“MİLLİ” “İNTER”İN TARİXİ “ZƏFƏRİ”
Hacıbala Abutalıbov demişkən, Bakımızın "İnter" adlı bir klubu Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan "Birlik kuboku" adlı ənənəvi turnirin qalibi oldu. Son Azərbaycan çempionu Belarusun "Şaxtyor" klubunu finalda udaraq istəyinə çatdı.
Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevin fəxri prezidenti olduğu "İnter" klubu yarımfinalda Rusiya çempionu "Zenit"i 5:0 (!) hesabı ilə darmadağın etdi. Bundan öncə "İnter"in Ermənistanın "Mika" klubuna ot yoldurması (4:0) barədə də yəqin məlumatlısınız. Onu da yaddan çıxarmayaq ki, "İnter" qrupda keçirdiyi bütün oyunlarda qələbə qazanıb, qapısından bir top da buraxmayıb.
İlk baxışdan adama elə gəlir ki, "İnter"lə ancaq qürur duymaq olar. Yəni keçmiş SSRİ ölkələri çempionlarının yarışdığı turnirdə başımızı uca etdi. "İnter"in qələbəsinə sevinərək gecəni yatmayanlara bir söz demirəm, amma ağı qaradan seçməyi bacaran oxucularımıza çatdırılası bir neçə kəlməm olacaq. Başlayaq...
"Birlik kuboku" keçmiş SSRİ dağılandan sonra təşkil edilən bir turnirdir. Yeni yaradılanda da nüfuzuna söz ola bilməzdi. Uzun illər belə davam etdi. Bunun nəticəsi idi ki, təxminən 10 il bu kubokun qalibi ya Rusiya, ya da Ukrayna çempionu olurdu. Bütün postsovet çempionları "Birlik kuboku"na öz ölkələrinin çempionatının səviyyəsinin nümayiş olunduğu turnir kimi baxırdılar. Həmin vaxtlar Azərbaycan çempionları heç qrupdan çıxa bilmirdi. Moskva "Spartak"ı "Neftçi"nin qapısına 5-6 top vururdu...
İllər keçdi, məlum oldu ki, mükafat fondu olmayan bu turnir nüfuzunu itirir. Bunun nəticəsi idi ki, Rusiya və Ukrayna çempionları "Birlik kuboku"na əsas heyətlə yollanmağı daha özlərinə yaraşdırmadılar. Məhz bundan sonra turnirin qalibi adını digər postsovet məkanı klubları qazanmağa başladılar. Və turnir ildən-ilə hörmətdən düşdü. "Birlik kuboku" tam urvatsız bir turnir olanda qələbə növbəsi Azərbaycan klublarına çatdı. 2006-cı ildə "Neftçi", iki il sonra "Xəzər-Lənkəran" bu yarışın qalibi oldu.
İnsaf naminə deyək ki, 2005-ci ildə "Neftçi" finalda Moskva "Lokomotiv"i ilə oynayanda yarışın az da olsa hörməti qalmışdı. "Neftçi"nin uduzduğu final matçında rusların əsas heyəti olmasa da tanınan oyunçularına rast gəlirdik. Üstəlik həmin il Ermənistan "Pünik"i də yarışda "Neftçi"yə uduzmuşdu. Bir il sonra "Neftçi" turnirin qalibi olanda ermənilər bakılılardan qorxub qaçmışdılar. Bunları yaxşı xatırlayırıq. Bəlkə də həmin illər üçün bunları uğur da saymaq olardı...
Bəs start heyətində cəmi 1 azərbaycanlı olan "İnter"in 2011-ci ildə qazandığı "Birlik kuboku"nu necə uğur adlandıraq? Təsəvvür edin ki, yarış Sankt-Peterburqda keçirilir, amma son Rusiya çempionu "Zenit" ölkədən kənarda təlim-məşq toplantısındadır. Meydan sahibləri, təşkilatçılar "İnter"in qabağına "Zenit"in əvəzedici heyətinin uşaq-muşağını, sadə dildə desək, topdaşıyanlarını çıxardı. "İnter" də rus yeniyetmələri saldı qabağına və 5:0 qələbə qazandı. Bu da oldu "tarixi qələbə". Bilirsinizmi, bu, təqribən nəyə oxşayır?! Elə bil silahlanıb qonşunun üstünə davaya gedirsən, onu evdə tapmayıb 9-10 yaşlı uşağını salırsan təpiyin altına...
Bu yarışı təkcə ruslar ciddiyə almasaydı, "İnter"i qınamazdıq. Kiyev "Dinamo"su yarışa 3-4-cü heyətini yolladı, turniri qazanmağa iddialı Belarus, Moldova çempionları Piterə yollanmağı özlərinə ümumiyyətlə ayıb bildilər. Gürcüstan heç komanda göndərmədi, Ermənistan kimi kasıb ölkənin çempionu belə yarışa qatılmadı. Heç iddialı Orta Asiya çempionları da yarışa tam qüvvələri ilə getməmişdilər. Sanki bütün keçmiş SSRİ məkanı kənara çəkilmişdi ki, aparın bu kuboku, gözünüz doysun...
"Birlik kuboku"nu qazanmaq istəyi ilə bircə "İnter" alışıb-yandırdı ki, "bankirlər" buna da nail oldular. Görəsən, "İnter"lilər bu kuboku başları üzərinə qaldırıb ağlagəlməz şəkildə sevinəndə hansı hissləri keçirirdilər? Heç gözlərinin önünə onlardan daha az büdcəli postsovet klublarının Avrokuboklardakı zəfərini gətirib xəcalət çəkirdilərmi? Avropada bircə mərhələ də keçə bilməyən "İnter" Belarus BATE-sinin, Moldova "Şerif"inin, Ukrayna "Karpatı"sının Avroliqanın qrup mərhələsində oynamasını yada salıb heç utanmadımı?
"Birlik kuboku"na bu qədər iddialı yollanmaqla, məhəllə yarışı qədər də urvatı qalmayan turniri "tarixi qələbə" kimi qələmə verməklə sevinmək yox, sadəcə utanmaq lazımdır, "oynayıb udduq" deyə sevinmək yox. Belə də ki, məşhur atalar sözündə deyildiyi kimi, utanmasan oynamağa nə var ki...
Vüsal MEHDİOĞLU
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |