Adsız yazı
Əslində bu yazıya “Neftçi” - ÇEMPİON başlığı qoymaq istəyirdim. Amma “Neftçi”, bəlkə də “Simurq” bu ideyanın reallaşmasına imkan vermədi. Axır vaxtlar futboldan real uzaq olduğumdan və hadisələri birbaşa televizordan izlədiyimdən Bakıya 2 günlük dönüşüm sanki göydəndüşmə olmuşdu. Odur ki, hələ dədə-babadan “ümummilli komanda”nın həlledici oyununda çempionluğu qeyd etməsini gözlərimlə görmək üçün “Bakcell Arenaya” gəlmişdim. Başa düşdüm ki, əyalətdə olmağım futbol sahəsində məni çox geri salıb. Və 8 ay bundan əvvəl istifadəyə verilmiş bu cür gül kimi stadionu indiyə kimi görmədiyimə görə özümü bir xub qınadım. Özümə də qəribə gəldiyi halda VİP lojaya çatdım. Baxmayaraq ki, Kanal S-in vəsiqəsindən başqa üstümdə heç nə yox idi. Oyunun başlamasına qalmış 10 dəqiqə ərzində arenanı yaxşıca süzüb, burada əməyi olanın hamısına ürəkdən əhsən dedim və düşündüm ki, hələ bu belədirsə, gör 2 il sonra istismara veriləcək Olimpiya Stadionumuz necə möhtəşəm olacaq. Fikirlərimlə 2015-ci ildə gəzdiyim halda hakimin start fiti məni “Neftçi” – “Simurq” oyununa qaytardı. Özü də o oyun ki, çempionatın və çempionun müqəddəratı həll olunacaqdı. Bunun üçün “Neftçi”-nin qalib gəlməsi lazım idi. Vəssalam-şüttamam.
“Neftçi” “Simurq”u
udaraq çempionluğu rəsmiləşdirmək iddiasında olsun, sizə xəbər verim “Şəfa” stadionundan. Əslində flqmanın çempionatın sonuna 2 tur qalmış çempion olmaq şansı “İnter”
– “Qarabağ” oyununun nəticəsinə görə mümkün idi. İş elə gətirdi ki, bu oyunda komandalar həm də gümüş medalların müqəddəratı uğrunda yarışırdılar. Gəl ki, bu stadionda oyuna baxdığım 1 saat ərzində komandaların meydançaya nə üçün çıxdığını Cəhrə arvad demişkən anışdırammadım. Birinci hissədə cəmi yarım dənə təhlükəli epizod yarandı ki, burada da Lomaya qola imkan verməyərək “İnter”i 50%-lik qol vəziyyətindən xilas etdi.
“İnter” barədə xüsusi danışmaq istəyirəm. Bu komandanı mən heç vaxt Azərbaycan klubu saymamışam. Sanki bankirlər açıq Azərbaycan çempionatının müsabiqədənkənar iştirakçısıdır. Ona görə yox ki, klubun heyətində yerli futbolçu barmaqla göstərilən qədərdir. Elə idarəçilikdə də
həmyerlimizə rast gəlmək çətindir. Menecer Səbuhi Səfiyarlının da bankirlərdən ayrı düşməsi bu məsələni qabartmasa da, legioner legionunu çılpaqlığı ilə göstərir. İş tam başqa şeydədi. İkiqat
Azərbaycan çempionu olan bu komandanın qızıl medallarını heç vaxt özününkü saymamışam. Səbəbini də
indi izah edim.
Məktəbdə oxuyanda səhv eləmirəmsə ibtidai sinif dərsliklərində, bəlkə də “Ana dili” kitabında və
ya “Ədəbiyyat”da
belə bir hekayə vardı – “Başqasının beşi”.
Orta nəslin nümayəndələri yəqin xatırlayar. Uzun-uzadı hekayəni nəql eləmək niyyətindən uzağam. Məğzi ondan ibarətdir ki, məktəbdə heç də yaxşı oxumayan bir şagird dərsdən beş alır. Sevincək evə tələsir ki, uğurunu valideynlərinə çatdırsın. Axırı nə olur? Axırı o olur ki, uşaq gəlib gündəliyindəki beşi valideyninə göstərir. Düşünür ki, buna görə “əhsən”ə layiq görüləcək. Lakin valideynlər bu
işi araşdıraraq başa düşürlər ki, övladları sadəcə olaraq yoxlama işini sinif yoldaşından köçürüb. “Bu ki, sənin yox, başqasının beşidir” deməsi hekayənin sonunda şagirdi dilemma qarşısında qoyur. Şagirdin dilindən yazılmış o
son sətirlər indiyə kimi gözümün qabağındadır – “başqasının, başqasının, başqasının beşi...”
Bax “İnter” klubunun iki çempionluğunu da mən həmin başqasının beşinə bənzədirəm. İş ondadır ki, bankirlər hər iki çempionluq xoşbəxtliyini başqasının bədbəxtliyi hesabına əldə etmişdilər. Xatırlayırsınız başıbəlalı “Olimpik” – “Qarabağ” oyununu? Hər şey bakılıların ilk çempionluğuna aparırdı. “Olimpik” qızıl medalların 7 dəqiqəliyində idi. Deyilənə görə artıq çempionluq süfrəsi də hazırlanmışdı... Final fiti olmamışdı və o fitə kimi çox şey ola bilərdi. Və oldu da. Heç kimin gözləmədiyi halda “Qarabağ”ın qolu 7 dəqiqənin içində “Olimpik”i pikinə bir od qoydu ki, gəl görəsən. Bu oyunun dalınca meydana çıxan “İnter” isə artıq şansı əldən verməyərək çempionluğunu bayram etdi. Həmin çempionluq marafonunda idman prinsiplərinin pozulduğu da yaddan çıxmamalıdı. Yarışları keçirən qurum – AFFA-nın əsasnaməsinə görə son turlarda qarşılaşmalar hamısı eyni vaxtda keçirilməli idi. “İnter” isə son oyuna rəqibin hesabını bilərək çıxmışdı.
Elə ikinci dəfə də...
2010-cu ildə “Xəzər Lənkəran” – “Bakı” oyunu yəqin yaddan çıxmayıb. O mövsümdə bu komandalar kubokun finalında da üzləşəcəkdilər. Odur ki, “razılaşma”ya görə çempionatın son oyununda cənubluların, finalda isə “Bakı”nın qalib gələcəyi ilə bağlı söhbətlər gəzirdi. Amma 1 nüans yaddan çıxırdı ki, “Bakı” qələbə qazanacağı halda özü də çempion olacaqdı. Bakılılar qalib gəldilər, amma bununla “İnter”i çempion etdilər. “İnter” bu dəfə də “hazıra-nazir” çempion oldu. Maraqlıdır ki, hər iki çempionluqda “İnter” son oyunda “Qəbələ”yə qalib gəldi...
Əslində bu sözlərə görə “İnter” azarkeşləri məni gözümçıxdıya sala bilərlər. Ki, xeyir ola bizim 2 qızıl medalımızı şübhə altına salırsan? Əsla, mən onların əziyyətini yerə vurmaq istəmirəm. Çünki ta uşaqlıqdan “kim cəlddir, o mərddir” atalar sözünü özümə stimul saymışam. Ancaq zaman göstərir ki, bu komanda öz hesabına hələ də çempion ola bilmir. “İnter”in builki oyununu çox bəyənirdim və əvvəllər düşündüyüm mifin qırılacağını ehtimal edirdim. Çünki ilk altılıqda qərarlaşmış və indiyə kimi bankirlərin “qardaşlaşmış komandası” adlandırılan “Simurq”un da olması əlavə 6 xal idi. Nə olsun? Bu 6 xal çox şey olsa da hər şey demək deyil və məlum oldu ki, “İnter”in sayca 3-cü çempionluğunu gözləmək üçün ən azı bir il lazımdı. Bəlkə də yeni “Olimpik” və ya “Bakı” doğulmasını gözləmək? Nə isə...
Bunlar da virtual çempionluq, real gümüş medal uğrunda burda qırışmaqda olsun, sizə xəbər verim turun ilk oyunundan. Əlbəttə ki, ilk altılıqda qərarlaşmış komandalardan. “Bakı” – “Qəbələ” matçında sanki başsız, yən baş məşqçisiz qalmış komanda hüzürün 40-nın çıxılmasını gözləyirdi. Elə qara zolaqdan çıxan komanda Bakıda 1-0 hesabı ilə qalib gələrək Bojidar Bandoviçin laxlamış kürsüsünü bir qədər də silkələtdi.
Qayıdaq
“Şəfa”ya. Elə real qayıtmaq da. İlk dəfə idi ki, bir gündə 3 oyuna baxacaqdım. Biləcəridəki cansıxıcı vəziyyətdən bezib FİFA meneceri Günel Rüstəmova ilə özümüzü “Qarabağ”ın “İnter”lə səfər oyununu keçirdiyi H.Əliyev Prospektinə çatdırdıq. Amma yuxarıda dedim ki, burda da komandalar sanki meydana vaxt yola vermək üçün çıxmışdılar. Məlum oldu ki, “Bakı” – “Qəbələ” oyunu 1-0 hesabı ilə qonaqların xeyrinə başa çatsa da, həmin qarşılaşma bunun yanında əməlli-başlı məhsuldar alındı. Çünki şəfadakılar qapılara yol tapa bilmədilər. Bu isə o demək idi, “Neftçi” “Simurq”u məğlub etsəydi çempion idi. Ona görə vaxt itirmədən yollandıq “Bakcell Arenaya”.
Səməd Vurğun bu səhnəni görsəydi yəqin ki 27 yaşında yazdığı “Komsomol” poemasını yada salardı:
Mədəniyyət sarayının geniş səhnəsi.
Gül-çiçəklə bəzənmişdir, buyurun, baxın!
Dil açmışdır orkestrin ahəngdar səsi.
Böyük-kiçik, dalğa-dalğa hey axın-axın...
Atmosfer çox yaxşı idi. “Neftçi”nin 3 yerə bölünmüş, hətta çempionluğu belə bir yerdə qeyd etmək niyyətinin olmayan azarkeş qrupu da bakılılara mane olmamalı idi. Çünki doğma publika komandanı layiqincə qələbəyə səsləyirdi. Amma həmin gün Rasim Ramaldanovun başçılıq etdiyi müdafiə xətti, irəlidə isə Rəşad Eyyubov kimi vunderkindi olan “Simurq” rəqibə asan təslim olmaq fikrində deyildi. Bu azmış kimi Eyyubovun hesabı açması bakılı fanatların başına sanki soyuq duş oldu. Düzdü, Vobay oyunun gedişində bərabərliyi bərpa etdi. Amma bu qol qarşılaşmada sonuncu oldu. Baxmayaraq ki, hələ fasiləyə kimi “Simurq” daha bir qol vurdu, lakin hakimlər oyundankənar vəziyyət qərarı ilə Rəşadın dubluna imkan vermədilər. Bundan əlavə qarşıda II hissə də oldu, və sair, və ilaxır. Heç fasilədən sonra da “Neftçi” çempionluğa bir yana, qələbəyə yetəcək qol vəziyyəti yarada bilmədi. Odur ki, 1-1 hesablı bərabərliyi bu matç üçün yetərli saymaq olar.
Beləliklə
“Neftçi”nin çempionluğu ən azı 1 turluq təxirə düşdü. Növbəti həftə Qəbələdə “Qəbələ”yə uduzmasa, “Neftçi” azarkeşləri çempionluğu bayram edəcək. Düzdü, bu oyunun nəticəsi mənasız da ola bilər. Bir şərtlə XXXI turda “Qarabağ” “Bakı”nı məğlub edə bilməsin. Amma bu az inandırıcı görünür. Baxmayaraq ki, top girdə, meydança düzdür.
Bu materialı da belə başa vurdum. Ad tapa bilmədim. Yazını mən yazdım, adını özünüz qoyun.
Asif
BAĞIROV, “Het-trik
news”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |