"Qəbələ"nin rəqibini tanıyaq

05.08.2016 | 2743 dəfə oxunub

UEFA Avropa Liqasının ilk üç təsnifat mərhələsini uğurla adlayan “Qəbələ” ardıcıl 2-ci mövsüm pley-offda qüvvəsini sınayacaq. 
Stadium.Az xəbər verir ki, “qırmızı-qaralar” yenidən qrup mərhələsində çıxış etmək uğrunda matçlarda Sloveniyanın “Maribor” klubu ilə görüşəcək. İki il əvvəl Sloveniyada təlim-məşq toplanışında olan komandamız bu rəqiblə yoxlama oyununda qüvvəsini sınayıb. Həmin matçda Rafael Santosun qolu “Qəbələ”yə 1:0 hesablı qələbə qazandırıb.

“Maribor” eyniadlı şəhəri təmsil edir. Bu klub ev oyunlarını 1952-ci ildə inşa olunan 12 min 702 tamaşaçı tutumuna malik “Lyudski vrt” stadionunda keçirir. 1960-cı il dekabrın 12-də yaradılan klubun tarixi iki hissədən – Yuqoslaviya və müstəqil Sloveniya dönəmlərindən ibarətdir.

Yarandıqdan sonra Sloveniya respublikasının çempionatına qatılan komanda ilk cəhddən 1-ci yeri tutaraq, Yuqoslaviyanın 2-ci liqasında oynamaq hüququ qazanıb. Yüksək liqada debüt isə 1967/1968 mövsümünə təsadüf edib. Ardıcıl 5 il burada çıxış edən “Maribor” 10-cu pillədən yuxarı qalxa bilməyib. Bundan sonra bir daha həmin liqaya qayıtmayan komanda aşağı liqalarda mübarizə aparıb və 1988-ci ilədək, “Branik” şirkəti ilə əməkdaşlığa başlayanadək çətinliklərə sinə gərməli olub. Həmin vaxtdan klubun rəsmi adı “Maribor Branik”ə çevrilib.

1991-ci ildə müstəqillik əldə olunduqda Sloveniyanın yüksək liqasına qatılan klub 25 ildir buranın daimi iştirakçısıdır. “Maribor” bunu bacaran üç Sloveniya klubundan biridir. 1991/1992 mövsümündəki ilk ölkə çempionatında gümüş medal qazanan “bənövşəyilər” demək olar hər il liderlər sırasında olsa da, ilk çempionluğu 1996/1997 mövsümündə əldə edib. Bundan sonra daha 12 dəfə Sloveniya çempionu olan “Maribor” ümumilikdə yarışın 13 qat (1996/1997, 1997/1998, 1998/1999, 1999/2000, 2000/2001, 2001/2002, 2002/2003, 2008/2009, 2010/2011, 2011/2012, 2012/2013, 2013/2014, 2014/2015) qalibidir. 9 dəfə ölkə kuboku (1991/1992, 1993/1994, 1996/1997, 1998/1999, 2003/2004, 2009/2010, 2011/2012, 2012/2013, 2015/2016), 4 dəfə Superkubokunu (2009, 2012, 2013, 2014) qazanan komanda Sloveniyanın ən titullu klubu sayılır. 
Ardıcıl 5 çempionluq qazanan mariborlular ötən mövsüm kuboku başı üzərinə qaldırsa da, əzəli rəqibi “Olimpiya”nın dirçəlişdən sonra qızıl medalları qazanmasına mane ola bilməyib. Çempiondan 6 xal geri qalan rəqibimiz tarixində 5-ci dəfə gümüş mükafatla kifayətlənib.
“Maribor”un avrokuboklarda debütü 1992/1993 mövsümünə təsadüf edib. Kuboklar kubokunda Malta “Hamrun Spartans”ını (4:0, 1:2) mübarizədən kənarlaşdıran komanda Madrid “Atletiko”sunu Maribora gətirə bilib – 0:3, 1:6. 1999/2000 mövsümündə “Genk” və “Lion” kimi klubları məğlub edən sloveniyalılar tarixində ilk dəfə Çempionlar Liqasının qrupuna yüksəlib. Bunadək hər mövsüm ən azı bir mərhələ adlayan “Maribor” böyük uğurunun ardınca 4 il elə ilk səddə ilişib. 2004/2005 mövsümündə də 2 mərhələ keçən komanda daxili yarışlarda uğursuz çıxış edib. 
Nəticədə 2005/06 mövsümündə Sloveniya tarixində ilk dəfə avrokuboklardan kənar qalıb. Qitəmiqyaslı turnirlərin indiki formatda keçirilməyə başladığı 2009-cu ildən sonra da rəqibimizin çıxışları kifayət qədər uğurlu alınıb. Ardıcıl 2 mövsüm Avropa Liqasının pley-offuna uduzan “bənövşəyilər” 2011/2012, 2012/2013 və 2013/2014 mövsümlərində bu turnirin qrupunda çıxış edib. 3 il öncə qrupdan çıxan mariborluları 1/16 finalda “Sevilya” dayandırıb – 2:2, 1:2. 2014/2015 mövsümündə isə klub tarixində 2-ci dəfə Çempionlar Liqasının qrupunda oynamaq hüququ qazanıb. Lakin bu dəfə də qrupda qalan komanda növbəti mövsüm elə çıxış etdiyi ilk mərhələdə mübarizəni dayandırıb. Cari mövsümdə yarışa II təsnifat mərhələsindən qatılan “Maribor” əvvəl Bolqarıstan “Levski”si (0:0, 1:1), ardınca Şotlandiya “Aberdin”ini (1:0, 1:1) məğlub edib. Ümumilikdə isə rəqibimiz indiyədək keçirdiyi 136 avrokubok matçında 49 qələbə qazanıb, 32 heç-heçə edib və 55 dəfə uduzub. 176 qol vuran sloveniyalılar 198-ni buraxıb.

klub saytı



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail