Oktay Dərəlioğlu: "Ən yalançı futbolçu Alpay Özalan idi"

30.05.2012 | 7573 dəfə oxunub

“Xəzər Lənkəran” klubunun super transferi Oktay Dərəlioğlu  Türkiyə mətbuatına maraqlı müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir: 

- Ən çox bəyəndiyin qol...

- Hər kəs məni millinin tərkibində Belçikaya vurduğum qolla xatırlayır. Amma bu mənim qeyri-adi qolum oldu. Rəqib oyunçularını bir-bir aldatdım, o qədər çox driblinq etdim ki, artıq qapıçı ilə təkbətək qaldığım vəziyyətdə yoruldum və zərbəm zəif alındı. Uzaq küncü dəqiq nişan alsam da, yorulduğum üçün qüvvətli zərbə vura bilmədim. Təsəvvür edin ki, həmin zərbədən sonra top dirəkdən dönsəydi, əziyyətim necə hədər olacaqdı. Açığı, ən çox bəyəndiyim qol bu deyil. İrlandiyanın qapısından aşırma zərbə ilə vurduğum qolu unudulmazlar sırasına yaza bilərəm. Ümumiyyətlə, həmin görüşdə vurduğum hər iki qol xoşuma gəldi. “Beşiktaş”da olarkən “Trabzonspor”un qapısından keçirdiyim topu da qeyd edə bilərəm.

 - Unudulmaz oyunun...

- Belçika ilə matç. Həmin qarşılaşmada heç-heçə etsəydik, DÇ-1998-ə vəsiqə qazanacaqdıq. Bunu bacarmadıq və Belçika getdi. “Beşiktaş”ın Çempionlar Liqasında qazandığı ilk qələbənin iştirakçısı və ilk qolçusu olduğum PSJ ilə oyunu unuda bilmərəm. 1994-95 mövsümündə “Qaziantepspor”un qapısından keçirdiyim topla sona iki tur qalmış çempionluğu təmin etdik. Bunlar gözəl xatirələrimdir.

 - Ən çox məyus olduğun oyun...

- “Beşiktaş”da olanda “Valerenqa” ilə qarşılaşırdıq. Səfərdə 0:1 hesabı ilə uduzmuşduq. Burada 3:0 hesabı ilə önə keçmişdik, hər kəs növbəti mərhələ barədə düşünürdü. Amma bir anda rəqib bizim boşluğumuzdan lazımınca yararlandı, ardıcıl 3 qol vurdu. Oyunu çevirə bilmədik. Şokda idik.

 - Ən yaxşı oyunun...

- 1996-97 mövsümü mənim üçün möhtəşəm keçdi. Bir oyunda hesab 4:0 idi və 4 qolun hamısına mən imza atmışdım. Belə vəziyyətdə baş məşqçi Mustafa Dənizli məni Ərtuğrulla əvəzlədi. Sona 15 dəqiqə qalmışdı. Üzüldüm, çünki daha 1-2 qol vurardım. Ertəsi gün bütün media Dənizlini tənqid atəşinə tutdu, xüsusən də, “Beşiktaş” yazarları. Deyirdilər Oktayın rekorda imza atmasına məşqçi imkan vermədi. Ancaq həmin anda Dənizlinin ağlından heç belə şeylər keçmirdi. Bunu düşünsəydi, məni əvəzləməzdi.

 - Sənə ən çox çətinlik törədən müdafiəçi...

- Həmin vaxtlarda daha çox “Qalatasaray”la yarışardıq. Onda da Bülənt Qorxmaz çox güclü müdafiəçi idi. Bizə çox çətin anlar yaşadardı. Oyunların birində “Qalatasaray”ın 3 oyunçusu qırmızı vərəqə almışdı. Bir epizodda Büləntlə mənim aramda mübahisə yaşandı. O gərginlikdən qaynaqlanan bir hadisə idi. Qorxmaz da hakimi dayanmadan alqışladığı üçün qırmızı vərəqə aldı. Maraqlısı odur ki, 7 nəfərlə qalan rəqibin qapısından son 10 dəqiqədə 4-5 qol keçirə bilərdim, amma bir qol da vura bilmədim. Matçdan sonra Aziz Yıldırım mənə dedi ki, heç olmasa birini vuraydın.

 - Sənə ən şox təsir edən stadion...

- Təbii ki, “İsmət İnönü”. Oradakı atmosfer tam başqadır. Çox az oyun olardı ki, oranı qolsuz tərk edərdim.

 - Gördüyün ən çalışqan futbolçu...

- Hakan Şükür və İbrahim Üzülməz.

 - Gördüyün ən tənbəl futbolçu...

- Standart ad, Sərgən Yalçın. Onun oynaması üçün hər şey edirdik. İldə 5-6 oyunu yüksək səviyyədə keçirərdi, onda da göylə gedərdi.

 - Unuda bilmədiyin assistin...

- “Kayşıyaka”ya qarşı keçirdiyimiz matçda Ərtuğrul het-trik etmişdi, hər üç qolun ötürməsini mən vermişdim. Avrokuboklarda “Koşitse” ilə qarşılaşmada Mətin Fəyyaza verdiyim məhsuldar ötürməni vurğulaya bilərəm. Sağ cinahda çıxış edirdim, Mətinin hər iki qolunun assistini mən etmişdim.

 - Tanıdığın ən zarafatcıl futbolçu...

- Yusuf. Bir dəfə “Ayaks”la səfər oyunu öncəsi oteldə başımıza oyun açdı. Otaqda yanğın zamanı siqnal verən və su buraxan sistem var idi. Yusuf soruşdu ki, bu nədir. Biz açıqladıq, amma inanmadı və yuxarı çıxıb kibriti yandırmağa başladı. Bir anda otaq gölməçə oldu, hər kəs otağa toplaşdı.

 - Gördüyün ən istedadlı futbolçu...

- Sərgən mənim gördüyüm ən böyük istedad idi. Onunla birlikdə oynamaq zövqlü idi. Dünya səviyyəsində isə Denis Berqkamp.

 - Gördüyün ən bacarıqsız futbolçu...

- Osvaldo Nartalyo. Beləsini necə transfer etmək olar? Ohen də var idi, sanki kimsə onu arxadan tutub saxlayırdı, özünü tərpədə bilmirdi. Onları Toşak aldırmışdı.

 - Ən dəbli geyinən futbolçu...

- Mustafa Doğan geyiminə, parfümünə diqqət edir.

 - Ən pis mahnı oxuyan futbolçu...

- Mən. Bəzən evdə oxumaq istəyəndə, uşaqlar “ata, sus” deyirlər, evdən qaçırlar.

 - Duşda ən çox qalan futbolçu...

- Uçe duşdan çıxmazdı.

 - Ən çox pul xərcləməyi xoşlayan futbolçu...

- Yusuf Şimşək.

 - Ən xəsis futbolçu...

- Sərtan Əsər. Sanki cibində əqrəblər oynayırdı. Əlini heç cibinə salmazdı.

 - Sözü üzə deyən futbolçu...

- Sərgən açıq sözlü idi, kimə sözü var idisə, üzünə deyərdi.

 - Ən yalançı futbolçu...

- Alpay Özalan. Bir hadisəni şişirdib, bəzəyib deyərdi.

 - İdealın...

- Yerlilərdən Fəyyaz Uçar, əcnəbilərdən Marko van Basten.

 - Ən yaxşı baş məşqçi...

- Yerlilərdən Fatih Terim və Mustafa Dənizli adları ön plana çıxır. Futbolçu ilə fərqli formada münasibət qursalar da, oxşar cəhətləri çoxdur. Qordon Milnenin adını çəkmək istərdim. O, standart məşqçi idi, nəyi bacardığını bilirdin, ona inanırdılar da. Kristof Daumun isə nə edəcəyi bəlli olmazdı. Bu səbəbdən də Dauma güvənməzdik.

 - Ən pis baş məşqçi...

- Con Benjamin Toşak.

 - Ən yaxşı qapıçı...

- Marian Mrmiç. Mükəmməl qapıçı idi. Toşak gələn kimi, onu yola saldı. Bu çox böyük səhv idi.

 - Ən qəddar futbolçu...

- Avrokuboklarda Trnava “Spartak”ına qarşı çıxış edirdik. Rəqibin çox qəddar bir mərkəz müdafiəçisi var idi. Oyunun gedişində onunla ingilis dilində fərqli dialoqum da oldu. Bir epizodda yerdə uzanmışdım, gördü heç kim baxmır, gəlib xəlbətcə ayağımın üstünə çıxdı. Hər iki görüşdə sanki məni zərərsizləşdirməyə yox, döyməyə çalışırdı.

 - Ən çox bəyəndiyin hakim...

- Erol Ərsoyu sevirdim. Çünki onun idarə etdiyi bütün oyunlarda qol vururdum. Oğuz Sarvanın da ayağı mənə düşürdü.

  - Ən çox bəyənmədiyin hakim...

- Ünsal Çimən. İlin qoluna imza atmışdım, amma yanlışlıqla o qolu hesaba almamışdı. Onunla ulduzumuz heç barışmazdı. Hər dəfə mənim əleyhimə, özü də yanlış qərarlar verirdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail