Futbolumuz inkişaf edir, yoxsa kimlərinsə cibləri? YAZI
“Pul – əl çirkidi”. Bu ifadə çoxdan aktuallığını itirib. Çünki vaxtilə “vicdan”, “ləyaqət”, “tərbiyə” sözlərinin heç “ayağının tozu olmayan” pul, günümüzdə hətta valideyn-övlad münasibətlərini belə arxa plana keçirib. Azərbaycan futbolunda fırlanan pullar haqda sərhədlərimizdən çox-çox uzaqlarda belə xəbərdardılar. Götürək elə uzaq Çilini. İndi Nikolas Kanales “Kolo-Kolo”nun oyunundan sonra dostları ilə pivəxanada oturaraq, “Azərbaycandakı günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim...”, deyə-deyə, ah çəkir...
“Pirojki” və 6 milyonluq büdcə
Ancaq çətin ki, məşhur “pirojki”ylə oyuna çıxanlar ötən günlərin qayıtmasını istəyələr. Axı bu gün bahalı avtomobillər, təmtəraqlı villalar və daha nələr, nələr olan yerdə, “pirojki”ni yaxın buraxan olmaz. Sabiq idman yazarlarından biri yaxınlarda çay masası arxasında bəndənizə gözəl bir söz dedi: “Azərbaycan futbolu yox, Azərbaycan futbolunda olanlar inkişaf edir. Əqli cəhətdən yox ha, maddi tərəfdən”. Həmkarımın sözləri ilə razılaşmamaq olmur. Çünki silinən və ciblərə axan pullar, həqiqətdə xərclənənlərlə müqayisəyə gəlmir. Nəticədə Qazağıstan Avroliqada təmsil olunur, bizim üçün röya kimi görünən Çempionlar Liqasının qrup mərhələsi Moldova və Belarus təmsilçilərinə qucaq açır. Axı mümkün deyil ki, maliyyə dayaqları bizim ortabab klublarla eyni olan BATE hər dəfə təsadüfən ÇL-in qrupunda oynasın! Bu yazını qələmə alarkən, internet resurslarında elə həmin BATE ilə bağlı bir müsahibə gözümə sataşdı. Belarus çempionunun idarə heyətinin sədri Anatoliy Kapskiy 2008-ci ildə UEFA-nın rəsmi saytına verdiyi müsahibədə klubun illik büdcəsinin 6 milyon avro təşkil etdiyini bildirib. Bəs bizim klublarda vəziyyət necədir? Bax bu suala cavab tapmaq üçün vurdum özümü Arandan Turana...
Transfer menecmentinin
dəyəri
Bir çox “futbol mətbəxi”ndə bişmiş insanlarla bu barədə apardığım söhbətlər təxmini aşağıdakı vəziyyətə gətirib çıxardı.
Liderlik, özü də böyük fərqlə iki kluba məxsusdur – “Qəbələ” və “Bakı”. Bu komandalar il ərzində kluba 30-35 milyon manat xərcləyirlər. Bura futbolçuların və məşqçilərin müqaviləsi, aylıq məvaciblər, bonuslar, təlim-məşq toplanışları, səfər qarşılaşmaları, yol xərcləri, uşaq futbolu və tikinti layihələri daxildir. Məhz hələ də bu tandemin bazada tikinti işlərinin aparması digər klublarldan xeyli çox vəsait xərcləmələrini şərtləndirən başlıca amildi. Əldə etdiyim məlumatlara görə, hər iki komanda futbolçularına həvəsləndirici (podyomnıy) formasında orta hesabla təxmini 400 min manat verir. Yenə də BATE ilə müqayisə aparıb, qeyd edim ki, Belarus çempionunun APARICI futbolçulçuları aylıq məvacib kimi 11 min avro alırlar. Diqqət yetirin, bizimkilərə həvəsləndiricidən başqa aylıq maaş da verirlər. Elə həmin klubun başçısının müsahibəsində daha bir maraqlı fakt diqqətimi çəkdi. Çempionlar Liqasının qrup mərhələsinə düşdüklərinə görə komanda üzvlərinə 2 milyon avro mükafat paylanacaq. Başqa sözlə, nəticəni əldə et – sanballı bonusunu al! İşinə görə futbolçularına qiymət verən BATE rəhbərliyi bu addımıyla məlum nəticələrə imza atıb. O nəticələrə ki, bizim klubların yuxusuna girə bilməz. Vaxtilə həmin praktika futzal klublarımızdan birində var idi. “Turan AİR” Rusiyanın aparıcı 5 futzalçısını ölkəmizə dəvət etmişdi və dünya şöhrətli Marat Abyanov, Andrey Yudin, Rusiya millisinin dirəyi sayılan Konstantin Duşkeviç kimi oyunçularla “nəticə ver – bonusunu al” tipli müqavilə imzalamışdı. Göründüyü kimi bizim məmləkətdə fəaliyyət göstərən klublarda transfer menecmenti “yox” səviyyəsindədir.
20 milyonluq klubların 20 qəpiklik uğurları
Büdcəyə görə növbəti pillədə dayanan 3 klubumuz var – “Neftçi”, “Xəzər Lənkəran” və “Qarabağ”. Bu komandalar ildə təqribən 20 milyon manatlarından keçirlər. Əgər “Neftçi” və “Qarabağ” Avropa miqyaslı yarışlarda cüzi də olsa, uğurlarla öyünə bilərlərsə, Lənkəran təmsilçisinin pulları havaya sovurduğunu əminliklə söyləmək olar. Əlbəttə, həm “ağ-qaralar”ın, həm də ağdamlıların bossları uğurlarına kölgə saldığımı iddia edə bilərlər. Çünki Azərbaycan çapında analoqu olmayan nəticələrə imza atıblar. Ancaq mən “öz suyumuzda qaynamaq”dan bezmişəm. Bax bu səbəbdən də bu sualı verməyi özümə borc bilirəm: necə olur, Belarus çempionu 6 milyonla mütamadi olaraq, ÇL-in qrupunda oynayır, siz 20 milyonla hansısa AL-dən danışırsınız? Deməli, işləməyi bacarmırsınız. Deməli, 20 milyonla ÇL-in qrupuna yüksəlməli və orda adlı-sanlı rəqiblərlə başa-baş mübarizə aparmağa borclusunuz!
Bu gün sorğu keçirilsə və sual versələr ki, “ölkəmizdə ən zəhlən getdiyi klub hansıdı?”, zənnimcə liderlik “İnter”ə məxsus olar. Səbəb kimi klub prezidenti və baş məşqçinin azərbaycanlı olmaması, sənədləşdirmə işlərinin ana dilimizdə aparılmaması, yerli futbolçulara az şans verilməsi kimi açıqlamalar göstərilər. Onda mən də bir məqama toxunum: məgər Azərbaycan vətənaşlığı verilən futbolçular bu sənədi əyri yollarla almayıblar? Birinin ulu babasının xalasının qaynı, digərinin nənəsinin repressiya illərində təsadüfən Bakıdan yol ötməsi – nəticədə ndukalara, pereyralara, fereyralara, qomeslərə “azərbaycanlı” olmağa kifayət edib. İndi də 7-ci sort türkləri milliləşdirmək dəb halını alıb. Sözümün canı odur ki, “İnter”də azərbaycanca danışan axtarmaqdansa, qeyri-qanuni “azərbaycanlaşan”larla mübarizə aparmaq lazımdı. Niyə? Ona görə ki, “İnter”in prezidenti Cahangir Hacıyev klubun başına qohum-əqrabasını yığmayıb, klub büdcəsini kasad etsə də, konkret nəticələr verməyi bacaran bir meneceri gətirib. Bəli, bu il “İnter” sonuncudu, bəs əvvəlki mövsümləri hara yazaq? Yəni peşəkarlıqdan danışırıqsa, məhz “İnter”in pulları havaya sovurmadığının şahidi oluruq.
Dörd səbəb
Büdcəyə görə 3-cü qrupa daxil olan komandalar “İnter”lə “Simurq”du. Bu klublar il ərzində təqrubən 4-5 milyon manat xərcləyirlər. “Simurq” böyük qardaşına nisbətən daha az maliyyəyə sahibdir ki, bu, bu da nəticələrdə özünü göstərir.
Ən kasıblar isə “Sumqayıt”, “Rəvan” və AZAL-dır. “Rəvan” 1,5 milyonla başını girləyirsə, digər 2 komanda 1 milyon manatla elitadakı günlərini keçirir.
Bu nəticələrə əsasən də müəyyən fikirlər irəli sürmək olar. Əgər “İnter”, “Simurq”, “Rəvan”,”Sumqayıt”, AZAL-dan nəsə tələb etmək bir qədər ədalətsiz görünürsə, “Bakı”, “Qəbələ”, “Neftçi”, “Xəzər Lənkəran” və “Qarabağ” ayrılan maliyyənin qarşılığını verməyə borcludu. Lakin bir sıra səbəblər var ki, varlı klublarımızın Avropa meydanlarında uğur qazana bilməməsini şərtləndirir. İlk növbədə onu qeyd edim ki, ayrılan büdcələrdə kifayət qədər yeyintilər var. Yəni BATE-nin bizim klubların nəticələrini xeyli arxada qoymasının başlıca səbəbi 6 milyonun 100 faizini kluba xərcləməsidir.
İkinci faktor klublarda qohub-əqraba prinsiplərinin hökm sürməsidi. Doğrudu, bu, tək futbolda müşahidə olunmur. Məsələn, hansısa nazirin qardaşı heç olmasa deputat olmalıdır, hansısa dövlət məmurunun bütün qohumları yüksək vəzifələrdə çalışmalıdırlar. Təəssüf ki, bu əcaib mənzərə futbolumuza da siraət edib. Qeyri-peşəkarların da qurduğu işin acı nəticəsi futbolumuzun başında çatlayır.
Üçüncüsü, menecment və transfer sahəsində çalışanların ilk növbədə şəxsi mənafeləri üçün əziyyət çəkməsi. Klublarımızda seleksiyaçı məşqçilər fəaliyyət göstərdiyi bir vaxtda, əksər əcnəbi oyunçular digər menecerlərin vasitəsi ilə gətirilirlər. Niyə? Bunun iki səbəbi ola bilər: ya alan adam özü maraqlıdır ki, kənar menecerlərlə işləyib, cibini doldursun, ya da seleksiyaçı məşqçilər fərasətsizdirlər.
Dördüncü məqam marketinqlə bağlıdır. Klublarımızın marketinq şöbələri ya iş görə bilmir, ya da ümumiyyətlə mövcud deyil. Əks halda hər bir klubun fan-şopu fəaliyyət göstərər, atributların satışı təşkil olunar, müxtəlif təhsil ocaqlarında təbliğat xarakterli görüşlər keçirilər. Bütün bu məsələlər xırda gösənsələr də, nəticədə tribunalara azarkeş axınına təsir göstərər, gələcəkdə isə abonement, atribut, bilet satışından kifayət qədər gəlir əldə etmək olar ki, bu da klub infrastrukturunun inkişafına təkan verər.
“Sabun köpüyü”
Nə qədər ki, bütün yuxarıda sadaladıqlarım axsamalar futbol “mətbəx”imizdə davam edəcək, BATE, “Şerif” kimi komandalara baxıb həsəd aparacağıq. Və ən əcaibi budur ki, futbol oliqarxların əllərindədir. Heç bir klub özünü saxlamaq iqtidarında deyil və asılı vəziyyətdədir. Yəni, istənilən an Azərbaycan futbolu sabun köpüyü kimi partlaya və yenidən “pirojkili günlər” qayada bilər.
Növbəti sayımızda klubların müstəqil olması yönündə araşdırma yazıyla görüşünüzə gəlməyə çalışacağıq. Ümid edək ki, klublarımızda avropalşma dildən əmələ keçəcək.
Ceyhun ƏLİYEV, “Het-trik news” qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |