“Turan”ın azarkeşi: “Tovuz əsl futbol bulağıdı”
Tovuza hər dəfə səfər edəndə çalışmışam şəhər stadionuna baş çəkim, köhnə futbolçularla görüşüm. Belə səfərlər ildə ən azı 1 dəfə olur. Əslən tovuzlu olduğumdan hər il yayda külfəti 3-4 günlük olsa da, rayonumuza, kəndimizə aparıram. Həm özüm dincəlirəm, həm də qohum-əqrabaya baş çəkirəm. Bu dəfəki səfərimin məqsədi isə əvvəlkilərdən fərqli olaraq, sırf Tovuz futbolu ilə bağlı idi. Çoxdan rayonumuza gedib oradakı acınacaqlı vəziyyətlə şəxsən tanış olmaq istəyirdim. Bir neçə gün əvvəl yerli azarkeşlərdən birinin zəngindən sonra fikrim qətiləşdi. Bir günlük yox, 2-3 saatlıq da olsa Tovuzda oldum.
Qatardan düşüb bibimgilə, oradan isə birbaşa şəhər stadionuna yollandım. O stadiona ki, təxminən 19-20 il əvvəl günüm orada keçirdi – “Turan”ın bir üvü hesab olunurdum. O “Turan”ın ki, həmin vaxt, yəni 1993/94-cü il mövsümündə çempion olmuşdu. İndi nə həmin stadiondan, nə də həmin “Turan”dan (düzü elə özümdən də – futbol oynamağı əməlli-başlı yadırğamışam) əsər-əlamət qalmayıb. Nostalji hislərə çox qapılmaq istəmirəm. Allah qoysa, “Turan”ın çempionluğunun ildönumu ərəfəsində bu haqda nəsə cızma-qara eləmək fikrim var. Yəqin ki, o vaxt komandamız artıq 1-ci dəstəyə yuvarlanacaq – tarixində ilk dəfə. Çünki, bu gedişlə yaxşı nəsə gözləmək ağılsızlıq olardı. Bu dəfə isə Tovuz futbolunun gördüyüm və eşitdiyim gerçəkliklərini bölüşmək istəyirəm.
Stadionda daxil olarkən, orada yenidənqurma işlərindən çox yenidənsökmə işlərinin getdiyinin şahidi oldum. Düzü, əvvəlki arenadan əsər-əlamət qalmamışdı. Onsuz da bərbad olan stadionda normal bir yerə rast gəlmək mümkün deyildi. Ərazidə 5-6 fəhlə, bir neçə texnika və stadion işçiləri gözə dəyirdi. Meydançanın drenaj sistemi quraşdırılırdı. Rəhbərlik ilə görüşmək, işlərlə maraqlanmaq istədim. Özünü Mahir müəllim (soyadını unutmuşam. Yoxsa “müəllim” sözünü heyf eləməzdim) kimi təqdim edən bir nəfər stadionun direktoru oldğunu bildirdi, məqsədimi bildikdə, klubun mətubat xidmətinin rəhbəri Rüstəm müəllimlə əlaqə saxlamamı istədi. Amma nədənsə ona zəng çatmadı. Daha sonra klubun vitse-prezidenti Namiq Məstanovdan icazə aldıqdan sonra stadionda aparılan işlərlə bağlı bir neçə şəkil çəkə bildim. Mahir müəllimə ünvanladığım suallar isə cavabsız qaldı. Stadionun mayın 10-da təhvil veriləcəyini bildirən direktor bunun mümkün olmadığını özü bizdən yaxşı bilirdi. İşçilərin sayı ilə maraqlandıqda isə, mənim sualımı yanındakı fəhləyə ünvanlaması bu insanın nəyə görəsə direktor təyin olunmasından xəbər verirdi. Sonradan məlum oldu ki, Mahir müəllim Namiq Məstanovun dost-doğmaca dayısıdı. Vitse-prezident təyin olunduqdan sonra köhnə direktoru yeyinti adı ilə (bəlkə də elə olub, dəqiq deyə bilmərəm) uzaqlaşdırıb, yerinə qarovulçu işləyən dayısını təyin edib. Yəni bacıoğlu dayıya daydaylıq edib.
Bir müddət əvvəl AFFA klublara ayrılan və uşaq futbolunun inkişafı üçün nəzərdə tutulan pulları Tovuz və Gəncə stadionlarının ot örtüyünün yenilənməsi üçün sərf olunması haqda qərar qəbul etdi. Bu qərar ikili narazılıq yaratdı. Birincisi, klublar üzdə özlərini razı kimi göstərsələr də, əslində onlara çatacaq maliyyə vəsaitinin əldən çıxmasını istəmirdilər. İkincisi, təbii ot örtüyünün süni ot örtüyü ilə əvəzlənməsi çoxlarının xoşuna gəlməmişdi. Onlardan bir neçəsi də Olimpiya Kompleksində görüşdüyüm yerli azarkeşlər idi. Məni Tovuza dəvət edən rayonda hamının “Zal” kimi tanıdığı Firudin Məmmədov Tovuz futbolunda baş verənlər haqda çox şeylər danışdı: “Tovuz komandaları həmişə oynadığı futbola ad-san çıxarıb. Neçə-neçə istedadlı futbolçular yetişdirib. İndi rayonda futbola əlaqəli demək olar ki, heç nə qalmayıb. Komanda didərgin düşüb. Ev oyunlarını Bakıda keçirir. Guya, böyür-başımızda oynamağa stadion yoxuydu? Qazaxda, Şəmkirdə oynamaq olmazdı? Heç olmasa, azarkeşlər gedib baxardılar, komandanı dəstəkləyərdilər. Əsas komanda azmış kimi, əvəzedicilər də ev oyunlarını paytaxtda keçirirlər. Qalmışıq uşaqların ümidinə. Onlar oynayanda camaat yığışıb bir az təsəlli tapır. Stadionu nə günə saldıqlarını özünüz gördünüz. Güya, təzə süni örtüyü salacaqlar. Kimə lazımdı? Nə olmuşdu ot örtüyünə? Olmazdımı, həmin pulları Qaraxanlı kəndindəki stadionun təmirinə sərf edərdilər? Naci Şensoyun vaxtında komanda məşqləri Qaraxanlıda keçir, çempionat oyunlarını isə Tovuzda oynayırdı. Bakıya getməmişdən, əsas komanda ilə yanaşı əvəzedicilər həm məşqlərini, həm də oyunları Tovuzda keçirməyə başladılar. Yazıq stadion bu qədər yükə dözə bilməzdi. Sadaladıqlarım hamısı yeni rəhbərliyin, əsas da Namiq Məstanovun gəlişindən sonra apardıqları məqsədyönlü siyasətdi. Onları futbol yox, cibləri maraqlandırır. Komandanın Bakıda qalması, stadionun təmir olunması adı ilə apardıqları işlərin hamısı bir məqsəd daşıyır – pul qazanmaq. Beş manat xərcləyirlərsə, 10 manat yazdırıb qalanını ciblərinə qoyurlar”.
Yeri gəlmişkən,
bu həmin Firudin Məmmədovdu ki, bir neçə il əvvəl futbol veteranı Sakit Alıyevi həyata qaytaranlardan biri olub. O vaxt Sakit müəllimi stadionda – otağında huşsuz vəziyyətdə qoyub getmişdilər. Məhz, “Zal”ın vaxtında özünü çatdırması Alıyevin həyatda qalmasına səbəb olmuşdu.
Vaxtilə Tovuzun
“Məhsul” komandasının qapıçısı olmuş Vidadi Tağıyev də indiki durumdan çox narazıdı: “Tovuzda həmişə futbol olub, indi də var. Amma indiki rəhbərlik futbolu elə günə salıb ki, adamın lap ağlamağı gəlir. Namiq Məstanov gələn kimi, başladı olan-qalanımızı da dağıtmağa. Əllərində də bayraq tutub ki, pulumuz yoxdu. Soruşan lazımdı, pul yoxdusa, neynirdiniz o qədər legionerləri? İndi “Turan”da cəmi 3-4 yerli uşaq qalıb. Gəlmələrə verdiyiniz pulun 25-30 faizini verərdiniz onlara, qalanını da başqa dərdimizə xərcləyərdik. Dərddə ki bir deyil, beş deyil. Yerli uşaqlar ora-bura dağılışıblar. Hərəsi bir komandadadı. Biri Nefçalada, biri Qazaxda... Namiq Məstanov komandaya gələndən sonra “köhnə”lərin hamısını klubdan qovaladı. Bura stadionun, klubun sıravi işçiləri də aiddi. Stadionun direktorunu dəyişdi, öz dayısını təyin elədi. Sürücülərin hamısından imtina elədi, indi harasa gedəndə avtovağzaldan şofer axtarırlar. Vəziyyətin bu həddə çatmasında təkcə “Turan”ın rəhbərliyini ittiham eləmirəm, respublikanın futbol rəhbərliyinin də günahı var. Tovuza azacıq maliyyə dəstəyi göstərsələr, futbolumuzun inkişafına kömək eləmiş olarlar. Tovuz əsl futbol bulağıdı. Qəbələdəki, Bakıdakı akademiyalardan biri Tovuzda olsa, bilirsiniz nə qədər istedadlı uşaqlar üzə çıxar? Bir uşaq var idi, yaxınlarda Qəbələyə baxışa getdi – göydə götürdülər. Olmazdımı, elə öz rayonunda qalıb həm oxuyar, həm də futbolunu oynayardı?”.
Vidadi müəllimin komanda yoldaşı və uzun illər “Məhsul” kapitanı olmuş Arif İsmayılov isə daha çox uşaq futbolunun vəziyyəti narahat edir: “Böyük futbol bir yana, uşaq futbolu da artıq yox dərəcəsindədi. Vaxtilə klubun nəzdində hər yaş qrupunda xeyli uşaq məşq keçirdi. Az da olsa, onlara qayğı var idi. İndi bütün yaş qrupları üzrə komandalara cəmi 2-3 top veriblər. Formaları yoxdu. Maraqlı bir faktı qeyd edim – bir müddət əvvəl Namiq Məstanov tərəfindən komandanın uşaq futboluna nəzarətçi təyin olunan şəxsə bildiriblər ki, bəs, uşaqların formaları yoxdu. Köynək, tuman almaq lazımdı. Gedib bazardan qara rəngli kişi alt paltarı alıb gətirib ki, bu da tuman. Şortı ilə alt paltarını səhv salan adamı futbolda nə işi var? İş o yerə çatıb ki, valideynlərdən forma adı ilə pul yığmağa başlayıblar. Bu dəqiqə klubda təmsil olunanların 90 faizinin futboldan heç bir anlayışları yoxdu. Onların kluba gətirən isə Namiq Məstanovdu. Belə olduqda, hansı futboldan söhbət gedə bilər?
Şəxsən,
rayon camaatı adından deyə bilərəm, nə qədər ki, Namiq Məstanov “Turan”dadı, Tovuzun futbolu bundan artığına nail olmayacaq. Özləri olan-qalanı talayacaq, arada yazıq cammat futbolsuz qalacaq. Necə ki, indi qalıblar”.
Şəhərdə olarkən,
məlum oldu ki, Tovuz Olimpiya Kompleksinin stadionunda rəhmətlik Ramiz Mirzəyevin xatirəsinə həsr olunmuş turnir keçirilir. Əvvəl fikirləşdim ki, turniri “Turan”ın rəhbərliyi təşkil edib. Sonradan məlum oldu ki, təşkilatçı Ramiz Mirzəyevin qardaşı imiş. Yeri gəlmişkən rayonun 8 komandasının iştirak etdiyi yarışda “Avtovağzal” komandası birinci oldu. Xeyli vaxtdan sonra yerli əhali peşəkar səviyyədə olmasa da, futbolu izləməyə imkan tapdı. Buna da şükür!
İlqar TAĞIYEV (Bakı-Tovuz-Bakı)
"Het-trik news"
qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |