Avropa Oyunlarının məşəli Horadizdə

08.05.2015 | 3890 dəfə oxunub

Bakı-2015 Avropa Oyunları Alovunun növbəti səfəri, mayın 7-də İmişli və Füzuli rayonlarına olub. Stadium.Az xəbər verir ki, əvvəlcə, İmişlidə məşəl estafeti keçrilib. İlk dəfə 1930-cu ildə Qaradonlu adı ilə təşkil olunmuş İmişlidə idmanın maddi-texniki bazasının gücləndirilməsi xüsusi diqqət mərkəzindədir.

Burada Azərbaycan xalqının milli lideri Heydər Əliyevin adını daşıyan 8500 yerlik şəhər stadionu kompleksi istifadəyə verilib. İdman qurğularının sayı 150-yə çatan rayonda 2011-ci ildə 5 korpuslu kompleks də istismara verilib. Məşəl estafeti iştirakçıları burada futbol klubunun bir günü ilə tanış oldular, məşq meydançalarını gəzdilər, fotoşəkillər çəkdirdilər.

Estafeti ictimai fəal Məmməd Abıyev Heydər Əliyev prospektində başladı. Prospekt boyunca, 4,1 km-lik estafeti 10-cu sinif şagirdi Elşad Qasımlı, gənc iş adamı Ziya Rzayev, 11-ci sinif şagirdləri - Təbriz Əkbərov və İbrahim Süleymanov, kikboksinq idman növü üzrə təlimatçı Pərvin Hüseynov və bu növlə məşğul olan idmançı Şəmistan Əlişov, ictimai fəal İnqilab Əliyev, çilingər-mexanik Fail Abdullayev davam etdirdilər. Estafet zamanı məşəlçilər əsası 1981-ci ildə qoyulmuş yerli tarix-diyarşünaslıq muzeyinin, daha sonra Hacı Tofiq məscidinin qarşısında ayaq saxladılar, fotoşəkillər çəkdirdilər.

Estafeti qəbul edən sonuncu məşəlçi ictimai fəal Ramil Cəfərzadə Heydər Əliyev prospektindən 20 Yanvar küçəsinə keçərək, Heydər Əliyev parkında quraşdırılmış səhnədə yürüşübaşa çatdırdı. Burada onun alovlandırdığı çırağı MMA döyüş növləri üzrə yeni yetmələr arasında ölkə çempionu Cavid Yusifəliyev rayon əhalisinə təqdim etdi.
Bakı 2015 alov səyahətinin İmişlidə ilk estafetçisi Məmməd Abıyev bunları deyib:

“Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə sevinirik, qürurlanırıq. Bu böyük idman bayramının İmişliyə gəlməsinə çox şadam. Özüm yerli şəkər zavodunda çalışıram. Nəinki idmançıların və ya xüsusi xidmətləri olan insanların, hətta, mənim kimi, cəmiyyətin ən sadə təbəqələrinin nümayəndələrinin bu estafetə qoşulmasını alqışlayıram və bunu ədalətli sayıram. Axı, bu hamımızın bayramıdır”.

Tədbir başa çatan kimi, karvan Füzuli rayonunun Horadiz şəhərinə üz tutdu. Qeyd edək ki, Füzuli inzibati ərazi vahidi kimi 1827-ci ildə yaradılıb və ilk adı Qarabulaq olub. 1930-cu ildən Qaryagin adlandırılıb. 1959-cu ildə isə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi münasibəti ilə rayonun adı Füzuli qoyulub.
Füzuli rayonu təkcə Azərbaycanın deyil, bəşəriyyətin məlum olan ən qədim insan məskənlərindən biri sayılır. 1968-ci ilin yayında aşkar olunan preneandertal – Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 km aralıda yerləşən Azıx mağarasında tapılıb.

Rayon 1993-cü il avqustun 23-də Ermənistan ordusu tərəfindən işğal olunub. Azərbaycan ordusu 1994-cü ilin yanvar ayında, 21 kənd və strateji cəhətdən əhəmiyyətli Horadiz qəsəbəsini işğaldan azad edib. Hazırda işğaldan azad olunmuş ərazilərdə 69 800 nəfər rayon sakini yaşayır. Ermənistanın işğalçılıq siyasəti Füzuli sakinlərinə ağrı-acılar gətirib, rayon sakinlərindən 657 nəfər şəhid olub, 181 nəfər əsir və itkindir. Rayonun 400 nəfərədək müharibə əlili var.

Bununla belə, Horadizin gündən-günə dəyişən siması ilə Füzuli əhalisi sabaha, bir gün bu torpaqlarda haqq-ədalətin, sülhün və əmin-amanlığın bərpa ediləcəyinə inanır. Şəhərin dəyişən simasında 2010-cu ildə istifadəyə verilmiş Horadiz Olimpiya İdman Kompleksi də böyük rol oynamağa başlayıb. Burada 1860 tamaşaçı yeri olan futbol meydançası, 30 yerlik mehmanxana, 500 yerlik əl oyunları zalı, tennis kortu, basketbol meydançası, avtomobil dayanacağı var. Ümumiyyətlə, yeniləşən Horadizin ovqatını məşəl estafetinin keçdiyi küçələr də nümayiş etdirdi.

4,74 km məsafəni əhatə edən və şəhər tağının qarşısında başlayan yürüşdə məşəli daşımaq şərəfi Azərbaycanda tarixən xüsusi hörmət sahibi və cəmiyyətdə ən yüksək mövqeyə malik sosial təbəqənin təmsilçiləri olan müəllimlərə - orta məktəblərdə müxtəlif fənlər üzrə dərs deyən rayon sakinlərinə həvalə edilib. Yürüşü Atamoğlan Qəhrəmanov başladı. Şöhrət İmanov, Tarıyel Əliyev və Əlihüseyn Yaqubov məşəllə məscid yaxınlığından keçdikdən sonra estafeti Bayraq meydanına çatdırdılar. Burada Horadizin yeni simasının tərənnüm edən mənzərə qoynunda fotoşəkillər çəkdirildi, yerli əhali ilə ünsiyyət quruldu. Qeyd edək ki, məşəlçilər cərgəsində Bakı 2015-in rəsmi tərəfdaşı və məşəl səyahətinin dəstəkçisi SOCAR-ın nümayəndəsi Fərhad Hüseynov da yer almışdı.
Sonra İbrahim Nağıyev, Elmin Zeynalov və Elçin Sadıqov, Bəşir Əliyev, Kamal Məmmədovun iştirakı ilə yürüş 31 mart – Azərbaycanlıların soyqırımı abidəsinin önündən keçməklə davam etdirildi. Burada sonucu məşəlçi Rövşən Ələsgərov məşəli əsas yol boyunca, Muğam mərkəzinin qarşısına gətirdi.

Muğam mərkəzinin qarşıındakı bağdan estafet karvanı Heydər Əliyev parkına daxil oldu. Burada quraşdırılmış səhnədə alovlandırılan məşəl Birinci Avropa Oyunlarının sonuna qədər söndürülməyəcək. Məşəl alovundan şölələndirilən çırağı 14 yaşlı məktəbli Güllü Xaləddinova rayon ictimaiyyətinə təqdim etdi.

Bununla kulminasiya nöqtəsinə çatan Alov Festivalı ədəbi-bədii proqramla davam etdirildi. Mədəniyyət və incəsənət ustalarının ifası, həmçinin yetişməkdə olan gənc nəslin diqqət mərkəzində olan Avropa Oyunlarının canlı rəmzləri mərasimə xüsusi şuxluq, ovqat gətirdilər.

Məşəl estafetinin sonuncu iştirakçısı Rövşən Ələsgərov Birinci Avropa Oyunlarının məşəl estafeti barədə ürək sözlərini belə ifadə etdi: “Avropa Oyunlarının məşəlini rayonumuzda daşımaq şərəfinə nail olduğum üçün çox sevincliyəm. Bu gün Füzuli əhalisi üçün çox əlamətdardır. Çünki ilk dəfə keçiriləcək Avropa Oyunlarının təşkilatçılığının ölkəmizin paytaxtına həvalə olunması adi hadisə deyil. Cəmi 15 festivaldan biri məhz Horadizdə keçirildi. Bu diqqət xalqımızın, yerli camaatın sabaha inamını möhkəmlədir. Bir gün bu torpaqlarda haqq-ədalətin zəfər çalınacağına, əmin-amanlığın bərpa olunacağına ümidlərimizi artırır. Gün o gün olsun, belə atəşfəsanlığın, sevincin sədaları işğal olunmuş ərazilərimizdə də eşidilsin. Qarşıdan gələn Avropa Oyunlarında isə hər bir idmançımıza məxsusi uğurlar diləyirəm və qələbələrimizin çox olacağına inanıram".

Alov səyahətindən şəkillərə baxmaq, küçələrə axışan yerli sakinlərə qoşulmaq, Oyunlara aparan yolu işıqlandıran on məşəlçiyə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlər flame.baku2015.com linkinə daxil ola bilərlər.

Məşəl karvanı birgünlük fasilədən sonra, mayın 9-da Beyləqan rayonunun mərkəzində, eləcə də bu rayonda yerləşən Yeni Xocavənd qəsəbəsində ictimaiyyətin görüşünə yollanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail