Ağdam təmsilçisi Premyer Liqanın V turunda öz meydanında “Qəbələ”ni məğlub edib.
Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən təcrübəli çalışdırıcı fikirlərini bildirib: “Futbolçularım çox istəkli idilər. Düşünürəm ki, azarkeşlər yaxşı futbol izlədilər”.
– “Qarabağ”ın ikinci heyətinin “Qəbələ”ni böyükhesabla məğlub etməsi sizi üzmədi?
– Deməzdim. Bundan öncəki turda “Sumqayıt”a çox çətinliklə qalib gəlmişdik. Qol epizodlarından istifadə etdik, futbolçularımız daha dəqiq oynadılar.
– Mahir Mədətov sosial şəbəkədə azarkeşlərin tənqidinə kəskin reaksiya verib. Onunla bu barədə söhbət etmisiniz?
– Mahirin adı son zamanlar tez-tez hallanır. Bu məsələlərdən məlumatım var. Əlbəttə, istəmərəm ki, belə hallar olsun. Söhbətimiz olub. İnanıram ki, bundan sonra onu sosial şəbəkələrdə az-az görəcəksiniz. Futbolçuların, insanların fikri sosial şəbəkələrə həddindən artıq çox qalıb. Bu da bizim işimizə çətinlik yaradır.
– Oyunun son dəqiqələrində qalmaqal baş verdi. Buna reaksiyanız necədir?
– Əfsuslar olsun ki, belə hallar oldu. Bu hərəkətləri xoşlamıram, xüsusən də millinin futbolçuları bunu edəndə. Ancaq başa düşmək olar, rəqib məğlub durumda idi. Futbolçu həmin epizodda gələcək oyunları düşünməlidir. Çünki bu oyun əldən gedib, digər matçda komandasına kömək edə bilər. Mən belə halları bəyənmirəm. Millinin futbolçuları digər oyunçulardan fərqlənməlidirlər.
– Araz Abdullayev bu gün mərkəz hücumçusu kimi oynadı. Bundan sonrakı oyunlarda da onu bu mövqedə sınayacaqsınız?
– Araz universal futbolçudur. Hücumda daha yaxşı oynamağı bacarır. Bu gün əlimizə şans düşdü, yoxladıq və özünü yaxşı tərəfdən göstərdi. Gələcək oyunlarda bir neçə mövqedə ondan istifadə edə bilərik.
– Demək olar ki, rəqibi bütün komponentlərdə üstələdiniz. Belə qələbə gözləyirdiniz?
– Məndə heç vaxt belə fikir olmayıb ki, böyük hesabla qələbə qazanacağıq. Bu cür düşüncə bizə mane ola bilər. Çalışmışıq ki, sona kimi nizam-intizamı qoruyub saxlaya bilək. Belədə uğur da səninlə olur. Bu cür hesablar nadir hallarda olur çempionatımızda. Sənan Qurbanovla görüşdüm matçdan sonra, bir az pis olmuşdu. Ona səbrli olmağı arzulayıram. Mən də məşqçiliyə yeni başlayanda əks fikirlər çox idi. O da bacarıqlıdı. İnanıram ki, yaxşı nəticələr əldə edəcək.