Allah səbr verMƏsin! YAZI
Heç Azərbaycan toylarına fikir vermisiz? Camaatın yeməyinə yox a, rəqslərə. Əgər yox, onda bir dəfə fikir verin. Pərakəndə oynamaqda pərgarıq. Ələlxüsus da boğazdan 50 qram keçəndən sonra. Oğul axtarıram ki, millət qol qaldırıb qrup şəklində rəqs etsin. Uzağa getmək lazım deyil. Elə milli rəqsimiz olan “Yallı”nı göz önünə gətirin. Tədbirlərdəki “Yallı”nı nəzərdə tutmuram. Toylardakı həmin o “hazır” qonaqların ortaya atılması zamanı əmələ gələn xaosu çatdırmaq istəyirəm. Bax o vəziyyət Azərbaycan futbolundakı kimidir. Adi ritm ölçülü rəqsi oynaya bilməyən xalqın nümayəndələrindən futbolda nə gözləmək olar? Fərdilikdə kimə istəsək badalaq vurarıq. Hər dəfə azı bir olimpiya qızılımız buna sübutdur. Namiq, Fərid, Elnur, Toğrul, Şərif... Heç gör voleybolçu və ya otüstü hokkeyçilərimiz nəsə edib. Düzdü, voleybolda ildırım sürətli tərəqqi var. O da legionerlərin hesabına. Özümüzün isə demək olar ki heç nəyimiz yoxdu.
Ötən həftənin söhbətidi. Oturub həmişəki kimi internetdə baş sındırırdım. Xəbər portallarında dünyada baş verənlərlə maraqlanır, sosial şəbəkələrdə bu və ya digər hadisə barədə userlərin mövqeləri ilə tanış olurdum. Şəki fəaliyyətim başa çatmışdı. Arada özüm üçün düşünürdüm ki, ancaq mənim kimi axmaq sentyabrdan ta mayın sonuna kimi əyalətə işə gedib, yayın cırhacırı üçün Bakıya qayıdar. Amma bu, danılmaz fakt idi ki, mənim başıma gəlmişdi... Bəxtimdən havalara uyğunlaşmaq üçün dövr pis deyildi. Küləkli Bakı üçün burnumun ücü göynəyirdi.
Nə isə nahardan bir az sonra mobil telefonuma zəng gəldi. Günel idi
(FİFA agenti Günel Rüstəmova). Şirin Qardaban ləhcəsiylə oyuna gedəcəyimi
soruşdu – “Ölüm, axşam matça gedəssənmi”? “Qəbələ cup” və “Caspian cup” başa
çatdığından gözlərimi döyərək (o bunu heç cür görə bilməzdi, çünki telefonla
zəng etmişdi) hansı oyundan söhbət getdiyini soruşdum. Mən də görməsəm də 100
faiz əmin oldum ki, onu da eyni təəccüb bürüdü. Sonra mənə eyni şirin ləhcəylə
Dünya Kubokunun seçmə oyunu, Azərbaycan – Lüksemburq matçından söhbət getdiyini
xatırlatdı. Bəlkə başqa vaxt olsaydı heç getməzdim də. Lakin bu yaxınlarda
transfer etdiyi Rasim Ramaldanovun oyununa baxmaq istəyi olduğundan heç cür
imtina edə bilməzdim.
Bakıya uyğunlaşmadığımdan görüş yerini çox götür-qoy elədik. Bu
məsələdə çox müzakirə aparsaq da uzun müddət ortaq məxrəcə gələ bilmirdik.
Axırı 8-ci cəhddən sonra, özü də ciddi məşəqqət əzablarından sonra Günel mənə
izah edə bildi ki, oyun “Bakcell-Arena”da keçiriləcək. Öz-özümə dedim, yaxşı
ki, biabır da olsam, bu tez baş verdi, yoxsa saat 8-də gedib Gənclikdəki
“MakDonalds”ın qabağında gözləyəcəkdim, guya kişinin oğlu oyuna baxmağa gəlib.
Lənət sənə kor şeytan.
Oyun başlamamışdan 1 saat əvvəldən stadionda olmaqdan yaxşı şey
yoxdu. Basırıq olmamışdan öz yerini tutursan. İmkan olsa başqasının yerini də.
Lap elə bizim kimi. Yersiz gəldi, yerli qaç misalını rahatca bizə şamil etmək
olardı. Çünki Allah bilir hansı sektora olan biletimizlə biz “Press-loja”ya
çatmışdıq. Maraqlısı o idi ki, bu məsələyə cavabdeh olan şəxslərdən biri
boynumdakı başqasına məxsus press yazısı olan vəsiqədəki şəklə və mənə növbə
ilə 7-8 dəfə ildırım sürəti ilə baxaraq, “bu şəkildəki sənsən?” deyə soruşdu.
Mən də yalan deməyərək bir kəlmə ilə “yox” cavabını verdim. Bayaq mənim arenaya
başqasının sənədi ilə keçmək istədiyimə əmin olan “stewart” yaman çaş-baş qaldı
və “efirdən ciddi görünən adam necə də yumoru sevir” deyərək güldü. Anladım ki,
o doğru etirafımdan sonra həqiqətən də məni şəkildəki şəxs sandı. Özü bilər, ən
azı yalan demədiyim üçün vicdanım təmiz idi.
Oyun başlayana kimi qəpik-quruşsuz əlli dəqiqə ərzində Günellə çox
şeydən danışdıq. Sonra 1 maraqlı xanım heyətlər olan kağızı sektora gətirdi.
Məlum oldu ki, cənab Berti Foqts bu il ardıcıl ikinci dəfə heyəti tamamilə
azərbaycanlılardan qurub. Qapıçı Kamran Ağayevin önündə Rəşadla Rasim,
cinahlarda Mahir və Elnur yer almışdı. Yarımmüdafiə Rahid, Ruslan, Sadiqova
tapşırılmışdı. İrəlidə oynayan hücumçu Rüfət Dadaşova cinahlardan Vaqif və Araz
dəstək olmalı idi.
Oyun barədə yazmaq istəmirəm. Amma fikirləşirəm ki, bəs nədən yazım?
Ona görə yox ki, mövzu yoxdu. Var. Mövzudan çox mövzu var. Götürsən hər
futbolçunun oyununu analiz etməyə, yetərincə xırdalıq aşkar etmək olar. Ən azı
ona görə yazmaq istəmirəm ki, antireklam özü də reklamdır. Bizimkilər də ölür
bunun üçün. Mənimlə Türkiyə superliqasının, Rusiya Premyerliqasının bir neçə
klubu maraqlanır, amma hələ təklifləri götür-qoy edirəm deməklə qiymətlərini
ceyran belinə çıxaranlara da bir him bəsdir. Amma elələri var ki, onlardan
danışmaq lazımdır. Adını çəkmək istəmədiyim, ölkədə oynamadığı klub (oxu ...
kol başı) qalmayanlar hələ də millidədi və anlamaq çətindir ki onlar bu
komandada nəinki meydana, heç SU BAŞIna da çıxmağa layiq deyil. Onların milli
üçün əvvəlki xidmətlərini anlamaq olar (əgər bunu xidmət saymaq olarsa), lakin,
indiki yığmaya hansı xeyri dəyə bilər?
Arada ağız büzürlər ki, kimimiz var ki, olanlarımız üzdədir. Əvvəl
mən də bu rəvayətlərə, təmsillərə inanırdım. Amma görürəm ki, yox, elə deyil.
Ölkədə yetərincə maraqlı, perspektivli uşaq yetişir. Hansı ki, nəticə üçün
acdır. Yığma komandada nəticə əldə edə bilməyən futbolçular əvəzinə onları
oynatmaq olmazmı? Onsuz da uda bilmirik. Qoy bu heç olmasa cavan nəslə dərs
olsun. 20-22 yaşlı uşaqları buraxaq əzilsinlər, döyülsünlər. Döyülməyən düyüdən
axı aş olmaz.
Elə götürək “Simurq”un oyunçusu Rəşad Eyyubovu. Ötən il heç kimin
tanımadığı bu gənc indi özündən çox söz etdirib. Olub yağlı əppək. Bunun
nəticəsidir ki, ölkənin demək olar ki, bütün aparıcı klublarının baş məşqçiləri
onu öz komandasının heyətində görmək istəyir. Aparıcı ona görə deyirəm ki,
sözsüz qalanları da istərdi, lakin büdcə buna imkan verməz. Rusların bir atalar
misalını Azərbaycan dilinə tərcümə edəndə təxminən belə şey alınır. Hamı ağlını
birdən itirməz. Yəni bütün klubların baş məşqçiləri havalanmadılar ki, yaşı
iyirmini təzəcə keçmiş birisinə elçi düşsünlər. Foqts həzrətləri isə tamam
başqa fikirdədi. Yəqin onun futbol təsəvvüründə Rəşad Eyyubov kimi futbolçular
yoxdu. Əslində mənim üçün millinin baş məşqçisinin futbol fəlsəfəsi maraqlıdır.
Deyilənlərə görə millinin Lüksemburqla oyunundan sonra bıçaq sümüyə
dirənib. Əslində o zəhrimar soyuq silah sümüyə çoxdan dirənməli idi. Şimali
İrlandiya ilə oyunda son saniyələrdə qələbəni əldən verəndə, ondan sonra
Əhmədli qədər əhalisi olan Lüksemburqu ilk oyunda uda bilməyəndə və sair və
ilaxır. Amma deyəsən bu xəmir çox su aparacaq. Lap “Bəyin oğurlanması”
kinosundakı kimi AFFA gərək gedib otursun İsrafilin qapısında... yəni bəzi
mətbuat kütləsinin yazdığı kimi şüşəbənddən bir adam qabağa çıxıb Berti Foqtsa
almanca “Çox sağ ol, xoş getdin” desin. Necə ki, illərcə bundan əvvəl Karlos
Alberto Torresin topu qoltuğuna verilmişdi.
AFFA hələ səbr edir. Nə vaxta kimi, bu bilinmir. İstənilən halda
komanda bu il xal toplamaqla bağlı ötənilki nəticəni yaxşılaşdırmaq bir yana,
heç təkrarlaya da bilməyəcək. Xal alınması kim qalıb ki? Şimali İrlandiyanı
burda udsaq, daha doğrusu uda bilsək, Lüksemburqla oyundan sonra hansına ki,
inanmaq çətin gəlir, olacaq 7 xal. Vəssalam, şüttamam. Eşşək eşşəkliyi ilə
palçığa bir dəfə batır. Rusiya inanmıram ki Bakıda bu dəfə də guya xal itirə.
İsraillə səfər oyununda nəyə ümid edəcəyimizi bilmirəm. Amma Allahın işini
bilmək olmaz, olmadı elə, oldu belə. Hələliksə AFFA-nın Berti Foqtsu yola
salmaqdan başqa perspektivi yoxdur. Onsuz da 3-4 ay vaxtı qalıb. Bilirsinizmi
niyə?
Gəlin ondan başlayaq ki, özünə hörmət qoyan istənilən mütəxəssis
yığmaya baş məşqçi gəlməklə bağlı müqaviləni seçmə mərhələnin sonuna kimi
imzalamaz. Təsəvvür edin ki, Rusiya millisinin baş məşqçisi Fabio Kapellonun
müqaviləsi bu ilin noyabrında – dünya çempionatının seçmə mərhələsinin
“play-off” oyunlarından sonra başa çatır. Əla oyun nümayiş etdirib final
mərhələyə çıxmış komandanın çalışdırıcısı bundan sonra ya müqaviləni uzatmaq
istəmir, ya da elə şərt qoyur ki, qalırsan belə. Ona görə normal müqavilələr
hər hansı bir turnirin final mərhələsi başa çatana kimi nəzərdə tutulur.
Bizdə inanmıram ki, müqavilə belə olsun. Onda Foqtsun nə vecinə?
Oturub qəşəhcənə pulunu qazanır, istədiyi vaxt evinə gedir, futbolçulara
köməkçiləri baxır. Ən əsası isə, ondan nəticə tələb olunmur. Bunun da nəyinə
lazım özünü həlak eləsin. Cavan deyil ki, perspektiv barədə düşünsün.
Karyerasının dibindən halva-lavaş iyi gəlir. Bundan sonra getsə-getsə bizim
kimi futbol baxımından banan ölkələrinə gedər.
Ona görə bu mərhələ başa çatdıqdan sonra yeni mütəxəssisə şans vermək
lazımdır. Bu yerli-cavan çalışdırıcı da ola bilər. Kim təsəvvürünə gətirərdi
ki, 40 yaşı olmayan Qurban Qurbanov “Qarabağ”ı elə dirçəldə bilər. Mən yığmaya
konkret onu nəzərdə tutmasam da, papaq altında onun kimi neçə mütəxəssisin
olduğunu təsəvvür etmək olar. Foqtsa baxanda yerli mütəxəssisin üstünlüyü azı
vətənpərvərlikdə olacaq ki, komandanın qələbəsinə sevinəcək, məğlubiyyətinə
isə..., yox məğlubiyyət barədə düşünməyə imkan verməyəcək. Təki Azərbaycanın
futbol başçılarına Allah səbr verMƏsin.
Asif BAĞIROV, “Het-trik news”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |