“Neftçi” - “Pünik” oyunundan 8 il ötdü
2005-ci ildə Moskvada - “Birlik Kuboku”nda “Neftçi”nin “Pünik” ilə qarşılaşdığı matç yəqin ki, nəinki azarkeşlərin, eləcə də Azərbaycan xalqının hafizəsindən silinməyən oyunlar siyahısında bəlkə də birincidir. “20 Yanvar” faciəsinə bir gün qalmış baş tutan görüş “Neftçi”nin parlaq qələbəsi ilə başa çatmışdı. Həmin hadisənin üstündən nə az, nə çox, düz 8 il keçir. O vaxt oyundan əvvəl və sonra baş verənləri, komanda daxili atmosferi və başqa maraqlı məqamları oxuculara çatdırmaq üçün komandanın o vaxtkı vitse-prezidenti Ramin Musayev, baş məşqçisi Ağasəlim Mircavadov və yarımmüdafiəçisi Mahmud Qurbanovla əlaqə saxladıq.
Ramin Musayev: "Hamımızın üzərinə, istər futbolçuların, istərsə də rəhbərliyin çox böyük məsuliyyət düşürdü. Həmin oyun 20 Yanvardan bir gün qabaq keçirilirdi. Bu da
oyunun əhəmiyyətini birə-beş artırırdı. Yaxşı yadımdadı, o vaxt belə xəbərlər dolaşırdı ki, bu
yükün altından və ya baş verə biləcək insidentdən qaçmaq üçün oyun təxirə salınsın, keçirilməsin. Amma,
“Neftçi”nin o
vaxtkı prezidenti Rövnəq Abdullayev sərt şəkildə buna qarşı çıxdı. Oyun mütləq keçirilməli, komanda çıxıb nəyə qadir olduğunu göstərməli və qələbə qazanmalı idi. Oyun baş tutdu və təbii ki, qalib gəldik.
Qarşılaşmanı izləməyə xeyli sayda Moskvada yaşayan həmyerlilərimizlə yanaşı Bakıdan da azarkeşlər gəlmişdilər. “OMON” gücləndilirmiş iş
rejimində idi və çox az sayda azarkeş “Dinamo” manejinə keçə bildi. Qalanları bayırda,
şaxtalı gündə, buzun üzərində matçın sonunu gözləyirdilər.
Hesab 2:0 olanda ermənilər oyunun yarımçıq dayandırılması üçün provokasiyaya əl atmağa başladılar. Arada insident baş verdi. Turnirin təşkilat komitəsinin rəhbərliyindən və hakim-inspektordan icazə alıb meydana daxil oldum. Uşaqları sakitləşdirdim. Təxribata uymamağa çağırdım.
İzah elədim ki, onlar onsuz da uduzurlar, istəyirlər oyun yarımçıq dayandırılsın. Sağ olsunlar,
axıra kimi dözdülər. Erməni də...
hər cür iyrəncliyə əl atır.
Bir il sonra təsadüf elə gətirdi ki, yenə
“Pünik”lə qarşılaşası olduq.
Qorxub qaçdılar, “Qaçmaq” sözü çox yumşaqdı. Kaş onların necə aradan çıxdıqlarını görərdiniz. Bütün baş verənləri videolentə köçürtdürmüşdüm. Həqiqətən gülməli idi.
İndiyə kimi idmanın bütün sahələrində ermənilərdən üstün olduğumuzu sübut eləmişdik. Təkcə futboldan başqa.
Burada da öz gücümüzü onlara göstərdik".
Ağasəlim
Mircavadov: "Həmin il biz D qrupunda 1-ci yeri tutmuşduq və “Pünik”in oyunu bizdən sonra idi. Bir məşqçi kimi potensial rəqibin oyununu izləmək üçün Ramin Musayev, Rəşad Sadıxov və bir neçə nəfər də başqası ilə oyunun keçirildiyi “Dinamo” manejinə getdik (“Pünik” “Skonto”
ilə qarşılaşırdı. Hər iki komandanın eyni xalı var idi. Ermənilərə heç-heçə də kifayət edirdi. Belə ki, topların fərqinə görə onlar birinci yerdə idilər – İ.T.). Oyun gözlənilmədən 2:2 heçabı ilə başa çatdı, deməli növbəti mərhələdə “Pünik”lə qarşılaşacaqdıq. Komandanın qaldığı
“Kosmos” mehmanxanasına gələndə uşaqların çoxu – Vidadi Rzayev, Mahmud Qurbanov, Zaur Tağızadə və başqaları bizi görüb güldülər. Hamı qarşıda necə məsuliyyətli oyun olduğunu gözəl dərk edirdi. Ayaqüstü onlarla bir qədər söhbət elədikdən sonra hamı dincəlmək üçün öz otağına qalxdı. Səhər oyun idi. Matç yanvarın
19-da Bakı vaxtı ilə 9-da
başlayırdı və təxminən 2 saat sonra – 11-də qurtarmalı idi. Bilirsiniz ki, Sovet ordusu Bakıya məhz yanvarın 19-u gecə saat 11 radələrində soxulmuşdular. Qırğın da elə o vaxtdan başlamışdı.
Düzü, uşaqlarda olan qələbə əzmi, özüzünəinam məni bir qədər rahatlaşdırmışdı. Bundan başqa,
Rövnəq Abdullayev, Elşad müəllim,
Ramin Musayevin bizimlə olması inam hissini bir qədər də artırırdı. Gecə qaldığımız mərtəbədə futbolçuların nə
ilə məşğul olduqlarını öyrənmək üçün bir növ kəşfiyyata çıxdım. Bu
məndə adətdi. Bəziləri yatırdı,
biziləri isə qapının arxasında söhbət eləyirdilər. Mövzunu bildiyimdən narahat eləmədim. Gecəni demək olar ki, yatmadıq.
Ara-sıra Rövnəq müəllimə zənglər gəlirdi və otaqdan çıxıb bayırda danışırdı. Bilirdim ki, yuxarılardan komandadakı vəziyyət barədə xəbər alırdılar. Belə bir gərgin vəziyyətdə həqiqətən respublika rəhbərliyinin dəstəyini hiss edirdik.
Səhər tezdən yeməkdən sonra rəhbərliyin iştirakı ilə toplantı keçirdik və Rövnəq müəllim onların qarşısında necə bir məsuliyyətli işin durduğunu söylədi. “Neftçi”nin arxasında bütün xalqımızın dayandığını bildirdi. Özüm də
əvvəldən uşaqlarla təkbətək söhbət eləmişdim. Oyunun keçirildiyi “Dinamo” manejinə gələndə Moskvada yaşayan xeyli sayda azarkeşlərimiz bizi çoşqu ilə qarşıladılar. Onların əksəriyyəti stadiona daxil ola bilməsələr də, stadionun kənarından bizi dəstəkləyirdilər. Həm də oyun Az.TV
ilə canlı yayımlanmırdı.
Oyun haqda nə deyə bilərəm, çoxlu qol epizodlarımız oldu. Amma ilk hissədə onlardan istifadə edə bilmədik. İkinci hissənin əvvəllərində rəqibin zərbəsi dirəkdən döndü. Elə bil uşaqlar bir qədər də ayıldılar. Bir neçə dəqiqə sonra Adamiya, daha sonra Vidadi qol vurdu. Layiqli qələbə qazandıq. Bu qələbə bütün Azərbaycanın qələbəsi idi.
Oyundan sonra keçirilən mətbuat konfransında keçmiş sovet respublikalarının əksəriyyətindən jurnalistlər iştirak edirdilər. Mətbuat konfransından sonra rus jurnalist mənə yaxınlaşaraq müsahibə götürdü və söhbət əsnasında bizim 15 il
əvvəl nə çəkdiyimizdən xəbərdar olduğunu bildirdi. Mən ona bildirdim ki, siz heç vaxt bilməzsiniz Azərbaycan xalqı nə çəkir. Biri var sizin kimi eşitmək, biri də
var bizim kimi görmək.
Mehmanxanaya azarkeşlərin müşafiəti ilə döndük. “Kosmos”un qarşısında eşitdik ki, uşaqlar ermənilərlə dava eləyirlər. Biz yuxarı qalxanda ara hələ sakitləşməmişdi. Mühafizə xidmətinin əməkdaşları, bizim rəhbərlik, “Pünik”in
vitse-prezidenti Poqosyanın müdaxiləsindən sonra hər şey qaydasına düşdü. Dava-dalaş zamanı Rəşad bir neçə ermənini əzişdirmişdi. Lap əcəb eləmişdi.
Elə oldu ki, bir il sonra yenidən “Pünik”lə oynayası olduq. Səhv eləmirəmsə, həmin oyun şəhidlərimizin dəfn olunan gününə təsadüf edirdi. Bir gün əvvəl yenə də uşaqları yığıb söhbət elədik. Keçənilki qələbəni təkrarlamağımız lazım idi. Ermənilərin oyuna qisas hissi ilə çıxacaqlırını zənn edirdik. Amma yanılmışdıq. Turnir vaxtı eyni mehmanxanada qalırdıq – biz 4-cü, “Pünik” isə 8-ci mərtəbədə. Eşitdik ki, iclas keçirirlər. Fikirləşdik yəqin oyuna hazırlıqla bağlıdı. Amma bir qədər sonra məlum oldu ki, mehmanxananı tərk edib aeroporta gedirlər. Oyuna çıxana kimi inanmırdıq ki, ermənilər qaçalar.
Onlardan nə desən gözləmək olardı.
Ramin Musayev uzaqgörənlik edib bir nəfərə tapşırdı ki, onların ardınca getsin. Həmin şəxs erməniləri düz təyyarəyə minənə kimi izləmişdi və baş verənləri videoya çəkmişdi. Bir qədər sonra təşkilatçılar bu xəbəri təsdiqlədilər. Ermənilərin ikinci dəfə dərsini vermək qismətimiz olmadı".
Mahmud
Qurbanov: "Ermənilərlə qarşılaşmağımız bizim üçün gözlənilməz olmadı. Qrupdan çıxmaq ehtimalları var idi. Heç-heçə sayəsində bizə rəqib oldular. Biləndə ki, bir gün sonra “Pünik”lə qarşılaşacağıq, komandada xoş olan qeyri-adi bir atmosfer yaranmışdı. Hamı bir-biri ilə zarafatlaşır, deyib-gülürdük. Yəni, qalib gələcəyimizə əmin idik. Biz bir-birimizə,
məşqçilər, rəhbərlik isə bizə güvənirdi. Həm də
böyük məsuliyyət var idi. Oyunun qanlı faciədən bir gün əvvəl baş tutması bütün nəzərləri bizə yönəltmişdi. Bilirdik ki, düşmən ilə oynayırıq. Ola bilər ki, bəzi oyunçularda “mandraj” var idi, amma əminliklə söyləyə bilərəm ki, heç mən buna rast gəlmədim. Uduzmaq heç ağlımıza da gəlmirdi. Çünki bizi heç kim bağışlamayacaqdı. Olan hörmətimizi də
itirəcəkdik. Oyundan əvvəl toplantılar olurdu. Sağ olsun azarkeşlər və rəhbərlik, bizə mənəvi dəstək olurdular. Şükür Allaha,
üzüqara olmadıq. Bizə olan inamı, etibarı doğrultduq. Oyunun çətin keçdiyini demək olmazdı. “Pünik”dən qat-qat üstün oyun nümayiş etdirdik. “Neftçi” əsl komanda idi, hamı bir-birini gözəl başa düşürdü. Hərdən elə olurdu ki, bir baxışla kimin nə edəcəyini, necə edəcəyini əvvəlcədən bilirdik.
Vidadiyə verdiyim ötürmə də elə buna sübutdu. Xətlər arasında əlaqə yüksək səviyyədə idi. Bir sözlə həmin oyun biz qalib gəlməli idik.
Oyunun gedişində bizim uşaqlarla erməni futbolçular arasında qalmaqal da düşmüşdü. Rəşad Sadıxovla onların kapitanının sözləri çəp gəlmişdi. Oyundan sonra
“Kosmos”un holunda əməlli-başlı dava düşdü. Komanda komandaya qarşı. Həm onların,
həm bizim rəhbərlik və mehmanxananın əməkdaşları aranı sakitləşdirdilər. Rəşad orada ermənilərin kapitanına yaxşıca “əl gəzdirmişdi”.
Sevincimizin həddi-hüdudu yox idi. Ermənistan ilə müharibə şəraitindəyik. Hamımız birləşib bu
müharibədən qalib ayrılmalıyıq .Bunun üçünsə,
hərə üzərinə düşən işi görməyi bacarmalıdı. Biz futbolçuların da
üzərinə qalib gəlmək vəzifəsi qoyulmuşdu. Yenə də
Allaha şükür olsun ki, bacardıq.
Oyundan sonra ünvanımıza çoxlu təbriklər gəldi. Hər yerdən – azarkeşlərdən, rəhbərlikdən, Moskvada yaşayan iş adamlarından. Hətta onların bəziləri soyunub-geyinmə otağına daxil olaraq futbolçuları bağırlarına basırdılar. Hətta sonradan bizə ölkə prezidenti cənab İlham Əliyevin də təbrikini çatdırdılar. Bakıya bizim üçün ayrılmış xüsusi təyyarə ilə qayıtdıq. Hər şey əla idi.
Səhəri gün, ayın 20-də komanda Moskvadakı Azərbaycan səfirliyinə yollandı. Orada “20 Yanvar” faciəsinin 15-ci ildönümü münasibətilə tədbir keçirilirdi. Tədbirdə iştirak etdik, şəhidlərimizi yada saldıq".
"Vəziyyət elə gətirdi ki, biz A qrupunda birinci, “Mika” isə “B” qrupunda ikinci yeri tutdu və ermənilərlə 1/4 finalda qarşılaşası olduq. Səmimi deyirəm, heç kimdə azacıq da olsa qorxu hissi yox idi. O vaxt “İnter” çox güclü və stabil heyətə malik idi. Legionerlər üstünlük təşkil eləsələr də, yerlilər də az deyildi – Arif Daşdəmirov, Rövşən Əmiraslanov, Şəhriyar Rəhimov, Elnur Abdulov və başqaları. “Mika” bizdən qat-qat zəif idi. Bunu nəticəyə baxanda da açıq-aydın görmək olar.
Oyundan bir gün əvvəl komandanın iclası oldu. Yığıncaqda futbolçularla yanaşı bir gün əvvəl Sankt-Peterburqa gəlmiş AFFA prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov, klubun prezidenti Cahangir Hacıyev da iştirak edirdilər. Onlar uşaqlarla söhbət apardılar, vəziyyəti izah elədilər. Bundan başqa, baş məşqçi Kaxaber Sxadadze də yetirmələrinə oyunun əhəmiyyətindən danışdı. İstər iclasda, istərsə də məşqlərdə Kaxaber futbolçulara, əsasən də legionerlərə bu oyunu azərbaycanlılara görə udmağın vacib olduğunu, final dan daha əhəmiyyətli olduğunu söyləyirdi. Düzü, heç onlara bunu aşılamağa ehtiyac yox idi. Hamısı bir nəfər kimi oyuna yerlilər kimi hazırlaşırdılar.
Ermənilərlə bir oteldə qalırdıq. Rəhbərlik baş verə biləcək insidentlə bağlı əvvəlcədən futbolçulara xəbərdarlıq etmişdi ki, onlardan uzaq olun. Nə desən edə bilərlər, futbolçuları provakasiyaya çəkərlər. Amma əslində onlarla üz-üzə gələndə özləri bizdən yan keçirdilər, yol verirdilər. Bu da onların içində bir qorxu hissinin olmasından irəli gəlirdi.
Oyun vaxtı matçın keçirildiyi “Peterburqski” arenasında xeyli sayda azarkeş toplaşmışdı. Onların da dəstəyi sayəsində böyükhesablı qələbə qazandıq. Toplardan ikisini Karlson, o birilərini isə Levin və Kruqlov vurdu. Mən sona təxminən 20 dəqiqə qalmış Lomayanı əvəzlədim. Düzdü, biz həmin oyuna mükafat haqqında heç fikirləşmirdik də. Bizim mükafatımız vətənə başıuca qayıtmaq idi. Amma sağ olsun klub və AFFA rəhbərliyi, “Mika”nı udandan sonra bizə pul mükafatı ayırmışdılar. Təəssüf ki, məbləği yadıma sala bilmirəm".
İlqar TAĞIYEV, "Het-trik news" qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |