"Neftçi"ni bu günə qoyanlar bütün futbolumuzu iyləndirməklə məşğuldu"

11.11.2015 | 3111 dəfə oxunub

“Neftçi”dəki vəziyyətdən hamı xəbərdardır. Hələ mövsüm başlamamışdan əvvəl əksər Premyer Liqa klublarındakı kimi “Neftçi”də də maliyyə problemlərinin olduğu ortaya çıxdı. Yüksək maaş alan legionerlər komandadan göndərildi, onlar gənclərlə əvəzləndi. Məşqçi heyəti də gəncləşdirildi. “Neftçi”nin əvəzedicilərinə başçılıq edən məşqçilər korpusu başda Samir Əliyev olmaqla əsas komandaya gətirildi. Heyətin kasad olması, lazımi transferlərin edilməməsi, gənclərin təcrübəsizliyi və digər bu kimi amillərə baxmayaraq çoxları Samir Əliyevdən möcüzə gözləyirdilər. Amma bu, baş vermədi. Avropa Liqasında ilk mərhələdə mübarizədən kənarlaşma, Premyer Liqanın son turlarında inamsız çıxış təkcə Samir Əliyevin ayağına yazılmamalıdı. AFFA-nın istəyi və qərarı ilə yaradılan Müşahidə Şurası öz fəaliyyətsizliyi ilə yaranmış vəziyyətdə yaxasını geri çəkməməli, məsuliyyəti öz üzərinə götürməlidi. “Rəvan”a gözlənilməz (bəlkə də gözlənilən) məğlubiyyətdən sonra komandanın acınacaqlı vəziyyətdə olduğu bir daha ortaya çıxdı. Əslində bundan məşqçiər korpusu, o cümlədən Samir Əliyev xəbərdar idi və bir neçə tur əvvəl istefa vermişdi. Lakin Müşahidə Şurası ona etimad göstərərək istefanı qəbul etməmişdi. “Rəvan”la oyundan sonra Samir Əliyevin postundan göndərildiyi barədə xəbərlər dolaşdı. Amma gənc məşqçi hələ də komandadadı. “Neftçi”nin hazırki duruma düşməsində günahkar təkcə Samir Əliyevdir? Baş məşqçi komandadan getməlidir? Və ya kimliyindən asılı olmayaraq yeni gətiriləcək baş məşqçi indiki heyətlə uğur qazana bilərmi? Bu suallarla idman mediasının bir neçə nümayəndəsinə müraciət etdik. 
 
“Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmlinin fikrincə, “Neftçi"nin indiki problemləri təkcə baş məşqçi ilə bağlı deyil. Problemlərin yaranmasında həm idarəçilikdə yeni sistemin tətbiqi ilə bağlı təbii çətinliklərin, həm də yarıtmaz transfer siyasətinin rolu var. Samir Əliyevə gəlincə, baş redaktor gənc müşqçinin faktiki olaraq işinin öhdəsindən gələ bilmədiyi fikrindədir: “Qarabağ"la məlum parlaq oyun istisna olmaqla qalan görüşlərdə bakılılar qeyri-sabit təsir bağışlayıb ki, bu da birbaşa baş məşqçinin günahıdı. Ümumiyyətlə, istefa qərarı verəndən sonra təzədən fikrini dəyişib yola davam etmək nadir hallarda adama uğur gətirir. Samir futbolçu kimi qazandığı nüfuzu məşqçi postunda yavaş-yavaş xərcləməkdədi”.
 
Qol.az saytının baş redaktoru Aydın Bağırov mövzu ilə bağlı həmkarından fərqli fikirdədir. Onun sözlərinə görə hazırkı vəziyyətdə Samir Əliyevin getməsi vəziyyətdən çıxış yolu deyil. Fakt budur ki, “Neftçi”də Samirin istədiyi futbolçular yoxdur: “Nəzərə alaq ki, Samirin məşqçi,  “Neftçi”nin gənc oyunçularının isə Premyer Liqa təcrübəsi azdı. Əgər “Neftçi “əvvəldən Samir Əliyevlə yola çıxmışdısa, heç olmasa, bir neçə təcrübəli futbolçunu (Mirhüseyn Seyidov və Elvin Yuniszadə) ve  legioneri (Flavinyo) komandada saxlamalı və Avroliqaya vəsiqə üçün oynamalı idi”. 
Həmkarımız vəziyyətdən çıxış yolunu Samirin göndərilməsində deyil,  qış fasiləsində komandaya bir neçə güclü futbolçunun cəlb edilməsində görür. Yəni, klub rəhbərliyi doğru transfer siyasəti yürütməlidir. Əks halda, komanda Avroliqaya düşmək imkanını əldən verəcək.
 
Müstəqil idman jurnalisti Emin Abbasov: “Samir Əliyev gənc olmasına və “Neftçi”yə yeni təyinat almasına baxmayaraq, qısa zamanda jurnalistlərin rəğbətini qazana bilib. Futbolçu kimi də ona böyük hörmətimiz var, nüfuzlu insandır. Fikrimcə, ilk dəfə, “Neftçi”yə baş məşqçi təyin olunduqda səhvə yol verdi. Çünki bu klub ətrafında son illərdə xoşagəlməz hadisələr cərəyan edir. Rəhbərliyin dəyişməsi də vəziyyəti düzəltmədi. Əslində, klubda Müşahidə Şurası yaradılan ilk gündən orada təmsil olunanların problemlərin öhdəsindən gələ bilməyəcəyi görünürdü və belə də oldu. Faktiki olaraq Samir Əliyev kimi gənc məşqçini oda atdılar. Yaxşı olardı ki, Samir ortabab bir komandada fəaliyyətə başlayıb əvvəlcə özünü sübut edərdi. Sonra isə “Neftçi”yə gəlmək olardı”.
 
E.Abbasov Samir Əliyevin postundan getməsini problemlərdən çıxış yolu kimi görmür. Onun sözlərinə görə, klubun idarəçiliyində ciddi çatışmazlıqlar var: “Məndə olan məlumata görə komandaya gətirilən futbolçuları Samir Əliyev deyil, Müşahidə Şurasının üzvləri seçirlər. Kənardan məşqçinin işinə müdaxilə də hiss olunur. Çoxları mənimlə razılaşmaya bilərlər, amma bu fikirdəyəm. Klub qeyri-peşəkar idarə olunur. Bu da bütün iş prosesinə, o cümlədən komandanın çıxışına təsirsiz ötüşmür. Qısası, bu gün “Neftçi”də dərəbəylikdir. Bu boyda klubu belə insanlara tapşırmaq faciə idi. Həmin faciənin qurbanlarından biri də Samir Əliyevdi. İndiki halda getməsi daha yaxşı olardı. Amma qış fasiləsinə kimi gözləmək də mümkündür”. 
 
Korner.az saytının rəhbəri Saleh Arslan da fikrini öyrəndiyimiz digər həmkarları kimi “Neftçi”dəki problemlərin bütünlükdə baş məşqçi ilə əlaqəsi olmadığı fikrindədir. Saleh bəyə görə klubun ən böyük problemi indiki rəhbərlikdir: “Ötən illərə nəzər salsaq, “Neftçi”nin əvvəlki rəhbərliyi Azərbaycanda bəlkə də yeganə rəhbərlik idi ki, işləri ancaq klubla bağlıydı. Yəni, futboldan kənar işlə məşğul deyildi və “Neftçi”yə əlavə fəaliyyət sahəsi kimi yanaşmırdı. İndiki rəhbərlik isə... klub idarəçiliyi onlar üçün Allah bilir neçənci fəaliyyət sahəsidi. Müşahidə Şurasının üzvlərinin çoxunun ayrıca işi var və futbol ayırmağa vaxtları yoxdur. Samirin gedişi ilə heç nə düzəlməyəcək, günahı tək onun üzərinə atmaq olmaz. Fikrimcə, uğursuzluqdan yeganə çıxış yolu klub rəhbərliyinin tam tərkibdə istefaya getməsidi. Samir də özünə hörmət edib, onlarla bir yerdə, hətta onlardan daha tez istefaya getməli, futbolçu kimi qazandığı hörməti qorumalıdı”.
 
“Samir Əliyev özü də son  mətbuat konfransında etiraf edib ki, bir-neçə tur əvvəl istefa qərarından döndüyünə görə peşimandır. Deməli, çalışdırıcı hələ həmin gün “Neftçi"nin problemlərinin ciddi olduğunu və həmin problemlərdən hazırki vəziyyətdə çıxış yolu görmədiyini başa düşürmüş. Təəssüflənirəm ki, o vaxt Samir bəyi fikrindən döndərməyi bacardılar”.
 
Bu sözlər sport7.az saytının redaktoru Amal Abuşova aiddir. O, ilk gündən “Neftçi" rəhbərliyinin Samirin və ümumilikdə komandanın başı üzərində müxtəlif məkrli planlar həyata keçirdiyindən şübhələndiyini deyir: “Hazırkı proseslər təxminlərimi reallığa çevrilir. Samir Əliyevin bu rəhbərlik və bu idarəetmə fəlsəfəsiylə uğur qazanması mümkünsüzdü. Ona görə də bir an öncə bataqlıqdan çıxmalı, nüfuzunu qorumalıdır. “Neftçi"nin problemləri isə təkcə məşqçilərin dəyişməsiylə bitəsi problemlər deyil. Kluba nə istədiyini bilən və işinin peşəkarı olanlar rəhbərlik etməlidi. Bu rəhbərliklə, bu futbolçularla heç Kapelloyla Mourinyo da “Neftçi"nin xilas edə bilməz”.
 
Mövzu ilə bağlı müraciət etdiyimiz jurnalistlərdən ən sərt və qısa fikri fanat.az-ın baş redaktoru Əli Sahib bildirdi və dediklərini olduğu kimi verməyimizi xahiş etdi. Həmkarımızın xahişinə hörmətlə yanaşmağa borcluyuq və Əli Sahibin dediklərini olduğu kimi dərc edirik: “Məşqçi dəyişikliyi çıxış yolu deyil. “Balıq başdan iylənər” deyiblər. Balığın başındakı irin bütün leşini iyləndirib. “Neftçi"ni bu günə qoyanlar bütün futbolumuzu iyləndirməklə məşğuldu. Uzaq dursaq yaxşıdı”.
“Het-trik news” qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail