Kökü və böyrü üstə olan otlar YAZI
Ötən şənbə günü Gəncəyə seminara getmişdim. Şəkiyə qayıdanda Xanabaddan balıq almaq sevdasına düşdüm (İşimlə əlaqədar indi Şəkidə yaşayıram). Balıq həvəskarı, bir balaca da tutmaq şakəri olduğumdan, bu su heyvanından az-maz başım çıxır. Ot kökü üstə bitər deyirlər. Ailəlikcə balıq yeyənik. Odur ki, çox axtarmayıb 5 dənə sazan aldım. Gözəl dostlarla birgə bu balıqları, axşamdan xeyli keçmiş, hazırda çalışdığım Kanal S-də yayımlanan Samirlə “Düfi” Tahirin təqdimatında və Bəhram Bağırzadənin qonağı olduğu “Gombullar” verilişinə baxa-baxa həzmi-rabədən keçirdik. Əmması olmasa, hər şey gözəl səslənir, deyilmi? İş ondadı ki, balıqları təmizləməyə adam tapılmadı və bu “pentafiş”in yarımfabrikatlığı da mənim boynuma düşdü. 1 saat ərzində bu işlə məşğul olduğum müddət ərzində “iti öldürənə sürütdəyərlər” atalar misalını ilk deyənin ölənlərini çox yada saldım...
Ertəsi gün internetdə “eşələnərkən” yuxarıdakı abzasda yazdığım “ot kökü üstə bitər” misalı bir daha yadıma düşdü. Lənət sənə kor şeytan deyib, budəfəki yazımı məhz belə adlandırmaq istədim. İş ondadır ki, Barselonanın tarixi ilə bağlı səhifələri nəzərdən keçirdim. Hollandiya futbolunun əfsanəsi, Barselona “perestroykası”nın banisi Yohan Kroyfun bu kollektiv üçün nə qədər iş gördüyünə əmin oldum. Rinus Mihels davamçısı olan bu şəxs(iyyət), “mütəşəkkil xaos” kimi də qələmə verilən “Total Futbol” anlayışını yarımadaya gətirməklə təkcə “Barselona”nın yox, bütün Kataloniyanın futbol fəlsəfəsini dəyişə bildi. O vaxt “Barselona” fanatı olmadığımdan bunu gec başa düşdüm. Və tək bunu yox. Anladım ki, 1988-ci ildən etibarən 8 il müddətində bu klubda baş məşqçi olmuş Yohan Kroyf oğlu Yordiyə yetərincə böyük “atalıq qayğısı” göstərib. Çünki bala Kroyfu mən heç vaxt göz qabağında olan futbolçu kimi qəbul etməmişəm. Düzdü, Hollandiya yığmasında oynayıb, hətta aktivində qol da var. Amma indi deyəcəyim faktlar maraqsız olmaya bilər. İş ondadır ki, Yordi 14 yaşına kimi “Ayaks”ın məktəbində yetişib. O “Ayaks”ın ki, Yordinin Hollandiya dövrünün son 2 ilində baş məşqçisi Yohan Kroyf olub. 1988-ci ildə ata Kroyf “Barselona”ya baş məşqçi təyin olunarkən Yordi də Benilüksdan Pireney yarımadasına gedib. Burda da qəribə şey tapmamaq olar. “Oyunçuların Transferi və Statusu Reqlamenti”ndə deyilir ki, 18 yaşına çatmamış oyunçu, yalnız valideynləri başqa ölkəyə köçərkən transfer edilə bilər. Amma maraqlısı odur ki, 8 illik baş məşqçiliyinin ardınca səhhəti ilə əlaqədar Yohan Kroyf “Barselona”nın baş məşqçisi postundan getdikdən və ümumiyyətlə karyerasını da bitirdikdən sonra Yordi də klubdan ayrıldı. Özü də 22 yaşında, istedadının çiçəklənməli olduğu bir vaxtda. Düzdü Yordi heç də zəif sayılmayan “Mançester Yunayted”ə keçdi, hətta bu klubla vaxtilə özünə yad saymadığı Kamp Nouda Çempionlar Liqasının qalibi də oldu. Amma Old Traffordda keçirdiyi 3 il ərzində “qırmızı şeytanlar”ın formasını cəmi 34 dəfə (oxu 3-4 dəfə) geyməsi, Yordinin “Barselona”da həqiqətən də atasına görə qaldığını təsdiq edir. Bu isə o deməkdir ki, ot, heç də həmişə kökü üstə bitmir.
Atasının yolunu layiqincə davam etdirən futbolçu deyəndə sözsüz ki, Paolo Maldinini yaddan çıxarmaq olmaz. Yaşım çatmadığından ata Maldini – Çezarenin bu klub üçün nə qədər vacib oyunçu olduğunu görməmişəm. İnternet mənbələri komandanın dəyişməz kapitanı Çezarenin “Milan”da 12 mövsüm keçirdiyini və bu illər ərzində meydanda olduğu 347 oyunda 3 qol vurduğunu yazır. O da göstərilir ki, 6 il ərzində ata Maldini “Skuadra Adzurraya” 22 dəfə cəlb olunub. Amma Paolo, “Milan”a bütün hüceyrələri ilə bağlı şəxs(iyyət) olub. 16 yaşında (!) klubun əsas heyətinə cəlb olunmuş futbolçu 25 il fasiləsiz olaraq Rossonierinin şərəfini qoruyub. Bu illər ərzində o, A Seriyasında 647 oyun keçirməklə rekord vurub. “Milan”ın heyətində keçirdiyi bütün rəsmi oyunların sayı 900-ü aşıb.
Bəs bizdə? Əvvəlcə gəlin gəlmələrdən danışaq. Sxadadzelər Azərbaycanda ilk və təkdir səhv eləmirəmsə. Ata Sxadadze – Kaxaber barədə artıq danışmağa dəyməz. Onun müstəqil Gürcüstan futbolu üçün elədikləri göz önündədir. Futbolçu ikən “Mançester Siti” kimi klubların şərəfini qorumuş Kaxa, çalışdırıcıtək həm vətənində, həm də bizdə çempion olub. Özü də çempion heyətdə oğlu Baçana da çıxış edib. Bir kimsə əlini ürəyinin üstünə qoyub saf niyyətlə desin ki, Kaxaber oğlunu gözə soxur. Əsla. Mübaliğəsiz deyərəm ki, Baçana hazırda ölkəmizdə çıxış edən 4-5 normal hücumçudan biridir. O barədə danışmaq istəmirəm ki, oğulun komandaya cəlb olunmasında hansısa maliyyə fırıldağı olub, ya yox. Özləri bilər, onunla işim yoxdur. Amma o göz qabağındadır ki, Kaxaber oğlunu dalıyca “dartsa” belə, Baçana da komandanı ardıyca apara bilir və bunu görməmək nanKORluqdur
Sırf bizim yetirmələrimizə gəlincə ilk yada Ponomaryovlar düşür. Ata Ponomaryov Sovet dönəmində superdispetçer idi. Məhz onun ideal ötürmələrinin sayəsində Maşallah Əhmədov və İskəndər Cavadov rəqib qapısına rahat yol tapa bilirdilər. Hücumameylli futbolçunun əsasən penaltiləri də yaddan çıxmayıb. Dağılmış SSRİ məkanında onun kimi “11 ustası” olmayıb. İş ondadır ki, İqor, ardıcıl 24 penaltini dəqiq yerinə yetirməklə rekordçudur. İndinin özündə bütün dünyada bu nəticəni kiminsə dəyişdiyinə inanmıram və bu real görünmür. Doqquz nömrə SSRİ yığma komandasının heyətində 1988-ci ildə Seul Olimpiadasının qalibi də olub.
Bəs oğul Ponomaryov – Anatoli? Böyük miqyasda götürdükdə, heç nə. Ən uğurlu klubu 2002-ci ildə “Malyorka” olub. 2 il bu komandanın heyətində bu futbolçu meydan görməyib. Onun da yığma komadamıza cəlb olunmasını atasının Azərbaycan futbolu qarşısında xidmətləri və BAŞQA amillərlə əlaqələndirmək olar. Yoxsa Lixtenşteynin “Vaduts” klubunda (!) çıxış edən, daha doğrusu etmək istəyən birisinin millidə, özü də bəzi seçmə oyunların həlledici məşqində xəstə olduğu üçün iştirak etmədiyi halda (Karlos Alberto Torres dönəmində Avstriyadakı səfər oyununu nəzərdə tuturam. “Ernst Happel” stadionundakı son hazırlıqda qarnı ağrıyan Tolikin məşqdə ola-ola topun üstündə oturduğunu özüm görmüşəm...) əsas heyətdə olmasını necə başa düşmək olar? Bəlkə bir kimsə məni inandıra bilər ki, həmin illərdə çempionluq uğrunda mübarizə aparan paytaxtın 2 imkanlı klubu – “İnter” və “Bakı”, Anatoli İqoreviçin fenomenal oyununa heyran olmuşdu, yoxsa bu futbolçunun ad-soyadının reversinin kiminləsə sıcaq münasibətdə olduğu bir şəxsin təvəqqesindən keçə bilmirdi? Lənət sənə kor şeytan...
Atalar və oğullar mövzusunda millinin indiki üzvü Vaqif Cavadov barədə danışmamaq olmur. Yaşım az olmasa da Vaqifin atası və yetərincə hörmət bəslədiyim Füzuli Cavadovun oyununu görməmişəm. Amma alma almaya bənzədiyindən fərqi Vaqifin əmisi İskəndər Cavadovla aparmaq olar. “Kayrat” üzərində 4-1 heasblı Bakı qələbəsində 11 nömrəmizin yıxılaraq topu başı ilə rəqib qapısına göndərməsi, künc asmasından sonra başı üzərindən “Çernomorets”ə qol vurması kimin yadından çıxar ki? Bu, İskəndər Cavadovun yadımda qalan cəmi 2 qoludur. Razılaşaq ki, SSRİ çempionatı, seçmə mərhələ ilə müqayisə edilə bilməz. Amma ona da şübhəmiz olmaz ki, “Neftçi”nin 80-ci illərinin komandasını 25 il cavanlaşdıra bilsəydik, Şimali İrlandiya və Lüksemburqun anasını ağladar, İsraili burda məğlub edərdik. “Neftçi”nin o vaxt rus komandalarına Bakıda nə qədər başağrısı olduğunu nəzərə alsaq, Fabio Kapellonun da burda büdrəyəcəyi ehtimalı vardı...
Bəs Vaqif? Respondent kimi heç vaxt mənə imtina etməyən bu futbolçu barədə nə yazıq ki, ot kökü üstə bitər demək olmur. Çünki bu futbolçunun genində futbolçu qanı var. Rusiyada ordu futbolçularının əvəzedici heyətində çıxış edib. Sonra? Sonrası isə “öyrənməyə (oxu oynamağa) qərib ölkə, qazanmağa vətən yaxşı” deyib geriyə döndü? Bir ara “Volqa” karyerası da legioner həyatına yol açırdı, amma baş tutmadı.
Vaqifin bibisi oğlu İlqar Qurbanov da həmçinin. “Fənərbaxça”nın əvəzedici heyətinin kapitanı kimi böyük ümid bəslənən bu futbolçu gənc yaşında milliyə dəvət olundu. Hətta Özbəkistanın qapısına yol da tapdı. Amma nədənsə onda da xaricdə oynamağa potensial çatmadı. Düzdü Türkiyə Superliqinin “Sivasspor” dövrü də oldu. Əli Sami Yendə “Beşiktaş”ın qapısına qol vurdu... Başqa heç nə. O da indi Azərbaycanda gün keçirir.
Bəlkə də dədə-babadan burda oynamış futbolçular olsaydı, çıxış edir, mübarizə aparır, yarışır kimi xəbərlərdən istifadə edərdim. Gəl ki, Vaqif-İlqar kuzenlərin yeniyetmə imkanları bu xəbərlərdən artığından xəbər verirdi.
Asif BAĞIROV, “Het-trik news”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |