Tuyqun Nadirov: "Digər klublarda mexanizm yoxdur, amma “Xəzər Lənkəran”da var" - MÜSAHİBƏ

28.09.2011 | 5964 dəfə oxunub

“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun müsahibəsi:

Artıq Premyer Liqanın yeddi turu arxada qalıb. Hazırkı vəziyyətdə “Xəzər Lənkəran”ın çıxışını necə qiymətləndirərdiniz?
- “Xəzər Lənkəran”ın çıxışını bir müddətdən sonra dəyərləndirmək olar ki, komanda uğurlu çıxış edir, ya yox. İndidən demək olmaz ki, “Xəzər Lənkəran” güclü, yoxsa zəifdir. Həm də indi digər klublarda da müəyyən problemlər var. Tam gücü ilə oynayanı da var, oynamayanı da. Amma “Xəzər Lənkəran”ın göstərdiyi futbol göz qabağındadır. Buna hər hansı şərh verməyə ehtiyac duymuram. Əsas odur ki, klub rəhbərliyi düzgün yol seçib və bu da öz bəhrəsini verir.
Artıq bir çoxlarında belə bir fikir formalaşıb ki, “Xəzər Lənkəran” cari mövsümdə rahat çempion ola biləcək. Bunu belə deməyə həm komandanın çıxışı, həm də turnir cədvəlindəki mövqeyi əsas verir. Siz necə düşünürsünüz?
- Yox. Elə vaxt olub ki, “Xəzər Lənkəran” ən yaxın rəqiblərindən 9, 11 xal qabaqda olub. Söhbət ondan getmir. Komandanın çempion olub-olmayacağını demək hələ tezdir. Ən azından bir şeyə diqqət yetirmək lazımdır ki, bundan əvvəlki mövsümlərdə 3-4 komanda çempionluğa iddialı idisə, bu gün klubların 7-8-i birincilik uğrunda mübarizə aparır. Ona görə də bilmək olmaz, sonda nə olacaq. Adi bir misal. Komandamız “Rəvan”la görüşdə xal itirdi. Yəni hər bir rəqibi dəyərləndirmək, onlara hörmət eləmək lazımdır. Ancaq bir şeyi deyə bilərəm ki, bu gün “Xəzər Lənkəran”ın digər klublardan irəlidə olması, onun seçdiyi düzgün kursun, yolun nəticəsidir. Həm nəticə, həm də klubun strategiyası baxımından. Digər tərəfdən, başqa klublarda heyət tam oturuşmayıb. Çempionata hazır deyillər. Amma belə baxanda, “Xəzər Lənkəran” çempionata bir neçə gün qalmış heyətinə “əl gəzdirdi”. Söhbət ondan gedir ki, digər klublarda mexanizm yoxdur. “Xəzər Lənkəran”ı digər klublardan fərqləndirən budur. Komandaya cəlb olunan futbolçuların kimliyi vacib deyil. Əsas odur ki, onlar “Xəzər Lənkəran”ın oyununa, nəticələrinə müsbət təsir edə bilsin. Bu gün Azərbaycanda bəzi klublar 1-2 futbolçudan asılıdır.
Cari mövsümdə də qarşıya qoyulan başlıca məqsəd çempionluq və kubokdur. Necə düşünürsünüz, bu yolda ən ciddi rəqibiniz kimdir?
- Bayaq da dediyim kimi, bundan əvvəlki mövsümlərdə çempionluq uğrunda 4-5 komanda mübarizə aparırdı. Ancaq hazırda daha çox komanda öz oyunu ilə iddiasını ortaya qoyur. Hər zaman olduğu kimi bu dəfə də ən ciddi rəqibimlərimiz “Neftçi”, “Qarabağ”, “Bakı”, “Qəbələ” və “İnter” klublarıdır. Konkret olaraq bu 5 komanda “Xəzər Lənkəran”la mübarizə apara biləcək.
Mövsümün əvvəlində “Xəzər Lənkəran” rəhbərliyi belə bir qərar qəbul etdi ki, komanda ancaq gənc və yerli futbolçulardan ibarət olacaq. Ancaq bu gün heyətdə yenə də legionerlər üstünlük təşkil edir.
- Çox uzağa getməyək. Son turda “Qəbələ” ilə oyunda fikir verin, heyətimizdə hansı gənc futbolçular yer almışdı. Yaxud da “Neftçi” ilə görüşdə istedadlı gənc futbolçumuz Eldar İsmayılov meydana çıxdı. Bu isə o deməkdir ki, artıq “Xəzər Lənkəran”da təcrübəli legionerlərlə yanaşı, yerli gənclər də çıxış edir. Bu da klubun proqramının bir hissəsidir.
Bu proqram gələcəkdə də davam edəcək və heyətdə legionerlərin sayı azalacaqmı?
“Xəzər Lənkəran” müəyyən plan-proqram əsasında fəaliyyət göstərir. Bu, əslində bir müddət əvvəldən hazırlanmış proqram idi. Sadəcə, bu strategiyanın həyata keçməsinə bir təkan lazım idi. Bu da “Makkabi” (Təl-Əviv) ilə oyuna təsadüf elədi. Bundan sonra bəzi anlaşmazlıq oldu. Açığı, bir balaca tələsdik. Bunu birdən birə yox, mərhələli şəkildə həyata keçirəcəyik. Gələn il transfer siyasətinə yenidən baxılacaq və legionerlərin sayı tədricən azaldılacaq. Əvəzində isə seleksiya işləri aparılacaq və heyətə gənc futbolçular cəlb olunacaq. Bilirsiniz ki, Azərbaycanda gənc və istedadlı futbolçular çoxdur. Sadəcə bunları axtarıb tapmaq və heyətə cəlb eləmək lazımdır. Bu da baş məşqçinin üzərinə düşür. Allaha şükür, Rednik də bu barədə çox bacarıqlıdır. Keçən il Elnur Abdullayevi heyətə qatmışdı. Bu gün də Elnur öz bəhrəsini verməkdədir. Bu il də komandaya yeni gənc futbolçular dəvət olunub. Bunlar da onu göstərir ki, Rednik onun qarşısına qoyulan vəzifələrin öhdəsindən çox gözəl gəlir. Bundan sonra da bu yöndə də iş gedəcək. “Xəzər Lənkəran” rəhbərliyi heç vaxt baş məşqçinin qarşısına məhdudiyyət qoymayıb. Bu da klub rəsmilərinin bir prinsipidir. Sadəcə məşqçilərə yaratdığımız imkanların əvəzində nəticə tələb edirik. Gənc futbolçuların komandamıza cəlb olunması bundan sonra da davam edəcək. Qışda da seçimlər olacaq və bunun da bəhrəsni ictimaiyyət görəcək.
Yəni qışda komandaya yeni gənc futbolçular alınacaq?
- Bəli. alınacaq.
Yəqin ki, “Neftçi” – “Bakı” oyunundan sonra Elvin Əliyevin başına gələnlərdən xəbəriniz var. Maraqlıdır ki, bu qədər həngamədən sonra AFFA İntizam Komitəsi həmin olayla bağlı heç bir cəza tədbiri görmədi. Ancaq ötən mövsüm “Bakı” ilə oyundan sonra baş verən hadisələrə görə, “Xəzər Lənkəran” klubu cərimələnmişdi. Bunu “Xəzər Lənkəran” qarşı ayrıseçkilik kimi qəbul eləmək olar?
- Bilirsiniz necədir, bu məsələ ilə bağlı bir neçə dəfə həm federasiya əməkdaşları, həm də İntizam Komitəsinin nümayəndələri ilə danışıqlar aparmışıq. Burada söhbət ondan gedir ki, “Xəzər Lənkəran”ın oyunundan sonra protokolda yazılır ki, meydançaya yad əşya atıldı. Hakbuki belə bir hal baş verməyib. Məndən soruşanda, dedim ki, bəli, yazıblarsa, düz eləyiblər. Deməli, meydançaya yad əşya atılıb. Amma reallığa baxanda bunu sübut edə bilməzlər. Çünki elə bir şey olmamışdı. Problem ondadır ki, oyuna gedən hakim-inspektorlar və komissarların bəziləri öz işlərinə qeyri-ciddi yanaşırlar. Hansı ki, PFL və AFFA rəhbərliyinə yanlış məlumatlar çatdırırlar. Olmayan hadisəni “oldu” deyə yazırlar. Obyektiv işləmirlər. Mənim fikrimcə, həmin şəxsləri ciddi “silkələmək” lazımdır. Onlardan öz işlərinə ciddi yanaşmalarını tələb etmək lazımdır ki, qərar da çıxanda bu cür hallar yaşanmasın. Çünki İK qərarı məhz həmin şəxslərin qeydlərinə əsasən çıxarır.
“Qarabağ”la oyunda Elnur Allahverdiyevin kobud oyunundan sonra Rauf Əliyev zədələndi. Bu hadisədən sonra məsələ mətbuatda uzun müddət müzakirə olundu.
- Bilirsiniz, bizdə lazım olan məsələ qalır qıraqda, lazımsızı həddindən çox şişirdirlər. Məsələn, “Bakı” – “Neftçi” oyununda Novruz Məmmədovun Flavinyoya qarşı kobudluğunu mətbuat işıqlandırdı. Elnur Allahverdiyevin Raufa qarşı kobudluğu həmin epizoddakı kobudluğun bir faizi də deyildi. Ancaq Elnuru az qala xalq düşməni elan elədilər. Elnura cəza verildi, Novruza isə yox. Ya da Mahir Şükürovun məsələsi. Futbolçuya 4 oyun cəza verilib. 3 oyun keçəndən sonra Apelyasiya Komitəsi yeni qərar çıxarır və Mahirin cəzası bir oyun azaldılır. Biz də Apelyasiya Komitəsinə müraciət eləmişik. Ancaq hər şeyin öz vaxtı, vədəsi var. İkincisi, bu nədi? 4 oyunluq cəza verilib. Sonra deyirlər ki, bir oyununu güzəştə gedin. 4 oyunluq cəzadırsa, bu, normalda ya 1 oyuna, ya da 3 oyuna salınmalıdır. Siz özünüz fikirləşin, bu, nə dərəcədə məqsədəuyğun qərardır? Çünki “Xəzər Lənkəran”la vacib oyun öncəsi idi. Bütün klublara hörmətimiz var. Burada hər hansı klubu və ya futbolçunu günahlandırmıram. Sadəcə bu cür məsələlərə ciddi yanaşılmalı və ikili standart olmamalıdır. Bu “Xəzər Lənkəran”dı, öz sözünü deyir, o isə iddialı klub deyil. Buna olar, ona olmaz kimi şeylər olmamalıdır. Nəticədə bu cür hallar futbolumuzun inkişafına mənfi təsir göstərir.
Bunun səbəbi nədir – qeyri peşəkarlıq, yoxsa işinə məsuliyyətsiz yanaşma?
- Yox, həm Apelyasiya Komitəsi, həm də İK-də oturan adamlar tanışdı. Söhbət onların qeyri-peşəkarlığından getmir. Bu komitələr də oyununun protokolundadakı qeydlərə əsasən qərar çıxarır. Bu yanlış qərarların başlıca səbəbi sənədlərdəki yanlış qeydlərdir. Burada qərəzdən söhbət gedə bilməz.
Ötən mövsüm komandanın uğurlarında böyük pay sahibi olan Julius Vobay hazırda əsas heyətdən kənarda qalıb. Bu futbolçunun aqibəti necə olacaq?
- Vobay elə-belə futbolçu olmadığı üçün onun vəziyyəti hamını narahat edir. Ancaq “Xəzər Lənkəran”ın müəyyən prinsipləri var. Bu normalarda da nizam-intizam qaydaları yer alır. Hər bir futbolçu da buna riayət etməlidir. Əks halda həmin oyunçular cəzalanırlar. Bəziləri komandadan kənarlaşdırılır. Bəziləri isə əvəzedici heyətə göndərilirlər. Vobayın bizimlə 2012-ci ilin dekabr ayına qədər müqaviləsi var. Səhv eləmirəmsə, futbolçu özü də bildirmişdi ki, mənim klubla müqavilə sarıdan heç bir problemim yoxdur. İstənilən futbolçu əvəzedici komandaya göndərilirsə, deməli bunun bir səbəbi var. Günahı isə onun özündədir. Hər-halda məşqçilər nə vatx qərar verərsə, onda da əsas komandaya qayıda biləcək. Bizim başlıca prinsiplərimizdən biri məşqçilərin işinə qarışmamaqdır. Ona görə də Vobayın əsas heyətə qayıtmağı Rednikdən asılıdır.

qol.az


  #1   Adınız: Polad;   E-mail: @@@@@@@@@

29.09.2011 23:56

bu yeqin Mubarizin mexanizmidi, dala qabaqa yaxsi isleyir, ona gorede Tuyqun ozunu rahat hiss edir.

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail