Anarı anaraq YAZI
Cəlil Məmmədquluzadəni hələ məktəbdə oxuyan vaxtlardan çox sevmişəm. 10 il ayaq döydüyüm doğma 190 saylı orta məktəbdə xarici dil kimi fars dili keçdiyimdən və bu dili həmin dövr və özüm üçün kifayət qədər səlis bildiyimdən, ədibin yazısındakı ərəb-fars sözlərini qavramaq mənim üçün elə də çətin olmurdu. “Qurbanəli bəy”də “Qoqol, Allah sənə rəhmət eləsin!” xitabının nəyə görə yazıldığını qeyd eləməyə ehtiyac yoxdu. Mirzə, Qoqolun yaradıcılığından ilhamlanaraq bu əsərini ərsəyə gətirib.
Azərbaycan idman yazarları arasında Anar Xanlarov adlı qələm sahibi var. Desəm ki, yaxşı münasibətim var, düz çıxmaz. Desəm ki, qan düşməniyik, o ümumiyyətlə kafirlik olar tərəfimdən. Sadəcə olaraq digər idman yazarlarından fərqli olaraq onunla heç vaxt telefonla zəngləşib hal-əhval tutmamışam, 1 stəkan çay içməmişəm. Amma hər hansı tədbirdə üz-üzə gələndə Allahın salamını bir-birimizdən əsirgəmirik. Bu yazımı ondan ilhamlandım. Elə yazının adını “Anarı anaraq” qoymağım da məhz bununla bağlıdı.
Əslində ilham yaxşı şeydi. Daha doğrusu bu olmalıdı. Zəhrimara qalmış pəri gəlməsə, şəxsən mən 2 sözü dalbadal qoşa bilmərəm. Elə bu dəfə də belə oldu. Çərşənbə günü Allahdan mənə bir ilham gəlmişdi ki, gəl görəsən. Həmişə yazmaq üçün 3-4 saat vaxt lazım olduğu halda, bu dəfə mətbəxə sığınıb 2 saat civarında yazımı bitirdim, üstəlik redaktə də elədim. Qonaq otağında dostlarımızın inanılmaz səs-küylə kollektiv surətdə “Muhteşem yüzyıl”a tamaşa eləməsi də mənə mane olmadı. Amma səhər yazıya diqqətlə nəzər yetirəndə məlum oldu ki, “sarı sim”ə çox toxunmuşam və bu mənim prinsiplərmə ziddir. Bir adamı yaman “baltalamışam”. Onsuz da bu adam “yıxılıb”sa, onu niyə pis vəziyyətə salım. Odur ki, “olana güzəşt” deyibən gözləmək qərarına gəldim.
Ertəsi gün qəzetin rəhbəri İlqarla (açığı mənim üçün onun bu qəzetdə hansı vəzifədə işləməsinin elə bil önəmi yoxdur, çünki mən onu elə İlqar kimi tanıyıram və yazılarımı bura təmənnasız yerləşdirirəm) məsləhətləşib, vəziyyəti izah elədim. İlham pərisinin yenə də məni tərk etdiyini bildirib ondan mövzu istədim. Bir mövzu dedi, nəsə beynimə batmadı. Məntiqlə səbəbini izah elədim. Halbuki, kifayət qədər samballı mövzu idi və əla yazı alına bilərdi. Gəl ki, bu yazıda mənim əvvəlki fəaliyyətim də ortada olduğundan yazım birmənalı qarşılanmayacaqdı. İkinci söhbət isə belə oldu. “Eddi İsrafilovdan yaz.” Soruşdum o kimdi? Cavab verdi ki, yığmaya cəlb olunan təzə azərbaycanlı. Soyadı Allahın dörd ən yaxın mələklərindən birinin adından götürüldüyündən, orada FİL olduğundan düşündüm ki, yəqin DƏVƏDƏN BÖYÜK olduğu üçün diqqət mərkəzinə düşüb və maraqlanmamaq ən azı Allahsızlıq olardı. İlqar özü hələ istiqamət də verdi. Sosial şəbəkədə yazışdığımız vaxtı mənə Anar Xanlarovun yazısının internet ünvanını göndərdi. Oxudum və ilhamlandım. Buna görə Anar Xanlarova virtual təşəkkür.
UEFA Çempionlar Liqasında doqquz illik şərhçilik karyeramda mətbuat tərəfindən yetərincə tənqid olunmuşam. Və indinin özündə də bunu normal sayıram. “Real”ın hücumçusu Raul, dəfələrlə “oyundankənar vəziyyət”ə düşməsini qeyd edən hakim köməkçisinə iradını bildirərkən referinin onu “bayrağına almaması”, “oyundankənar vəziyyət” hamiləlik kimi şeydi. O ya olur, ya olmur. “oyundankənar vəziyyət”də də hamiləlik kimi “bir az” anlayışı yoxdur” kimi ifadələrimə görə “başım çox ağrayıb”. Və hər dəfə də buna sakit yanaşaraq analoji sözlərin rusiyalı şərhçilər tərəfindən deyildiyi halda buna normal reaksiya verildiyini misal göstərmişəm.
Cənubi Amerikanın şimalında Surinam dövləti var. 2011-ci ilin siyahıyaalmasına görə əhalinin sayı yarım milyonu güclə aşır. Uzun müddət Hollandiyanın müstəmləkəsi olub. Dövlət dili də holland dili sayılır. Əsəbləşərsiniz ki, sözünün “Mustafası”nı yaz. Yazım da. İş ondadır ki, bu ölkə Hollandiyanın müstəmləkəsi olduğu vaxt Avropaya axışmış surinamlıların “işinin bəhrəsi” Hollandiyada əla görünür. Daha doğrusu bu ölkənin futbolunda. İş ondadır ki, Hollandiya yığma komandasının qaradərili futbolçularının əksəriyytinin şəcərəsi gedib Surinama çıxır. Raykard, Qullit, Klayvert və yüzlərlə başqasını buna misal çəkmək olar. Birdir, ikidir məgər? Bir dəfə bu barədə rusiyalı futbol şərhçisi Vladimir Pereturin bizim baxışlarımızca çox binamuscasına, onlar üçün adi sayılacaq tərzdə “Pobolğşe bı nam otüov iz Surinama” (Surinamdan belə atalarımız çox olsun) demişdi.
İsi Məlikzadənin “Qatarda” hekayəsi əsasında çəkilmiş eyniadlı televiziya tamaşası var. İnanmıram ki, kimsə bu tamaşaya baxmasın bir yana, ona biganə qalsın. Həmin tamaşada vaqonun sərnişinlərindən biri – Sabit Mirzə rolunu canlandıran Həsən Əbluc 1994-cü ildə rəhmətə gedərkən tamaşanın baş qəhrəmanı, Dadaşovun ifaçısı Yaşar Nuri çox gözəl söz demişdi – KUPEDƏ TƏK QALDIM... Həqiqətən gözəl sözlər idi. Bax indi Yaşar Nuri özü haqq dünyasına qovuşduğunu nəzərə alsaq artıq qatarın necə soyuq, kimsəsiz olduğunu başa düşərik. Halbuki 32 il əvvəl Dadaşov vaqon bələdçisinə şəstlə “Ə, kişi şeir deyər, kişi samasval sürər, kişi ticarətlə məşqul olar. Ona-buna döşəküzü paylamaq kişi işi deyil” söyləmişdi.
Bütün bunları nahaqdan yazmadım. İndi AFFA Eddi İsrafilovu milliyə cəlb etmək istəyir. Burada dadaşovsayağı deyəsən ki, Foqts “Neftçi”dən seçər, məşqçi “Qarabağ”a baxar, çalışdırıcı “İnter”ə göz gəzdirər, menecer “Xəzər Lənkəran”ı diqqətdə saxlayar, və sair, və ilaxır. “Mursiya”da oynayan Eddi İsrafilova ümid etmək nə qədər yerinə düşür? Yenə atası Surinamdan ola, dərd yarıdır. Bəlkə nə vaxtsa yaradı. Eddinin qanı Toqoya gedib çıxır. O Toqoya ki, bir təmsilçisi, daha doğrusu yığma komandalarının vitse-kapitanı Dare Nibombe “Bakı”ya gəlmişdi. O Nibombe ki 1,96 metr boyla mərkəz müdafiəçisi olduğu halda qapını hifz etməkdən avtoqola heç də az meylli deyildi. Düzdü, iradlara cavab ola bilər ki, meşə çaqqaldan xali deyil, nəzərdə saxlamaq, hələ onu milliyə cəlb eləmək sayılmır və başqa bu tipli sözlər. Və axırda da, nə etmək olar, olanımız göz qabağındadır... Bundan sonra oturub fikirləşəsən ki, bəlkə də düz eləyirlər? Potensial yoxdu? Bu millətdə oynaya bilən futbolçu yoxdu. Olanlar da Berti Foqtsun oyun modelinə düz gəlmir.
Nə deyim, Vallah... ANS-də işlədiyim dövrlərdə öz dilimizə təbdil etdiyimiz bir məsəl yadıma düşdü – Allah imkansızlığın üzünü Xose Bernardo (qara) eləsin. Yeri gəlmişkən, yaxşı yadıma düşdü, zarafat bir yana, bəlkə elə Xosenin özünü sınayaq? Azərbaycan vətəndaşıdı, şəxsiyyət vəsiqəsi var, Milli Ordumuzda hərbi xidmətdə olub. Ən azı futbol oynayıb. Ümummilli Lider Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar “Şərq” qəzetinin təşkil etdiyi media turnirində bir komandada olmuşuq, finalda AzTV-nin “Telefortuna” komandasına 2-1 hesabı ilə qalib gəlməyimizdə əvəzsiz xidməti və ən əsası vurduğu bir qol var. Rəngi də qara. Olmasın Toqo qanı, olsun Kuba qanı. Ay qardaş, doşab almışıq bal çıxıb.
Asif BAĞIROV, “Het-trik news”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |