Klublarımız inkişaf istəyirsə... YAZI
Ötən sayımızda klubların büdcəsi ilə bağlı yazı dərc etmişdik. Elə həmin yazıda elitada mübarizə aparan kollektivlərin marketinq sahəsində səriştəsizliyi barədə material hazırlayacağımı vəd etmişdim. Necə deyərlər, vaxt gəldi, vədə yetişdi...
“Divlər”
İlk olaraq, beynəlxalq arenada çıxış edən klubların gəlir mənbələrini araşdırmağa zərurət var. “Barselona”, “Real”, “Mançester Yunayted”, “Bavariya” kimi öncüllərin gəlirləri reklam, teleyayım, turne matçları, atributika satışı, bilet satışı, futbolçu satışı, avrokuboklardan əldə olunan vəsaitlər hesabına əldə edilir. Məsrəf fondu isə az maddələri əhatə etsə də, kifayət qədər sanballı olur. Söhbət oyunçu transferlərinə xərclənən 100 milyonlarla vəsaitdən gedir. Əlbəttə, bura klubda çalışan geniş korpusun məvacibləri, təlim-məşq toplanışları, səfərlər, müxtəlif bonuslar da əlavə olunur. Ümumi gəlirlər və xərclər 100 milyonlarla ölçülür ki, bu gün Azərbaycan klublarından heç biri belə vəsaitlə öyünə bilməz.
UEFA-nın pulları bizlik deyil
Digər kateqoriyaya nisbətən ortabab klublar daxildi. Bu klubların ən böyük ümidləri bilet satışı və avrokuboklardakı çıxışlarıdı. Çünki onlar dünya ulduzlarını rənglərinə qatmaqda çətinlik çəkirlər və belədə, atributika və televiziyadan yüksək həcmdə gəlir əldə etmək mümkünsüz olur. Məsələn, Dortmund “Borussiya”sının ötən mövsümün sonuna 215 milyon avro pul qazanmasında (bura xərclər daxil deyil) başlıca rolu əlbəttə ki, UEFA-dan aldığı dividendlər təşkil etdi. Axı komanda Çempionlar Liqasənən finalınadək yüksəlməyi bacardı. Bəlli olduğu kimi, Azərbaycan klubları ən yaxşı halda Dortmund təmsilçisi ilə Avropa Liqasının pley-off mərhələsində qarşılaşmaq iqtidarındadırlar. Yəni UEFA-dan dividend almaq hesabına 100 milyonlar qazanmaq bizim təmsilçilər üçün deyil.
Özümü kimə bənzətməli?
Üçüncü qrupda elitar komandalara oyunçu satışından əldə olunan gəlirlər hesabına klubu yaşadan variantı nəzərdən keçirək. Bura “Ayaks”, “Portu”, “Feyenord” kimi kollektivləri daxil etmək mümkündür. Elə Hollandiyanın ən nüfuzlu klublarından olan “Ayaks”ın 25 meydançasının mövcudluğunu söyləsək, istedadların haradan peyda olması aydın olar. Bu yol bizim klublar üçün ən münasibidir. Doğrudu, biz birdən birə “Real”, “Arsenal”, “Milan” kimi klublara azərbaycanlı balalarının satışı barədə düşünə bilmərik. Ancaq elə komandalar var ki, gənc azərbaycanlılar üçün tramplin rolunu oynaya bilərlər. Söhbət Yunanıstan, Türkiyə, İsveç, Slovakiya, Sloveniya, Çexiya Polşa kimi ölkələrin çempionatlarından gedir. Hazırki nəslin futbolçularına ümid olduqca azdı. Çünki onlara Azərbaycan Premyer Liqasında verilən paralar əsl dəyərlərindən dəfələrlə çoxdur. Nisbətən gənclərdən isə daha çox seçilən Araz Abdullayevin elə meydandakı davranışı onu göstərir ki, bu yarımmüdafiəçi xarici çempionatlarda oynaya bilməz. Çünki Avropada futbolda “bismillah” edən gənclərin bu cür davranışını başa düşmürlər. Orda hər şey kəsə yolla həll edilir: təklif edirlər ki, çantanı vur qoltuğuna və təzminat almadan, qayıt gəldiyin yerə. Əgər futbolçu nəm-nüm edirsə, onu otuzdururlar ehtiyat oyunçular skamyasında. Oyunçu da 1 mövsüm ərzində rəsmi oyun üzünə həsrət qalırsa, çətin ki, yaxın 1 ildə formasını bərpa etsin. Deməli, əlvida karyera!
Bax beləcə, bizim hazırki futbolçuarın əcnəbi klublarda çıxış etmək perspektivinin üstündən qalın bir xətt çekdik. Bəs nə etməli? Çıxış yolu nədədir ki, gələcəkdə Azərbaycandan da kimsə “Borussiya”, “Qalatasaray”, “Portu” kimi nəhənglərin şərəfini qorusun?
“Bakı”yla “Qəbələ” - bir addım öndə
... Bu gün bu yola çıxmaq istəyən 2 komandamız var: “Qəbələ” və “Bakı”. Özü də fərqli formada. Əgər bölgə təmsilçisi əcnəbi mütəxəssisləri Qəbələyə gətirərək, azərbaycanlı balalarının peşəkarlaşmasını təmin etməyə cəhd göstərirsə, paytaxtın eyniadlı komandası “Lans” və “Atletiko”yla iş birliyinə start verib. Digərlərinə baxdıqda, bunlara şükür edə bilərik. Lakin bu, gələcəyi düşünən klubun inkişaf bazasının bir qoludur. Gəlin incələyək. “Bakı” nə edir? Yetirmələrini 1 həftəlik, 10 günlük aparır adlarını sadaladığım klubların düşərgəsinə və orada azərbaycanlı balaları fransız və ispan həmyaşıdları ilə birgə məşq edirlər. “Ac həriflər”də mərhum Yaşar Nuridən bir sitat gətirmək istəyirəm: “Hə, nooolsun”. Qardaş, insan acdırsa və evində qara qəpiyi yoxdursa, ona ən gözəl təamlardan daddırmaqla, həmişəlik tox edə bilməzsən. Onsuz da ertəsi gün yenə aclıq güc gələcək. Bax “Bakı” da həmçinin. Məgər yeniyetmə gənc 10 günə peşəkarlaşa bilər?!
Bəs “Qəbələ”? Doğma şəhərdə gənc futbolçularına əla şərait quran klub nəcib iş görüb. Ancaq burda da çatışmazlıq var. Söhbət burdadır ki, bu uşaqların ünsiyyətdə olduğu həmyaşıdlarının hamısı azərbaycanlıdır. Mühit də yerli mühitdi.
Mühasibat dərsi
İndi isə gəlin hər iki klubun atdığı addımların sintezini götürək. Bir uşağın xaricdə futbol klubunda təhsil alma xərci ildə 50 min avronu keçməyəcək. Hər il ən istedadlı 10 uşağı göndərsələr “Portu”, “Milan”, “Ayaks”, “Mançester Yunayted”in məktəbinə, illik 500 min xərcə düşəcəklər. Məsələn bu, futbolçuların 13 yaşında baş verir. Müqavilə əsasında onların 5 il “X” klubun bazasında məsrəflərinin pullarını ödəyən Azərbaycan təmsilçisi, parallel olaraq daha bir anlaşmaya imza atır. Bu dəfə həmin uşaqların valideynləri ilə. Yəni həmin futbolçular karyeralarının sonunadək hansı komandaya keçsələr, müqavilədə nəzərdə tutulan məbləğin 20 faizini ödəyəcəklər, onların yetişməsini maliyyələşdirən kluba. Özü də xaricdə yaşadıqları 5 ildən sonra onların yaxın 3 illik transfer hüququ “Qəbələ”yə (və ya “Bakı”ya) məxsus olmalıdır. Bu 10 uşaqdan ən azından biri mütləq olduqca parlaq bir futbolçu olacaq. Başqa sözlə, onun elə 18 yaşında transfer qiyməti 1-2 milyon avroyla ölçüləcək. Ən primitiv riyazi hesablamalar belə göstərir ki, klub 5 ildən sonra sanballı dividendlər əldə etməyə başlayacaq...
“Kim oxumalıdı? Mən oxumalıyam?”
Mənə olduqca maraqlıdı, bu gün klublarımızda marketinq şöbəsi mövcuddurmu? Varsa, həmin şəxslər hansı marketinq addımını atıblar? Son 2-3 ildə “Xəzər Lənkəran” abonement satışını ortaya qoyub. Məgər marketinq bununla bitir? Sabah Mübariz Mənsimov əlini klubdan çəksə, nə baş verəcək? Məgər “Xəzər Lənkəran” özünü saxlaya biləcək? Hələ cənublularda abonement satışı var, digər komandalarda heç bu da yoxdur.
Tribunalar günü-gündən keçəlləşir. Klubların fərasətsiz iş qurmaq bacarığı bir yana, PFL də əcaib qərarları ilə fanat axınının azalmasına təkan verir. Oyunlar iş günü, özü də iş vaxtı başlayanda, həmin tribunaları kim doldurmalıdı? “Bəxtiyar” filmində necə deyir? “Kim oxumalıdı? Mən oxumalıyam”? Ay Ramin müəllim, tribunaları kim doldurmalıdı, jurnalistlər?!
ASC
Sonda bir qədər bədbin notları futbolsevərlərin diqqətinə çatdırmağı özümə borc bilirəm. Futbolumuzun sabun köpüyünü xatırlatdığını ötən sayımızda dilə gətirmişdim. Yəni sponsor əlini çəkən kimi, klub iflasa uğrayır. Bunun baş verməməsinin başlıca yolu şəffaf mühasibat və Açıq Tipli Səhmdar Cəmiyyət (ASC) olmaqdan keçir. Əslində ASC olduqdan sonra mühasibat avtomatik şəffaflaşacaq. Çünki klub rəhbəri səhmdarlar qarşısında hesabat verməli olacaq. İstəyərlərmi? Buna cavab tapmaq çətindi. Böyük ehtimalla klub rəhbərləri bunu istəməzlər. Hər halda mən ASC-nin üstün tərəflərini qeyd edim. Deyək ki, klubun dəyəri 300 milyon dollardı. Nominal dəyəri 1 manatdan 149 milyon səhm birjaya buraxılır. Həmin birjada bu səhmlərin real dəyəri bir neçə ay ərzində müəyyənləşəcək. Burda bir neçə başlıca məqsəd var. Rəhbərlik səhmlərin 51 faizini özündə saxlayır və belədə, əsas söz sahibi olaraq qalır. Klub səhmlərin satışından əldə olunan vəsaitlə bir sıra mühüm addımlar atmaq şansı əldə edir. Amma, bu addımlar kimlərinsə ciblərini doldurmağa xərclənə bilməyəcək. Çünki digər səhmdarlar şəffaf mühasibat və pulların doğru istiqamətləndirilməsini tələb edəcəklər. Birja isə öz işini görməkdə olacaq. Məsələn, klub avrokubok zonasına yaxınlaşdıqda (çempionatın qızğın vaxtı) səhmlərin dəyəri qalxacaq. Avtomatik 51 faizə sahib olan klub rəhbərliyi de-fakto varlanmış olacaq. Çünki səhmlərə tələb artacaq. Treyderlər (birja alverçiləri) üçün klubun növbəti mövsüm avrokuboklardan və teleyayımdan gəlir əldə edəcəyi pulları hesablamaq çətinlik törətməyəcək. Belədə, klub yeni – sanballı transferlər həyata keçirmiş olacaq. Eyni zamanda, infrastrukturun yaxşılaşdırılması yönündə də işlər aparmaq olacaq. Bu, məsələnin gözəl tərəfi. Əslində digər tərəf də normaldı. Kluba 4-5 ildən bir prezident seçkiləri keçirilməli olacaq. Yəni artıq şəxsi müstəvi arxa plana keçəcək və kimin prezident olmasından asılı olmayaraq, klub yaşayacaq.
Ceyhun ƏLİYEV, “Het-trik news” qəzeti
P.S. Deyə bilmərəm, Azərbaycanda fəaliyyət göstərən klublar mənim yazdıqlarımı bilirlər, ya yox. Bilmirlərsə, oxuduqdan sonra biləcəklər. Bilirlərsə, Azərbaycan futbolu naminə bu yolu seçməlidirlər. Çünki əks halda “sabun köpüyü” olmağa imza atmış olacaqlar.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |