaricinə yollanmaq arzusundayam.

- Gənc olmağına baxmayaraq, artıq bir neçə ildir milli komandanın da əsas futbolçularından biri sayılırsınız. Bütün proseslərdə iştirak edən şəxs kimi millinin Avro-2016-nin seçmə mərhələsində iştirak perspektivi barədə hansı fikirdəsiniz? 
- Əlbəttə ki, biz də Avropanın ən güclü komandaları ilə yarışmaq istərdik. Amma reallıq hələ buna imkan vermir. Milli komandanın Avropa çempionatında iştirakı üçün ən azından 5-6 futbolçumuzun ölkə xaricində oynaması vacibdir. Əgər, futbolçularımız ölkədən çıxmasa, Avro-2016-nin seçmə mərhələsinə qatılmaq şansımız olduqca azalır. Çıxış yollarını axtarmaq və onu tezliklə tapmaq lazımdır.
 

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail