"Bakı" futbol klubu futbol akademiyasının rəhbəri və uşaq futbolu üzrə baş koordinatoru Yüksəl Kepoğlu "Bolonya" klubunun təcrübəsi ilə tanış olmaq məqsədi ilə İtaliyaya yollanıb. Stadium.az xəbər verir ki, Yüksəl Kepoğlu İtaliyanın ən köklü və iddialı klublarından biri olan "Bolonya" ilə əməkdaşlıq qurmaq və gənc futbolçuların hazırlıq prosesini yerində izləmək məqsədi ilə bu klubun təlim-mərkəzində 1 həftəlik təcrübə keçir.
Baş koordinatorun səfərinin əsas məqsədi gənc və yeniyetmə futbolçuların məşqlərini və nəzəri məşğələlərini izləmək, bu sahədə seçilən klublardan biri olan "Boloniya"nın təcrübəsindən yararlanmaqdır.
Yüksəl Kepoğlu "Bolonya" klubunun prezidenti Albano Guaraldi, baş məşqçi Stefano Pioli, əfsanəvi futbolçu Marco Di Vayo ilə görüşərək "Bakı" futbol klubu haqqında geniş məlumat verməklə bərabər, italiyalı mütəxəssisləri ölkəmizdə, xüsusən də, "Bakı" futbol klubunda aparılan işlərlə tanış edib.
Yüksəl Kepoğlu klublar arasında gələcək əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına inandığını bildirərək, uşaq komandaları arasında turnirlərin keçirilməsi, təcrübə mübadiləsi, məşqçilərin qarşılıqlı səfərlərinin təşkilinin böyük əhəmiyyət daşıyacağını bildirib.
İtaliya klubunun rəsmiləri qısa bir zaman ərzində inşa olunub, uşaqların ixtiyarına verilən təlim-məşq bazası və futbol akademiyasının "Bakı" futbol klubunun inkişafı üçün əvəzsiz töhvə olduğunu ifadə ediblər.