“Turan”ın çempionluğunun 19 yaşı YAZI
Düz 19 il əvvəl – 1993-cü ilin mayında “Turan” tarixi ərzində ilk və sonuncu dəfə Azərbaycan çempionu adını qazandı. Həmin mövsüm həqiqətən də komanda respublikada ən güclü idi. Baxmayaraq ki, “Neftçi”, “Kəpəz”, “Qarabağ”, “Xəzər” (Sumqayıt) kimi “əjdaha”lar vardı. Düz 19 il əvvəl “Turan”ın çempionluğunun, daha dəqiq desəm bütün mövsümün şahidi olmuşam. Onda cəmi 17 yaşım vardı, komandanın kiçicik bir parçası idim, əvəzedicilərdən ibarət “Turan-2”nin heyətində oynayırdım. Komanda 1-ci dəstədə mübarizə aparırdı. Həmin vaxtdan o qədər xatirələr qalıb ki... Düşünürdüm ki, bu yazını çempionatın sonunda – “Turan”ın 1-ci dəstəyə düşməsindən sonra yazım. Amma Dünyanın işini bilmək olmaz, insanın başına hər iş gələ bilər. Salamatı elə indidi. Həm də bəlkə Allah elədi Premyer Liqada qaldıq.
“Turan” çempion olan mövsüm komandanın əksər üzvləri Azərbaycan futbolunun o vaxtkı “qaymaq”darı idi – Vidadi Rzayev, Qurban Qurbanov, Musa Qurbanov, Sakit Alıyev, Nizami Sadıxov, Məqsəd Yaqubəliyev, Vəli Qasımov, Elxan Abdıyev, İlham Məmmədov, Rüfət Quliyev və digərləri. Komandanı da elə “qaymaq”lar çalışdırırdı. Əvvəl rəhmətlik Ruslan Abdullayev, daha sonra isə Kazbek Tuayev. Komandanın o vaxtkı prezidenti indi çoxlarının unutduğu Vidadi Əhmədov idi. Hansı ki, halal pulu ilə “Turan”ı ərsəyə gətirmiş, Tovuz stadionunu abır-həyaya salmış, bir sözlə rayonda əməlli-başlı futbol ab-havası yarada bilmişdi. “Turan”ın Tovuzdakı hər oyununa 3-4 gün əvvəlcədən hazırlıqlar başlayırdı. Avtovağzalda, dəmiryol vağzalında, bazarda, küçələrdə, çayxanalarda, qısası hər yerdə divarlara afrişalar vurulurdu. Özü də təkcə Tovuzda yox, kəndlərdə də. Hamının söhbəti bir mövzuda idi – futbol. Oyun günü matçın başlamasına bir neçə saat qalmış stadionun qarşısı azarkeşlərlə dolurdu. Stadiona daxil olmaq istəyənlər çox idi, amma di gəl ki, bu heç də hamının qismətində deyildi. Çünki, arzu edənlərlə tribunadakı yerlərin sayı tərs mütənasib idi. Biletin qiymətləri də o qədər baha olmurdu. Bilet satışından qazanc götürmək Vidadi müəllimi maraqlandırmırdı. Biletlilər içəri girir, qalanları isə, əsasən balaca uşaqlar stadionun kənarlarında əkilmiş çinarların başına dırmaşır, evlərin damına çıxırdılar. Təki oyuna baxa bilsinlər.
***
Komandanın bir azarkeşi var idi. Əsl adı yadımda deyil, amma hamı onu “Posu” deyə çağırırdı. Oyun vaxtı o qədər qışqırırdı ki, sonradan səsi xarlayırdı. Azarkeşlərin rəhbəri idi. İndi də onun “Qol, qol, bir də qol!”, “Turan, Turan!” hayqırtıları qulağımda səslənir. Hər oyunda Posugil üçün xüsusi yer ayrılırdı. Kimsə bu yerdə otura bilməzdi. Posunun yeri idi. İndiki bəzi “fan-klub”lardan fərqli olaraq, azarkeşliyi təmənnasız edirdi. Bəlkə də arada Vidadi müəllim nəsə “hörmət” eləyirdi, amma əminəm ki, bu istək Posuda daxildən gəlirdi.
“Turan”ın oyununa ətraf kəndlərdən də azarkeşlər gəlirdi. Bizim Çeşməli və ona qonşu olan Böyük Qışlaq ilə şəhər arasında məsafə 40 kilometrdən çoxdu. Camaat avtobus tutub o boyda məsafəni iş-gücünü atıb oyuna baxmağa, futboldan zövq almağa gəlirdi. İstər səpin vaxtı olsun, istər biçin vaxtı. Hətta bir dəfə stadionun doqqazında ağsaqqal bir kəndçimiz ilə görüşəndə Tovuza gəlməsinin səbəbini soruşdum. Nə olası idi – futbol.
***
Mənə ən çox təsir edən bir nüansı qeyd etmək istəyirəm.
Deməli, hər oyundan əvvəl fəxri lojada Tovuzun yüksək vəzifəli, hörmət-izzətli şəxsləri yer alırdılar. O vaxt stadionun diktoru Rasim Əliyev idi. Bu həmin Rasimdi ki, uzun müddət “Turan”da çalışıb, klub üçün can qoyub. İndi isə, kiməsə lazım deyil. Çoxları düşünə bilər ki, “Turan”da pul yoxdu, ona görə işdən çıxıb. İnandırım ki, Rasim elə oğul deyil. Lazım olsa, indən belə də lap 10 ildə pulsuz-parasız komandaya xidmət göstərər. Nə isə... Oyun başlamamış Rasim alırdı mikrafonu əlinə və səsi stadionu yayılırdı: “Filankəs Filankəsov komandanın qələbəsi üçün 5 manat (misal üçün) mükafat ayırıb”. Pahatonnan, bəhsəbəs başlayardı, özü də necə? Bir qədər sonra “Fesmankəs müəllim ilk qolu vurana 10 manat verəcək”, “Rayonun ağsaqqalı (yaşı bəlkə də 40 olmazdı) ən yaxşı oyunçuya 15 manat...” və s. və i. Gülməli məqam ondan ibarət idi ki, bir də görürdün hansısa vəzifə sahibi oyuna gecikib. “Turan” hesabda 2-3 top fərqi ilə irəlidə olsa da, o birilərindən geri qalmamaq üçün oyunun sonuna yaxın Rasimi “əziyyətə” salırdı. “Çox hörmətli ... komandanın qələbəsi üçün 25 manat mükafat vəd edir”. Rəhmətliyin oğlu, oyun qurtarır ey.
***
İnsaf dinin yarısıdı.
Çoxları bu mükafatları özünü göstərmək xatirinə, Vidadi müəllimin gözünə girmək üçün edirdilərsə, aralarında bir neçəsi vardı ki, sırf komandaya dəstək olmaq üçün pullarından keçirdilər. Üstündən görün neçə il ötüb, yəqin ki, bəziləri haqq dünyasındadılar. Ölənlərə rəhmət, qalanlara insaf arzulamaq qalır. Mükafat verənlərdən biri də avtovağzalda dərzi dükanı olun Tahir idi. Tahir əsasən dəri göləkcələr tikirdi. O vaxt həmin “layka”lar çox dəbdə idi və heç də hamının almağa imkanı çıtmırdı. İllah da, rayon yerində. Sırıqlıya şükür. Tahir hər oyunun ən yaxşı futbolçusu üçün “layka” hədiyyə edirdi. Bu söhbəti həmin dövr komandanın yarımmüdafiəçisi olmuş, hazırda “İnter”in uşaq futbol məktəbində məşqçi kimi çalışan Vəli Hüseynov yadıma saldı. Vəlinin dediyinə görə, həmin “layka”lardan biri ona qismət olub. Deyirəm, görəsən indi Tovuzda belə imkanlı şəxslər hara qeyb olublar. Adamın lap qışqırmağı gəlir – “Haradasınız a KİŞİLƏR, “Turan” batır!”. And içmək yalançılıq əlamətidi, Allah şahiddi ki, hər dəfə yadıma düşəndə kefim pozulur.
***
Tovuzda qaldığım illər müharibə dövrünə təsadüf edirdi. Ermənilər elə gün olmurdu ki, şəhərə “qrad” atmasınlar. Neçə-neçə evlərin dağıntısı indi də gözümün qabağındadı. Həmin “qard”lardan biri Fitigilin evinə düşmüşdü. Fitinin əsil adı Vüqar Fərhadovdu. Uzun müddət “Turan”da oynayıb. Nəyə görə “Fiti” deyirlər, heç özü də bilmir. Başqa ləqəbi də var – “Fışqırıq”. Yeri gəlmişkən, balaca qardaşı İlqar da uzun illər “Turan”da oynayıb. Onun ləqəbi isə “Çopu”du. Ümumiyyətlə, Tovuzda ləqəbsiz adam tapmaq çətin məsələdi. Qayıdaq “qrad” məsələsinə. Fitigilə düşən mərmi onu yaralamışdı. Xeyli vaxt futbol oynaya bilməmişdi. Fiti ilə ilk tanışlığım komandanın məşqində olsa da, sonradan “Turan”da ən yaxın münasibətlərdə olduğum adamlardan birinə çevrildi. Həm komanda yoldaşı idik, həm də Bozalqanlı məktəbində bir sinifdə oxuyurduq. Məktəb demişkən, əvəzedicilər məşqlərini həmin məktəbin stadionunda keçirdi. Yaxınlıqda alma bağı vardı. Kross qaçışı zamanı sözü bir yerə qoyurduq ki, hər dəfə 2-3 nəfər alma bağının yanından keçəndə aradan çıxıb özünü bağa salır. Növbəti dövrə gələnə kimi nə qədər bacarırsan almadan ye. Amma əsl problemlər alma yeyəndən sonra başlayırdı. Köpən adam necə məşq eləsin?
***
Mən oynadığım komandada, yəni əvəzedicilərdə bir futbolçu var idi. Adı Vaqif, soyadı Tağıyev idi. Məşqçimiz Tahir müəllimin kiçik qardaşıydı. Hamı onu “Ciqan” çağırırdı. O dövr “oblavala”rın vaxtı idi. Bir gün eşitdik ki. Vaqif “oblava”ya düşüb və Kəlbəcərə aparıblar. Heç 2-3 ay keçmədi ki, Vaqifin ölüm xəbəri gəldi. Erməni snayperi gülləni başından vurmuşdu. Allah Vaqifə rəhmət eləsin! Evlərinə – səhv eləmirəmsə, Xatınlı kəndinə yas yerinə getmişdik. Qəşəm (ləqəbi “Qaşqa”) adında bir komanda yoldaşımız vardı – “itoynadan”ın biri idi. Mağarda ortaya söz atdı, uşaqları gülmək tutdu. Camaat yas verir, biz isə gülməkdən özümüzü güclə saxlayırıq. Axırda biabır olmamaq üçün məcbur olub mağarın çadırını qaldırıb çölə çıxdıq. Heç ehsandan da dada bilmədik. Qəşəm imkan verdi ki.
***
Bozalqanlı stadionu ilə bağlı daha bir xatirəm Ağstafanın “Avey” komandası ilə oyunla bağlıdı. Oyun ərəfəsində rayona güclü yağış yağmışdı. Əsas stadionun meydançasına təzə toxum səpildiyindən orada oynamağa icazə vermədilər. Qaraxanlıdakı stadionuda da nəsə problem vardı. Məcbur olub oyunu Bozalqanlıya təyin elədilər. Meydança torpaq olduğundan yağış hər yeri palçığa döndərmişdi. Riyaziyyat müəllimimiz vardı – Raqif müəllim. Oyundan əvvəl ona söz vermişdim ki, qol vuracam. Elə də yekəxana-yekəxana danışmışdım ki, elə bil hər oyunda qol vururam. Amma əslində “Avey”ə qədər cəmi 1 dəfə, o da 2-ci turda “Zabrat”ın qapısından top keçirmişdim. İndi palçıq meydançada qol vur görüm necə vurursan. 2-3 dəqiqədən bir hakim oyunu dayandırır, topu palçıqdan təmizlənirdi. Həmin oyunu 6:0 (ya da 6:1) qalib gəldik. Bəxtim onda gətirdi ki, müəllimimin yanında yalançı çıxmadım. Elə Tovuzda görüb-götürdüyüm həmin 2 qol oldu.
***
“Turan”ın çempion olan ilində 2 oyunu yaddımdan heç vaxt çıxmaz. Biri “Neftçi” ilə Tovuzdakı matç. Həmin oyunu 2:1 hesabı ilə qalib gəlmişdik. Bu oyun haqda növbəti sayımızda yazacam. Bir də Gəncədə “Kəpəz” ilə oyun. Həmin matçda da 3:1 qələbə qazanmışdıq. Amma necə? O vaxtlar indiki kimi deyildi ki, rəqibin meydanında azarkeşlik etdiyin komandanı dəstəkləyəsən. Adamı o dəqiqə şil-küt eləyərdilər. Tovuzlularla gəncəlilər arasında mehriban münasibətlər var. Necə də olmasa, bir zonanın adamlayırıq. Amma, futbolda barışmaz rəqibdilər. Hətta buna düşmən də demək olar. “Kəpəz”ə qalib gələcəyi təqdirdə “Turan” çempionluğa çox yaxın olacaqdı. Gəncə stadionunda olan azarkeşlərin 1/3-i tovuzlu idi. Amma kimsə qorxusundan səsini çıxarmırdı, güya “Kəpəz”ə azarkeşliyə gəliblər. İçi mən qarışıq. Oğul istəyirdim ki, həmin vaxt ayağa durub “Turan” qışqırsın! Stadiondan salamat çıxmazdı. Nə isə... İlk qalmaqal oyundan əvvəl baş verdi. Oyunöncəsi məşq zamanı topun biri qapının arxasında dayanan avtomobilə dəydi və içəridən çıxan OMON-çu topu maşının salonuna atdı. Cəfər heç nə olmayıbmış kimi maşının qapısını açıb topu götürəndə az qala dava düşəcəkdi. “Cəfər” deyəndə “Turan”ın qapıçısı Nizami Sadıxovu nəzərdə tuturam. Tovuzda hamı onu Cəfər kimi tanıyır. Bayaq da dediyim kimi, oyun bizim xeyrimizə başa çatdı. Qurbanın vurduğu 3-cü qoldan sonra gəncəli azarkeşlər yavaş-yavaş dağılışmağa başladılar. Stadionda qalanların çoxu tovuzlular idi. Əsl həngamə də elə oyundan sonra başladı. Stadiona axışan azarkeşlər və OMON-çular “Turan”ın futbolçularına bir hal tutdular ki. Əksəriyyəti özünü tunelə çatdıraraq, canını qurtardı. Cəfərdən başqa. Cəfərdə nə Cəfər. Bir silləsi adamı o dünyalıq eləyər. Qısası meydançada ona bata bilmədilər. Tuneldə isə OMON-çular zavallını əməlli-başlı əzişdirmişdilər. Sakit Alıyevin (onunda ləqəbi var – “Sako”) sözləri yadıma düşür: “Razdevalka”ya gələndə gördüm ki, Cəfər yoxdu. Hay-küy saldıq, qapıçımız hanı? 2-3 dəqiqə sonra qapını açıb Cəfəri içəri atdılar – “Alın, bu da sizin qapıçı”. Yazığın salamat yeri yox idi”. Görünür, OMON-çuların məhz Sadıxovun döymələrinə səbəb məğlub olmaları yox, oyundan əvvəl baş verən “top məsələsi” idi. Yeri gəlmişkən, həmin oyun haqda sonradan eşitdiyim bir məlumatı da qeyd edim. Həmin vaxt AFFA-nın o vaxtkı prezidenti Fuad Musayev Azərbaycanda yox idi. Kazbek Tuayevlə onun arasında isti münasibətlərin olması sirr deyil. Tuayev Musayevlə telefon əlaqəsi quraraq “Turan”ın qalib gəldiyini söyləyəndə Fuad müəllim “Tı suma soşel, eto je nevozmojno! (Başına hava gəlib, bu ki mümkün deyil) deyə qışqırıb.
İlqar TAĞIYEV, “Het-trik news”
(Ardı var)
P.S. Əski “Turan”çılar imkan olsa, yaddaşımı təzələyin, unudulan çox xatirələr var.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |